Sonuncu dərvişliyə iddia

 (Kənan Hacının "Sonuncu dərviş” romanı haqqında düşüncələr)

"Sonuncu dərviş” Kənan Hacının "Yaddaş kartı” romanının davamıdır. Müəllifin istər bədii, istərsə də publisistik yazılarının əksəriyyətində olduğu kimi bu dəfə də o, özünün təbirincə desək dərvişsayağı ömrünün müxtəlif məqamlarına, acılı-şirinli xatirələrinə güzgü tutub. Həmin gerçək romanın yazı dili müxtəlif üslubların sintezindən yoğrulub, yarısənədli xarakter daşıyır. İlk baxışdan bəllidir, Kənan Hacı bu həyat hekayətləri toplusunu təkcə oxuculara ünvanlamayıb. Yaş-yaş üstə gəldikcə yaddaşın da əvvəlki təkin sözə baxmadığı məntiqinə söykənən müəllif özünün qiymətli sərvəti bildiklərini yazıya alaraq dəyərli yadigara çevirib.

Müəllifin qələmə aldığı bu əsərdən dərin mətləblər boy verir. O, yaddaşındakıları ələyə-ələyə bir çox həyati mətləblərdən bizləri duyuq salır. Əksəriyyətimizin səthi yanaşdığımız, bir o qədər əhəmiyyət vermədiyimiz adi həyat səhnələrində Kənan Hacı böyük mənəvi sərvətlər üzə çıxarır. Adicə bir çınqılda, kiçicik ağac budağında, bir qırım saman çöpündə dünyaya sığmaz mənalar çözələyir, sıravi bir həyat epizodunu mataha çevirir. Məsələn, "Sonuncu dərviş” romanındakı "Tut ağacının altından görünən Bakı” sərlövhəli bölümdən bəlli olur ki, Kənangilin kəndindəki qollu-budaqlı tut ağacı bütün kənd əhlinin mənəvi qida mənbəyi, onları bir araya gətirən Tanrı rəmzidir. Ulularımız təsadüfən deməyiblər ki, tut da pir ağaclardan sayırılır. Bu baxımdan buzovnalıların həmin ağacın kölgəsində mənəvi rahatlıq tapmaları, bir araya gəlmələri təbiidir. Həmin epizod bu kitabı oxuyan kəsləri düşündürür-daşındırır, qucağında böyüyərək boya-başa çatdıqları belə ülvi məkanların əsl əzəmətini bir daha götür-qoy etməyə kökləyir.

Roman boyunca müəllifin dünya, o cümlədən, Azərbaycan və Türkiyə ədəbiyyatına, ədəbiyyatşünaslığa, dünya ədəbiyyatındakı tendensiyaların, izmlərin incəliklərinə dərindən bələd olması özünü qabarıq göstərir. Romanın dolğun fəlsəfi yükü də diqqətdən yayınmır. Mütaliədən doydum demək bilməyən Kənan Hacı beləcə təfəkkür və təxəyyülünü durmadan cilaladığını, sözlə bağırbadaş olduğunu, dilimizin şəhdi-şirəsini dünyasına hopdurduğunu əməldə nümayiş etdirir. Onun yazı dili tutumlu, səlis, bitkin, bəlağətli, ən başlıcası, özünəməxsusdur. Dəyərli ziyalıRəhimağa İmaməliyevin (Tanrı ona qəni-qəni rəhmət eləsin!) xeyir-duası ilə jurnalistikanın cığırlarına qədəm qoyan bu soydaşımız etimadı nəinki doğruldub, hətta, jurnalistikanı ədəbiyyatdan ayıran çəpəri də məharətlə adlaya bilib, hazırda Azərbaycanın dəyərli söz-sənət sahiblərindən biri sayılır.

