Məmməd
Kazımın romanı
Kənan Hacı yazır
Azərbaycan ədəbiyyatında elə əsərlər
var ki, yazıldığı dövrdə və təəssüf
ki, ondan sonrakı dövrlərdə də nədənsə
diqqətdən kənarda qalıb. Ara-sıra hansısa yazıda,
söhbətdə ötəri xatırlanan bu əsərlərin
ədəbi-bədii, ictimai fikrimizdə əhəmiyyəti
haqqında düşünəndə başqa bir fikri də
xatırlayıb təsəlli tapırıq: zaman hökmən
bu əsərlərə öz layiqli qiymətini verəcək.
Amma hər şeyi zamanın ixtiyarına
buraxası olsaq, onda gərək ədəbi tənqidə
ehtiyac qalmasın. Bu günlərdə hörmətli
Xalq yazıçımız Elçin Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda "Müasir tənqid və ədəbi
proses” mövzusunda məruzə edərkən bu gün
haqsız olaraq unudulmaqda olan yazıçı Əyyub
Abbasovun "Zəngəzur” romanını xatırlatdı və
bu əsərin böyük tarixi, ictimai və ədəbi əhəmiyyətə
malik olduğunu xatırlatdı. Müstəqilliyimizi
qazandıqdan sonrakı illərdə zəngin ədəbi təsərrüfatımız
yarandı, (söhbət heç bir bədii dəyərə
malik olmayan makulaturadan deyil, ciddi ədəbi sambalı olan əsərlərdən
gedir) dəyərli əsərlər yazıldı. Bu yazı həmin dəyərli əsərlərdən
biri – "Mirhəsən xanın övladları” romanı –
haqqındadır.
Romanın ədəbiyyatımızda yeri və ədəbi
dəyəri haqqında fikirlərimi bölüşməkdən
əvvəl bir neçə zəruri məqamı
xatırlatmaq istəyirəm. Bu əsərin müəllifi
uzun illərdən bəri Azərbaycan televiziyasında "Hünər”
verilişinin yaradıcısı və aparıcısı
kimi tanıdığımız şair Məmməd
Kazımdır. Məmməd Kazım ədəbiyyatımızda
xüsusi yeri və çəkisi olan qələm sahiblərindən
idi. Müharibə uşaqlarının
ağrı-acılarını onun qədər yüksək
poetik dillə ifadə etməyi bacaran çox az
şairimiz var.
Uşaqdım,
qaraldı vaxt bulud kimi,
dava
qılıncıyla sınıq düşmüşəm.
İldırım
doğrayan şüy palıd kimi
o vaxtdan
sevincdən yanıq düşmüşəm.
Bu misralar müharibə haqqında yazılmış
onlarla şeirin içindən yüksək səmimiyyətiylə,
yaşanmış ağrının poetik ifadəsinin
orijinallığı ilə seçilir. Məmməd əmi
(biz ona "əmi” deyə müraciət edirdik) Qarabağ
savaşının ən qızğın
çağlarında sözüylə
döyüşürdü və nəşr etdirdiyi qəzetin
adının "Qala” olması da təsadüfi deyildi. Yeri gəlmişkən, bu ədəbi qəzet o vaxt
ədəbiyyatda ilk addımlarını atan çox
istedadı üzə çıxardı ki, bu gün həmin
imzalar fəal şəkildə ədəbi prosesdə
iştirak edirlər. Mən də
ara-sıra Məmməd əminin Masallıda, Güllütəpənin
döşündə yerləşən evinə qonaq
düşürdüm. Bu görüşlər
haqqında ayrıca yazmışam, təfərrüata
varmadan mətləbə keçmək istəyirəm.
Məmməd Kazım bu romana qədər müəyyən
nəsr təcrübəsi toplamışdı. 80-ci illərdə
"Leytenant Kərimov və dostları” povestini
yazmışdı. 90-cı illərin əvvəllərində
çap olunmuş "Hünər” kitabı yarıbədii,
yarısənədli dillə yazılıb. Bu kitaba toplanmış yazılar Böyük Vətən
müharibəsində həlak olmuş, əsir
düşmüş, ağır yaralanmış həmyerlilərimizin
döyüş və tale yollarını əriş-arğac
edir, kitab bitkin bir roman təəssüratı yaradır.
