İTMİŞ BOYUNBAĞI
GÖYƏRÇİN
ABİD qızı
Nizami
Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı
muzeyinin əməkdaşı.
goyercin.mustafayeva@yandex.ru
Qaranlıq
gecənin səssizliyindən vahimələnib, yerimdə
fırlanmaqdan yorğun düşmüşdüm, heç
cür yuxuya gedə bilmirdim. İtin dayanmadan
hürməsindən narahat olub yerimdən dik atıldım.
İçimdə bir qorxu, bir də bilmədiyim,
anlamadığım bir hiss vardı. Yatmış balaca
Şahidənin yanından sakitcə sivişib pəncərəyə
yaxınlaşdım. Pərdəni azacıq aralayıb
həyətə baxdım. İt dayanmadan hürür,
yerində irəli-geri dartınırdı.
Alabaşın
hürdüyü səmtdə, evdən çox aralıda bir
söyüd ağacı vardı. Ağacın altında
da bir şey görünmürdü. Sanki ağac,
ağacın ətrafı bu qaranlıq zülmət
gecədən, ulduzsuz səmadan işıq alırdı.
Hər tərəf aydınlığa qərq olmuşdu.
Ürəyimin döyüntüsü qulaqlarımı
batırırdı, qorxudan yerimdə donub qalmışdım.
Alabaşın hürməyi isə kəsmirdi ki, kəsmirdi.
Yan otaqda yaşlı qayınanam yatırdı. Onsuz da
gecələri fikirdən, dərddən yatmayan ananı
oyatmaq istəmədim. Gecə yarıdan keçmişdi.
Gözümü söyüddən ayıra bilmirdim,
ayaqlarım sanki tutulmuşdu. Yerimdən tərpənə bilmirdim.
Birdən qızımın səsinə ayıldım.
- Ana.
- Gəlirəm,
mələyim... Ayağımı
çəkə-çəkə yatağıma uzanıb
qızıma sarıldım.
- Yaxşı ki,
varsan mələyim.
Səhərin
açılmasını səbirsizliklə
gözləyirdim. Hava agarar-agarmaz yerimdən qalxdım. Uşağın
oyanmasından ehtiyat edərək barmaqlarımın ucunda
otaqdan çıxdım. Qayınanam da oyanmışdı. Mənalı-mənalı
üzümə baxırdı.
- Qızım,
üzün niyə solub? Yatmamısan? Gözlərin
də qızarıb.
- Hə, ana, bir az narahat
idim. Yaxşı yata bilməmişəm.
Axsam olanlardan bəhs
edib narahat olmasını istəmədiyim üçün ona
heç nə demədim.
- Eh, ay bala. Allahın
təqdiri.
Gözümün
dolduğunu, qəhərləndiyimi hiss etdirməmək
üçün üzümü yana çevirib:
"Mən çay qoyum, ana. – deyib uzaqlaşdım.
Samovar qaynayınca
həyəti süpürmək üçün
aşağı düşdüm. Gecə ağacın
görünüşü gözümün qabağından
getmirdi. Birdən, gözümə ağacın altında
günəş şüalarından parıldayan bir şey
sataşdı.
Ağac
tərəfə getdim. Bu ağac mənim
üçün bir ziyarətgahmı, bir
məbədgahmı, bilmirəm, amma yaxınlaşmağa
çəkindiyim, ayağımı basmağa qorxduğum bir
yer idi. Çox əziz, toxunmağa
qıymadığım, üstündə şirin
xatirələrimi oyatmaq istəmədiyim məkan idi.
Qorxa-qorxa
yaxınlaşdım. Bu, mənim boyunbağım idi. Donub
qalmışdım. "İlahi”, əyilib
boyunbağını götürdüm. Gözümdən
axan yaşdan əlimdə parlayan bu boyunbağını
görə bilmirdim. Ayaqlarım yerdən
üzülmüşdü, sanki onları hiss etmirdim. Dizi
üstə yerə çökdüm.İki il idi ki,
yoxluğuna alışa bilmədiyim, Rəşidlə
birlikdə gedib dönməyən, onun yadigarı olan
boyunbağı... Həyata, yaşamağıma yenidən
güc verən bu boyunbağı. Rəşidin nəfəsi,
əli dəyən bu boyunbağı, onunla birlikdə son
dəfə gördüyüm və toxundugum tək xatirə.Onunla
getmisdi, amma indi yalnız dönmüşdü...
