AZIXANTROP
(hekayə)
Yaşadığı yerində ünvanı yox idi. Yaşadığı yerin!
Əgər ona yaşamaq deyirdinsə! Şəhərin
qıraq küncündə zil enişdə yana-yana
topalaşmış daşların arasında (bu daşlar bu
enişdə necə dayanırdı, onu Allah bilirdi və hər
an ürəyində bir qorxu vardı ki, bu gün, sabah, o
birisi sabah gecəni keçirməyə gələndə
görəcəkdi ki, daşlar top kimi diyirlənib üzü
aşağıya yuvarlanıb və aşağıda gecəqondu
evlərin hansınınsa birinin, hətta bir neçəsinin
üstünə düşüb, fəlakət törədib)
torpağı qazıb özünə balaca bir koma düzəltmişdi.
İtnən-pişiknən axtarsaydın da
buranı tapa bilməzdin. O isə gecənin gird
yarısında əlindəki torbanı sürütləyə-sürütləyə
- bir gözü arxada, yan-yörədə - yalquzaq kimi şəhərdən
ayrılıb komasına tərəf addımlayır,
daşlara çatanda nəfəsini dərib oturur, bədəninin
giziltisini gecəyə töküb qapının üstünə
tökdüyü torpağı cod əlləri ilə
süpürüb təmizləyir, qapını açır,
qaranlıq aləmə daxil olur, qırıq taxta divana sərdiyi
palazların üstünə uzanır, düşünür,
düşünə-düşünə yuxuya gedir. Yuxusu ha yoxdu? O, gözüaçıq yatır,
torpağın qaranlığında hava çox
ağırdı, güclə nəfəs alır. Nə düşünür? Təkcə
düşüncələri özünündü, heç kim əlindən ala bilməz. Heç kim! Dünyaya meydan oxuyan zənginlər,
güclülər belə onun qarşısında acizdilər!
Soyuq, rütubətli, qaranlıq komada bəzən
gözləri yumulu, bəzən gözləri açıq
uşaqlıq illərinin bəzi cizgilərini
xatırlayır, xatırladıqca qayğısız günlərindən
fərəh hissi keçirirdi. Qəribədir,
o körpə olanda da tənha imiş. Sən
demə, tale elə dünyaya gəlişindən onu tək
yaradıbmış, təklik yükünü daşımaq üçün.
Bundan böyük faciəni heç kim
onun qədər yaxından duya bilməzdi. Nə
ata, nə ana onun körpə qığıltısına
sevinmədi, qucağına alıb oxşamadı, ad
qoymadı. İndiki adı da qondarma idi.
Kimsə özgələrindən fərqləndirməkdən
ötrü ona Nərib adı yazdırmışdı.
Qərib! Bəlkə də onun, doğrudan da, qərib
olduğunu görüb sənə də bu adı
yazdırmışdı. Qəribov Qərib.
Atasının adının yerində Sahib yazılmışdı.
Bunların hamısı yalan, saxta və yad idi.
Quru adlar ona gərək deyildi. Neynirdi? Ona ürəyini qızındıran,
yaşamağa ümid verən iki müqəddəs adam gözlərinin görünüş dairəsindən
çox-çox uzaqda idi, nə qədər istəsə də
görə bilmirdi. Onlar niyə qeybə çəkildilər?
Ölmüşdülərmi, ya göylərin
yeddi qatındamı gizlənmişdilər? Bunu bilmirdi. Axtarıb arasa da, minlərlə
insanın arasında onları tapa bilmirdi. Şəkillərini
görməmişdi, adları da bəlli deyildi, bu məchulluqda
nəticəyə nail olmaq olmazdı, arada bəzilərinin
ona isti baxışlarla baxması ürəyini
döyündürür, o baxışların arxası ilə
qaçmaq istəyir, yarı yolda dayanır və geri
qayıdırdı. Çatıb nə
deyəsiydi?
- Siz mənə
doğma gəlirsiniz, çox doğma. Təsadüfən
mənim atam (anam) deyilsiniz ki?
