MÜƏLLİM
Nahid Hacızadənin
xatirəsinə
Yazarın arxivindən
Vərəsəlik məsələlərini nəzərə
alsaq, əslində mən bu universitetin yetirməsiyəm və
həm də deyiləm. O
vaxt bircə universitet vardı və həmin universitet də
tamam başqa yerdə idi. İndi tələbələriylə
görüşə gəldiyim bu auditoriyalar mənə
yaddı, o illəri yadıma salan - dərsə
çağıran zəng səsi və bizə dərs
demiş müəllimlərdi. Sayları
azalan müəllimlər. Yox, müəllimlərin
sayı azalmır, bizim olanlar azalır. İlbəil.
Bunun qarşısını alacaq bir qüvvə yoxdu, amma
xatırlananlar həm də yaşayırlar axı...
Azacıq əvvəl TV-lərdən biri bizim sevimli
müəllimlərimizdən biri olan Tofiq Rüstəmovla
bağlı bir süjet vermişdi. Kiçicik bir
süjet - məni də danışdırmışdılar.
Onunla bağlı özəl hisslərimdən,
duyğularımdan söz açmışdım. Həmin yerləri qayçılayıb nələrisə
saxlamışdılar. Neynək,
qayçı onların əlindədi, qələm mənim.
Tələbənin öz müəlliminə
aşiq olmağında qeyri-adi heç nə yoxdu, amma bu
günün prizması ilə yanaşsaq müəllimin bunu
görməzdən gəlməsi qeyri-adidi. Qeyri-adidi, nə
deyirsiniz deyin.
Zəng səsi məni diksindirir və mən diqqətlə
yenə təmizlik adası kimi okeanın içində tək-tənha
qalmış jurnalistika fakültəsinin müəllimlərinə
baxıram - bizim olanlara. Bizim də, onların da yaşı
artıb. Amma yenə müəllimlərimizdilər.
O olub keçənlər ki, var, heç vaxt dəyişməyəcək.
Keçmiş mühafizəkardı, bəs gələcək?!.. Bu gün nədi bəs?!
İşıqlıydı o keçmiş, bu
günümüzə də yayılır şəfəqləri
- çünki müəllimlərimiz aydın insan idilər.
Amma "bu gün" gözlərinə kədər
kölgəsi salıb. Səbəblər çoxdu,
çoxdu, çoxdu...
***
O
günü heç unuda bilmirəm. Beş il
ştatdankənar müxbir kimi işləyəndən sonra nəhayət,
əmrimi verib Nahid müəllimin yanına göndərmişdilər.
O da könülsüz-könülsüz ərizənin
üstünü yazıb məni hələ nə
olacağı bəlli olmayan bir proqramın kollektivinə
qoşmuşdu. (Nahid Hacızadə
qızları həvəssiz götürürdü işə
və indi mən də bu aləmin içindəyəm, mən
də qızları işə götürmək istəmirəm).
Amma həmin proqram o vaxt bomba kimi partladı və
bəndəniz də ilk publisistik təcrübələrini həmin
proqramda eləməyə cəhd göstərirdi. TV-nin bütün ulduzları həmin şöbədə
işləyirdilər və bunların içində baş
çıxarmaq lazım idi. "Dalğa"
adlanan həmin proqram həftədə bir dəfə efirə
gedirdi, hər həftənin öz aparıcısı, öz
rejissoru, öz redaktoru vardı. Bütün
maneələri dəf edəndən sonra Nahid Hacızadə
adlanan bu sərt qayanın "viza" qoyması gərəkirdi
yazıların üstünə. Ürkək-ürkək
girirsən kabinetə:
- Nə
yazmısan?
-
İçəri şəhər, "Bərpaçı"nın bərbad işindən.
- Olmaz!
- Tənqidi
yumşaldaram.
- Bu nə
cümlələrdi?
- Mənim
cümlələrimdi...
- Sənin
hələ "mənim" deyəcək vaxtın deyil.
