VƏTƏNƏ, TORPAĞA, İNSANA BAĞLI ŞAİR

 

Qüdrət Minhacoğlunu təzə tanımışam. Günlərin bir günü onun "Bir də görüşək" şeirlər kitabını mənə verdilər. Gözəl şairəmiz Qiymət Məhərrəmlinin həmin kitaba yazdığı ön sözdən ("Könlümdür ilhama gətirən məni") məlum oldu ki, Qüdrət müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, bir neçə şeir kitabı da çapdan çıxıb. Qiymət xanım Qüdrət müəllimin şeirlərindəki işığı, hərarəti, səmimiyyəti, təbiiliyi və ən başlıcası, sözə vurğunluğu çox yaxşı mənalandırır.

Bu il, fevralın 26-da Qüdrət Minhacoğlunun 60 yaşı tamam olur. Ona könül xoşluğu, can sağlığı, şeirlərindəki o işığı, Vətənə, torpağa, insana bağlılığı həmişə qoruyub saxlamağı arzulayaq.

Şeirlərini oxuyuram. Altmış illik bir ömrə hopan, ruhuna, mənəvi dünyasına sevinclər bəxş edən şeiriyyətin qövsi-qüzehini, işığını hiss edirəm.

Bir müəllim, ziyalı, şair ömrünün fərəhini, qəmini, ağrısını, həyati qayğılarını, torpağa, elinə-ulusuna doğmalığı, Vətənə məhəbbətini əks etdirir bu şeirlər. Mən Qüdrət müəllimin şairliyi barədə böyük təriflər, təşbehlər işlətmək niyyətindən uzağam. O, nə Səməd Vurğundur, nə Hüseyn Arif, nə Bəxtiyar Vahabzadə, nə Məmməd Araz, nə də Əliağa Kürçaylı. Bu ustadlar onun mənəvi müəllimləri olub. Amma Qüdrət Minhacoğlu bütün şeirlərində özü olmağa, öz şair obrazını yaratmağa can atıb. Yəni Qüdrət Minhacoğlunu bir şair kimi tanıtmağa çalışıb.

Şeirləri çox sadə, rəvan dildə yazılıb. Mövzuları tanışdır: bu gün - XXI əsr Azərbaycan insanını - ziyalısını nə düşündürürsə, Qüdrət Minhacoğlu o düşüncələri şeirə çevirir.

"Qürbətdə gül açır, çiçək də bitir, Doğma yurd-yuvamda bitəndən danış, Mənə doğma yurddan, vətəndən danış" - bu misralar Vətənə məhəbbətin lap adiolsa, bir təzahürüdür. Amma Vətən deyəndə bu gün gözlərimiz önünə Qarabağ gəlir. Böyük dərdlərimizin ən böyüyü.

Bakı da, Naxçıvan da, Gəncə də, Şəki də, Quba da, Lənkəran da, Bərdə də gözəldir, o tayda Təbriz də, şimalda Dərbənd də, qərbdə Borçalı da. Amma bu sırada indi Şuşa yox, Xankəndi yox. Ona görə də Qüdrət Minhacoğlu böyük sevinclərimizin qəm ortağı olan Qarabağdan-dərdimizdən yazır.

 

Qüdrət, uca Tanrı yar olsun bizə,

Vətən əldən gedən ismət olmasın,

Qarabağ düşmənə qismət olmasın!

 

Aprel döyüşlərində - qələbəmizdən sonra Qüdrət müəllim "Çoxdan çatıb qisas anı" şeirini yazıb.

Yerdə qalmaz şəhid qanı,

Çoxdan çatıb qisas anı.

 

Qüdrət müəllim cəbhə bölgələrində, hər an hücum əmri gözləyən döyüşçülərin qarşısında şeirlər oxuyub. Bu şeirlərdən qələbə əzmi, intiqam, qisas sədaları yüksəlib:

Axan qan çoxalıb çatsa da dizə,

Vətəni tərk etmək yaraşmaz bizə,

Yurdumuz anadır hər birimizə.

 

 

Qüdrət Minhacoğlu Qubanın məşhur Əmsar kəndində dünyaya göz açıb. onun şeirlərində ayrıca bir Quba ayrıca bir Əmsar obrazı var. İnsan doğulduğu, anasından laylasını eşitdiyi, ayaq açıb yeriyəndən sonra gördüyü yaşıllıqları, ilin gözəl fəsillərini unuda bilərmi?

 

Qubadan bir qədər cənub tərəfə,

Yolunuz düşərsə lap bircə dəfə,

Nəğməli çayın sahillərində

Siz Amsar adında kənd görərsiniz,

Cənnətə bənzəyən kənd deyərsiniz.

Amsarın simvolu "Cənnət bağı"dır,

Uzaqdan görünən Baba dağıdır.

 

Analı şeirlər onun ürəyindən tikan çıxaran şeirlərdir. Bilmirəm, Onun ana məhəbbətinin qədərini - ucalığını heç ilə hesablamaq mümkün deyil. Ana yoxluğundan, ana itkisindən yazır. Qəbri nurla dolsun o ananın.

 

Sənsiz sındı qol-qanadım,

Arzulara necə çatım?

Ömür deyil bir saatım,

Bir dəqiqəm, anım, ana.