Üstündən
zibilxana qoxusu gələn, bitli-saqqallı,
ayaqqabısının dodaqları açıq, köynəyi
ütüsüz birinə kim deyərdi ki,
sən mənim oğlumsan? Neçə oğlu olurdu ki,
saçlarının yarısına qar
yağmışdı, bəlkə də soruşduğu adam yaşca ondan kiçik idi? Ağlı
kəsmirdi, internat evinə getsəydi, direktor ona hansısa məlumatı
verərdi. Əslində verməli idi, ancaq ona, şəxsən
ona heç nə deməzdi, - aldadar, yalançı vədlər
verərdi. Münasibətləri çox gərgin
idi. Niyə? Cavabsız
sual idi. Sifətindən yağ daman,
alnının və üzünün
qırışlarını örtmək üçün hər
gün saatlarla "gözəllik salonu"nda oturan direktor nədənsə
ondan (bəlkə də valideynindən?!)
xoşlanmırdı. Sən demə, internat
evində də - atılmışların arasında da fərq
özünü kölgəli, ya qapalı şəkildə
göstərirmiş. Əgər göstərməsəydi,
o da başqaları kimi hansısa bir ailəyə verilərdi.
Onda da o qədər uşağı olmayan, uşaq həsrətliləri
vardı ki! O qədər gözü yaşlı, üzləri
giriş qapısında qalan uşaqlar vardı ki? Onu da
qapıdan o yana ötürə bilməzdilərmi?
Elə ötürərdilər! Ancaq
internatın direktoru gənc ər-arvadın istəklərini
yerinə yetirib ondan vaz keçdi. Adamın gərək
naxışı gətirsin! O gecə o susayıb növbətçi
otağına gəlməsəydi, qapını açıb
işığı yandırmasaydı və direktoru təsərrüfat
müdiri Ağabala ilə çılpaq qucaqlaşan görməsəydi,
heç əlil də olmasaydı. Ağabalanın,
elə direktorun əməlləriydi ki, hasardan uşaqlar itələyib
yerə saldılar. Nə yaxşı ki, ölmədi! Axı, o hündürlükdən yıxılanda
başı üstə yerə dəymişdi. Axı, onun nə günahı vardı? Gecəyarısı susamışdı. Gör nə qədər susamışdı ki,
yuxudan ayılıb qalxmışdı, internatda su kəsilmişdi
(bunu Ağabala qəsdən eləyir, gecələr suyu
bağlayırdı) və dili-dodağı qurumasın deyə,
ürəyinin yanğısı kəssin deyə növbətçi
otağının qapısına üz tutmuşdu.
Ağappaq çılpaq bədən və ona dolanan
tüklü, bir az da qaralmış
qollar... O an gözünün önündən
getmir, ilğım kimi könlünü
bulandırırdı. Gör üstündən
neçə illər keçib? Ağ
pambıq bədənli qadın hələ də direktordu, Ağabala
o dünyada torpaq şöbə müdiridi. O isə... Zibilliklər kralıdı. Bu
adı o özü-özünə verib, Qərib adından
imtina edib. Öz işidi, özü bilər.
İstəmir, bu addan xoşu gəlmir. O,
kraldır! Kral! Zibilliklər kralı! Nə
olsun ki, dövləti idarə edən kral deyil? Gərək hökmən dövlətin
başçısı olsun? O da bir yerin
böyüyü, kralıdı. Özünün,
sərbəstliyinin, ürəyinin kralıdı. Özgələri kimi səhərin gözü
açılmamışdan dayanacaqlara tələsik gəlmir
ki, İşə gecikmək, kiminsə tənbehini almaq
heç yadına da düşmür. Torpaq
evinə girib qapısını bağlayır və yatır,
uzanır, dincəlir, fikirləşir, istədiyi vaxt durub dəmir
ağacını götürür və özünü
zibil yeşiklərinə yetirir. Dəmiri zibil
torbalarına vuranda hiss edir ki, içində nə var. Quru, cəmlənmiş,
yarımçıq çörəkmi, toyuq, qoyun, ya mal ətinin
sümüklərini, şirniyyat qalıqlarımı... Mineral və şirəli suları tapmaq isə
asandır. Hər şeyin öz
xiridarı var.
Sümüklər itlər, pişiklər və
tülkülərdən ötürdü. "Evi"nin
yanındakı qayanın kölgəsində həmişə
açıq qalan stolunda - o, zibillikdən, stol, stullar, divan və
üç kreslonu təkbaşına gətirmişdi -
xüsusi yerlər düzəltmişdi, sümük və
çörək qırıntılarını ora səliqə
ilə yığırdı. İtlərin
sayını bilmirdi, pişiklər isə gəlib göz gəzdirirdilər,
boşluq olan kimi qalan yeməklərdən yeyirdilər.