... Başqa bir gün - daxili telefon zəng
çalır. Nahid müəllim yuxarı
çağırır, (bizim otağımız lap
aşağıda, zirzəmidə idi. Həmin
otağa gəlmək üçün əsas qapıdan
birinci mərtəbəyə qalxıb, yenə
aşağı düşmək lazım gəlirdi. Biz də ərindiyimizdən elə pəncərədən
çıxıb-düşürdük həyətə.
Bu yaxınlarda getmişdim ora - həmin pəncərələrə
dəmir barmaqlıqlar vurublar). Qanım
qaralır. Yenə danlanacam. Yox, deyəsən
kefi yaxşıdı:
- Gəl
səni keçirdək teatr şöbəsinə...
- Niyə,
Nahid müəllim, istəmirəm. Mənə
maraqlı deyil.
- Orda
maraqlı nəsə eləyirsən ki...
-
Qoysanız eləyərəm.
-
Yaxşı, get.
Aşağı enə-enə ürəyimdə fikirləşirəm
ki, hamıyla mehriban, hamıyla xoşrəftar Nahid müəllimin
məndən niyə zəhləsi gedir? Eybi yox, Nahid
Hacızadə, bir gün özün etiraf eləməyə məcbur
olacaqsan "mənim cümlələrimin" yaxşı
olduğunu. Otağımıza
qayıdıram və Şahin Əlibəylinin şən
söhbətləri məni güldürür.
***
Baxış otağında efirə gedəcək
verilişə baxırıq. Nahid müəllim çox diqqətlə
izləyir, hər sözü tutur:
- Saxla,
fırla geriyə.
- Nə
oldu?
- O nəsə
dedi orda.
- Nə
dedi?
- Dedim, geriyə!
Kaseti geriyə fırlayırıq və məlum olur ki,
çıxışçı məşhur bir müğənni
haqqında "hambala oxşayır" sözünü
işlədir.
Yavaşca deyir, amma o vaxt dövlət televiziyasında belə
bir söz işlətməyin nəticəsi nə olardı,bir düşünün... Necə olub ki, mən
bu sözü tutmamışam?..
Düzdür süjeti başqa adam
hazırlayıb, amma bu məni məsuliyyətdən
qurtarmır ki...
- Na-hid
mü-əl-lim...
- Məni
tər basdı, ay qız. Hara baxırsan?
Bu nədi! - Az qala qışqırır.
Düz sözə nə deyəsən? Hara
baxıram?
***
Böyük ideoloji maşının sözə söykəndiyi
vaxtlar bu respublikada bircə TV mövcud idi. Buradan söylənilən
hər bir söz "söz" ağırlığında
idi, yalanlar olsa da. Və bu mənada
televiziyanın ən böyük redaksiyasının,
televiziyanın bel sütunu olan redaksiyanın işinə rəhbərlik
eləmək sizə asan görünməsin. Üstəlik dövlətin ərköyün elədiyi
hikkəli yazıçıların kaprizlərinə də
dözmək lazımdı. Nahid müəllim
uzun illər "Ədəbi-dram" verilişləri baş
redaksiyasında baş redaktor işləmişdi. Təsəvvürünüzə gətirin Mərkəzi
Komitənin nomenklaturası olan vəzifə, yuxarının sərt
üzü, özünü dahi sayan
yazıçıların nazı və Moskvaya baxıb da bizi
bəyənməyən tamaşaçılarn
narazılığı. Bunların fonunda
da uzun illər təmiz adla bu vəzifədə otura bilmək
bacarığı. Çox böyük vəzifə
idi - Nahid müəllimin əlinin altında işləyənlər
çox nəsnələrə sahib idilər o vaxtlar. Pulları da vardı, maşınları da, təmtəraqlı
evləri də. Sonradan Nahid müəllim
daha böyük vəzifədə çalışdı,
nazir müavini statusunda idi vəzifəsi, amma güzəranı
dəyişmədi. Elə necə
vardı, elə də qaldı. Bir keyfiyyətini də
mütləq qeyd edəcəm - yaraşıqlı kişi idi, hündür, yaşıl
gözlü, ağbəniz. O boyda vəzifə və
qadınlara münasibətdə (televiziyada təsəvvür
edin) sui-istifadə yox . Deyə
bilərsiniz ki, o dövr başqa idi. Razıyam,
burda bir "partbilet" qorxusu da var idi, amma onda da indiki kimi
çox olmasa da belə münasibətlər mövcud idi və
Nahid müəllim başqa əxlaq sahibi idi (indi necədi deyə
bilmərəm, indi hamı dəyişib. Dünyada
qeyri-sabitlik qədər sabit heç nə yoxdu). Günümüzdə də partbilet kimi bir qorxu
mövcud olsaydı bəlkə çox adamlar çox
rüsvayçılıqdan çəkinərdilər.