- Qızım, sən
orda neynirsən, samovar dağıdır ki,
ozünü... A bala, nolub?
Səsini eşidirdim,
amma anaya cavab verməyə səsim çıxmırdı
ki, çıxmırdı.
- A bala.
Birdən kiminsə
əli xəfifcə çiynimə toxundu. Çevrildim,
kimsə yox idi. Amma ananın nə isə sakit-sakit
deyindiyini eşitdim:
- Allah
axırımızı xeyirli etsin, a bala.
Yerimdən qalxdım,
qadını həyəcanlandırmamaq üçün bir
şey demədim. Otağa keçdım. Boyunbağını
ovuclarımda nefesime yaxinlaşdirdım, sanki Reşidin qoxusunu
almış kimi üreyimde bir yüngüllük hiss etdim. Boyunbağını
iki il boş qalmış qutusuna qoydum. Amma
hələ də bu sehrin içindəydim. Xəyalım
məni o günlərə apardı. İki il əvvəl
Rəşid təmir etdirmək üçün
özüylə apardığı bu boyunbağı iki il
sonra burada, bu ağacın altında nə gəzirdi? Kim
gətirib qoyardı ki? Alabaş kimi görüb
hürürdü? Dəli olurdum. Aglıma heç bir
fikir gəlmirdi. Həm də qırılmıs yeri
təmir olunmuş halda. İçimdəki bu
fırtınanı dindirə bilmirdim. Həyətdən
qayınanamın səsini eşitdim.
- Ay bala, Mələk,
harda qaldın axı? Bu gün sən özündə
deyilsən, ağrıyırsanmı can bala?
- Gəldim ana,
gəldim.
Səhər yeməyini
necə yedimsə, necə süfrəni topladımsa
özüm də bilmədim. Gözüm ancaq
ağacın altında idi. İt niyə o səmtə
baxıb hürürdü, nə görmüşdü? Kim
gəlib boyunbağını bura qoymuşdu? Suallara cavab
tapa bilmədiyimdən başım çatlayırdı, anaya
da bir söz deyə bilmirdim. Yuxudan duran balaca Şahidə
eyvanda o yan bu yana qaçaraq :
"Ana, mən
gəldim, nənə mən gəldim!” Deyərək
atılıb-düşürdü.
- Gəl, a bala,
nənən qurban sənə, gəl. Sənə qurban olum,
balamın balası yaxşı ki, Allah səni verdi. Yoxsa
mən çoxdan ölmüşdüm.
- Ölmə,
ölmə.
- Yaxşı, a bala,
ölmərəm. Gəl yeməyini yedirim.
- Ana yedirsin, ana yedirsin.
- İncitmə
ananı. İşi var.
Nəsə
söyləməyə, danışmağa taqətim yox idi. Fikrim
uzaqlarda, o hündür qocaman söyüdün altında, iki
sevgilinin şirin söhbətlərində, bir də
gələcək arzularında, yarımçıq
qalmış planlarda idi. O arzular ki, bir ömür
çatmayacaq və heç bir zaman da
gerçəkləşməyəcəkdi. Mənim arzu
və xəyallarım da Rəşidlə birlikdə qeyb oldu. Tək
arzum Rəşidin yadiğarı balaca Şahidəmi
böyüdüb atasına, vətəninə layiqli övlad
yetisdirməkdi.
