ŞƏHRİZADIN...
TARZƏN RAMİZ QULİYEV NAĞILI
Rafiq HACIYEV,
yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul
Rza Ədəbi Mükafatlar laureatı.
OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI “MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA
MİN DÖRDÜNCÜ GECƏ
düşdükdə Dünyazad üzünü
bacısına tutub dedi:
- Baci can, nağılını davam etdir.
Şəhrizad
da bacısına cavabında dilləndi:
- Şahım icazə versə, davam etdirərəm.
Padşah
buyurdu:
-
Danış.
Qız
nağılın mabədini danışmağa
başladı:
- Ey bəxtiyar
şah, muğamlar görməyi və dinləməyi bacaran
Ramizin hafizəsində güclü iz salır, ona qüvvətli
təsir göstərirdi. Bu muğam və
mahnılarda o, qəlbini çağlayan kədərsiz şənliyi
və gizli acısı olmayan dalğınlığı daha
canlı hiss edirdi.
Mən
eşitmişəm ki, fikir şairi Bəxtiyar Vahabzadənin
(Onun ruhu şad olsun!) bu barədə yaxşı bir qəzəli
var. Şəhrizad avazla həmin qəzəli oxudu:
Daş ürəklərdə yanıb daşları
sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı
muğam.
Nə
güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı
yandırdı" muğam.
Onun hər
guşəsi bir xatirə, bir çanlı kitab,
Keçilən yolları hərdən bizə
andırdı muğam.
Su
çilər kinli ürəklərdə qəzəb
tonqalına,
Neçə qəsdin üstünü kəsdi,
dayandırdı muğam.
O, ürək
yanğısı, göz yaşları, bir çəngə
bulud.
Oyadıb yaddaşı, vicdanı utandırdı
muğam.
Dəfn
edin siz mən "Zabul segah"ın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandıra
muğam.
Çox
kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə
qandırdı muğam.
Hətta indinin indisində belə Ramiz muğamları
dinləyərkən yaşadığı həyəcanı
təsvir etməkdə acizdir. O bu gün də belə hesab edir ki,
yeniyetməlik illərində yaşanan bədii təəssürat
adamda bütün həyatı boyu dərin iz buraxır.
Musiqişünas alimlərin yazılı mənbələrində
oxumuşam ki, "musiqi istedadı adətən ilk
uşaqlıq dövründə - təfəkkür
qığılcımlarının təzəcə şəfəq
saçdığı zaman meydana çıxır. Buna görə
təsadüfi deyil ki, musiqi ilk hisslər aləmi ilə bu qədər
sıx əlaqədardır. Yenə də
təsadüfi deyil ki, musiqidə laylay yaxud
oxşama-hıçqırma kimi sadə təsirli intonasiyalar
mühüm rol oynayır. Lakin illər
keçdikcə, uşağın həyat təcrübəsi
zənginləşdikcə onun musiqi yaradıcılığı
da təkmilləşir və daha mürəkkəb hissləri
səslərdə əks etdirməyə qadir olur".
Bəs,
görəsən, dediyim bu qəribə proses Ramizdə necə
baş verib? Musiqi cəhətcə istedadlı
olan bu uşaq necə və hansı qüvvənin təsiri
ilə tarzən olub? Verdiyim suallara cavab
almaq üçün istərdim ki, onun təbii
istedadının uşaqlıq çağlarından
başlayan inkişaf mərhələrinə yaxından birgə
nəzər salmağa cəhd edək.
Yəqin
ki, kiçik vaxtlarında kimsə maraqlanıb
soruşsaydı ki, Ramiz, qardaşları Feyzulladan (Onun ruhu
şad olsun!), Adildən və bacıları Alidədən,
Validədən, Səidədən (Onların ruhları
şad olsun!), Simadan nə ilə fərqlənib, başqa
uşaqlardan nə ilə ayrılıb-bütün şahidlər
- Əyyub ağa, anası Balaxanım ana (Onların ruhları
şad olsun!), müəllimləri (Allah onların
hamısına rəhmət eləsin!) yekdilliklə təsdiq
edərdilər ki, bu oğlan cazibədarlığı ilə
seçilib.
