TANRININ SALDIĞI YOL - ƏLİ HACI YOLU!

 

Əli Hacının 55 illik yubileyinə dost duası

 

Onu tanıdığım gündən sevgisini qazandım -dost, qardaş sevgisini! Özünü xərcləməyi elə gözəl bacarır ki, bəzən ona həsəd aparmalı olursan. İstər ictimai fəaliyyətdə, istər ədəbi mühitimizdə. Bəli, məhz özünəməxsus deyim tərzinə, min illərdən üzü bəri gələn Dədə Sufi yaradıcılığını müasir dilimizin zənginlikləriylə calayıb bizə şirin, təmiz türk dilimizdə çatdırdığına görə Əli ədəbi mühitimizdə fərqli bir YOLDU ! Bəli, bu yol - Əli Hacı YOLudu!

 

Mən bu Yol haqqında çox düşünmüşəm. Özü də məqsədli şəkildə. Və siz də elə bilməyin ki, ağlıma yollarla bağlı deyilən fikirlər, yazılan şeirlər, oxunan nəğmələr keçir. Xeyr, bu heç də belə deyil. Sadəcə, mən söz adamının Söz yolu barəsində düşünmüşəm. Və bir də onda anlamışam ki, təkcə mən fikirləşmirəmmiş bu barədə. Həm də onu oxuyanlar, onun Söz yolunu görənlər düşünürlərmişg onlardan biri görkəmli akademikimiz Teymur Kərimli o Yol haqqında düşüncələrini öz məqaləsində belə ifadə edib.

 

"Əli Hacı şeirlərində sufilik bu təriqətin zahiri elementləri, onun halları, ayrı-ayrı termin və istilahları ilə deyil, mənəvi - ruhani aləmin bütöv poetik inikası; Şeyx Mahmud Şəbüstərinin, Şihabəddin Sührəverdinin, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Yunis İmrənin, böyük Füzilinin və ən nəhayət, Xətainin mənəvi dünyasından qopan işıq kimi təzahür edir. Sufiliyin bədii ifadə forması kimi şairlərimiz zaman-zaman klassik ədəbi janrlardan, aşıqlarımız isə şifahi şeirin formalarından istifadə etmişlər, Əli Hacı bu dairəni bir qədər də genişləndirmiş, onun yaradıcılığında ilk dəfə olaraq bu duyğularin sərbəst şeir parçaları ilə ifadəsinə rast gəlirik".

 

Və yaxud Milli Elmlər Akademiyasının əməkdaşı, İbrahim Quliyevin onun yaradıcılığı haqqında "Heyrətdən Həqiqətə doğru" yazdığı kitabdan bir nümunəyə baxaq.

 

"Əli Hacı bununla bitib dayanmır, o, min illəri aşıb gələn sufiliyin mücərrəd tezislərinin özül prinsiplərini XXI əsr poeziyasının mürəkkəb poetik fiqurları ilə addım-addım əyaniləşdirməklə, səbəb və nəticəni fəlsəfənin qədim dialektik dialoq üslubu ilə polemika meydanına çəkməklə yerdən imtina və ilahi məqamda yox olma istəyinin parametrlərini müəyyənləşdirməyə çalışır.

 

"Bütün bunları misal gətirməklə Əlini tanıtmaq yox, onu sevdirməyə yox, sadəcə bizim içimizdə səssiz-küysüz iddiasız, təmənnasız birisinin ədəbi mühitimizə verdiyi dəyərləri demək istədim.

Bəli, Əli Hacı içimizdəki o yaradıcı adamlardandı ki, dostumuz Kamıl Nehrəmli demişkən, o, min illərlə yaşayacaq!

 

Heç bir ədəbi yaradıcı quruma üzv olmadan, dedi-qodulardan uzaq fərdi qaydada yaradıcılığı hər şeydən, hətta prokuror, hakim olmaqçün ali təhsilli hüquqşünas diplomundan da üstün tutdu. Bu təmizlik bəlkə də onun şəcərəsinin Ərdəbil sufu Şeyxlərinə gedib çıxmasında da əsas rol oynayır ki, onu sevən dostları professor İslam Qəriblinin təbirincə desək, Əli Hacını müasir sufi yaradıcılığında ədəbiyyatımızın Şeyxi adlandırır!

