MƏMMƏD ARAZLA BAĞLI KÖVRƏK
XATİRƏLƏR
Çoxlarına məlumdur ki, ustad şairimiz, Azərbaycan poeziyasının günəşi Məmməd Arazın sağlığında bizim bağ şairlər, alimlər, ziyalılar məskəni olub. Mənim xudmani "Ordubad bağı”ma zaman-zaman akademik Budaq Budaqov, akademik Vasim Məmmədəliyev, Məmməd Araz, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Musa Yaqub, Əjdər Xanbabayev, Məmməd İsmayıl, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Əşrəf Veysəlli, Çingiz Əlioğlu, İslam Səfərli, Zahid Alqayıtoğlu və bir sıra mötəbər alimlər, respublikamızın tanınmış şəxsləri və rəhbər işçiləri təşrif gətirmiş və məşhur "Məmməd Araz talvarı”nın altında çörək kəsib, çay içiblər. Bağ Ordubadın nadir meyvələrindən sayılan - şərəli, tərəli, şəkəri armud, hülü, bir neçə növdə ərik, cənnət alması ağacları ilə zəngin idi. Hələ kəklikotusunu, baldırğanını və s. demirəm. İndi onlardan az miqdarda ağaclar qalıb. Abşeron şoranlığı bu meyvələrin axırına çıxdı. Baxmayaraq ki, dostlarım Fikrət müəllim Sadıxov və Nurəddin Babayevin köməkliyi ilə mənim və yaxın qonşunun bağı drenaj olunub.
Bağda öz əlimlə calaq vurduğum ağaclar çoxdur. Onlardan ən dəyərlisi, mənim üçün ən qiymətlisi üç üzümü bir-birinə calayaraq aldığım üzüm növüdür ki, bunun da adını ustad Məmməd Arazın şərəfinə "Arazi” qoymuşdum. Digəri isə üç almanı bir cır armud gövdəsinə calayaraq aldığım "Abşeron gözəli” idi.
Burada bir məsələni qeyd edim ki, mənim ustad şairimiz, yarım əsrlik dostum Məmməd Arazla bağlı çoxlu acılı-şirinli xatirələrim var. Onların bir qismini bu dahi insana həsr etdiyimiz "Haqqın var yaşamağa” və "Bu da belə bir ömürdü” kitablarında vermişik. Bu xatirələr isə heç yerdə dərc olunmayıb və dərc olunmayan neçə belə xatirə mövcuddur ki, onları da zaman-zaman gün işığına çıxarmaq niyyətindəyəm inşallah.
"Abşeron gözəli” və namərd barmağı
Bu alma ağacını çoxları görmüş və meyvəsindən dadmışdı. Şair Məmməd Aslan "Azərbaycan” nəşriyyatında, Məmməd Arazın baş redaktoru olduğu "Azərbaycan təbiəti” jurnalının redaksiyasında bu almadan akademik, dünyaşöhrətli alim Həsən Əliyevə verəndə, o gözlərinə inanmamışdı (Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, görkəmli akademik Həsən Əliyev "Azərbaycan təbiəti” jurnalını yaratdıqdan sonra Məmməd Arazın həyatının ən çətin məqamlarında böyük bir xeyirxahlıq göstərərək şairi bu jurnala baş redaktor gətirmiş və görkəmli şairimiz ömrünün sonuna kimi bu jurnala rəhbərlik etmişdir). Həmin saat Sumqayıtın birinci katibi Şənlik Müslümova zəng edir Həsən Əliyev:
- Cəfər həkimi tanıyırsan?
- Əlbəttə, şəhərimizin məşhur cərrahlarındandır. Mənim də üzərimdə xırda əməliyyat aparıb.
- Bağında olmusanmı?
- Xeyir.
- Çox təəssüf. O, bağında elə bir növ alma yetişdirib ki, dünyada tayı olmaz. Mən bu axşam xaricə uçuram. İnşallah xaricdən qayıdan kimi gedərik həkimin bağına.
Bu səs-səda bütün Sumqayıta yayıldı. Bunun canlı şahidləri o illərdə İcraiyyə komitəsində müavin işləyən Təvəkgül Məmmədov, raykomun katibi Mələk xanım Bayramova və ailəmiz idi. Amma mən bu hadisəni yazılı şəkildə gündəliyimdən başqa heç yerdə qeyd etməmişəm. Ancaq tarix ölməsin deyə indi yazıram. O illərdə Ordubadın İaşə idarəsinin müdiri işləyən, yaxın dostum Fikrət Mehdiyevi Şəmsəddin Xanbabayev işdən çıxarmışdı. Özü yanıma gəlmişdi Fikrətin. Elə oldu ki, bir gün sonra mən Ordubada yollandım. Şəhərin özündə yox, Aza kəsiyində düşdüm. Qardaşım İbrahim məni qarşıladı. Vənənd kəndində müşavirə keçirən Şəmsəddin Xanbabayevin görüşünə getdik. Mən bir cavan oğlana dedim ki, Bakıdan gəlmişəm, katiblə vacib işim var. Yavaşca deyin ki, Cəfər həkim sizi maşında gözləyir.