Onun sifətində istedadlı olduğunun izləri
aydın görünüb, eyni zamanda bu sima xeyirxahlıq və
zəka ilə parıldayıb. O, şən, zarafat sevən, sözəbaxan,
oyun zamanı zirək və şux olması ilə diqqəti
çəkib.
Kiçik yaşlarında tarı və kitabı
oynamaqdan üstün tutduğuna baxmayaraq o, əsl uşaq
olub. Özü də çox mehriban bir uşaq kimi
sevilib.
Nazpərvərişlə
böyüyən, dərs oxuyub savadlanan bu uşağın
daxili aləmi barədə orta təhsil illərində onun
sinifdaşları, şagird yoldaşları da Ramizi gülərüzlü,
tərbiyəli və dərslərini çox yaxşı
oxuyan oğlan, məktəbdə hamının ərköyünü
kimi xatırlayırlar.
Bəlkə
də ona görə ki, uşaqların arasında o, daha səmimi
və xeyirxah bir adam olub. Gözəl
bacarığı - ona aşılanmış əməyə
vicdanlı münasibət bəsləmək
bacarığı hələ uşaqlıqdan
özünü göstərib.
Məhz elə yaşının bu gözəl və
unudulmaz, təkrarolunmaz çağlarında büllur kimi saf
olan mənəvi aləminin çeşməsinə bir musiqi
çeşməsi də qovuşub. Necə deyərlər,
musiqi oğlanın həyatına üzvi surətdə daxil
olub.
Musiqiyə qəlbən bağlı olan atası Ramizin
bu sahədəki inkişafı üçün hərtərəfli
şərait yaratmağa səy göstərib. Mütərəqqi adam olan ailə başçısı musiqini
ürəkdən sevib, çalıb-oxuyanlara rəğbət
bəsləyib.
Xüsusən
də öz övladlarını böyük ata məhəbbəti
ilə sevən, daim onların qayğısına qalan Əyyb
ağa (Onun ruhu şad olsun!) dörd qızının və
üç oğlunun savadlı olmaları, ali
və musiqi təhsili almaları üçün əlindən
gələni əsirgəməyib.
Qardaşı
oğlunun tara olan sonsuz məhəbbətini
duyan Həbib kişi də (Onun ruhu şad olsun!) günlərin
bir günü (onda Ramizin ad günü idi) öz sədəfli
tarını (o, Böyük Vətən müharibəsində
sol biləyindən ağır yaralandığına görə
tar çala bilmirdi) Ramizə hədiyyə verərək
deyib: "Çalış, yaxşı tarzən ol! Tarını mən verirəm, ilhamını
özün köklə!"
Bundan sonra səylə çalışmaq, inadkarlıq
Ramizin qəlbinə hakim kəsilib və onun xasiyyətinin ən
ümdə, üstün cəhətlərindən birini məhz
bu ahəngdarlıq təşkil edib. Bu cəhət Ramizin gələcək
yaradıcılığında da həmişəlik
qalıb, ifalarında yaşayıb.
Şəhər
1 nömrəli Uşaq Musiqi Məktəbinin tar sinifində təhsil
alarkən ona "Nə vaxtdan tar çalmağa
başlamısan?" sualını verəndə, adətən
cavabı bu olardı: musiqini başa düşəndən bəri.
Musiqini isə o, həyatı dərk etməyə
başlayandan eşidib. Yeddi-səkkiz
yaşında olarkən musiqinin dərinliyini və
gücünü duyub. Məhz bu dövrdə onda daxilən
musiqini qavrama qüvvəsi meydana çıxıb və bu
qüvvənin vasitəsilə o, tara
yaxınlaşmadan tam sükut şəraitində "musiqini
eşidib".
