"İşığı axtaraq ümid içində"      

 

 (Məhərrəm Qasımlının "Yağmur qoxusu" kitabı üzərinə)

 

"O günlər necə də ehmalca keçdi; həm bir xəyal kimi, həm də ki, kövrək..." Viktor Hüqo ömrünün yapayalqız çağlarında sevimli qızıyla birgə olduğu anları belə xatırlayırdı... Və unudulmaz keçmişin ən adi detallarını, olmuşlarını belə nostalji təəssüratla xəyal edirdi: "Bir bax, yol gedirdik dumanda necə, qaçırdıq, qovuruq meşədə, dağda!"

Məhərrəm Qasımlını Orxan Paşaya çevirən duyğularında ilki, əzəli eyni yaşantılardan, nostalji duyğulardan qaynaqlanır. Eyni məqamlar sərgilənir. "Yağmur qoxusu" kitabında; an-an, kıpır-kıpır, söz-söz, heca-heca; sanki "Yağmur qoxusu"nun üzərinə yazılıb və duyğulu düşüncələr: "O günlər necə də ehmalca keçdi, həm bir xəyal kimi, həm də ki, kövrək".

Bu kövrək duyğuların davamı kimi oxunur Orxan Paşanın (Məhərrəm Qasımlının) ötən günlərin xiffətindən göyərən misraları:

 

Təzədən başlayaq hər şeyə, quzum,

Yağış yağa-yağa, qar döyə-döyə.

Qanadı qan gördü uğurumuzun,

Təzədən başlayaq yollar getməyə.

 

...İşığı axtaraq sonsuz gecədə,

Yorğun gözümüzü zülmət boğsa da.

İşığı axtaraq ümid içində,

İşığı axtaraq, işıq yoxsa da...

 

Hər şeyi yenidən başlamaq istəyənlərin şeiridi bu. Qurbanlıq istəyib, tale qorxudan ən daşlı-kəsəkli yolları seçən könül dostlarının sözüdü bu söz.

 

Şeh düşdü, gün doğdu əzəl baxtına,

Baxan heyran oldu gözəl vaxtına.

Bəs niyə tələsdin xəzəl vaxtına? -

 

həyəcanının, təəssüfü bol-bol yaşayır "Yağmur qoxusu" kitabının "canında".

"Yağmur qoxusu" şeir yaradıcılığında Orxan Paşa təxəllüsü işlədən Məhərrəm Qasımlının ikinci şeirlər toplusudur. "Sənə sözüm var" adlı ilk şeirlər kitabı ilə "Yağmur qoxusu" arasında 13 illik bir zaman məsafəsi dayanır. Bəlkə ədəbi proses üçün çox vaxt ayrıntısıdı. Ancaq bu vaxtın hər məqamında M.Qasımlının saatı əbədiyyətə işləyib; yüzlərlə məqaləsi, 15-dən çox elmi-nəzəri kitabı işıq üzü görüb.

Filologiya elmləri doktoru, professor kimi yorulmadan ədəbi-mədəni həyatımızın canlanmasına çalışıb, Dövlət mükafatına layiq görülüb. Bütün bunlar öz yerində. Ancaq bir söz adamı kimi Məhərrəm Qasımlı həmişə poeziyaya sadiq olub. Özünün yazdığı kimi, şeirləri bir az çəkingən uşağa bənzəsə !

Səmimiyyət, sadəlik, ənənəyə bağlılıq Orxan Paşanın poetik yaddaşının başlıca məziyyətləridi. Bütün hallarda bu poetik yaddaş milli ruh daşıyıcısı. Ozan-aşıq ədəbiyyatından qaynaqlanan doğma bir havanı yansıdır özündə. Daha çox da Turan sevdalısı, Türk dünyası aşiqi, qarasevdalısıdı. Və bütün bu dəyərlər Orxan Paşanın şeirlərinin "canından" ana laylası, baba nəsiyyəti kimi keçir. Orxan Paşa poeziyasının modernliyi bu özül üzərində dayanır. Çağdaş şeir texnologiyaları onun yaradıclığına bu yöndən yansıyır. Ən əsası, onun şeir dili və ifadə tərzi oxucu duyumunun "antena"sına tuşdu; Orxan Paşa onu düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri poetik tərzdə ictimailəşdirməyi uğurla bacarır, min-min oxucu könlündən keçənləri bir şeirin mətləbində anlada bilir. Şairin "Zooparkda bir qərib at", "O kimdir?" başlıqlı şeirləri bu baxımdan çox səciyyəvi və yaddaqalandı. "Zooparkda bir qərib at"da o, beş addmlıqdakı yolu ayağına yatmayan, hasarlı torpaqların, həyətlərin qoruq-qadağa səddinə və illərin yorğunluğuna dirənib qalan qərib atın düşdüyü durumu təbii boyalarla, yaddaqalan cizgilərlə əks etdirib. Elə ilk misranın ahəngi oxucu qəlbini alıb aparır. Oxucu o qərib atın simasında ötüb keçən ömrünün olmuşlarını, qədərin qaçılmazlığını, vaxtın gidiliyini dönə-dönə göz önünə gətirir, o obrazı yaşayır, o taleyi özününkü bilir. Eyni zamanda qəribə bir könül söhbəti başlayır özüylə at arasında:

 

buludlusan, a qərib at,

Bu beş addımlıq yolmu ayağına

yatmır,

hasarlı torpaqmı?

