Səmimiyyətin bədii gözəlliyi
Fəxrəddin Teyyub
İnsan dühasının ən böyük tapıntısı və insan həyatının ən dəyərli hikmət xəzinəsi sözdür. Sözün təbiətinə xas olan keyfiyyətlər çeşid-çeşiddir. Bədii sözün mahiyyəti daha təravətli və çoxmənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, yüksək estetik keyfiyyətləri ilə heyranlıq doğurur. Bu mənada bədii təfəkkürün, ədəbi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması, ədəbi qaydalara dəqiqliklə riayət olunması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətin gücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətli təcəssümündədir. Bu keyfiyyətlər isə şairdən bədii sözün incəliklərini duymağı, əsərin forması, obrazlar sistemi və dili üzərində ciddi və məharətlə çalışmağı tələb edir.
Poeziya aləmində elə şairlər var ki, onların istedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində deyildir. Onların istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və özünəməxsus səmimiyyətlə əks etməsindədir. Bu aspektə özünü doğruldan, çağdaş poeziya məkanında yaradıcılığının təbii, səmimi və ahəngdar ovqatı ilə diqqət çəkən istedadlı şairlərdən biri, haqqın rəhmətinə qovuşmuş Qurban Musayevdir.
Poetik müstəvidə estetik idealın ifadə formaları çox çeşidlidir. Yaradıcı insanın, daha dəqiq desək, şairin estetik idealının daşıyıcısı müxtəlif formalarda təzahürə malikdir. Şair hər şeydən əvvəl onu əhatə edən həyatda özünün yaradıcılıq idealları ilə mütənasib olan adamları təsvir və tərənnüm edir.
Qurban Musayevin şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması, təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərində deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirin "mən"in əhvali-ruhiyyəsini təbii və səmimi boyalarla canlandırmasındadır.
Şairin obrazlar sistemində özünü göstərən poetik vasitələrdən biri bədii suallar, xitablardır. Şair bədii suallarla təsvir etdiyi surətin duyğu və düşüncələrini, daxili ovqatını və psixoloji məqamını şəraitə uyğun daha təsirli şəkildə üzə çıxardır. Bu məziyyətlər bədii təsvirə konkretlik və əyanilik gətirir:
Mən yanan odlara yan dediyimdə,
Mətləbi tez anla, qan dediyimdə,
Başına and içib, can dediyimdə,
Sücaət, cəsarət, dəyanət
hanı?!
Düşmən əli ilə yerə çaxıldım,
Pencər
tək bükülüb,
soldum, sıxıldım,
Dostlar soyuq baxdı, yandım, yaxıldım,
Bəs niyə
qopmayır qiyamət,
hanı?
Xəyanət güclüdü, kəs,
yazıq şair,
Salma bu aləmə səs, yazıq şair,
Çox
haqqa güvənmə,
sus yazıq şair,
Dünyada mərhəmət, ədalət
hanı?
Fikrin bədii
təsvir gücünü
qüvvətləndirmək, ritm, ahəng və vəzni formaya uyğun qurmaq üçün şair məxsusi bədii intonasiyadan istifadə edir.
Bədii xitabların poetik fiqurlar sırasında obrazlılıq yaratması,
səmimi ovqat aşılaması diqqətçəkəndir. Bu poetik detallar şeirlərdə obrazın,
təsvirin təsirli ifadəliliyinə xidmət
edir.
Nakam, necə
oldu aldandın belə?
Barı el-obadan ar etmədinmi?
Mən sənə ağ
günlər dilərdim
müdam,
Sən məni ağ
günə zar etmədinmi?
Bilmirəm nə üzlə gəlmisən üzə?
Bu nankor olmağı kim verib
sizə?
İtdi
haqqı-sayım, gəlmədi
gözə,
Adımı hər yana car etmədinmi?