 

Hə, mən Əli Hacının 50 yaşıyla bağlı fikirlərini bilgisayara diktə edəndə vurğulamışdım ki, bu adam söz üçün doğulub, sözün içində olmaq üçün gəlib bu dünyaya. Və onu da xatırlatmışdım ki, Əli həm də mənim iç dünyamın adamıdı - içimdə, yanımda, ruhumda olan ADAM! Bax, elə onu həmin o 50 ildən ağır-ağır, ləngərli-ləngərli sözünə söykənib 55 yaşına gəlib çatması mənim söylədiklərimin hardasa həm də təsdiqidi, yəni Əli sözün yanındadı. Və söz də hər yerdədi - onu eşidənlərin, duyanların, arzulayanların, oxuyanların!.. Deməli, Əli Hacı keçib gəldiyi öz və özəl yolunda sözlə bir yerdə olub və bu gün də bir yerdədi. Axı o, 55 illik həyat yolunun sözə sərf olunmasını şərəfləndirə bilib və...g

 

... 55-illik həyat yolu, içində nələri yaşamağı Əli Hacı yaradıcılığında özünü tapıb. Mən ürək dostu kimi, həm də onun tənhalığını özümdə də görüb tandığım kimi haqqında birinci yazmağı borc bildim. O həm də çətin günlərin sədaqət, etibar dostudu! Təmənnasız sevgisi var gülə, çiçəyə, daşa, adamlara, yaratdığı ədəbi dünyaya! Və bu YOL- Əli Hacı YOLudu!

 

Dostun, əməkdar jurnalist

Əbülfət Mədətoğlu

 

 

ƏLİ HACI

 

daha bəzək istəmir

ağızdakı sözümdə.

adam ola bilmədim

uzaqlaşdım özümdən !

 

 

ocağım tez alışır

altında-quru ahım .

yerdə yerim yaş düşüb ,

yeri burdan Allahım !

 

 

qapım quru taxtadı

açıq qalıb əyilib.

dik başıma bu dünya

alçaq gəlib əyilib !

 

 

quş da uçub gedəndə

yuvasına göz qoyur.

deyirsən Allah yoxdu ?

bax,sinəmə köz qoyur !

 

----------------------

 

gölgəmi tapdadığım yerdəsən canım !

günəşin ,ayın üzünə

qaranlığa bulaşıb,işığa yuyunan.

əllə toxunub,gözlə oxunan,

güzgüdəki özün nəfəsiylə örtüb,

sudakı əksini bulaşdıran,

Allahın yerə əkdiyi son qələmsən...!

sözlə yamadığım yerdəsən canım !

gözlərimə düşən toz

kipriyimin qırıldığı yerdən keçib.

yer üzü də bir zaman

göy üzünün durulduğu yerdən keçıb…!

 

Cavanlığına uzaq,

qocalığına yaxasından baxan

Günü qatladığım yerdəsən canım !

 

Bütün gələcəklər keçib gedəcəksə

 

bütün keçənləri gələcək bil,

 

Allahın çəkdiyi son şəklisən... !

 

 

-------------------------------------

 

səndə - şəklidi mənsizliyin

mən də - kül altda sənsizliyin.

yəni , közün üstü örtülüb !

odun sağdı…

vurdum sənin sağlığına

 

yaşamaq-odla yaşamaqdı !

 

qapını,pəncərəni

qoy,külək girsin içəri.

göz yaşım çöldən gəlib

dözən buyursun içəri !

 

saldığım yollar boyu

qismətimi yan daşıdı.

bu boyda boy-buxuna

bir ürəyim qan daşıdı !

 

dostum,buyur,gəl içəri

qapımı aç isti-isti.

"dost ya bir olar,ya iki "

çoxluğun yoxdan istədim .

 

hara getdin anam səndə

sənsiz gizlədim üzümü!

durub hər gün yola saldım

özüm gözlədim özümü !

