TƏDQİQATIN
ÖZÜNƏMƏXSUSLUĞU
Ötən əsrin sonlarında Azərbaycanın
istiqlaliyyət əldə etməsi ədəbi-nəzəri
irsə münasibətdə mövcud stereotipləri aradan
qaldıraraq milli-kulturoloji zəminə söykənən
yeni baxışlar sisteminin əsasını qoymuş oldu. Məhz bunun nəticəsində
folklorşünaslığın ayrı-ayrı problemlərinin,
indiyədək tədqiqatdan kənarda qalmış bir
sıra aktual məsələlərinin yeni təfəkkür
işığında öyrənilməsi və
araşdırılması zərurəti yarandı. Son illərdə folklor, mifologiya, müqayisəli
folklorşünaslıqla bağlı bir sıra tədqiqatların
ortaya çıxması bu baxımdan diqqəti çəkir.
Bu mənada filologiya üzrə elmlər namizədi
Sevda İmanovanın "Folklor və magiya” (Bakı, "Elm
və təhsil” nəşriyyatı, 2017) kitabı problemin fərqli
aspektlərinin tədqiqi və öyrənilməsi
baxımından aktuallıq kəsb edir.
Bilindiyi kimi, folklorla magiyanın qarşılıqlı əlaqələri
müasir folklorşünaslıq elminin maraq dairəsində
olan məsələlərdən biridir. İndiyədək
bu sahədə müəyyən araşdırmalar aparılsa
da, problemin mahiyyətinə varılmamış, onun təməl
prinsipləri aşkarlanmamışdır.
Tədqiqatın
mövzusu Azərbaycan folklorşünaslığının ən
mürəkkəb, çətin, nisbətən az öyrənilmiş bir problemini əhatə
etməkdədir. Başqa sözlə, Sevda
İmanovanın "Folklor və magiya” monoqrafiyası bu
mövzuda yazılmış ilk tədqiqat əsəri kimi təqdirəlayiqdir.
Monoqrafiyanın ayrı-ayrı fəsillərində
araşdırılan problemin bu və ya digər aspektlərinin
bütün yönlərilə səciyyələndirilməsini
təmin etmək məqsədilə tədqiqat obyektinə
yanaşma tərzinin fərqliliyinə mümkün qədər
diqqət yetirilmişdir.
Belə ki, tədqiqatın ilk fəsli "Magiya, din,
folklor və janr” adlanır. Tədqiqatçı
burada magiya problemini folklor və din kontekstində səciyyəndirməyə
çalışmışdır. Müəllif folklorla
magiyanın qovuşduran məqamlara diqqəti çəkərək
yazır: "Magiya ilə folkloru birləşdirən ortaq
nöqtə magik söz kultlarıdır. Ovsunlar,
tilsimlər, sözlü sehr formulları belə magik söz
kultlarının izləridir. Ovsunların,
sehrinvə magik elementlərin müəyyən hissəsi əsatiri
təsəvvürlərlə bağlı
yaranmışdır. Bunların bir qismi
tarixi Azərbaycan arealında qədim türk
tayfalarının mifik təsəvvürləri ilə əlaqədar
olmuşdursa, digəri zərdüştilik görüşlərinin
təsiri ilə yaranmışdır. Ayrı-ayrı
kultlar, xüsusən də təbiət hadisələri ilə
bağlı ovsun və magiyalarda daha qədim təsəvvürlərin
izləri nəzərə çarpmaqdadır”.
Tədqiqatçının fikrincə, folklor və
magiya əlaqələri baxımından diqqət yetirilməsi
zəruri olan məqamlardan biri magik folklor janrlarıdır. "Bu janrlar birbaşa
magiya ilə bağlıdır: burada magiya poetik strukturun
bütün səviyyələrində hakimdir. Yəni
əslində bunlar birbaşa magiyanı təcəssüm
etdirən folklor janrlarıdır”. Monoqrafiya müəllifi
həmin janrların əsasən iki nümunə: ovsunlar və
cadularla təmsil olunduğuna diqqəti çəkir.
Monoqrafiyanın "Liro-dramatik folklor və magiya” adlanan
ikinci bölümü adından da göründüyü
kimi, magiya problemi xalq ədəbiyyatının lirik-dramatik
janrları timsalında dəyərləndirilmişdir.
Müəllifin qənaətincə, folklor və magiya əlaqələrinin
semantik strukturu və tipologiyasının tədqiqinə zəngin
material verən sahələrdən biri mərasim nəğmələridir. O, ənənəvi prinsiplərdən
çıxış edərək mərasimlərin
mövsüm və məişət mərasimləri olaraq iki
ən böyük qrupa bölündüyünü
vurğulayır. Həmçinin mərasim
folklorunun öz janr tipologiyasına görə həm lirik, həm
də dramatik növün əsas əlamətlərini
özündə təcəssüm etdirdiyinə diqqəti
çəkir.
Sevda
İmanovanın fikrincə, "Folklor, onun növləri və
janrları xalqın istək və arzularının, adət və
ənənələrinin, mədəniyyətinin,
qəhrəmanlıq düşüncələrinin, şivə
və dialektlərinin, dünyaya baxışının, haqqa
və ədalətə, xeyir və şərə olan
münasibətlərinin şifahi şəkildə, təfəkkürdən
cəmiyyətə fəlsəfi inikasıdır”. O həmçinin
bunun "folklorun ilk növbədə yaddaş funksiyası ilə
bağlılığından” qaynaqlandığına diqqəti
çəkir.
