"MƏNİ SABAHIMA QOVUŞDUR,
ANA!"
Müəllifindən sonra
dünyaya gələn kitab haqqında qeydlərim
Neçə vaxtdır ki, oxuyuram bu kitabı. Və hər
dəfə də əlimi uzadıb yazı stolumun üstündən götürüb
oxuduğum bu kitabın hər bir şeiri məni ötən illərə, günlərə
çəkib aparır.
Sanki bir xatirə
körpüsü olur
və o körpüdən
keçib gedəndə
özümü inandırıram
ki, mütləq ustadla qarşılaşacam...
mütləq onun əlini sıxıb özünəməxsus səsiylə,
özünəməxsus baxışıyla
mənə yönələn
diqqətinin altında
əhvalını soruşub
şeirlərinizi oxuyuram
deyəcəm. O da
gülümsəyib sanki
bu təbəssümlə
razılığını ifadə edəcəkdir...
Bax, bu yaşamın içində
kitabı mənə bağışlayan dəyərli
Musa Nəbioğlunun söylədiyi
bir kəlmə qulaqlarımda səslənir. Musa müəllim
kitabı mənə verəndə dedi ki, təəssüf ki, özü görə bilmədi bu kitabı.
Mən o təəssüf
hissini anlayışla
qarşıladım və
bir anlıq hətta razılaşdım
Musa müəllimlə. Amma tək qalanda, kitabı oxuyanda öz-özümə dedim ki, yox, Musa müəllim yanılırıq ikimiz də. Ustad bu kitabı
elə mətbəədən
götürəndə görübdü.
Çünki onun ruhu bu şeirlərin içərisindədi. Bəlkə də
elə bu şeirlərin özü
onun ruhudu. Çünki ustad yazır ki:
Canımdan qəlbimə bir
işıq düşə,
Nur meydan oxuya ulduza, Aya.
Mən də şükür deyəm, şükür oxuyam,
Ulu Yaradanın
verdiyi paya.
... Doğru əyilməyə,
düzlər düz ola,
Həqiqət məhəbbət üzbəüz
ola.
Sağlam
can, saf ürək, nurlu göz ola,
Baxdıqca baxaydım mən bu dünyaya.
Düşünürəm ki, bu misralardan,
daha doğrusu, bu misralardan boylanan ruhdan siz Zəlimxan Yaqubu tanıdınız. Çünki bu ovqat, bu
ifadə tərzi ancaq ona məxsusdur.
Və elə o ovqatla da ustad
yenə vurğulayır:
Ulu Tanrım, artır mənim dərdimi,
Kərəm kimi yandır, yandır, kül eylə.
Həm alışım, həm tuşum, həm yanım,
Külümü də küləklərə
dil eylə.
...Çiçəyini, qanqalını
dərəndə,
İki gözüm
nələr gördü
bir anda.
Əsirgəmə, Zəlimxanı görəndə,
Qəmini də, qəhrini də bol eylə.
Mən bu şeiri oxuyanda qeyri-ixtiyarı ustadla son söhbətimi xatırladım. Belə ki,
həmkarım Fəridə
Rəhimli ilə ustadı ziyarətə getmişdik. Söz ağrı-acıdan, dərddən
düşəndə Zəlimxan
müəllim elə bir səmimiyyətlə dedi ki:
- Əbülfət, əzizim,
mən Allahımdan incik deyiləm. O mənə
həyatda hər şey verib, hər şeyin dadını-tamını bilirəm.
Bircə dərd verməmişdi, onu da verdi
ki, dərdin də tamını bilim!
İnanın ki, bu günə
kimi o səs, o söz mənim qulaqlarımda səslənir,
yaddaşımda yaşayır. Və mən
onda şair böyüklüyünü, şair
səmimiyyətini üzbəüz
duyub, anlayıb, həm də yaşadım. Bax, indi
sizə təqdim etdiyim "Məni sabahıma qovuşdur, ana!" şeirlər kitabını da oxuyanda həmin misraların arasından boylanan ruhun sahibi qarşısında bir daha ehtiram
əlaməti olaraq baş əydim. Zəlimxan Yaqub Azərbaycan poeziyasında özünü,
sözünü təsdiqləyən
söz adamı kimi onsuz da
heç bir fərdi yanaşmaya, fərdi təqdimata ehtiyacı olmayan bir şairdi. Ona görə də onun mənə təqdim olunan bu kitabını oxuyarkən yeni nəsə yaza biləcəyimə o qədər
də əmin olmasam da, amma
Zəlimxansevənlərə onun ruhuyla baş-başa
qalmasına içimdə
bir ehtiyac duydum.