Bir də bu partbilet məsələsiynən
bağlı bir xatirəm də, həm də Nahid müəllimlə
bağlıdı.
Bir az inqilabçılıq eləmək istəyəndə
(gənc idik, ağlımız yox idi) Nahid müəllim
ürəyini tutub:
- Siz
neynirsiz, sizə görə partbiletimi itirə bilmərəm
- deyərdi. İndi bunları təbəssümlə
xatırlayıram. Amma acı təbəssümlə
xatırladığım nələrsə də var. 20 yanvar
hadisələrindən sonra televiziyada sədr dəyişikliyi
oldu. Təbii, hər gələn öz
komandasını formalaşdırmaq istəyirdi. Və Nahid müəllimin də, bizim də qara
günlərimizin təməli qoyulurdu. Az
sonra Nahid Hacızadə işdən çıxarıldı.
Yadımdadı otaqda bir sürü (qəsdən belə deyirəm)
adam təzə sədrin qarasına
deyinib-danışandan sonra qərara alındı ki, sədrə
etirazımızı bildirmək üçün qəbuluna
gedək. 3-cü mərtəbədən 1-ə
düşənə qədər yolda bu kişilərin 90%-i
buxarlandı. Sədrin otağına girəndə 5-6 adam qalmışdıq, bircə qadın mən
idim. Kişilər bir olmur atam balası... Qorxağı
var, igidi var. Amma Nahid müəllimin sevimli işçiləri
yoxa çıxıb da "qara paltarlı" qadına
ehtiyacı olacağına heç özü də
inanmazdı. Demirəm e, dağı dağ üstünə
qoyduq, amma hər halda münasibət idi də...
***
Əslində o vaxtlar Nahid müəllimin rəhbərlik
elədiyi kollektiv bəlkə həmin məkanda ən
demokratik ortamda çalışırdı. Yaradıcı
ortamda. Yəni saat 9-da gəlib 6-da
çıxmağı tələb etmirdi, işə gəlməyəndə
bülleten tələb etmirdi. Tələbi ancaq təhvil
verdiyin proqramın, verilişin, ya da süjetin keyfiyyətli
olması, mətnin necə yazılması ilə bağlı
ola bilərdi. Burda çox ciddiydi
, sözə zərrəbinlə baxırdı. Sərt, intizamlı Nahid Hacızadənin yumşaq
ürəyinin xüsusi qayğı, güzəştlə
yanaşdığı adamlar da varıydı. O
vaxtın teleməkanına bələd olanlar Şahin Əlibəylini
yaxşı tanıyırlar. Şahin
tanınmış şair Ənvər Əlibəylinin
oğlu idi. Ənvər Əlibəyli isə
vaxtilə Azərbaycan Tele-Radio Komitəsinin sədri
olmuşdu və bu azacıq müddətdə o qədər
böyük hörmət qazanmışdı ki, insanların
ürəyində bu hiss uzun illər yaşadı. Uşaq kimi şıltaq, ərköyün, amma təmiz
qəlbli Şahinə Nahid müəllim riqqətlə
yanaşırdı. Bu münasibətlərdə
istedadlı rejissor Şahin faktorundan çox, Ənvər
Əlibəylinin xatirəsi dayanırdı. Bəlkə işçilərinin içində ən
dözümlü yanaşdığı insan da elə
söyüşcül, heç vaxt böyüməyən,
böyük uşaq olan Şahin idi.
Montajdan çıxıb proqramı bitirdiyimi bildirmək
üçün 3-cü mərtəbəyə qalxıram. Nahid müəllimin kabinetinə
yaxınlaşıram və Şahinin hay-küyünü
eşidirəm...