Monoqrafiyanın "Epik folklor və magiya” adlanan sonuncu
bölümündə magiya problemi xalq ədəbiyyatın
epik janrı ilə bağlı şəkildə təhlil
obyektinə çevrilmişdir. Burada müəllif
xalq ədəbiyyatında magik səciyyəli obrazların
tipoloji xüsusiyyətlərinə görə bir-birindən
fərqləndiyi mülahizəsini irəli sürür ki, bu
da elmi-nəzəri baxımdan yeni təsnifatdır. Onun
fikrincə, folklorda magik görüşlərlə
bağlı obrazlar tipoloji xüsusiyyətlərinə görə,
iki qrupda təsnif oluna bilər:
"1)
Bilavasitə magik görüşləri təcəssüm
etdirən obrazlar;
2) Magik cizgilərlə əlaqədar qəhrəman
obrazları”.
Monoqrafiya müəllifinin fikrincə, birinci qrupa aid olan
obrazları birləşdirən tipoloji cizgi həmin
obrazların poetikasında magiyanın əsas rol
oynamasıdır. "Yəni bu obrazlar magiya ilə, sadəcə,
əlaqəsi olan personajlar deyildirlər. Magiya
bu obrazların poetikasını başdan-başa təşkil
etməklə, həmin obrazların mahiyyətini,
funksiyasını birbaşa müəyyənləşdirir.
Məsələn, folklorumuzda Salur Qazan, Alp Aruz, Koroğlu və
s. kimi obrazlar vardır. Bu obrazların əsas
tipoloji əlaməti qəhrəmanlıqdır. Onlar anadan qəhrəman kimi doğulur və
bütün ömürləri boyu qəhrəmanlıq
missiyasını həyata keçirirlər. Magiya belə obrazların poetik quruluşunun, sadəcə,
bir səviyyəsini, yaxud bir cizgisini təşkil edir. Amma elə obrazlar da vardır ki, onlar mürəkkəb
funksiya daşımalarına baxmayaraq, həmin obrazların
poetik strukturunda əsas rolu magiya oynayır”.
Problemə bu rakursdan yanaşma tərzi bir tərəfdən
tədqiqatın ayrı-ayrı fəsillərində
qaldırılan problemlərin biri-birini tamamlamasına, digər
tərəfdən isə mövzunun təkamül
kontekstində dərkinə imkan vermişdir.
Monoqrafiyanın nəzəri yekunu kimi səciyyələnən
"Nəticə” bölümü ayrı-ayrı fəsillərdə
irəli sürülən fikir, qənaət və mülahizələrin
ümumiləşdirilməsi, habelə tədqiqatın gələcək
perspektivlərinin müəyyənləşdirilməsi
baxımından diqqəti çəkir.
Tədqiqatın fəsilləri elmi şəkildə təsnif
olunmuş, bu da araşdırılan problemin bütün
yönlərilə dəyərləndirilməsinə imkan
vermişdir.
Monoqrafiyanın
diqqəti çəkən məziyyətlərindən biri
onun mövzu, problem, təhlil və tədqiq üsulu
baxımından çağdaş
folklorşünaslığın tələb və prinsiplərinə
cavab verməsi, milli-nəzəri məfkurəyə söykənilərək
yazılması, eyni zamanda uzun illər milli düşüncə
sisteminin yerini tutmuş sovet ideologiyasının ənənəvi
stereotiplərinin, yanlışlıqlarının tənqid,
rədd və inkar olunmasıdır. Qeyd etmək
lazımdır ki, bu aspekt özünü bütün tədqiqat
boyu aşkar şəkildə büruzə verməkdədir.
Müəllif mövzu ilə bağlı ən
mühüm tədqiqatları ümumiləşdirmiş, bu
isə problemin təkamül prosesini geniş panoramda izləməyə
imkan vermişdir. Həmçinin monoqrafiya əvvəlki
dövrün tədqiqatlarında birtərəfli şəkildə
təqdim olunmuş yanlış meyllərin aradan qaldırılması,
gələcək araşdırmalar üçün elmi zəmin
hazırlanması baxımından əhəmiyyətlidir.
Müəllifin analoji təhlilləri problemin
indiyədək öyrənilməmiş bir çox
mübahisəli məqamlarının aşkarlanmasına
imkan vermişdir.
Qeyd edək ki, Sevda İmanovanın "Folklor və
magiya” monoqrafiyasında həmçinin problemin nəzəri
qoyuluşu kontekstində ayrı-ayrı tədqiqatçılarla
polemikaya kifayət qədər yer verilmişdir. Araşdırma
bəhs olunan problem haqqında sözün həqiqi mənasında
canlı təəssürat yaratmaqdadır.
Bütövlükdə monoqrafiyanın elmi-nəzəri səviyyəsi yüksəkdir, müəllifin mühakimələri, mülahizələri və qənaətləri maraq doğurur. Araşdırmada təfərrüatçılığa, sitatçılığa, lüzumsuz istinadlara yol verilməmiş, bütün məqamlarda qaldırılan problemin ümumiləşdirilmiş aspektdə təqdiminə çalışılmışdır.
İnanırıq ki, Sevda İmanovanın "Folklor və magiya” monoqrafiyası folklorşünaslığın müxtəlif problemləri ilə bağlı tədqiqat aparan alimlərin diqqətini cəlb edəcək, yeni-yeni araşdırmalara təkan verəcək, elmi-nəzəri mühitdə layiqincə dəyərləndiriləcəkdir.
Sənan İbrahimov,
filologiya elmləri doktoru, professor
Ədalət 2019.- 5 aprel.- S.7.