HARAY ÇƏKƏN ABİDƏLƏR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(əvvəli ötən sayımızda)

 

Bu gün işğal altında olan Qarabağın dağlıq hissəsindəki abidələrin bir qismi albanlara məxsusdur. Ermənilərin iddialarına baxmayaraq, bu monastrlar zaman-zaman alimlərimiz tərəfindən araşdırılmış və aparılan tədqiqat işləri birmənalı şəkildə kilsələrin, monatsrların albanlara məxsus olduğunu təsdiqləmişdi. Hətta elmi ədəbiyyatlarda bu barədə geniş bilgilər yayılmışdı. Çox təəssüf ki, biz zamanında bu cür addımların atılacağını, düşmənin abidələrimizi özününküləşdirmək cəhdlərini edəcəyini düşünməmişik, nəzərə almamışıq. Məhz bunun nəticəsidir ki, sonda düşmən həmin monatsr və kilsələrdə təmir işləri adı altında müəyyən dəyişikliklər etməyə, hətta bu abidələrin üzərindəki albanlara məxsus olduğunu sübut edən xaç işarələrini dəyişib onu ermənilərə məxsus olan xaçlarla əvəz etməyə başlayıblar.

Bunu konkret faktlarla göstərmək və hətta onların şəkillərini də izləmək mümkündür. Çox təəssüf ki, bu gün düşmən nəzarəti altında olan həmin ərazilərdəki ərazilərimiz birmənalı şəkildə dağıntılara "yeniləşməyə" məruz qalır. Düşmən abidələrimizi özününküləşdirməkdə davam edir. Amma tarixi saxtalaşdırmağın mümkünsüz olduğunu unudan düşmən bilmir ki, bu abidələrin hər biri zamanında yazıya köçürülmüşbu faktlar da təkcə Azərbaycan tarixində deyil, həm də dünyanın yaddaşında öz əksini tapmışdı.

Yazımızın birinci hissəsində biz Xocavənd rayonu ərazisində olan həmin monastrlar barəsində də bilgilər verəcəyimizi vurğulamışdıq. İndi bu sözümüzə əməl edərək öncə rayon ərazisindəki Amaras monastrı barəsində müəyyən bilgiləri diqqətə təqdim edirik. Burda xüsusi vurğulamaq yerinə düşər ki, həmin monastr Qarabağ hadisələrinin ilk illərində düşmənin daha çox sığınacaq kimi istifadə etdiyi, toplandığı yerlərdən biri olmuşdur. Hətta hadisələrin ilk illərində burada dəfələrlə pasport rejimi yoxlanılarkən kifayət qədər silah-sursat aşkarlanmış, eləcə də erməni silahlıları yaxalanmışdı. Bunun əsas səbəbi həmin monastrın nəzarətsiz qalması və ermənilərin də buradan ziyarətgah kimi istifadə etməsi olmuşdur. Doğrudur, bu monastr həqiqətən tarixdə bir müqəddəs ünvan kimi qeydə alınıb. Yəni IV əsrə aid olan Amaras monastrı alban yepiskoplarının oturduğu bir ziyarət yeri olub və həmin bu ziyarətgah da bir neçə otaqdan ibarət olmaqla bir məbəd kimi tikilmişdir. Həmin ziyarətgahın kompleksinin 6 otaqdan ibarət olması, eyni zamanda bu otaqların alt qatlarının da bir zirzəmi və sığınacaq kimi nəzərdə tutulması onun həm mahiyyətini, həm də dözümlülüyünü xeyli artırmışdı. Heç də təsadüfi deyil ki, bu məbədin içərisində IV əsrin alban yepiskoplarından birinin də məzarı var. Məhz bu məzarda məbədin davamlı ziyarətgah olmasına stimul veribdi.

Azərbaycan arxeoloqları 1970-ci ildə bu məbədi, yəni Amaras monastrını tətbiq etməyə başlayıblar. Və aparılmış tədqiqat işləri zamanı o da məlum olmuşdu ki, XIX əsrdə də bu monastr təmir edilmiş, sonrakı yüzilliklərdə də zaman keçdikcə də dəfələrlə aparılan təmir-bərpa işləri Amaras monastrının ömrünü uzatmışdır. Təbii ki, aparılan həmin bərpa işləri ermənilərin ixtiyarına veriləndən sonra alban monastrını erməni kilsəsinə çevirməyin və erməni mətbuatında onu ermənilərin inanc yeri kimi təbliğ etməyə başlamışdılar.

