"Ağlamağın yeri
deyil, ağlama"
Elə yaralar var ki, illər keçdikcə təzələnir, ağrı verir. Elə insanlar var ki, məhz bu illər ərzində onların yalnız bir şəhid deyil, həm də qəhrəman olduqlarını anlayırsan.
20 yanvar hadisələrindən kifayət qədər yazılıb. Nəyisə yenidən xatırlatmaq, təkrarlamaq istəmirəm. Amma elə məqamlar var ki, onların üstündən sakit keçmək olmur.
O ağır günlərdə şəhid olanların siyahısını ən müxtəlif mənbələrdən öyrənib, "Səhər" qəzetində mən dərc etdirmişəm. General Ovçinnikov bir daha belə bir siyahı görmək istəmədiyini, qadağan etdiyini bildirəndə, qəzetin baş redaktoru Məzahir Süleymanzadə ilə məsləhətləşdik. Belə qərara gəldik ki, siyahının qalan hissəsini bir mətnə daxil edək. Yəni bir məqalə yazdım və digər şəhidlərin adlarını oraya daxil etdim.
Sonralar bir komissiya yaradıldı. Bu komissiyanın üzvlərindən biri belə bir iddia irəli sürdü ki, Hidayət Elvüsalın dərc etdiyi ilə əlimizdə olan siyahı düz gəlmir. Mən də onların əlində olan siyahını dərc etmələrini istədim.
Dərc etmədilər.
Və mən bu gün bir daha deyirəm ki, 1990-cı ilin Yanvar hadisələri zamanı şəhid olanların tam siyahısı yoxdur. Biz arayıb, axtarıb, əldə etdiklərimizi dərc etdik. Ən üzücü cəhət də odur ki, həmin hadisələrin iştirakçısı olmayan bəziləri, guya o zaman yaralandıqlarını iddia etdilər. Yəni faciədən sui-istifadə edənlər oldu və indi də var. Halbuki, yaralıların da siyahısı "Səhər"də dərc edilib və bu "bəziləri" orada yoxdur.
Bütün bunlar öz yerində. Bu dəfə sizə heç də hamıya məlum olmayan, bəzilərini isə unutduqları bir neçə faktı çatdırmaq istəyirəm.
O zaman Məmməd Arazın "Ata millət, ana millət, ağlama!" adlı təsirli şeiri yayıldı. Mən o şeir haqqında "Səhər"də yazdım. Bəstəkar Mehriban Əhmədova günlərin birində redaksiyamıza gəldi və həmin məqalədə bəhs etdiyimiz bu şeirə musiqi yazdığını dedi.
Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri də məhz "Səhər"də dərc olundu və Türkiyədə musiqi yazıldı.
Hadisələr zamanı həmkarım Araz Qurbanovla birlikdə Azteleradioya getdik. Məqsəd Bəxtiyar Vahabzadənin və digərlərinin radioda (yalnız Bakıda) səslənmiş çıxışlarını əldə edib qəzet vasitəsilə hər kəsə çatdırmaq idi. General bizi xoş qarşılamadı, amma şərt qoyaraq razılıq verdi - arxivdə yazacağımız mətni ona göstərməliydik. Bəxtiyar Vahabzadə isə heç olmazdı, çünki... Bəxtiyar müəllim bu generalın üzünə tüpürmüşdü.
Arxivə getdik. Əvvəlcədən razılaşdığımız kimi Araz kağız-qələm çıxarıb qeydlər apardı. Əsas məsələ isə məndə, daha doğrusu cibimdə idi - diktofon. İndi adiləşmiş və artıq sıradan çıxmış diktofon o zaman jurnalist üçün möcüzə idi. Və biz Bəxtiyar Vahabzadənin səsini diktofona köçürdük. Siz də "eşidin".
"Əziz həmvətənlərim!
Bu ağır günlərdə sizin hamınıza dərin hüznlə başsağlığı verirəm. Bu gün cümə axşamıdır. Hamınız, yəqin öz qəlbinizdə bu ağır kədəri yaşayırsınız. Sizin kədərinizə şərikəm.
Lakin bütün bunlarla bərabər həyat dayanmır, öz yoluyla davam edir. Bizim kədərimiz kədər olaraq qalır. Və bu heç bir zaman unudulmayacaq.
Mənim sizə deyəcək mühüm bir sözüm var. İnanın ki, bizi daha böyük bəlalar gözləyə bilər. Əgər bu ağır günlərdə səbrimizi, təmkinimizi saxlamasaq, əsəbilərimizi cilovlamasaq, daha böyük bəlalar gözləyə bilər. İndi üstümüzə böyük şərlər, böhtanlar atılır. Üstümüzdən bu böhtanı götürmək üçün sizdən artıq dərəcədə rica edirəm, ətrafınızda yaşayan ruslara münasibətiniz yaxşı olmalıdır. Biz onlara qarşı deyilik, rus xalqına qarşı deyilik. Biz ədalətin və həqiqətin müdafiəsindəyik. Biz düzgün olmayan siyasətə qarşı mübarizə aparmalıyıq. Şayiələrə uymayın. Köçmək istəyən, Bakıdan və Azərbaycanın rayonlarından köçmək istəyən rusları qoymayın. Bizim ruslara münasibətimiz gözəl olub həmişə, yenə də gözəl olmalıdır.