Bu poetik parçada
bədii xitabdan ustalıqla istifadə edən şair bədii ümumiləşdirmə
bacarığını sərgiləyir.
Şair bu məlum və
sadə rəmzlərdən
istifadə edərək
yeni poetik məzmunu səmimi canlandıra bilmişdir. Yəni zirvənin
ucalığının, möhtəşəmliyinin
gözəlliyi, müqəddəsliyi,
məhz məğrurluğu,
yenilməzliyi yaradanın
varlığındadır. Digər tərəfdən, insan ömrünün mahiyyəti
onun qayğıkeşliyində,
xeyirxahlığındadır. Şair bu fikri də
bədii səriştəylə
poetik obraza çevirə bilmişdir.
Qurban Musayevin
əsərlərinin ideya-bədii
xüsusiyyətləri, bədii
materialın təsvirində
işlətdiyi təsvir
və ifadə vasitələri, poetik dəst-xətti onun istedadının geniş imkanlarını şərtləndirir. Şairin
forma və məzmun harmoniyası ilə seçilən şeirindəki
poetik məqama diqqət edək:
Eşit
şikayəti eyləyim
sənə,
Bil keçir rüzgarım sərt qara yorğan!
Bütün ilim qışdı,
qardı, borandı,
Al məni qoynuna cəld qara yorğan!
Nə söz eşitməyən,
hər dərd qanmayan,
Mənə tənə edib
güləcək hər
an...
Mənimcə o lovğa dostdan,
aşnadan,
Sənsən etibarlı, mərd
qara yorğan!
Tamam səkkiz ildi sənsən sirdaşım,
Bəzən də üstündə
göllənib yaşım...
Baxıb
düşündükcə ağrıyır başım,
Barı
üst-gözümü ört
qara yorğan!
Lirik qəhrəmanın
daxili aləminin panoramının maraqlı
əks olunmasını,
yəni psixoloji məqamların səmimi poetik ovqatla bədii müstəvidə
inikasını uğurlu
səciyyələndirmək olar. Şair həyat həqiqətini
bədii həqiqətə
ustalıqla inikas etdirib.
Qurban Musayevin
bir çox şeirlərindəki qafiyələr
formal xüsusiyyətlərdən, şablonçuluqdan uzaq, yenilik axtarışları
ilə əlaqəlidir.
Şair müxtəlif sözlərin
çeşidli birləşmə
və tənasübündən
yaranan qafiyələr
işlətməyə üstünlük
verir. Bunlar daha çox
səsin uyuşmasına
hesablanan, tutarlı, dolğun poetik məna çəkisinə
malik qafiyələrdən
ibarətdir. Bu axtarışlar onun yeni, dolğun qafiyə tapmaq, şeirlərinin təsir dairəsini genişləndirmək
istiqamətində istedadını
və poetik məharətini göstərir.
"İncimişəm"
gəraylısı şairin
poetik imkanlarının
genişliyini əyaniləşdirir.
Məndən niyə küsdün? - deyən
Gör nəyindən incimişəm:
Məni
oda salıb, kənar
Gəzməyindən incimişəm.
O gül yanaq boyalanıb
Xallı məmə mayalanıb.
Məni
görcək həyalanıb
Əsməyindən incimişəm.
Qurban sən tək bir xilqəti,
İtirsə çəkər zilləti.
Gülə-gülə xoş ülfəti,
Kəsməyindən incimişəm.
Qurban Musayevin
lirik şeirlərində
elə bir xüsusiyyət vardır ki, onu başqalarından
fərqləndirə bilir. Bu xüsusiyyəti şərtləndirən
cəhət geniş və dərin mənada sadəlikdir və bu da
onun yaradıcılığının
ən mühüm aspektidir. Şair şeirlərinin əsasını təşkil
edən ictimai mənanı aydın və sadə formada ifadə etdiyinə görə onun şeirlərindəki
forma sadəliyi mənanın
bədii təsvirini qüvvətləndirir.