 

isti olar,soyuq düşər

Tanrım ! sən də keç içəri !

bax,hamısı sən verəndi

Şükür,doludu içərim !

 

mən ölsəm sevin bir az

 

mən ölsəm bağışlama

bu vaxtı adam ölməz.

göylər yağışın tökməz,

yerin üstü göyərməz !

 

mən ölsəm heç ağlama

de ki,səf düşüb yeri.

göyə uzandığından

yoxsul üşüyüb əli…!

 

mən ölsəm sevin bir az

de ki,boşalıb dərdin.

mənim yerimə de ki,

iti,qurdu sevirdi…!

 

xatirələr şərabdan da betərmiş

 

heç bilmədim necə açdım səhəri

külək,yağış,bir də səndin gecəmdə.

xatirələr şərabdan da betərmiş…

xatırlanıb dincəlirdin gecəmdə !

 

çarpayıma səpələnmiş vərəqlər-

çiçəklərin ləçəyiydi bu gecə.

xərclədiyim ayın,günün içində

ölən günün göyçəyiydi bu gecə.

 

ay da yaxşı gizləmişdi özünü

səndən mənə danışırdım kimsəsiz.

son görüşdə o,nəmlənmiş gözünü

gözlərimə köçürürdüm köməksiz …!

 

--------

 

 

 

 

gəl

 

 

 

yol uzundu gəlirsən

bir az üzü sulu gəl.

yanın-yörən adamsa

öz bildiyin yolu gəl !

 

ac qaldınsa sevgiyə,

dur ula yerə,göyə.

gül yerinə söz göyərt

bi az könlü dolu gəl.

 

içinə at yükünü,

boşalt çiyin çəkəni…

sil üzdə çiy ləkəni

bəzəksiz də olur,gəl !

 

gecikdin,payız gəlib

öldüm,sonumuz gəlib…!

yasa adam az gəlib

sən də gözü quru gəl !

 

RUHUMU OXŞAYAN DOSTLARIMA

 

 

mən yaşamağın aşiqiyəm, Əfəndim !

 

susuz çöllərdə

çiçəkləri arzulamaq və dərməmək.

su həsrətiylə qazıb

qum altındakı nəmli qumu öpmək,

günəşin istisini bir qız adına sevmək,

bir dərvişin söz bazarında yaşamaq,

 

bir qəribin göz yaşlarına daşlanmaq,

 

ətəklərdən kəsilən əlləri

 

gələcək sevdasıyla oxşamaq,

 

bütün bunlara yaşamaq varsa…

yaşamağın dərin aşiqiyəm,Əfəndim !

 

----------

 

dildə danışım Allah…?!

bir az gün düşsün üstümə.

yanağımdan su atıram

yaxamdakı közərtimə !

 

gün çıxır,uzağ aparır

gələn günün yaxşısını.

üstün altına yığıram

ürəyimin ağrısının...!

 

quş təki qanad salıram

yolum,izim ayrı olur.

gözümlə düz xətt çəkirəm

yeriyirəm əyri olur.

Formun Üstü

 

 

------------

 

bu gün yadıma düşdün

elə bildim ölürəm.

demişdim ölənəcən

heç səni düşünmərəm.

 

dondurmuşdum adını

ilin hər bir fəslinə.

arxanca göz yuyurdum

bəlkə izin silinə…

 

xatirəndə soyuqdu...

boş yerim yox canımda.

yaddaşımdan keçirdin

ölüm keçdi yanımdan…!

---------

 

əyilib vaxtın əqrəbi

qoyacaq ömrü yarıda…

yeri yaş gəzdim quruda,

suda kağız gəmi kimi !

 

dünya-yaxam,yaxam dardı

yer boşaldım,yer daraltdım.

həyatında yox qaraltım,

yox işığım şamın kimi !

 

yarı öldüm,yarı qaldım

günün əli kirli qaldı !

altı,yeddi duam vardı

xərcləmişəm hamı kimi.