Mən sizdən artıq dərəcədə rica edirəm, yenə də təkrar edirəm, əks təqdirdə bizi daha böyük bəlalar gözləyə bilər. Mərkəzi qəzetlərdə bu şayiələrə uyan bəzi xəbərlər dərc olunur. Amma biz o mərkəzi qəzetləri ala bilmirik. Qəzet işçilərinə, mətbuat işçilərinə müraciət edirəm, nəşriyyat işçilərinə müraciət edirəm. Qəzetlərin buraxılmasına şərait yaradın. Nəqliyyat, müəssisələr işləməlidir. Çünki nə qədər ağır kədər içində olsa belə bu xalqı yaşatmaq lazımdır.
Mənə elə gəlir ki, xalqım məni başa düşür. Ürəyimdə sözlərim çoxdur. Amma yenə də sizə deyirəm, dediklərimə əməl eləməsəniz, bizim üstümüzdəki çirkab gün-gündən artacaq. Rəvayətlər gedir ki, guya biz burada İslam respublikası yaratmaq istəmişik. Yalandır bunlar. Heç bir zaman bizim Azərbaycan xalqının ürəyindən belə bir hiss keçməyib. Biz yalnız və yalnız torpağımızı, əlimizdən çıxmaqda olan Qarabağımızı geri qayıtması barədə düşünmüşük və bu yolda mübarizə aparmışıq. Amma mübarizəmiz çox zəif olub. Çünki rəhbərimiz rəhbər deyildi. Rəhbərimiz xalqla əl-ələ verib işləməyi bacarmırdı.
İndi rəhbərlik dəyişib. Bu gün yanında oldum. Yeni rəhbərliklə söhbət elədim. Onlar xalqla əl-ələ verib işləməyə söz verirlər. Əgər bu olmasa, yenə mübarizəmizi davam etdirəcəyik. Sizin hamınıza mənim dediklərimin yerinə yetirilməsinin, həyata keçirilməsini bir daha xahiş edirəm.
Sağ olun. Bir daha başımız
sağ olsun. Bu ağır kədərli
günlərdə sizi
səbrə, sizi dözümə çağırıram.
Bizim dinimiz də bizi buna çağırır.
Hətta
həmişə ən
ağır günlərdə,
ən ağır dəqiqələrdə mənsub
olduğumuz din bizi səbrə, təmkinə
və ağıla dəvət eləyir.
Sizin hamınıza
uğurlar arzu edirəm".
Allah Bəxtiyar Vahabzadəyə
qəni-qəni rəhmət
eləsin! Nur içində yatsın.
Və mən dediyim diktofondan daha bir səsi
yazıya çevirib,
nəzərinizə çatdırmaq
istəyirəm. Yaraşıqlı, 16-17 yaşlarında bir yeniyetmə, bir gənc şəhidimiz,
qəhrəmanımız. Araz Qurbanovla yolumuz yaralı soydaşlarımızın
bəzilərinin yanınadır.
Semaşko (Musa Nağıyev
adına xəstəxana)ya.
Onunla, Samir Kərimovla söhbətə başlayıram:
- Adı nədir?
- Samir.
- Familiyan?
- Kərimov.
- Samir, nə vaxt oldu bu
hadisə?
- Ayın on doqquzu, yəni on doqquzu, iyirmisi. On birinci
Qızıl Ordu tərəfdə.
- Orada dayanmışdın,
yoxsa başqa bir işinmi vardı?
- Yox, yox, biz maşınla
idik. Yaralı uşaqları daşıyırdıq.
İki reys elədik. Üçüncüdə bizi vurdular.
- Özünüzün maşınıyla?
- Yox, qaz əlli
üçlə. İki dəfə
apardıq uşaqları.
Üçüncü dəfə Papanin
mostuna çatmamış
bizi vurdular.
- Kim idi onlar? Yəni sizi
vuranlar.
- Hamısı bədənli
adamlar idi. Saçları uzun.
- Neçə yaralı daşıdınız?
- Birincisində on nəfər,
ikincisində səkkiz
nəfər.
- Kömək edən çox idi?
- Çox idi. Maşında biz ikimiz idik.
Mustafa ilə. O da olüb. (Ağlayır)
- Ağlama. Allah şəfa
versin.
Sonra həkimin səsini yazmışıq:
- Uşağı güllə
ilə biçiblər.
Altı-yeddi ağır yarası
var. Qarnı, qara ciyəri, bağırsaqları,
böyrəklər.
Sonra köks ötürür və zəif səslə:
- Öləcək...
Bizim söhbətimizdən az sonra Samir Kərimov şəhid oldu. O gənc, o yaraşıqlı,
o qəhrəman Samir Kərimov.
Və bu diktofonda daha bir neçə səs yazısı var. Sizə ikisindən söhbət açdım. O ağır,
amma ağır olduğu qədər də qəhrəmanlıq,
azadlıq dastanları
ilə dolu o günlərə yenidən
qayıdırıq. Bu dəfə hüznlə çox, fəxrlə, hörmət, minnətdarlıq
hissi ilə. Şəhidlər Xiyabanına onlar
sanki bir Azadlıq toxumları kimi düşdülər.
İndi
o xiyaban böyüyüb.
Biz də böyümüşük.
Ordumuz da böyüyüb.
Qarabağı geri alacağımız qədər böyümüşük. Göyçəni,
Zəngəzuru, qədim
İrəvan xanlığını
azad edə biləcəyimiz qədər
böyümüşük. Odur ki, Məmməd
Araz demişkən:
- Ata millət, ana millət, ağlama!
Ağlamağın yeri deyil, ağlama!
O böyük Qələbəyə
çox az
qalıb!!! Sevinəcəyimiz, bayram edəcəyimiz
o günə.
Ədalət.-2018.-19 yanvar.-S.4.