BÖYÜK ÜRƏK SAHİBİ
...Əlimə qələm götürüb Vətənə, millətə xidmət elədiyim ilk günlərdən yaxşı adamların, Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik ənənələrini davam etdirən kişilərin, Azərbaycana şöhrət gətirən alimlərin, ziyalıların, mərd və qeyrətli oğulların sorağındayam. Həmişə və hər zaman yaxşı adamlarla maraqlanıram, onların işığına can atıram, ümid qapısını açmağa tələsirəm.
Yaxşı adamların hansı arzularla, düşüncələrlə yaşadığını, hansı xeyirxah əməllərlə, yaxşı işlərlə məşğul olduqlarını öyrənməyə çalışıram. Çalışıram ki, o yaxşı adamların yaxşılıqlarını qələmə alım, onları bugünkü və gələcək nəsillərə tanıda bilim. Və həmişə də çalışmışam ki, dünyanı yaxşı əməllərlə dağılmağa qoymayan, həyatda, ancaq gözəlliklər yaradan, özlərindən sonra bir iz qoyub gedən, eldə-obada hörmət və məhəbbət qazanan, yaxşı insanlar haqda ürək sözlərimi qələmə alım, həmişə sorağında olduğum yaxşı adamlardan söhbət açım.
Sorağında olduğum həmin o yaxşı, səxavətli və xeyirxah adamlardan, xeyirxah işlərilə ad qazanan, böyük hörmət və nüfuz sahibi olan ziyalılardan biri də Munasib Teymur oğlu Qurbanovdu. Onun getdiyi yol haqq yoludu. Haqq yolu müqəddəs yoldur. Bu yol, ucalığa aparan yoldur. Bu yolda insan özünü böyük dünyada hiss eləyir. Özlərini böyük dünyada hiss eləyənlər özlərini anlayanlardı. Özünü anlayanlar, kimliyini tanıyanlar heç vaxt haqq yolunda büdrəməzlər, addım-addım saflığa yaxınlaşarlar. Saflığa qovuşmaq yaşamaq və yaşatmaqdı. Münasib müəllim də həm yaşayır, həm də yaşadır, həm insanları sevir, həm də insanlar tərəfindən sevilir.
O, həqiqəti, ədaləti, xeyri müqəddəs sayır və ömrünü yaxşı işlərə həsr edib, yaxşılığı bir sənət seçib, çünki yaxşılıq ona haqdan gəlir. Haqdan gələn yaxşılığı, ancaq haqq yolunun yolçuları edirlər. Munasib müəllim haqq yolunun yolçusudu.
Yaxşı işlər, xeyir əməllər həm də ömrü uzadır. İnsanları yaşadan, dünyanı dağılmağa qoymayan həmin o yaxşılardı, həmin o yaxşılığı eləyən Munasib Qurbanov kimi yaxşı adamlardı. O, ən xeyirxah, ən alicənab tovuzlulardan biridir, bəlkə də birincisidir. Munasib Qurbanov Tovuzda doğulsa da Azərbaycanın şöhrətli oğlu kimi tanınmaqdadır. Bu tanınma isə onun elinə-obasına, xalqına, vətəninə xidmətləriylə bağlıdır. Yaxşı ki, Tovuzun, eləcə də Azərbaycanın onun kimi oğulları varmış, yoxsa ürək dərdimizi kimə deyərdik, kimin ümid qapısını ümidlə açardıq, kimə pənah aparardıq? Onunla tanış olan, ilk dəfə söhbət edən hər kəs o dəqiqə hiss eləyir ki, Munasib Qurbanov sanki yaxşılıq etmək üçün dünyaya gəlib. Həm alim kimi, iqtisadçı kimi, iş adamı kimi, həm də qeyrətli və mərd Azərbaycan oğlu kimi...
O kişidə bir dağ əzəməti, bir dağ ucalığı, bir dağ vüqarı var. O, həm də qocaman bir palıd ağacına bənzəyir. Kölgəsinə sığınanlar çoxdu.