- Qol
çək, ərizəmə, Nahid müəllim.
- Mirzə,
get evə, sabah danışarıq.
- Yox, getməyəcəm,
qol çək. Sabah gedirəm Qarabağa.
- Hə də,
mən də onu deyirəm. Sabah qol çəkərəm
- deyir və mənə işarə edir ki, çıx
otaqdan. Şahinin söyüşləri
otağı başına götürüb. Qarabağ hadisələrinin yenicə başlanan
vaxtıdı. Hər kəs
özünün də bu vəziyyətdə laqeyd qala bilməyəcəyini
düşündüyü zamanlardı. Şahin
Nahid Hacızadədən işdən çıxmaq ərizəsinə
qol çəkməyi tələb edir. Nahid
müəllim də çılğın Şahini sakitləşdirməyə
çalışır. Bilir ki, sabah
keçib gedəcək bu hal. Səbəbini bilir... (Şahin haqqında yazı çoxdan beynimdə
fırlanır. Yaza bilmirəm, nəsə
mane olur).
***
O qədər
qarışıq vaxt idi ki, az qala hər 6
aydan bir sədr dəyişikliyi, hər sədrin
özünün nazı, hikkəsi... Elşad Quliyevdən az sonra Nahid müəllim də getdi və bizi
zirzəmidəki kiçicik otağımızdan
çıxarıb üçüncü mərtəbəyə
qaldırdılar, proqramı efirdən götürdülər.
Xoş günlər bitdi. Ətrafda
bu qədər hadisələr qaynayarkən ayrıca bir zirzəmidə
bəxtiyar olmaq mümkünsüz.
***
... Sonra qayıtdı Nahid müəllim televiziyaya.
Yeni gələn sədrlərə bu sahəni dərindən
bilən, işləyən adam lazım
idi, onun yaşıl gözlərinə aşiq
olmamışdılar. Əvvəldə qeyd elədiyim
kimi nazir müavini (Tele-radio Komitəsi sonra şirkətə
çevrildi) oldu və 3-cü mərtəbə ilə 1-ci mərtəbə
arasında "buxarlananlar" yenə başına
yığışdı. Və yenə
Nahid müəllim onlara hər şərait yaratdı,
özünə bir gün ağlamadı. Təsəvvürünüzə
gətirə bilərsiniz, nazir müavini olasan - birotaqlı
evdə yaşayasan, nazir müavini olasan maşının
olmaya, sabahkı günə bir ehtiyatın olmaya?
Amma necə ehtiyac var onun kimi təmiz, saf, professional, ciddi adamlara... Necə ehtiyac var onun sərt sözlərinə, təmənnasız münasibətinə... Doğrudanmı yeni gələn nəsil Nahid müəllimin bu günki güzəranını görüb də ona yox, oğruya, quldura, əclafa oxşamalıdı? Niyə nümunələr Nahid müəllimlər deyil? Niyə mən cavanlara "oxuyun, savadlı olun , o zaman layiq olacağınız yeri tutacaqsınız" deyəndə "siz niyə tutmadınız" sualını verməlidilər? Cavab verimmi? Mənim müəllimlərim cəsarətli olmadılar. Amma mən yenə onlarla fəxr edirəm, qürur duyuram. Nahid Hacızadə də müəllimim olub, çox şeylər öyrənmişəm ondan. İşə münasibət öyrənmişəm. Vərəsəlik məsələlərini nəzərə alsaq, mən də onun yetirməsiyəm. Yenə eyni məkanda çalışırıq. Amma indi mən 6-cı mərtəbədəyəm, o 5-də. Fərq eləməz, Müəllim hər zaman yüksəkdədi! Bizim olanlar azalır. İlbəil. Var olun, Nahid müəllim! 75-ci yaş gününün astanasında hələ neçə-neçə belə yeni günlər arzulayıram! Nə qədər sizlər varsınız, bizlər də özümüzü cavan hiss edəcəyik. Böyüklərimiz var olsun!
İradə
TUNCAY
iradetuncay@rambler.ru
Ədalət.-2018.-19 yanvar.-S.3.