Və bir də bu kitabdakı
iki şeir məni fikirlərimi sizinlə bölüşməyə
həvəsləndirdi. Onun biri
haqqında fikri artıq sizə çatdırdım. İkinci
şeir isə belə adlanır: "Məmməd Aslan, Musa Yaqub, Zəlimxan Yaqub". Həmin şeirdə ustad yazır:
Üçündə də rus sığalı, əl zərifliyi,
Üçündə də könül eşqi, dil zərifliyi.
Üçündə də qaya səbri, gül zərifliyi -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
... Hər üçünün
ürəyində ağrı-acı
var,
Hər üçünün
şeiriyyətdən qızıl
tacı var.
Hər üçünə bu torpağın ehtiyacı var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Sözlərində görünməmiş
silah gücü var,
Ruhlarında min sel gücü, min ah gücü var.
Hər birinin ilhamında Allah gücü var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Bir parçasını
sizə təqdim etdiyim bu şeirdəki
reallıqla həm də o reallığın
ifadə tərziylə
yəqin ki, siz də razılaşarsınız. Və onunla
da razılaşarsınız
ki, bu gün
Məmməd Aslanla Zəlimxan Yaqubun ruhu işğal altında olan Kəlbəcərdə qoşalaşıb
aşıq Şəmşirin
ruhu qarşısında
sözü-sözü calamaqla
dağların həsrətini
dilə gətirirlər.
Zənnimcə, mənim bu
yanaşmam elə-belə
gəlişi gözəl
söz deyil. O, həm də böyük söz adamlarının, böyük
ustadların həmişə
soyuna, kökünə,
torpağına bağlılığının
sadəcə bir sözgəlişi dilə
gətirilməsidi.
Mən bir məqamı da xatırlatmaq istəyirəm. Bu da ustad Zəlimxan
Yaqubun sözə, sözü yaradana verdiyi önəmdi. Hər görüşümüzdə, hər söhbətimizdə
onun dilindən eşitdiyim kəlamlardan biri də şairə,
şeirə verdiyi dəyər idi. Həmin dəyərin şeir formasındakı ifadəsini bax, burda da görmək
olar:
Ay ana, yeni bir
Zəlimxan yetir,
Səsi
tara düşsün,
tarda car olsun.
O, elin qəlbini eşidə bilsin,
El onun qəlbindən
xəbərdar olsun.
... Zəlimxan, dənizdə dalğa var demək,
Dalğası var isə, hava
var demək.
Şairin
səsində dunya var, demək,
Şairi
var olan dünya var olsun!
Bax, elə
ustadın özünün
dediyi kimi, sözü, şairi, ədəbiyyatı olan dünyanın bütün
qarmaqarışıq durumuna,
qanlı-qadalı, ağrılı-acılı,
ehtiyaclı həyatına
baxmayaraq, mən sizlərin hər birinə söz ömrü, dözüm və mübarizlik arzu edirəm. İstəyirəm
ki, ustadın dediyi kimi, "Dəniz kimi qabarıb çəkilmək,
dalğalarla döyüşmək,
ləpələrlə pıçıldaşmaq,
qayalarla döş-döşə
gəlmək, sahillərə
yan almaq... bulaq kimi durulub
axmaq, su kimi saflaşmaq, ot kimi göyərmək,
çəmən kimi
yaşıllaşmaq, zirvə
kimi dümağ qarla örtülmək, dağların çayı
kimi coşub daşmaq... səyyah olub dünyanı gəzmək, ovçu olub çölləri, düzləri dolaşmaq, üzgüçü olub
dəryalarda üzmək,
rəssam olub rənglərin gözüylə
dünyaya baxmaq, heykəltaraş olub daşları insana çevirmək, şair olub Allahın dilində danışmaq..."
hər birinizin nəsibi Ustadın da ruhu şad
olsun!
Ədalət 2018.- 26 yanvar.- S.7.