1957-ci ildə gənc musiqiçilərin Bakı şəhərində
keçirilmiş Respublika Baxış Müsabiqəsində
on yaşlı tarzənin çalğı qabiliyyəti,
ifaçılıq fəallığı, özünəməxsus
muğam barmaqları münsiflər heyətinin nəzər-diqqətini
cəlb edib.
İlk
laureat diplomunu böyük musiqişünas alim, görkəmli
bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylidən
(Onun ruhu şad olsun!) alanda isə Ramiz Quliyevin sevincinin həddi-hüdudu
olmayıb!
7 illik Musiqi Məktəbinin tar sinfini bitirəndə
(1960) o, gənclik tələbkarlıgıyla dolu olan hissləri
ilə daha ürəklə, ilhamla və şövqlə
çalıb.
Elə bil ki, lap, lap böyük adam
sayağı. İndi onun
çalğısını məktəbdə oxuduğu ilk
illərin çalğısı ilə müqayisə belə
etmək mümkün deyildi. Çünki
günü gündən musiqi onun həyatını mənalandırıb,
daha yaxşı çalmaq üçün qüvvət
verib. Tarda öyrəndiyi mahnılar və
muğamlar harda olursa-olsun, nə edirsə-etsin daima onu təqib
edib.
Ramiz isə hələlik öz istedadına sahiblik eləyə
bilmirdi, bəlkə də istedadı Ramizin özünə
hakim kəslilirdi.
Tarda improvizə etdiyi zamanı özünü büruzə
verən və onun daxili aləmini mənaladıran musiqilər,
məhz onun özündə yaşayırdı və hələlik
heç bir yaradıcılıq iradəsinə, heç bir
texniki vərdişə malik deyildi. Lakin bütün buna
baxmayaraq mahnılar, muğamlar Ramizin qəlbinin, həyatının
ayrılmaz bir hissəsi idi və onunla birlikdə inkişaf
edir, onunla birlikdə yaşa dolurdu.
Musiqi məktəbində Ramiz elə yetişib ki, müəllimləri
bu oğlanın diqqətəlayiq istedadına getdikcə daha
artıq inanıblar. Ona son dərəcə həssaslıqla,
qayğı və tələbkarlıqla yanaşıblar,
Ramizə yaşlı adamlar kimi hesablaşıblar, daha çətin
musiqi əsərlərini çalmaq barədə
tapşırıqlar veriblər.
Gənc tarzənin çalğısı nəinki
müəllimlərini ürəkdən razı salıb,
yaşıdlarını və dinləyiciləri belə həyəcana
gətirib. Mahir, ustayana tarzən, qüdrətli pöhrə
olan Ramizin ciddi ifaçı olduğu görünüb.
O, rayon
Pionerlər Evinin ən fəal üzvü kimi tez-tez orta və
musiqi məktəbinin şagird gecələrində verilən
könsertlərdə solist kimi çıxış edib,
yuxarı sinflərdə isə hətta musiqi
üçlüyündə rayondakı məşhur xanəndələrin
tarda müşayiətçisi olub, həm də bir çox
muğamları tarda solo çalıb.
Belə konsertlərdə yaxından iştirak edən
Ramiz əmin olub ki, getdikcə ona olan məhəbbət və
rəgbət peşəkar musiqçilərin məhdud dairəsindən
bir qədər də uzaqlara yayılır.
Üzeyir
Hacıbəyli adına Ağdam Orta
İxtsas Musiqi Texnikumunun 4 illik tar şöbəsində
oxuduğu illər ərzində musiqi onu öz
yoldaşlarından kəskin surətdə ayırıb. Həmişə fikirli, nəyinsə
qayğısını çəkən, simasında daima
nurlu təbəssüm olan bu oğlan vaxtını saatlarla
musiqi otağında keçirib, pencəyinin qollarını
çırmalayaraq ehtirasla tarı dilləndirib,
danışdırıb.