Kənan Hacının "Sonuncu dərviş” romanını insanlıq haqqında həyat dərsləri adlandırsaq, məncə, yanılmarıq.Onun qələmə aldıqlarında səmimiyyət hərdən o qədər şahə qalxır ki, kişilər belə göz yaşlarına yiyə dura bilmirlər.Müəllifin zəngin və canlı təhkiyəsi səni əsərin sinəsinə çökməyə vadar edir. Kənan xatirələriylə sıx bağlıdır, o, yaddaşını çözələməyi sevən kəslərdəndir. Əsərdə adi kənd həyatından böyük mətləblər araya-ərsəyə gətirilib. İşıqlı insanlar da Kənan Hacının yazılarında mütamadi yer alır. Müəllif dünyasından qaynaqlanan hayqırtı ilə təkcə özündən, özünün sinə gərdiyi silsilə məşəqqətlərdən,zillətdən söz açmır, o, ümumilikdə gözdən, könüldən uzaq düşən insanların biganəliyə layiq olmadıqlarını çatdırmağa çalışır. Cəmiyyətin hər bir fərdə doğma yanaşmasının vacibliyini vurğulayır. Müəllif bu aktual mövzuya təsadüfən təkrar-təkrar qayıtmır. O, hər dəfə yeni "kəşf” etdiklərini də tamlıq naminə insanlara çatdırmağı özünün mənəvi borcu bilir. Özü də yazılarından da bəllidir, ünvan təkcə, bəşər övladı deyil, Kənanın qələmə aldıqları eyni zamanda Tanrıya da bir mesajdır. Bu, qətiyyən Ulu Yaradana asi olmaq kimi dəyərləndirilməməlidir, sadəcə, reallıqda baş verənlərin mütləq qüvvənin haqq-ədalət kitabı ilə heç cür uzlaşmadığına bir işarədir, çağırışdır. Kənan Hacı bütün varlığı ilə haray çəkir ki, yer üzünün əşrəfi sayılan insanlardan bəzisinin taleyin tüpürcəyinə çevrilməsi, onun sonuq gözlərində xarabalıqların bərqərar olması ("Sonuncu dərviş”dəki qarı surəti) yolverilməzdir.

Qəribə də gəlsə, orasındadır ki, dünyanın üzdə olan yazıçı və şairlərinin əksəriyyəti yoxsulluğun, məşəqqətli həyatın, olmazın iztirabların, əzabların içində qovrularaq hikmət xəzinəsinə qovuşublar. Əslində, həyat dəli-dolu, kükrəyən amansız seldir. Səni çör-çöp kimi qabağına qatıb bu dünyaya təşrif buyurduğun elə həmin məchulluğa sarı sürükləyir. Ömür adlı zamanın möhlətindən bacarıb nə çırpışdıra bildinsə, sənə qalan da o olur. Elə böyük zəka sahiblərinin, ələxüsus da, filosofların, onlara bərabər yazıçı və şairlərin özlərinə əl qataraq araya-ərsəyə gətirdikləri də məhz bu mətləb üzərində qurulub. Tarix göstərir ki, mayası dərvişlikdən, tab gətirilməsi bir növ mümkün olmayan zillətlərdən yoğrulan kəslərin xeylisi sonda azman yazıçılıq, şairlik zirvəsinə yüksəlir. "Sonuncu dərviş” romanı Kənan Hacının da dünyanın dərində gizlənən bir çox mətləblərindən hali olmasında, bir-birini əvəzləyən çətinliklərin öhdəsindən qədərincə gəlməsində elə amansız həyatın həlledici rol oynadığından xəbər verir. İş orasındadır ki, həyatın sınaqları, insanın tab gətirməsi mümkün olmayan məşəqqətlər üst-üstə qalandıqca, göylərə bülənd olduqca sən həmin o zirvədən mənəviyyat dünyasına hakim kəsilə bilirsən, özünü ovundurmaqla yanaşı bəşər övladını da həyati hikmətlərdən duyuq salmaq qüdrətinə yetişirsən. Ən qəribəsi isə odur ki, bununla sən özünü təkcə ovundurmursan, eləcə də, əsərlərindən təsirlənən insanların sənə ehtiramından qaynaqlanan səadəti bölüşür, ümumilikdə xoşbəxtliyin də dadına tamarzı qalmırsan.

