"DAHİ BƏSTƏKAR, MAESTRO -
NİYAZİ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Onun haqqında bəstəkarlarımızın və musiqişünaslarımızın mətbuatda məqalələri dərc olunub, kitablar yazılıb, görkəmli sənət adamları onun fitri istedadına çox yüksək qiymətlər vermişlər. Keçmiş SSRİ-nin dəmir pərdəsi arxasından Azərbaycanı və bəstəkarlarımızın əsərlərini xarici ölkə dinləyicilərinə ilk tanıdanlardan bəlkə də, elə birincisi dahi maestro Niyazi olmuşdur. Hacıbəyovlar nəslinin çox görkəmli nümayəndələrindən biridir.
Mən isə bu görkəmli sənətkar haqqında 1958-60-cı illərdə Opera və Balet teatrının simfonik orkestrində fəaliyyət göstərdiyim dövrlərdə apardığım müşahidələr əsasında, öz xatirələrimi oxucularla bölüşmək istəyirəm. 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyü ilə əlaqədar, Opera və Balet teatrında böyük hazırlıq işləri aparılırdı. Rəhbərlik yeni təyinatlar hesabına gücləndirilmişdi. Direktoru dahi bəstəkarımız Fikrət Əmirov, baş dirijoru Niyazi, baş rejissoru isə Mehdi Məmmədov təyin olunmuşdular.
"Koroğlu", "Sevil" operaları, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri Niyaziyə, "Qız qalası" baleti Əfrasiyab Bədəlbəyliyə, "Gülşən" baleti isə Kamal Abdullayevə həvalə olunmuşdu. Niyazi həm də "Koroğlu" operasının yeni redaksiyasını işləmiş, orkestrovkasını təkmilləşdirmişdi. Operanın qəhrəmanlıq pafosu yüksəlmiş, dinamikası sürətlənmiş, nüansların müsbət mənada təsiri artırılmışdı. Uvertüradan başlayaraq bütün bu keyfiyyətlər diqqəti cəlb edirdi. "Moderato" əvəzinə "Allegro", uvertüranın qalibiyyət ruhunu birə-beş artırırdı. O vaxtdan 50 ildən artıq vaxt keçib, lakin mən heç bir dirijor tərəfindən uvertüranın bu tempdə ifa olunmasını müşahidə etməmişəm. Qız Qalası qarşısında təxminən keçən əsrin 80-ci illərində Ramiz Məlikaslanovun idarəsiylə Azərbaycan televiziyası və radiosunun simfonik orkestrinin uvertüranın ifası çəkilişində Ümumittifaq səsyazma studiyasının 1959-cu ildə yazılan valından istifadə olunmuşdur.
Məhz Niyazinin tələbkarlığı sayəsində həmin illərdə Opera və Balet Teatrının simfonik orkestrinin səviyyəsi qat-qat yüksəlmişdi.
Məşqlər çox gərgin
keçirdi. 90 nəfərlik simfonik orkestr, xor, solistlər dahi maestronun barmağının bir
işarəsinə bənd idilər. Mənə elə gəlirdi
ki, onun
barmaqlarının hamısı sanki dirijor çubuğu vəzifəsini
yerinə yetirirdi. Məşqlərdə
dirijor çubuğundan
istifadə etməzdi, yalnız tamaşa
vaxtı əlində dirijor çubuğu olardı. Ciddi
və fəhmli görkəmi vardı. Pult
arxasına keçdikdə qoşuna hücum əmri verməyə hazırlaşan
sərkərdəni xatırladırdı. Xüsusilə
"Koroğlu" operasına dirijorluq etdikdə bu əzəmət birə-beş artırdı. Kamil
eşitmə qabiliyyəti olduğuna
görə heç bir
səs qulağından yayınmazdı. Məşq zamanı çox vaxt orkestri saxlayaraq, hansısa
skripkanın üçüncü siminin bəm olduğunu və
ya tarlardan
hansınınsa sarı siminin xaric olduğunu irad tutardı. "Sevil"
operasının məşqi zamanı yaşlı kontrabas çalanı, geniş
bir qlissandonu dəfələrlə
xaric tutmasını maestro
kəskin bir şəkildə tənbeh elədi.
Sözün əsl mənasında pult arxasında Niyazi qəddar
bir hökmdara çevrilirdi. Lakin pultdan aşağı
düşəndən sonra çox sadə, incə qəlbli, deyən-gülən,
xüsusilə gəncləri ətrafına toplayıb, məzəli
əhvalatlar danışaraq, çox həyatsevər
bir insan təsiri
bağışlayırdı. Həmin bu
xüsusiyyətlər onun dahiliyini
səciyyələndirən keyfiyyətlərindən idi. Hamı ona Maestro deyə müraciət edərdi. Hətta
məşqlərin birində çox gülməli
bir əhvalat baş verdi. Onun düz qarşısında əyləşən,
solist klarnetçalan,
mənşəcə erməni olan Edik tük
çıxmayan başına parik
otağından parik alıb qoyaraq çox ciddi görkəmdə onun
qarşısında əyləşmişdi. Üzündə
həyası olmayan ermənidən başqa heç kim onunla belə zarafat etməyə cəsarət etməzdi.