Sağ olsun, beş dəqiqə keçməmiş gəldi. Uca səslə:
- Ay Allah, gör kimlərlə məni görüşdürürsən?!
Hal-əhval tutduq.
-
Dadaş, səninlə işim var, - dedim.
Əhvalatı ona danışdım. Bir an
susdu. Sonra:
- Baş
üstə, bərpa edərik, - dedi.
Çox təkid etdi ki, qalım, qonağı olum. Amma mən
Sumqayıtda ağır xəstələrimin olması səbəbindən
qala bilməyəcəyimi deyib, üzrxahlıq etdim.
Mən
qardaşım İbrahimə dedim ki, Naxçıvana
sürsün.
- Ay
qardaş, Sumqayıtdan gələsən, qohum-əqraba ilə
görüşməyib qayıdasan, adama nə deyərlər?!
Bəs atamıza nə deyəcəm?
- Əhvalatı danış, qoy atam da məni
bağışlasın. Allah qoysa bir həftədən sonra məzuniyyətə
gələcəm.
- Ata sənə
dörd quzu ayırıb.
-İnşallah gələndə o məsələlərə
baxarıq. İndilikdə hamıya mənim salamımı
çatdır.
Qardaşım məni Naxçıvana gətirdi. Təyyarənin
uçmasına az qalmış, əlindəki
sovqat bağlamasını mənə uzatdı,
görüşüb ayrıldıq. Mən
Bakıya uçdum.
Evə, sonra isə işə getdim. Evdə də,
işdə də dedilər ki, Təvəkgül müəllim
səni axtarır. Zəng etdim.
- Hardasan,
ay qardaş? - soruşdu.
-
Böyük vətəndən bala vətənə
getmişdim. Gözlənilmədən,
plansız olduğu üçün sənə deyə bilmədim.
- Bilmirəm
- dedi, - iki saatdan sonra bağda görüşərik. Yəqin ki, Ordubad lavaşı, pendiri gətirmisən?
- əlavə etdi.
- Gətirmişəm,
üstəlik təzə şor, təzə nehrə
yağı...
Bağa Təvəkgül müəllim, Mələk
xanım və Fəzail Tağıyevlə birlikdə getdik. Bağa girəndə
balaca hovuzdakı balığa baxdım. Salam
verdim. Təvəkgül müəllim
hündürdən güldü. Mən əlimdəki
çörəkdən biraz kəsib balığa atdım.
Hazırlıq gördük. O vaxt bağ
evim birmərtəbəli idi, qabağında eyvan vardı.
Süfrəni açdım, sonra:
-
Qardaş, qoy biraz batırınc yığım, şorla ye,
yaxşı olur.
Mələk
xanım soruşdu:
-
Batırınc nədi?
Təvəkkül
müəllim gülə-gülə:
- Sən
dağlar qızısan, sizin dağlarda, bağlarda bu göyərtidən
bitməz, - dedi.
Onu da deyim ki, Sumqayıtdan bağa gələndə Təvəkgül
müəllim mənə akademik Həsən Əliyevin Şənlik
müəllimlə danışığının qısa
xülasəsini anlatdı.
- Ay Təvəkgül
müəllim, belə bir daxmaya akademik gələrsə, mən
yerə girərəm, - dedim.
- Narahat
olma, biz o məsələyə qayıdarıq.
Kərdiyə yaxınlaşanda ləkin ortasındaki
"Abşeron gözəli” almasının
budağının yerə dəydiyini görüb duruxdum.
- Hə,
niyə dayandın, qardaş?
Mən alma ağacını göstərdim. Dördümüz də elə bil lal olmuşduq.
Alma ağacı iki il idi ki, bar gətirirdi.
Gördük ki, ağacın dibi qazılıb.
Mən ağacın dibini eşdim, nə
görsək yaxşıdı?! Alma
ağacını dibindən mişarlamışdılar.
Onda bağın daş hasarı yox idi. Bir hissəsi məftillə, bir hissəsi isə
taxta ilə hasarlanmışdı. Darvazası
da yox idi.
Dördümüz də fikrə getdik. Ağacın ətrafını
genişləndirib baxdım ki, kəsilən yerdə barmaq endə
qabığı qalıb. Ağacın ətrafını
mişar daşı ilə bir cərgə hördük, peyin
verib, dibinə su tökdük. Ağacın
bar gətirən budaqlarının bir neçəsini kəsdik.
Yanlarına taxtalar vurub budaqları
bağladıq.
-
İnşallah, qurumaz, - dedi Təvəkgül müəllim.
- Olan
olub, amma görəsən bu işi hansı alçaq
görüb?