 

istəyərdim qoşa gedək,

bu yol sevər gedəsən tək !

məndən sora elə ah çək ,

yandırsın o daş şəklimi...!

-----------

 

 

gedişinə acı söz qat,

tut acıya göz yaşımı…

bir az xatirə saxla

aldadım öz başımı.

 

yol boyu suya boşalt

gözünnən şəkilləri.

Allaha şərik olmaz

kimsə sevməz təkləri…

 

sonra gəlibdə gəzmə

çıx payıza, ordayam…

göz yaşını daş elə

sıx payıza, ordayam !

 

---------

 

Qərib soydaşlarıma

 

 

içdə qərib yuvasıyam

bir az da üzdən bilinir.

gecələri yurd adına

şehlənən gözdən bilinir.

 

sərin çıxsada quyudan

içdiyim su isti olur.

aça bilmirəm yaxasın

isti , sinəm altı olur.

 

daşınmır məktublarım

yollar ağrıdan dağılıb.

ömrümün yazına qışın

qarı düşübdü, ağarıb.

 

içimdə durna qatarı

uçub getməz öz yazına.

özüm də öyrəndim,oğlum

adamlığın payızına.

------

 

 

hər şeyin içi yeyilir

hamı çıxır söz içindən.

Tanrı bizi də söz kimi

yazıb-pozur öz içində.

 

buludların baş ağrısı-

içində yağış ağrısı…!

yolumuzun daş ağrısı-

ayaq əzir öz içində .

 

sevgidisə gəl, yara bax

qaranlığdan döğur sabah .

payıza düşən qara bax,

əriyir bu yaz içində .

 

yaxşıdı heç olmamağdan

mənim tək dərviş olmağ da.

evdə yer olmadığından

ağlayır bir qız içində.

----------

 

Tanrı məni dərdmi doğdü ?!

bu nə evdi ? hey boğuldum.

gecədən sabah doğuldu

sabah da duman içində !

 

bu borc ömrü borcmu verəm?!

hər anıma can verirəm.

min illərdi qan verirəm

İncillə Quran içində!

 

ey,tərsinə möhür vuran

İblis- Mələk ,Mələk- yalan.

sənə yetməyə yol olan

dağılıb zaman içində.

 

bir ah çəksəm üşürsənmi?!

əvvəl,axır Bəşər sənmi?!

o xeyir sən,o şər sənmi?!

gəzirsən İnsan içində !

----------------------

 

bu il bar verə bilmədim

kimsə sormadı necəsən.

axşam qar yağdı üstümə

sən də gəl,qar görəsən.

 

məni görən yoxdu daha

kim ağrıdar gözün mənə ?!

hamı getdi göy üzü tək

uzağ bildi özün mənə.

 

şum altından qoymur çıxsın

yağış yuyur əkdiyimi.

demək görmür,görsə verər

Allah onnan çəkdiyimi…!

---------------

gözümün yaşıdı- suyun durusu

 

 

İlahi ! özümü dincə qoyuram

çıxıram hamının getdiyi yoldan.

gah işıq alladır,gah da hürən it ,

ürəyim gizlənir itdiyim yolda…

 

yaz dua edirəm, payız baxırsan

nimdaş dərdlərinin ünvanı məndə..!

sıxırsan ömrümü qram su çıxmır

gözüm su saxlamır ,günahı səndə..!

 

ağzımın dadı da qürbətə qaçıb,

dəli dilindədi sözün doğrusu.

üzüm qarasıdı - günümün rəngi

gözümün yaşıdı- suyun durusu !

------------------

Ozan

 

tənhalığ havası çal,

yastığım daşdı,ozan !

gəl,ruhumu gölgələ

hava qarışdı,ozan !

 

üzağdan gələn işıq

it səsiylə qarışıq…

əl uzadıb yanmışıq

yerimiz yaşdı,ozan !

 

bu başa-əl çətirdi,

payımı köz götürdüm.

mən ölüb göz götürdüm

ölüm-barışdı,ozan !

 

tənhalığ havası çal,

yastığım daşdı,ozan !

------------

 

Ədalət 2018.- 16 yanvar.- S.6.