De, nədi gözlərini çağıran ilğım -

o şehli talamı,

o yaşıl otlaqmı?

Uzaq ellərin igidi, yorğun at,

Yerişi həvəssiz,

duruşu solğun at...

 

Orxan Paşa qərib atın bu yorğun halını təkcə ötüb keçən illərin, təbii qocalıq sindiromunun ayağına yazmır. Daha çox qərib halın əhvalını buludlandıran ictimai durumu önə çəkir. Özü düşündürə-düşündürə, əsl mətləbə vara-vara:

 

At, buralar belədi,

Ovuc boydadı yeri,

beş addımdı yolu.

Neynəyəsən, ömrün-günün

beş addımda keçəsi olub.

Qalıbsan beləcə

qəribliyi uda-uda,

Kimsəsizliyi dinşəyə-dinşəyə;

qaça bilirsən, kişnəyə...

 

Orxan Paşa eyni şair müşahidəsi, yanaşması ilə maskalı zəlilərin özlərini ədəb-ərkan heykəli kimi göstərə bilmələrinin "şəklini çəkə" bilir. Yaltaqların, bikəslərin gerçək obrazını yaradır. Saxta həyaya bürünüb həyasızlıq simvoluna dönənlərin əsl siması Orxan Paşanın təqdimatında olduqca görünən, hər kəsə bəlli bir biçimdə təqdim edilib:

 

Xanımyana bir ədayla

dürtülüb hər yerə

"utancaq-utancaq".

O qədər öyrəşib ki,

ona-buna baş əyməyə

az qalır küçədə yol versin

önündəki ağaca, küləyə...

...Gileylənir təzyiqdən,

şəkərdən, qan azlığından.

Ancaq əslinə qalsa,

O, əziyyət çəkir

şəxsiyyət çatışmazlığından!

 

Orxan Paşanın şeir dili yığcam, uyarlı yozumla izlənən, sadə lakonikdi. Sözçülükdən uzaqdı. Bütün poetik təcrübə fikrin dəqiq ifadəsinə yönəlibdi. Məsələn, belə:

 

Ayaqlar bir-birini izlədi,

ikinci gecikdi,

birinci gözlədi -

addım oldular.

 

Bu, modern şeirin yaddaqalan örnəklərindən biridi. Kitaba daxil edilən əksər şeirlər bu biçimdədi. Eyni zamanda əksər şeirlərdə "könül kövrəkliyi, baxış ürkəkliyi, nəğmə uyarlığı" öndədi.

 

Səni baxış-baxış izləyirəm,

Naxış-naxış bəzəyirəm;

Səni səndən xəbərsiz gözləyirəm.

Səni bürüyüb nəğmələrə

Özüm bildiyimtək əzizləyirəm.

 

Yaxud tək bircə misra, bir kəlməlik deyim: "Sən mənim başqalarına biganəliyimsən!"; "Sənin gözlərindən mənim taleyim baxır, gözün üstümdə olsun"; "Kimsə könlündən-gözündən kəsib caladı yola"; "tikə-tikə, şiş-şiş olacaq durnalar - əgər sinəsini qabağa verməsə bahar"...

Bu misalların sayını istənilən qədər artırmaq da olar. Əsas olanı odur ki, hər birində bir ömür boyunca müşahidə olunmuş həyat gerçəkliklərinin bitkin obrazı sərgilənib. Poetik müşahidələr fikrin boyuna münasib şəkildə biçilib; yəni təbii və yaddaqalandı.

Tomas Eliot deyirdi ki, mən Nobel mükafatına layiq görülməyimi hər şeydən əvvəl poeziyanı fövqəlmilli dəyərinin təsdiqi hesab edirəm. Bu mənada Orxan Paşanın (M.Qasımlının) "Yağmur qoxusu" kitabına daxil edilən şeirlər ənənədən gələn, milli kökə bağlı dəyərlərimizin yanında olduğuna, bu dəyərləri yetərincə ifadə etdiyinə görə seviliryadda qalır.

 

Ədalət.-2018.-13 yanvar.-S.16.