Say-seçmə dostlarının sırasında kitablar da qədərincə yer alanların sabahına zaval yoxdur. Əsərlərindən, o cümlədən, "Sonuncu dərviş” romanından da göründüyü kimi bu siyahıda Kənan Hacının da layiqli yeri var. Uzun illər boyunca Bakının dörd-bir tərəfində kirayələdiyi alayarımçıq mənzillərdə sərgərdan həyat sürmək məcburiyyətində qalan Kənanın şəxsi kitabxanasına bir an da olsun xilaf çıxmaması həqiqətən də sözlə ölçüyəgəlməz insanlıq nümunəsidir. Özünün də dəfələrlə etiraf etdiyi kimi elə dərvişanə həyatının ən çətin məqamlarında ona qahmar çıxan da məhz bu kitablar olub. Doğrudan da, əgər, sənin zəngin kitabxananda dünyanın, eləcə də, elimizin-obamızın dəyərli qələm sahiblərinin əsərləri sıralanıbsa, bu, həqiqətən də əvəzsiz səadətdir. İstədiyin vədədə bu dərin zəka sahibləri ilə baş-başa qalırsan, söhbətləşir, görüb-götürdüklərini onlarla bölüşür, ələxüsus da, sınaq məqamlarında dəyərli məsləhətlər ala bilirsən. "Dahilər bu dünyadan köçmür” danılmaz məntiqi elə budur, onlar qananlar üçün diridir, bizimlə birlikdə nəfəs alır, yaşayıb-yaratmaqda davam edirlər. Dünən olduğu kimi bu günkara gələnlər hər iki dünyanın sakinləridir. Böyük Nəsimi təkin hər iki cahana sığmayanlar əbədiyaşardır.

Kənan Hacı haqq dəlisidir. Elə, ağlı kəsəndən ona sakitlik verməyən şəxsi həyat hekayətlərindən qaynaqlanan, həqiqətin tamlığı naminə bir sıra "sirləri”ni belə faş etdiyi "Sonuncu dərviş” romanı bunun daha bir əyani nümunəsidir. Mənəvi ucalıq mərtəbəsinə yetməkdə Xəzər dənizindən aldığı ustad dərsləri də onun çox karına yetib. Bu fani dünyaya gələndən gözbəgöz olduğu Xəzər ona çağlamaqda, təxəyyülünün pıqqapıq qaynamasında, təfəkkürünün silkinməsində, çalxalanaraq arınıb-durulmaqda, nəhayətsiz amallara köklənməkdə çığır açan olub. Kənanın qələmini mürəkkəb əvəzi doğma Bakımıza, o cümlədən, Buzovnaya aramsız layla çalan bu dəryaya batırıb qələmə aldıqları da kifayət qədərdir. Onun yazılarının xeylisinin ruhu Xəzərin bəstələrindən qaynaqlanır. Kənan Hacı üçün Xəzər birona görə doğmadan da doğmadır ki, amansız həyata duruş gətirmək üçün divar qurtaranda, o, dəfələrlə sonuncu ümid yeri kimi kürəyini bu dəryaya söykəyib. Ən başlıcası, hər dəfə də gümanında yanılmadığının şahidi olub.

Kənan Hacı çox vaxt yazılarında süjet xətti qurmur. Əksəriyyət bu fikirdədir. Peşəkar oxucu yalnız sonda onun əsərlərində ilk baxışdan gözəgörünməz xarakter daşıyan süjet xəttinin, eləcə də, fabula və kompozisiyanın konturlarının mahiyyətinə varır. Onun yazılarının çoxsu iki-üç səhifəlikdir. Adama hərdən elə gəlirik ki, bəlkə səbri çatmır. Bu baxımdan "Sonuncu dərviş” romanındakı "Dumansız İstanbulkimi 15 səhifəlik bölümlə qarşılaşanda isə lap əməlliçə-başlı çaşıb qalırsan?!

Talelərin xiridarı... Bu deyim məhz Kənan Hacının boyuna biçilib desək, məncə yanılmarıq. Həyat onu psixoloqa çevirib. O talelərin sərrafıdır, bircə baxışla insanın dünyasını oxuya bilmək iqtidarındadır. Dərin mütaliəsi sayəsində filosofluğu da aşıb-daşır. Ən əsası, sözün damarını qətiyyən əldən vermir, oxucunu öz ardınca aparmaqda pərgardır. Hərdən sözdən elə çələnglər hörür ki, sanki Tanrının dərgahına nərdivan ucaldır. Qəvvas təkin həyat adlı dəryaya baş vuraraq incilər dənləməkdən yoruldum demək bilmir. Bu hələ harasıdır, şəxsən mən onun sözün qəniminə çevrildiyinin də dəfələrlə şahidi olmuşam, belədə adamın aciz duruma düşən əlahəzrət Sözə rəhmi də gəlir!