 

Qüdrət Minhacoğlu moralist şairdir. Şeirlərinin böyük bir qismi nəsihət ruhundadır. Bu yaşda-artıq ömrünün ekvator xəttini keçəndən sonra belə şeirlər yazmaq onun qanuni haqqıdır. Təbii ki, moralist şeirlərdə tək bir insanın yox, xalqın, elin-obanın əsrlərdən bəri yaşatdığı inanclar, söyləmələr öz əksinir tapır.

 

Atılmış addımlar, deyilmiş sözlər,

Geriyə qayıtmır, səhv addım atma.

Qəm qəmi gətirir, sevinc sevinci,

Şad ol, şadlıq gəlsin, dərd-qəmə batma.

Hamıya xoş arzu, xoş dilək dilə,

Heç vaxt bəd sözləri gətirmə dilə.

Qarşında düşməndir, sən bilə-bilə

Ondan kam almaqla arzuya çatma.

Dirilik suyuydu kimin ilhamı,

Arzuya çatmadı, boş qaldı camı.

Bu fani dünyadan köçəcək hamı,

Dünyada bir iz qoy, qəflətdə yatma.

Qüdrət Minhacoğlunun bir silsilə təşkil edən əsasən süjetli şeirlərdən ibarət "Hikmət çələngi" var. O "çələng"in hər bir nümunəsində ibrətli bir hadisə (əsasən rəvayət) nəql edilir. Məqsəd nədir? İnsanları, xüsusən cavanları düzlüyə, halallığa, saflığa, vicdanlı olmağa səsləmək. O "çələng"i oxuyanda dahi Nizaminin "Xəmsə"sindəki moralist çıxışları, Sədi Şirazinin "Bustan" "Gülüstan"dakı nəsihətləri, A.Şaiqin, A.Səhhətin tərbiyəvi şeirləri yada düşür. Qüdrət Minhacoğlu heç şübhəsiz, bu klassik şedevrləri dönə-dönə oxumuşdur.

 

Ey oğul, pislərə çalış yanaşma,

Onlardan uzaq ol, sərhədi aşma.

Pis əməl yaransa dünyada biri,

O pisdir, olsa da ölü, ya diri.

 

Bu hekayətlərdə hər bir gənc üçün görüb-götürməli çox öyüd var. Təbii ki, ibrət dərsi hamıya lazımdır. Əgər bir oğul maddi çətinlik üzündən Rusiyaya gedirsə ("Ödənməli borc"), orada bir rus qadınının hiyləsinə düçar olursa, atasının isə ağır xəstə halda "oğul" deyib haray çəkməsi varsagkimdi günahkar sualı meydana çıxır. Sağalmasına ümid olmayan atanı yadlar dəfn edirlər. Oğul isə hələ yol gəlir.

Qüdrət Minhacoğlunun "Hikmət çələngi"ndə Ata obrazları ilə tez-tez qarşılaşırıq. O, atalara ehtiram hissilə yanaşır, oğulların yolunu, gələcək aqibətini atalara sədaqətində axtarır. Naxırçı Məmmədin oğlu Məhəmməd pullaşandan sonra atasının naxırçı olmağından xəcalət çəkir. Amma bir gün alverdə ziyana düşəndən sonra özü atasının yolunu davam etdirir.

Qüdrət Minhacoğlu bizim doğma heca şeirimizə sadiqdir. Onun qoşmasını, gəraylısını çox sevir. Demirəm ki, o, qoşmada xariqələr yaradır, möcüzələr icad edir, yox, heç fövqəladəlik nəzərə çarpmır. Amma çalışır ki, ulu şairlərdən, ustadlardan miras qalan qoşmada öz sözünü deyə bilsin, qoşmanı qoşma kimi yazsın. Qoşmanın şəklini çəkməsin, özünü yaratsın. Mən onun "Olmasa" rədifli qoşmasını çox bəyəndim.

 

Güzarın düşəndə uca dağlara

Yeriyə bilməzsən cürət olmasa.

Gedib yetişsən də buz bulaqlara

İçə bilərsənmi qismət olmasa?

Qaydadır, tanınır dağ vüqarıyla,

Meşə ağacıyla, zirvə qarıyla.

Qız-gəlin seçilir namus-arıyla,

Dəyərdən düşəcək ismət olmasa.

Hamı dərk eyləyir, hər insan qanır,

Hər şeydən ucada hörmət dayanır.

Dövlət də, sərvət də od tutub yanır

Böyüyə, kiçiyə hörmət olmasa.

Ey dostlar, arzumdur, razı qalasız,

Xəyala dalasız, bir zövq alasız.

Yazdığı sözlərlə yada salasız

Bir gün bu dünyada Qüdrət olmasa.

 

Qüdrət Minhacoğlunun digər şeirləri barədə də belə ürək açıqlığı, səmimiyyətlə söz aça bilirəm. Xüsusilə, özünün yazdığı orijinal bayatılar, Allaha xitabən yazdığı şeirlər onun uğurlarıdır. Amma bu yerdə sözümə xitam verib deyirəm ki, Qüdrət müəllim, yaz, yarat, yoluna davam elə. Özün bir şeirində deyirsən ki:

 

Qocalıq gəlsə də, ağarsa da baş,

Mən hələ sözümü söyləməmişəm.

 

Qüdrətin ürəyi xəzinəsidir,

Yığdığı sərvətlər daha bəsidir.

İnanın, bu sözlər qəlbin səsidir,

Mən hələ sözümü söyləməmişəm.

 

Ədalət  2018.- 12 yanvar.- S.6.