Yaxşılıq təkcə kimlərəsə əl tutmaqla, yardım etməklə ölçülmür. Şirin bir təbəssüm də, xoş bir söz də... yaxşılıqdı. İnsanlarla ürəkdən maraqlanmaq da, xoş üz göstərmək də, ürəklə salam vermək də... yaxşılıqdı. "Həyatın hansı anı boşa çıxıb?" - deyə İbn Sinadan soruşulanda o, belə cavab verib: "Bir adama yaxşılıq edə bilmədiyim an". Deməli, ürək yaxşılıqla döyünməli, ömrün hər anı yaxşılıq etməklə keçməlidir. Və bir də əbəs yerə deməyiblər ki, kişidən yadigar övlad deyil, xeyir əməl və yaxşı ad qalar. Bəli, Munasib müəllimin səxavəti Allahın ona verdiyi ən böyük səxavətdir. O, yaxşılığı da təmənnasız eləyir. "Sağ əlin verdiyini sol əl bilməməlidir", - deyir. O kişinin səxavəti qazandığı savabla ölçülür. Halal qazancından başqaları üçün də pay ayırır. Bunu Allah da görür. Bu, əslində bir müsəlman üçün müsəlmançılığın beş şərtlərindən biridir. "Qurani-Kərim"də - "Bəqərə" (261) surəsində deyilir: "Qazancından Allah yolunda sərf edənlər hər sünbülündə yüz dən olmaqla, yeddi sünbül yetirən bir dən kimidir". Elədiyi bir yaxşılıqla da Munasib müəllimi qiymətləndirmək mümkündür. Axı, dəryanın tamını bilmək üçün bir damla su da kifayətdir. Bir damla su ilə də dəryanın "sirrini" öyrənmək mümkündür.
Munasib müəllimin varı da, dövləti də, sərvəti də şəxsiyyətidi, xeyirxahlığıdı. Nəbzi xalqın nəbzi ilə bir vurur, ürəyi Vətən eşqilə, qurub-yaratmaq eşqilə, yaxşılıq etmək, yaxşı işlər görmək eşqilə döyünür.
Rəhbərlik etdiyi ONUR-STYLE-yə böyük ümidlə, inamla gələnlərin sayı gündən-günə artmaqdadır. Səbəbi sadədir, çünki onun rəhbərlik etdiyi MTK millətə ləyaqətlə, vicdanla xidmət edir.
Munasib Qurbanovu Azərbaycanda, Rusiyanın Krasnoyarsk vilayətində, eləcə də Tumen şəhərində yaxşı tanıyırlar... O, həm Azərbaycanda, Həm də Rusiya Federasiyasında yüksək mərtəbəli binalar inşa etməsilə tanınır və sevilir. Öz işinin əsl bilicisi olan, həmişə də böyük uğurlara, nailiyyətlərə imza atan o xeyirxah insandan böyük məhəbbətlə söhbət açır və fəxrlə deyirlər ki, Teymur kişinin oğlu olan yerdə problem olmur, olsa da həllini tez tapır. Bəli, "Ot kökü üstündə bitər". Munasib müəllimin atası Teymur kişi də Tovuzun sayılıb-seçilən kişilərindən olub. Alman faşistlərilə müharibədə - Leninqradda - sol qolunu itirən Teymur Məmməd oğlunun bircə sözüylə qan davası yatırılıb, küsülülər barışıb... Teymur kişi 1988-ci ildə haqq dünyasına qovuşsa da xeyirxah işərindən, yaxşı əməllərindən tovuzlular bu gün də məhəbbətlə söhbət açırlar. Munasib Qurbanov da atasının xeyriyyəçilik ənənələrini, xeyirxah işlərini uğurla davam etdirir. Yaxşılıq etmək, xeyirxah işlər görmək Munasib müəllimin alın yazısıdır. Bu yazını onun alnına Tanrı yazıb. Alın yazısından qaçmaq olmadığı kimi Munasib Qurbanov da bir gün yaxşılıq etməsə narahat olar, o günü ömründən hesab etməz.