Sinifdə tək qalıb tarı sinəsinə basaraq
improvizə etməsilə öz ruhi aləmini zənginləşdirən
vaxt təsadüfən kimsə Ramizin simasının məsumluğunu
görsəydi ona heyran kəsilməyə bilməzdi. Bu vaxt o, ətrafında
heç bir şeyi hiss etmədən nə isə uzaqlara
baxıb çalardı. Tələbə
yoldaşlarının sinifə girdiyini, tar çalarkən xəyala
dalıb fikirləşən zaman ona diqqət yetirdiyini hiss edən
tək o, dərhal çalğısını saxlayardı.
Deyim ki, orta ixtisas musiqi texnikumunda qazandığı bu
peşəkar vərdişin qiymətli əhəmiyyəti
göz qabağında idi. Müəllimləri Cəlal
Əliyevdən, Əlipaşa Daşdəmirovdan və Xosrov Fərəcovdan
(Onların ruhları şad olsun!) aldığı not və
muğam dərsləri gələcəyin virtuoz tarzənini
texniki cəhətdən əsaslı surətdə
hazırlamışdı. Məhz buna görə də,
o, sözün ən dəqiq və yüksək mənasında
peşəkar kimi, sənətkar kimi işləyirdi...
Adı
bütün rayonla bir olan 13 yaşlı Ramiz Ağdam
"uçilişası"nın ilk kursunda Mədəniyyət
evinin nəzdində Əfrasiyab Bədəlbəyli, Səid
Rüstəmov, Süleyman Ələsgərov (Allah onların
hamısına rəhmət eləsin!) kimi bəstəkarların
xeyir - duası ilə yaranıb fəaliyyət göstərən
və Qarabağın əfsanəsi sayılan, onun sərhədsiz
musiqi səmasında lap Dan ulduzu kimi parlayan məşhur
"Şur" ansamblına dəvət edilib. Kollektivlə
birlikdə bir çox müsabiqələrin və
festivalların iştirakçısı olub.
Ramiz elə bir musiqi, sənət fədailəri
sırasına qoşulub ki, onlar musiqidə özlərini yox,
özlərində musiqini axtarıblar. Onlar
yaratdıqları mənəvi aləmə, səs, söz,
sehr dünyasına tale kimi, qismət kimi baş əyiblər.
Şərqin böyük mütəfəkkiri Rabindranat Taqor
(Onun ruhu şad olsun!) bu sözləri sanki onlar üçün
yadigar qoyub: "Musiqidə... və musiqiyə
xəyanət olmaz!"
1962-ci ildə
15 yaşlı Ramiz Quliyevin bu ansamblın tərkibində
Moskvda SSRİ Xalq Təsərrüfatı Naliyyətləri Sərgisindəki
Azərbaycan pavilyonunda uğurlu çıxışı və
həmkarları ilə birlikdə xalq çalğı alətlərində
ifaçılıq müvəffəqiyyətlərinə
görə sərginin Qızıl medalına layiq
görülməsi qəlbində Prometey odu gəzdirən gənc
tarzəni dillər əzbəri edib.
Təbii ki, konsertlərdə bu cür
çıxışları Ramizin böyük gələcəyi
üçün bir istedad nişanəsi idi. O ifa etdiyi muğamlara,
mahnılara ehtirasla aludə olurdu, buna görə də
ifası bulaq kimi axıb dinləyicilərin qəlbinə yol
tapırdı. Tarzən ifalarında iztirabı,
qəmli tərəddüdü, insan kədərinin
bütün dəqiqliyini fövqəladə qüvvə ilə
verə bilirdi. Tez-tez "çox qəşəng
çalır" kimi xeyirxah sözlər eşidirdi.
Artıq az bir zamanda onun
çalğısının şöhrəti yurdunun
günçıxanından yurdunun günbatanına kimi
yayılmışdı.
