QAN YADDAŞIMIZ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

 

Bəlli olduğu kimi, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

 

Sovet imperiyası günahsız insanların qanını axıtsa da,

milli qürurumuzu qıra bilmədi

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların şanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə , istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalqın başına gətirilən bu cinayət Sovet imperiyasının üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə İttifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü boşa çıxmış oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların güllə-baran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdur. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğurunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremislər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdir. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar böhtanlar idi. Çünki Sovet rəhbərliyinin "dəlliləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən dırnağa tək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burda daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

M.Qorbaçov SSRİ Konstitusiyasının 119, Azərbaycan SSR Konstitutsiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ BDK-nın "Alfa" qrupu yanvarın 19-u saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-dən saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

 

Xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu

 

Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyətiylə dərk etdi.

O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünü ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri, şəxsən Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıda çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm faciəyə verilən ilk siyasi qiymət idi - özü imperiyanın mərkəzində, Moskvada...

XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti var. Bu, bəşəriyyət ən insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı maddələri pozulmuşdu.

Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. "20 Yanvar hadisələrinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu.

Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cu il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

 

(ardı gələn sayımızda)

 

Əbülfət Mədətoğlu

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2018.-19 yanvar.-S.7.