Həyətdəki
salxım söyüdün altında çay içməyi
çox sevərdik. Həyətin
böyüklüyündən evlə söyüd
ağacının altına 40-50 metr məsafə olardı. İş-güc
bitdikdən sonra samovarı, stəkan-nəlbəkini ora
daşımaq zəhmətli olsa da, bir stəkan çaydan
sonra yorğunluğum keçirdi.Yayın istisində
ağacın altında dincəlməyin başqa
ləzzəti vardı. Rəşidlə bir-birimizi
çox sevirdik. Orta məktəbdən bir-birimizə
söz verib, çox söz-söhbətdən sonra da olsa,
evlənmişdik. Mənim valideyinlərim razı deyildi
Rəşidlə evlənməyimə. Sonunda
razılaşsalar da, bizimlə araları soyuq idi.
Martin 31-i idi. Qış
yeni qurtarsa da hava isti idi. Sanki yayın gözəl istisi
kimi bu gün də söyüdün altı bizi
özünə sarı çəkirdi. Dördüncü
gün idi. Rəşid növbədən gəlmişdi,
nə qədər israr etsəm də yatıb dincəlmək
istəmirdi.
"Bu gün yatmaq
istəmirəm, səninlə vaxt keçirmək
istəyirəm. Bəlkə söyüdün altında
bir çay içək.”
-Nədən olmasın,
sən get mən çay hazırlayıb gətirirəm.
-Ana sən də
gəl, Rəşid yayı tez gətirmək istəyir.
-Yox a bala siz icin,
mənim namazımın vaxtıdı.
Çay gətirib
Rəşidin yanında əyləşdim.
-Hava günəşli
olsa da şaxta var.
-Olsun, bunun da başqa
ləzzəti var.
Gülümsəyərək
əlindəki qara qutunu mənə uzatdı.
- Mələyim,
sənə hədiyyə almışam. İstədim ki,
boynunda məni xatırladan bir yadigarım olsun.
- Bu nə sözdür
deyirsən?
- Bilmirəm, dilimə
gəldi birdən, amma mən çox bəyəndim,
sənə yaraşacaq.
Sevinərək,
əlindəki qutunu alıb açdım, gözəl bir
boyunbağı idi. Medalyonun içində iki şəkil
qoymaq üçün yer vardı. Bir tərəfinə
öz şəklini vurmuşdu. O biri tərəfi isə
boş idi.
- Bu yanına da
qızımızın şəklini qoyarsan, – dedi.
Özümü
itirmişdim. Hardan bilirdi? Mən 2 aylıq hamilə
olduğumu ona söyləməmişdim ki, utanırdım. Özümü
toparlayıb bu gün söyləyəcəkdim. Qızardım,
çox utandım.
- Səni çox
sevirəm, sevgilim. Hər zaman yanında olacağam.
Gözümdən axan
yaşı barmaqlarının ucuyla alıb dodaqlarına
yaxınlaşdırdı. Qayınanam eyvanda olduğu
üçün Rəşidə sarılmağa utandım.
- Mən də səni
sevirəm, – yavaşdan söylədim.
-Saçlarını
qaldır taxım, boynunda görmək istəyirəm,- dedi.
Əllərimlə
saçlarımı yuxarı topladım,
boyunbağını boynuma taxdı.
- Çox
yaraşdı.
Sağ ol, canım.
Medalyonu sevgiylə
sığalladım, sıxdım, elə bil ki, onu qəlbimin
içinə salmaq istəyirdim. Əlimi
çəkəndə, medalyon ovcumun içində idi. Çox
pərt olmuşdum. Özüm də hiss etmədən
qoparmışdım.
- Ay bu qırıldı
ki...çox pis oldum.
- Narahat olma,
səhər aparıb düzəltdirərəm.
- Çox pis oldum,
niyə belə oldu axı?
- Heç nə
səndən önəmli deyil, canın sağ olsun.
O gün
səhərə qədər gözümə yuxu
getmədi. Səhər tezdən Rəşidi işə
yola saldım. Rəşid hərbçi idi. Hərbi
paltar, kapitan rütbəsi ona çox yaraşırdı. İşini,
vətənini çox sevirdi.
Səhər
gedəndə boyunbağını da özüylə
götürdü, amma qutusu evdə qaldı.