Məlumdur ki, poeziyamızda qoşma janrı həmişə öz xəlqiliyini və müasirliyini qoruya bilmişdir.
Qoşmada şirinlik, axıcılıq,
səmimiyyət və
sadəlik vardır. Qoşma lakonikdir,
yığcamdır, şairi
sözə məsuliyyətlə
yanaşmağa, sözə
qənaət etməyə
məcbur edir. İstedadlı şair qələmində
qoşma mənalı,
ahəngdar musiqiyə,
gözəl nəğməyə
çevrilir. Qurban Musayevin
yaradıcılığında belə təravətli poetik nümunələr çoxdur.
Külək vurub zülfün
üzə tökülüb,
Darala telləri,
telinə qurban.
Bir sığalla qara tağlar sökülüb,
Gəzdir
ağ əlləri,
əlinə qurban.
Daraq olub qoy sancılım
telinə,
Xına
olub yaxılım da əlinə...
Kəmər olub bərk dolanım belinə -
Belin inciməsin,
belinə qurban.
Və yaxud:
Bir odlu göz gördüm
bu gün Qazaxda,
O gözə baxmaqdan doyana lənət.
Bal-qaymaq süzülən dodaqlarından
Əmib, gözdən çölə
qoyana lənət.
Yasəmən ətirli, xallı
yanağı,
Əmlik quyruğu tək dümağ buxağı.
O balınc qolları, isti qucağı,
Unudub özgəyə
uyana lənət.
Şair klassik qoşmanın ən yaxşı xüsusiyyətlərindən, məzmun
vəhdətindən, obrazlılıqdan,
məntiqi ardıcıllıqdan
dil və ifadə oynaqlığından
məharətlə istifadə
edərək, gözəl
nümunələr yaratmışdır. Qurban Musayev
dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii
təsvir və ifadə vasitələrindən
bacarıqla bəhrələnərək,
mövzunun bədii həllini, poetik ümumiləşdirməni özünəməxsus
ovqatda təqdim edə bilir. Bu məharət onun
dilimizin, ədəbi və tarixi irsimizin özəllikləri
ilə dərindən
maraqlanmasından xəbər
verir. Onun bədii dili
xalq poeziyasından, folklorumuzdan qaynaqlanır.
Yaradıcılığındakı lirik qəhrəmanın
vətəndaşlıq mövqeyi,
fəallığı mühüm
əhəmiyyət əks
edir.
Poetik nümunələrində
təqdim olunan inam, xeyirxahlıq, valideyn məhəbbəti,
övlad sevgisi, yurda bağlılıq duyğuları yetkin vətəndaşlıq qayəsinin
bədii ifadəsidir.
Haşiyə: Söz-sənət ocağı,
böyük söz ustadları yetirən Qazax elində dünyaya göz açmış gözəl
şair, dəyərli
el ağsaqqalı Qurban
Musayev mənim ömür yoluma işıq saçmış
mənəvi atamdır.
Tale yollarımda qazandığım uğurlarda
Qurban müəllimin ocağının yetirməsi
olan Məmməd qardaşımın məxsusi
dostluq haqqı-sayı
var. Alicənablıq, xeyirxahlıq,
insanpərvərlik Qurban
müəllimin ruhunun
mayası olub. Xeyirxahlıqdan zövq almağı,
minnətsiz yaxşılıq
etməyi övladlarına
təlqiq edən böyük ziyalı idi Qurban müəllim.
Bu gün şair,
el ağsaqqalı Qurban
Musayevin xeyirxahlıq,
nəciblik yolunu dostum Məmməd Musayev ləyaqətlə davam etdirir. Atalar düz deyib: "Ağac kökü üstə bitər". Soyu-kökü uca kişilər mənəviyyat
dünyasının əbədi
sakinləridir - Qurban Musayev kimi...
Ədalət 2018.- 27 yanvar.- S.13.