Məşq başladı. Niyazi orkestrə
daxil olaraq pult arxasına keçdi. Bütün orkestr gülməkdən
özünü saxlaya
bilmirdi. O, ətrafa göz
gəzdirdi, lakin bu gülüşün səbəbini
aydınlaşdıra bilmirdi. Oturacağına əyləşərək bir-bir bütün orkestri gözdən keçirməyə
başladı. Nəhayət, düz
qarşısında əyləşən, başında parik olan
klarnetçalanı gördükdə özünü
saxlaya bilməyib, əlləri ilə bədənini
qucaqlayaraq xeyli güldü. Onun balaca boyunda, çəlimsiz
bədənində nə qədər böyük
enerji və temperament var idı. Gəncliyində ağır atletka və boksla məşğul
olmuş, bərk soyuqdəyməsindən
sonra idmandan
aralanmışdır. Danışırdılar ki, həyat yoldaşı Həcər xanım
körpə uşağa baxan
kimi, onun
qayğısını çəkərdi. Mənə
elə gəlir ki, gəncliyində idman vasitəsiylə əldə etdiyi bünövrə çox
çətin və məşəqqətli bir
sənət olan dirijorluq
sənətinin yükünü çəkməklə
ömrünün axırına qədər
ona yardımçı olmuşdur.
1959-cu ilin
aprel ayı idi. Dekadaya təxminən bir
ay qalırdı. Ümumittifaq
səsyazma studiyası
Yaxın Şərq ölkələrinin sifarişi
ilə Bakıya gələrək "Koroğlu"
operasını Niyazinin
rəhbərliyi ilə
keçmiş Dzerjinski
adına klubda, orkestr, xor və
solistlərlə birlikdə
Lütfiyar İmanov və Firəngiz Əhmədovanın iştirakı
ilə vala yazdılar. Niyazinin çox yüksək tələbkarlığını nəzərə alsaq, hər bir iştirakçı
üçün bu, çox çətin və məsuliyyətli bir iş idi.
Gecə saat 2-yə, 3-ə qədər
yazılış davam
edirdi.
1959-cu il mayın
22-də Moskvada SSRİ Böyük
Teatrında təntənəli
şəraitdə Azərbaycan
ədəbiyyatı və
incəsənəti ikinci
dekadasının açılışı
oldu.
Birinci dekada
1938-ci ildə keçirilmişdi. Dekada dahi
bəstəkarımız Fikrət
Əmirovun "Sevil"
operası ilə açıldı. Rəşid Behbudovun
(Balaş) və Firəngiz Əhmədovanın
(Sevil) iştirakı ilə keçən tamaşa çox böyük alqışlarla
qarşılandı. Başımızın üstündəki lojada
SSRİ-nin o vaxtkı
rəhbəri Nikita Xruşşov
əyləşmişdi. Niyazinin dirijorluq etdiyi "Koroğlu" operası,
"Yaddi gözəl"
və "İldırımlı
yollarla" baletləri
də böyük əzəmətlə keçdi.
Niyazi bütün bu tamaşaların ən yadda qalan iştirakçılarından
biri, əvvəldən
axıra qədər tamaşaçı diqqəti
mərkəzində olan
aparıcılardan idi.
Bu müvəffəqiyyətli
çıxışlarına görə ona SSRİ Xalq artisti fəxri
adı verildi. Niyazi bir bəstəkar olaraq musiqi incəsənətimizə
də layiqli töhfələr vermişdir.
Nizaminin 800 illiyi münasibətilə yazdığı
"Xosrov və Şirin" operası,
"Rast" simfonik muğamı, simfonik orkestr üçün qaytağı, "Arzu"
romansı, "Vətən
nəğməsi" mahnısı
və s. əsərləri
həmin töhfələrdəndir.
O, Sumqayıtın fəxri vətəndaşı idi.
Baş dirijoru olduğu Ü.Hacıbəyli
adına Dövlət Simfonik Orkestri ilə hər il şəhərimizdə
silsilə konsertlər
təşkil edərdi.
Onun təşəbbüsü ilə
məşhur Sovet bəstəkarlarından Tixon
Xrennikov və Dmitri Kabalevskinin müəllif konsertləri təşkil
olunmuşdu.
Təxminən 1982-ci il olardı. Operadakı fəaliyyətimdən 24-25 il keçirdi. S.Vurğun adına
sarayda keçirilən
bu konsertə mən də gəlmişdim. Giriş qapısına yaxınlaşarkən
maestronun bir neçə musiqiçilərlə
astanada dayandığını
gördüm. Məni gördükdə
gülümsədi. Yaxınlaşıb,
"Maestro, xoş gəlmisiniz",
- dedim. "Səndəmi
burada işləyirsən?"
- deyə soruşdu. "Bəli",
- dedim, "musiqi texnikumunda işləyirəm".
Artıq
konserti başlayırdı,
içəri keçdilər.
Bu, mənim dahi sənətkarla son görüşüm
oldu.
Tahir Hacı Əzimli
Musiqişünas
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2018.- 26 yanvar.- S.7.