Axşam olurdu,
qayınanam namaz qılırdı. Bitirdikdən sonra
ayağa qalxıb:
- A bala, Allah xeyir
eləsin, namazda huşum getmişdi. Bu uşaq niyə
gəlmədi, niyə gecikir.
- Gələr, ana...
Saatlar bir-birini qovurdu. Əqrəblər
uçur, saat 10-a yaxınlaşırdı. Amma
Rəşiddən xəbər yox idi. İçim
sıxılırdı. Gözüm qapıda idi. Amma
qapı açılmırdı ki, açılmırdı.
Axşam televizorda aprelin
1-dən 2-nə keçən gecə bütün
cəbhə boyu mövqe və yaşayış
məntəqələrimizin düşmən
tərəfindən dayanmadan atəşə məruz
qaldığını dedilər. Silahlı
Qüvvələrimiz tərəfindən cavab
tədbirləri görüldüyünü, Milli Ordumuzun
torpaqlarımızı geri almaq üçün hücuma
keçdiyini xəbər verdilər.
Gecə olurdu, amma
Rəşiddən yenə də xəbər yox idi. Telefonuna
da zəng çatmırdı. Nə edəcəyimi
bilmirdim. Səhərə qədər vurnuxurdum, amma
əlimdən bir şey gəlmirdi.
Səhər də bir
xəbər gəlmədi. Axşam olurdu. Qapı
döyüldü. Qayınanam həyətə
düşüb qapıya getdi.
- Buyur, oğul, xoş
gəlmisən.
- Rəşid
olduğunu zənn etdim, sevindim.
Amma hündür boylu,
hərbi paltarlı bir nəfərin içəri girdiyini
gördüm. Əlindəki kağız
parçasını anaya uzadaraq:- Ana, Rəşidgilin
taboru cəbhəyə göndərildi. Sizə
xəbər vermək üçün məndən xahiş
etdi.
- Sağ ol, a bala. Allah
üstünüzdə olsun. Görüm erməninin
anası ağlar qalsın. Yolunuz açıq olsun, a bala. Gəl
bir çay iç, yol gəlmisən.
- Sağ ol, ana,getməliyəm. Biz
də bu gün gedirik.
Qayınanam əlini
göyə qaldırıb "Allah balalarımızı
qorusun!”, - dedi. Qayınanam əlindəki kağız
parçasını mənə uzadaraq "al, ay bala”.
Kağızı
açdım.. "Mələyim, bağışla ki,
sənə xəbər verə bilmədim. Allaha
əmanət olun. Anamdan və qızımdan müğayat
ol. Onları sənə əmanət edirəm. Bağışla,
Vətən dardadır”. Əllərim əsirdi. Bu
sözlərin arxasında nə olduğu məlum idi. Vətən
hər şeydən önəmli idi.
Aprelin 5-i idi. Axşam
xəbərlərdə Milli Ordumuzun Tərtər rayonunun
Talış kəndi ətrafındakı
yüksəklikləri və Seysulan kəndini, Cəbrayıl
rayonunun Lələtəpə yüksəkliyini və Cocuq
Mərcanlını, Goranboy rayonunun Gülüstan
kəndıni və Tərtər rayonunun Mağadız
kəndi istiqamətində yolları düşməndən
azad etdiyini xəbər verdi. Şəhidlərimizin
ailələrinə dövlət başçısı
İlham Əliyev başsağlığı verdi. Ruhları
şad olsun. Ölkə sevinc içində idi. Gücümüzü,
nəyə qadir olduğumuzu bu 4 gündə
düşmənə subut etmişdik. Axşam qayınanam
yuxudan çığıraraq ayıldı. Tez
otağına qaçdım.
- Nə olub, ana, yuxumu
gördün?
- Can a bala, anan
ölsün, ürəyinə dəyən güllə
mənə dəyəydi kaş. Can a bala. Hönkürtü
ilə ağlaya-ağlaya "Şəhid balam”- deyə
pıçıldadı.
Ədalət 2019.-
2 aprel.- S.7.