Tülkülər də eləcə! O dörd
tülkünün yaxınlarda yaşadığını dəqiq
bilirdi. Heç kim deməsin ki, şəhərdə,
onun orta göbəyində tülkü olmur. Olur, özü də
elə mədənidilər ki! Həyət-bacalarda
saxlanılan toyuq-cücələrə gözlərinin ucu ilə
də baxmırlar. Nə veclərinədi,
onların yeməyi hazırca gəlib atılır zibilliklərə.
Zibilliklər də ki, bir deyil, beş
deyil. Hamısının yerini əzbərdən
bilir. Çatan kimi də alıcı
quş kimi dəmirini işə salır, torbaları doldurub
"evi"nə tələsir, "əsgərlərinin"
payını ayırd eləyir. "Əsgərlərə"
yaxşı baxmaq lazımdı, əgər onların yeməyi
yaxşı olmasa, "evi" qorumaz, fikir-zikirlərini yemək
axtarmağa sərf edərdilər. O, hətta
"ev"də olsaydı belə ən çox da itlər
onun qarovulunu çəkirdilər, elə bil doruçu əsgərlər
idilər, bir yana gedəndə heç
olmasa ikisi ərazini tərk etmirdilər. Hamısı
yox olanda isə növbə tülkülərə, ya da
pişiklərə verilirdi. Hələ
ilanları demirsən? Bir dəfə
qayıdanda gördü ki, ilan qapısının
üstündə uzanıb özünü günə verir,
balaları isə ətrafda fırlanırlar. Sevinən kimi oldu. İlan varsa,
buraya insan ayağı dəyməzdi. Axı,
ilan zəhmlidi və ondan qorxurlar. Ona da bu lazım idi -
buralara kimsə ayaq basmasın...
O gecə
qəribə yuxu gördü. Gördü ki,
direktorla Ağabala uşaqlardan gizlənib növbətçi
otağında şirin yuxuya gediblər. O, otağa girib
direktora yaxınlaşır, istəyir ki, onu boğub
öldürsün. Yerə düşmüş
iri qaşlı brilyant üzüyü ayağının
altında qalır. Əyilib
götürür, əvvəlcə istəyir ki,
çarpayısında gizlətsin, ancaq bilir ki, otağa qoysa
axtarıb tapacaqlar. Həyətdəki tut
ağacının günbatan tərəfini qazıb
üzüyü orada gizlədi. Yuxu uzun
idi. Hamısını danışmaq istəmir.
Səhər yuxudan ayılıb 3 N-li obyektə
üz tutur. Üstünə "Təmiz
rayon" yazılmış və yaşıl rəngoə rənglənmiş
zibil qutularını əlləşdirir. Ayağının
altında nəyinsə qaldığını görür.
Yuxuda gördüyü üzük idi. Onu götürüb əvvəlcə üzüyə,
sonra isə ətrafa göz gəzdirir. Kimsə
yoxdur. Üzüyü cibinə qoyub
qıraqdakı daşın üstündə oturur. Özü də bilmir niyə? Axı,
o, indiyə kimi oturmayıb, zibil yeşikləri onu axtaran,
arayan görüblər. Bu obyekt isə
onun impehiyasının paytaxt şəhəridir. Burdan
qarşıdakı doqquzmərtəbəli binanın
üçüncü mərtəbəsində onun məhəbbəti
yaşayır! Onun məhəbbəti! Ağ,
tül pərdələrin arxasından bir qadının
kölgəsi onun gözlərinə hopub. O kölgəni
görmək üçün kral neçə saatlarla
dayanır, işləsə də, bir gözü o pəncərədə
olur və o kölgəni görəndən sonra
rahatlaşır, içindən isti bir ilğım
keçir, üzünə təbəssüm qonur, sonra dərindən
ah çəkib köksünü ötürür.
Üzüyü ona verəcək! Ancaq və ancaq ona! Bu, tale
payıdır, bunu ilahi bir qüvvə yuxusunda agah edib və
qarşısına çıxarıb! Yoxsa,
neçə illərdir ki, zibilxanalarda fırlanır, niyə
belə qiymətli əşya tapa bilmirdi? Deməli, həyat
onun üzünə gülməyə başlayıb! O,
yaşayır! O, sevir! Hamı kimi! Nə olsun ki, zibilliklər
kralıdır! Nə olsun ki, böyük imperiyası var!