..."Tovuz cəbhəsindən məktublar" kitabının çapı üçün çox qapılar döydüm, milyonlar içində xumarlanan çox tovuzlulara ağız açdım, faydası olmadı. İstər-istəməz Hacı Zeynalabdin Tağıyevi düşündüm. Düşündüm ki, böyük messanat, xeyriyyəçi sağ olsaydı, bugünkü və gələcək nəsillər üçün yazdığım Tovuzun müharibə tarixindən (1988-1994-cü illər) bəhs edən kitabımın çapına dəstək verərdi. Və günlərin bir günü mənə Munasib müəllimlə görüşməyi məsləhət gördülər...
Dedilər ki, Tovuzun adı çəkiləndə həyəcanlanan, Tovuzun hər qarışını, bir quru çöpünü belə müqəddəs bilən, iş otağında mərdlik, kişilik və xeyirxahlıq rəmzi sayılan xəncər və saz saxlayan Munasib Qurbanov hələ heç kimi naümid yola salmayıb. Heç kimdən köməyini əsirgəməyən, heç kimi özündən incik salmayan, əsl vətəndaş kimi, ziyalı kimi hamının hörmətini, məhəbbətini qazanan bu xeyirxah insan yaxşılıq etməyi özünə sənət seçib. O, həm iqtisadçı, xüsusilə əsl ziyalı və əsl vətəndaş kimi millətimiz üçün, bir sözlə, hər kəs üçün çox dəyərlidir.
Haqsızlıq eləməyən, bütün ömrü boyu savab işlər görən Munasib Qurbanov həm də görkəmli alimdir, iqtisad elmləri doktorudur. O, bir alim kimi, bir sahibkar kimi insanlar üçün xeyirli və yaxşı olan insanlardandı. O, bu dünyada yaxşı işlərilə, xoş əməllərilə həmişə xatırlanmaq, tanınmaq, anılmaq, ürəklərdə yaşamaq hüququ qazanıb. Bu, Munasib müəllimin həyatda ən böyük qazancıdı.
Biz istəsək də, istəməsək də Allaha doğru yol gedirik. Bu yolda haqqa üz tutanlar Allaha yaxın adamlardı. Munasib Teymur oğlu da haqq yolunun yolçusudu, o böyük ziyalıdan öyrənilməli, əxz edilməli çox şeylər var. O xeyirxah adamın işindən də, əməllərindən də, özündən də, sözündən də İslama, Allaha yaxınlıq qoxusu gəlir.
Əqidəsinə, ziyalılığına, xeyirxahlığına güvəniləsi, ümid ediləsi, insanlara dünən də, bu gün də gərək olan Munasib Teymur oğlu nəinki doğulub boya-başa çatdığı Tovuz elinə, Azərbaycana şöhrət gətirən, millətin imzasını imzalar içində tanıdan ziyalılardandı. Bu gün Bakı şəhərində ən yaraşıqlı, könül oxşayan, göz oxşayan binaları görəndə fəxrlə, sevinclə deyirlər: "Munasib Qurbanovun xalqın istifadəsinə verdiyi binalardı. İşıqlı, yaraşıqlı, geniş mənzillərdə yaşayan yüzlərlə, minlərlə soydaşlarımız o gözəl insana minnətdarlıq edir, onun həm gördüyü işlərdən, həm də sadəliyindən, mehribanlığından, xeyirxahlığından məhəbbətlə söz açırlar...
Munasib Qurbanov həm də xoşbəxt atadır, xoşbəxt ailə başçısıdır, mehriban babadır, yaxşı qardaşdır, etibarlı dostdur, yaxşı vətəndaşdır. O, həm də mərdliyi, igidliyi, cəsarəti, xeyirxahlığı, yaxşılığı, ləyaqəti, alicənablığı... yaşadan kişidi. Və böyük ürək sahibi olan Munasib Teymur oğluna iki yarpaq şeir ünvanlayaraq sözümü tamama yetirirəm:
El üçün çalışdı, eldə ucaldı,
Yaxşılıq elədi, yaxşı ad aldı.
Qaranlıq yollara bir işıq saldı,
Mərd kişiyə bir sənətdi kişilik.
Ürəyə xoş gəlir
hər bir əməli,
Onun çiynindədir
Tanrının əli.
İnsanın tükənməz sərvəti,
bəli
Var-dövlətdi, bir sərvətdi kişilik.
Ədalət.-2018.-26
yanvar.-S.6.