Təəccüblü deyildi ki, hamıdan ötrü
aydın və çoxları üçün doğma olan bu
ifaçılıq belə gözəl rəğbət
qazanmışdı. Gənc tarzənin pərəstişkarlarının
sayı müntəzəm surətdə və durmadan
artırdı. Onlar Ramizin adını səmimiyyət
və ehtiramla çəkirdilər.
Ramizin çalğısına musiqiçilər də
həvəslə, heyranlıqla qulaq asır, gənc tarzəni
qızğınlıqla alqışlayır, eyni zamanda onun
ifasına tələbkarlıqla yanaşır,
istedadını düzgün qiymətləndirirdilər. Dinləyici
auditoriyasında onsuz da hamı çox gözəl bilirdi ki,
kiçik yaşlarından muğam çalıb-oxuyan
qarabağlıların tərifə ehtiyacı yoxdu.
Buna baxmayaraq, tamaşaçıların hərarətli
alqışları, onların ürəkdən gələn
xoş sözləri gənc tarzənə qol-qanad verib, onu
daha yüksək zirvələrə ucalmağa həvəsləndirirdi. Hər dəfə
sinəsindən keçən arzular karvanıyla yol gedəndə,
ürəyini suvarmağa başlayan xoşbəxtlik hisslərinə
yeni bir istək də qarışır və bu istəyin
işğında sənət yolunun nurlu sabahları Ramizi
ciddi düşündürürdü. Onun
dimağının (ağlının, şüurunun) hər
bir zərrəsi gələcək üçün işləyirdi.
On yeddi
yaşlı tarzənin rayon Pionerlər Evinə tar ixtisası
üzrə dərnək rəhbəri, az
sonra 1 nömrəli Uşaq Musiqi Məktəbinə müəllim
və nəhayət, Əbdürrəhim bəy Haqverdiyev
adına Ağdam Dram Teatrına musiqi hissə müdiri kimi dəvət
olunması, taleyində baş verən
sıçrayışlı dəyişikliklər, gələcək
nailiyyətlərinin uğurlu başlanğıc mərhələləri
idi.
Dərindən
hiss etmək və öz duyğularını ifdə etmək
qabiliyyətinə malik olan Ramiz çox gözəl bilirdi ki,
necə olursa-olsun ali musiqi təhsili
almalıdır. Onun işıqlı sabahlara
açılan sənət kəhkəşanındakı
böyük addımları mütləq konservatoriyadan
atılmalıdır.
Həyat isə astanada durub qalmır, yeniyetməlikdən
sonra gənclik dövrü gəlirdi. Ramiz elə həmin
vaxtdaca möhkəm və qəti qərara gəlib
özünə çətin bir ömür yolu seçdi.
Bütün fikirlərinin mərkəzi olan gələcək
Ramizə, ətrafında sərin kölgəli ağaclar
bitmiş, yaşıl çəmənliklərin arasında
günəş altında şüşə kimi parıldayan
geniş bir yol kimi görünürdü - bu yol
hamının səadət içində yaşayacağı
geniş, əzəmətli, mürəkkəb, gözəl,
haylı-küyrlü, izdihamlı şəhərə
doğru aparırdı. Və...
1964-cü ilin xoş bir günündə, o,
Ağdam-Bakı qatarının qoynunda təpələrdən
yel kimi, dərələrdən sel kimi keçərək
düz Bakıya qədər yol getdi. O, çox gözəl bilirdi və
sövqi-təbii olaraq duyurdu ki, paytaxt şəhəri gələcəkdə
yaradıcılığının doğma beşiyinə
çevriləcək, onun həyat müşahidələri
burada daha da genişlənəcək,
ifaçılığı kamilləşəcək və
inkişaf edəcəkdir...
Şəhrizad bu yerdə səhərin
açıldığını görüb öz söhbətini
yarımçıq qoydu.
(ardı növbəti
sayımızda)
Ədalət.-2019.-9 aprel.-S.6.