Sevir! Bir nömrəli obyektindən
götürdüyü qalstuku, köynəyi, cins
şalvarı, qara kurtkanı (bu onun rəsmi görüşlərə
geyindiyi paltar idi) üç nömrəli obyektə geyinəldi,
ancaq neçə müddətdə onu bir dəfə də
olsun eyvanda görməzdi. O, eyvana
çıxmırdı ki, onun gözlərini,
saçlarını, üz-gözünü, boy-buxununu
görsün. Görsün ki, o necə
gülür? Əlləri necədir?
Ağ pambıq kimidimi?
Axır dözə bilmədi, özündə cəsarət
toplayıb binaya girdi, pilləkanları bir-bir
çıxmağa başladı, hər çıxanda
dayanıb tərəddüd etdi. Tutaq ki, qapını
döydü, o isə içəridən soruşdu ki, kimdi
qapını döyən? Onda nə deyəcək?
Pəncərənin bərabərindəki qapıya
çatdı.
Ət rəngində qapının üstünə
heç nə yazılmamışdı. Dayandı,
ölü sükut onu titrətdi, qorxudanmı, ya nədən
hətta qoltuq cibindəki sancağa taxılmış
üzük yadından çıxdı. Qapı onun
evinin qapısına bir az
oxşayırdı. Əlini uzatsa
çatardı. O, hətta qapını da döyə
bilərdi. Qonşu otağın qapısı gəlib
açıldı və içəridən çıxan kişi onu görüb təəccübləndi,
hətta qorxdu da.
- Kimi
axtarırsan? - suala cavab almadı,
çünki o kişiyə məhəl qoymayıb
üzüyuxarı çıxırdı.
Ancaq axşam onun həyatında təlatumlarla dolu bir axşam oldu və onun əli, qolu yerdən üzüldü. 3 N-li sahədə işləyərkən gözü o pəncərədə əvvəlcə qadının kölgəsi ilə rastlaşdı. Hə, o qadını gözəl tanıyırdı! O, özü idi! O biri kölgəni ayırd etmək çətin deyildi. Yad kişi! Onun kölgəsi qadının kölgəsi ilə birləşdi. O saat yadına internatın direktoru ilə Ağabalanın çılpaq bədənləri düşdü. Tərs kimi, kölgələr pəncərənin pərdəsinin arxasından çəkilmirdilər. Axır o bezib baxışlarını yana çəkdi və ərazini tərk etdi. Evə qayıdanda ətrafdakı adamların səs-küyü onu üşütdü. Onsuz da qanı it qanına dönmüş, tükləri biz-biz olmuşdu. İndiyəcən belə üşüməmişdi. İndi də! Hamısı - cəmi dörd nəfər idilər - ətli-qanlı, sifətləri şişman adamlar idi, ikisi əllərini ciblərinə salıb baxır, göstərişlər verirdilər, o birisilər isə əllərində uzunluq ölçən cihazla ərazinin enini-uzununu ölçür, qeydlər aparırdılar. İtlər (tülkülər, ilanlar) yerlərini isitməyə təzəcə başlamışdılar, insan addımlarının hənirtisinə tənbəl-tənbəl yerlərindən qalxıb ucadan hürməyə başladılar.
Gözlərini evinin qapısına zillədi, yerlə bərabər döşənmiş qapını qaranlıqda görmək mümkün deyildi, nədənsə, bu gün işə gedəndə üstünü torpaqlamamışdı. Hardan biləydi ki? Stol-stullarının zibillik əşyaları olduğunu güman edənlər ona o qədər də əhəmiyyət vermirdilər. Ancaq, yer ölçən düz taxta qapının üstünə çıxdı, əvvəlcə onu da atılmış hiss etdi, ancaq yerində oynadığını görüb heyrətləndi. İşığını yandırıb ora-bura baxdı, hamı ora yaxınlaşdı. Qapının tutacağından tutub qaldırdılar və işığı ora saldılar. Deyəsən, qorxmuşdular, ehtiyat edirdilər.
- Burda adam yaşayır?
- Adam?
- Hə. Odey, divan, yorğan, balış...
- Burda adam yaşayır?
- Yaşayır də!
- Onda, o, azıxantropdu...
Hər halda bu gecə bura kimsə gəlməyəcəkdi.
Onlar gedəndən
sonra yerinə girdi. Bu, onun sonuncu gecəsi olacaq. Krallığı, var-dövləti itəcək, sərgərdan
dilənçiyə çevriləcəkdi. İlk dəfə gözlərinə isti yaş gəldi,
sonra üzüaşağı axmağa başladı.
- Mən
azıxantropam, - deyib gözlərini yumdu.
Ədalət 2018.- 27 yanvar.- S.16.