Mələk
xanım:
- Təvəkgül
müəllim, biz çox paxıl millətik. Birimiz
qalxmaq istəyəndə tez ayağından tutub
aşağı çəkirik. Eşidiblər
ki, bağa akademik Həsən Əliyev gələcək,
paxıllıqdan bu işi görüblər.
Düzü
mən elə ağladım ki...
- Biz indi
Şənlik müəllimə nə deyək?
Hamımız susduq. Mən dilləndim:
- Bir
gün öncə mən Şənlik müəllimdən
icazə alıb Ordubada getmişdim. Deyək ki,
Cəfər həkimin dostları yığışıb gəliblər
bağda ad günü keçirməyə. Hamısı yeyib-içib. Axşam gedəndə
samovarın qaynar suyunu bilmədən alma
ağacının dibinə töküblər. Ağac
da bu hala düşüb.
-
Ağıllı məsləhətdi - dedi Təvəkgül
müəllim. - Mən elə bilirdim ki, "pinəçilik”dən
başqa sənin əlindən bir iş gəlmir, - əlavə
etdi.
Fəzail
müəllim əsəbi halda başını bulayaraq:
- Ay həkim,
buna görəsən hansı namərd qıyıb? Bilsəm, vallah... - dalını gətirmədi (Fəzail
müəllim Yardımlı rayonundan idi. Çox
yaxşı dost, mülayim kişi idi).
- Təxmini
bilirəm. Bu bağa çox gəlib-gedib o adam.
Onu da öyrədən var, mənim Allahım ona qənim
olacaq inşallah (İnanın, aradan bir ay keçmədi ki, həmin
adamı ticarətdə yeyinti olduğuna görə tutub
zindana saldılar, 3-4 il yatdı). Amma mən
bu adamın kim olduğunu heç kimə
demədim. Abşeron gözəlinin taleyi bununla
bitdi.
Həmin
qurumuş alma ağacını
bağın başında çəpərə
bağlamışdım. Hər dəfə gedib
ona baxardım. Bəzən gözlərimdən yaş
da axardı... Həyat yoldaşım Ləyaqət xanım
bunu hiss edəndən sonra qurumuş alma
ağacını bacıoğlum Babaşın əlilə
bağdan çıxartdırır...
Məmməd
Araz talvarı və "Arazi” üzümü
Bu
üzüm 3 il ərzində o qədər
şaxələndi ki, bütün Məmməd Araz
talvarının üstünü ötrdü. Hər
dəfə şair gələndə onun altında
oturardı. Oktyabr ayı idi. Baxdım ki, üzümün yarpaqları saralır.
Dibini boylama qazdım və at peyini
tökdüm. Sonra şaxlarını
budadım. Nə etdimsə kömək
olmadı. Bu ağacı hamıya qısqanırdım.
İstəmirdim çox olsun. Bağın digər bir yerində calaq etmədiym
üçün özümü heç vaxt
bağışlamıram. Yadıma
düşəndə özüm-özümü çox
qınayıram. Noyabr ayının
axırları idi. Ləyaqət xanıma dedim ki, Məmməd
Arazın başında nəsə bir iş var. Bax,
baldırğan qurudu, kəklikotu yox oldu. Heyva
ağacına calaq etdiyim sini armud hanı?
Dedi ki,
qoca-qoca danışma, hər şey yaxşı olar.
Ürəyimdə
"bu qocalıq da bir bəla olub boğazımdan
yapışıb mənim” dedim...
...Bir
gün Məmməd Arazın ömür-gün yoldaşı
Gülxanım müəllimə mənə dedi:
- Cəfər
qardaş, o gün Məmməd məndən soruşdu ki,
Gülü, bu il Cəfər bizi niyə
bağa dəvət etmir görəsən? - Dedim ki,
darıxma, onun işi başından aşır. Sənə nə var, qabağında pürrəngi
çay, kağız-qələm, gecə-gündüz
sözlərlə məşğulsan. Amma
Cəfər qardaş amansız xəstəliklərlə
ölüm-dirim savaşındadı.
Bir dəfə
Məmməd Araza baş çəkməyə gedəndə
Gülxanım bacı bunun səbəbini bir daha məndən
soruşdu:
- Bacı
- dedim - dərdim böyükdü, sonra danışaram...
Bir
payız günü meynənin üstündə olan
üzüm salxımları büzüşməyə, gilələnib
tökülməyə başladı...
...1 dekabr
2004-cü ildə mənə görə dünya məhvərindən
oynadı, günəş batdı, sular axarını
dayandırdı, dənizin dalğaları özlərini
dağa-daşa çırpdılar. Göydən
yerə qar əvəzinə daş ələndi, içim zədələndi.
Məmmədim bizləri tərk edib, Allahın dərgahına
yön aldı...
Mən Ləyaqət
xanıma:
-
Gördün, qocanın sözü göyərdi. "Arazi” üzümünün nağılı da
burda bitdi.
Hacı Cəfər həkim
QULİYEV,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü,
"Şöhrət”
ordenli həkim-cərrah
Ədalət 2018.- 16 yanvar.- S.5.