Çoxları Kənan Hacını nəfis sərlövhələr ustası adlandırmaqda da yanılmırlar... Təkcə, "Sonuncu dərviş” romanındakı "Səsin səfiri”, "Şah tutun budağında çiçəkləyən segah”, "Ümidimizə yağan qar”, "Atamın nöyüt qoxulu nəfəsi”, "Həkim qumrular”, "Dağlıların Lenini”, "Küləklərin itirdiyi adamlar” və bu qəbildən digər başlıqlara diqqət yetirmək yetər ki, bununla razılaşasan. `

Həyatın ən mürəkkəb mətləblərini əxz eləmək qüdrətinə yetişsə də, di gəl, Kənan Hacı vaxtında dəqiq elmlərə biganəliyi ucbatından pulun, paranın, var-dövlətin fəlsəfəsinə heç cür nüfuz eləyə bilməyib. Pul da ki, yaman şeydir. Havayıdan deməyiblər ki, köpəkoğlunun pulu... Əsas mətləbsə odur ki, bu baxımdan Kənanı da çox günahlandırmağa dəyməz. Beləki, ən məşhur bankirlər, iqtisadçılar belə bu pul deyilən nəmənənin mahiyyətinə axıra qədər vara bilmirlər. Yəni burada bir qismət məsələsi də var....

 

Kənan Hacı "saxla samanı, gələr zamanı” məntiqini qədərincə dəyərləndirməyi bacaran yazarlardandır. Bəzən bir parça əppəyə əli çatmayanda belə qeyd dəftəri almağa sonuncu qərik-quruşunu əsirgəməyib, ağlı kəsəndən bəri görüb-götürdüklərini əldən buraxmayıb. Ta körpəlikdən bu yana Nizami Gəncəvinin təbirincə desək, "deşilməmiş gövhərlər” gözündən və diqqətindən yayınmayıb, anındaca yaddaşına və ya qeyd dəftərinə möhürləyib. Təfəkküründən şirə çəkən təxəyyülü sərhəd tanımayıb, elə hey üyüdüb töküb. Mütaliəsi püxtələşdikcə təfəkkürü və təxəyyülü də oturuxub. Hafizəsinin möhkəmliyi ona böyük mətləblərə yetməkdə gur çıraq rolunu oynayıb. İlkin dövrlərdə qonağı olduğu "Söz” adlı səltənətdə tezliklə ev sahibləri sırasına qoşularaq yuxarı başda haqlı yerini tutub. Beləcə sözlə doğmalaşaraq qoşalaşıb və sözlərdən zər xırdalamaq qüdrətinə yüksəlib. Onun "Sonuncu dərviş” gercək romanı da bu baxımdan növbəti uğurlu əsəridir. Sayca 13-cü kitabının Kənan Hacı üçün düşərli olacağı, onun həyatındakı nəhslərə nöqtə qoyacağı ümidilə dostumuza növbəti yaradıcılıq uğurları diləyirəm.

Nağıllar zaman-zaman mütləq çin olur, sonda göydən üç almanın düşdüyü də havayı yerə deyilməyib. Beləcə, fillərin də çəkə bilməyəcəyi ömür yükünə qatlaşan Kənan Hacının da qismətinə(Kənan Hacı – "Göydən üç alma düşmədi”) günlərin birində göydən üç almanın düşəcəyinə şəxsən mən inanıram və zənnimcə bu almalardan biri artıq ona qismət olub. Dövlətin Xəzərlə gözbəgöz Jurnalistlərin Binalarından birində ona hədiyyə etdiyi mənzil xoş müjdənin işartısıdır. Dost, nəzərlərini Tanrının dərgahından ayırma, Ulu Yaradan sınağa çəkdiyi bəndələrini gec-tez haqqına qovuşdurur. Sən də buna layiq bəşər övladlarından birisən. Günlərin birində sənin onbir aylığında çəkilən üç bəxtəvərin birgə fotosunu(atan, anan və sən) xoşbəxtlərin xoşbəxti kimi bağrına basacağına inan... Amin...

 

əməkdar jurnalist Azad Müzəffərli

Ədalət  2019.- 2 aprel.- S.6.