Bu gün Xocavənd rayonunda mövcud olan alban kilsələri içərisində rayonun Haxullu kəndində IV əsrə aid kilsə, Sos kədində IV əsrə aid məbəd, Vəng kəndində 900-cu ilə aid məbəd, Hadrud qəsəbəsində 1147-ci ilə aid məbəd, eləcə də Tuğ kəndində, Muğanlı kəndində və digər ərazilərdə 23-dən artıq məbəd, kilsə mövcuddur. Onun hər birinin təkcə tikilmə, yəni inşa, memarlıq üsulu özü-özlüyündə bir tarixi ənənənin göstəricilərindəndir. Yaşadığım Tuğ kəndində mövcud olan alban kilsəsinin öyrənilməsi ilə bağlı aparılan araşdırmalar bu gün də yaddaşımda qalır və təəssüf hissiylə qeyd etməliyəm ki, kəndin yuxarı hissəsində yerləşən və XIII əsrə aid edilən həmin abidəni Yerevandan gəlmiş guya arxeoloq-tarixçi olan bir qrup insan çox qısa zamanda içərisini qazıb oradan gərəkli olacaq əşyaları, tarixin danışan faktlarını özləriylə Yerevana apardılar. Hətta həmin məbədin içərisində olan qəbirdən də nələrisə apardıqları barəsində kənd sakinləri arasında hələ 1970-71-ci illərdə söz-söhbət gəzirdi. Çox təəssüf ki, Ermənistanın icazəsiz Qarabağın dağlıq hissəsində apardıqları bu cür qanunsuz qazıntıların, axtarışların qarşısını almağa yerli hakimiyyət orqanları cəhd göstərmədi. Əksinə, onlar buna şərait yaradır və hətta əlbir olaraq onlara dəstək verirtariximizi dağıtmağa, saxtalaşdırmağa israrla çalışan düşmənə, saxta tarixçilərə kömək etdilər. Bu gün coğrafi şəraiti daha çox dağlıq hissədən ibarət olan Xocavənd rayonu tarixi abidələri içərsində Tuğ kəndindəki 3 alban kilsəsinin adı xüsusilə qeyd olunmalıdır. Həmin alban kilsələri I-V, XII-XVII əsrlərə aiddir. Maraqlı burasıdır həmin alban kilsələrinin adı, hətta yerləşdiyi ərazi tarix kitablarında bütün dəqiqliyi ilə göstərilsə də, sonradan onların erməniləşdirilməsinə qarşı ciddi təpkilər göstərilməmişdir. Ümumiyyətlə, Xocavənd rayonu ərazisindəki, xüsusilə rayonun Salakətin kəndindəki Dəmirov ocağı, Dağdağan ocağı, Qaradağlı kəndindəki alban qəbiristanlığı, Yel piri, Xocavənd kəndindəki Cicim ocağı və digər ziyarətgahlar, abidələr, məbədlər bütün zamanlarda insanların inanc yerləri kimi də fəaliyyət göstəribdir.

Bu ziyarətgahlara ümid, şəfa ünvanı kimi üz tutanlar təbii ki, öz inanclarına söykənmişdilər. Bu inancların əsl mahiyyətinə varanda, onda bəlli olur ki, göstərilən ünvanlar həm qədimliyi, həm də tarixiliyi baxımından zaman-zaman özünün ilkin əhəmiyyətini, mahiyyətini yaşatmasına baxmayaraq, müəyyən deformasiyalara da məruz qalmışdır.

Bəli, düşmən nə qədər cəhd edir etsin, Qarabağın dağlıq hissəsindəki abidələrimizin mahiyyəti də. mövcudluğu da, onun kimə məxsusluğu da dünya tərəfindən tanınır və qəbul olunur. Bizgec-tez onların əsirlikdən xilas olmasına nail olacağıq.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 31 yanvar.- S.6.