"Mirhəsən xanın övladları”nı yazana qədər
yazıçı ciddi hazırlıq mərhələsi
keçib. Mən bu romanın yazılmasının şahidi
olmuşam. Məmməd əminin kənddəki
evinin ikinci mərtəbəsində bir otaq da vardı,
qonaq-qara çəkilib gedəndən, təbiətin sakitliyi
bərqərar olandan sonra o, məhz bu otaqda
yazıb-yaradırdı. Məni də həmin otaqla tanış etmişdi. Divar boyu səliqə ilə
düzülmüş kitablar və yazı masasının
üzərində qalaqlanmış əlyazmaları... Bu əlyazmalarına
ötəri nəzər salanda bir məqam diqqətimi çəkdi,
ağ vərəqlərə yazılanlar
şeir nümunələri deyildi. "Məmməd
əmi, deyəsən yeni əsər yazırsınız” deyə
soruşdum. "Hə, çoxdandı bir roman
başlamışam, görək necə olacaq...” dedi. Hər yay Məmməd əmiyə baş çəkirdim
və hər dəfə də romanla bağlı suallar
verirdim. "Birinci hissəni bitirmişəm”
deyirdi, arada nigarançılığı da üzündən
oxunurdu, "bircə bunu bitirə bilsəydim” deyə
qayğılı halda dillənirdi.
Nəhayət, gün gəldi, Məmməd əmi
romanın tamamlanmış versiyasını kitab halında nəşr
etdirdi. Bu kitab 2013-cü ildə Məmməd Kazımın
"Seçilmiş əsərləri”nin 3-cü cildi olaraq
çap olundu. Nədən bəhs edir bu
roman? Oxucu əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycanın maarifçilik hərəkatında önəmli
rol oynamış bir nəslin nümayəndələri ilə
tanış olur, onların hansı çətinliklərdən,
əzablı yollardan keçərək rus imperiyasının
işğalçılıq siyasətinə dirəniş
göstərdiyinə şahidlik edir. İran və
rus işğalçılarına qarşı
döyüşən Mirhəsən xan xəyanət nəticəsində
öldürüldükdən sonra rus çinovnikləri
aradakı narazılığı aradan götürmək
üçün onun övladlarına bir neçə
mahalın idarə edilməsini həvalə edirlər. Mirabdulla bəy qardaşları içərisində
daha çox seçilir, Dəştvənd mahalında
igidliyi, xeyirxahlığı ilə ad-san qazanır. Mahalda bazar, məscid, məktəb tikdirir, əhalinin
əkin-biçinlə məşğul olması
üçün şərait yaradır. Onun
oğlu Mircavad bəy də babasından, atasından gələn
ənənənin daşıyıcısı kimi həyatının
mənasını xalqına xidmətdə görür.
Əsəri oxumağa başlayarkən obrazlı, ləngərli
poetik dil diqqətimi çəkdi ki, bu da müəllifin
şairliyindən irəli gəlir. Romanın
fabulasında onun Sankt-Peterburq Universitetinin
hüquqşünaslıq fakultəsində təhsil
alması, vətənə qayıdıb öz mahalında
pristav kimi fəaliyyət göstərməsi,
qaçaq-quldura qarşı mübarizə aparması və
digər tarixi olaylar durur. Bu hadisələrin
fonunda rus imperiyasının türkdilli xalqlara qarşı məkrli
siyasətini açıq-aşkar görürük. Rus imperiyasının general rütbəsinə
yüksəltdiyi erməni cəlladı Madatovun bu ərazilərə
sahib çıxması, torpaq sahiblərini məhv edərək
onların mal-mülkünü mənimsəməsi,
İrandan və müxtəlif şəhərlərdən
öz qohum-əqrabasını cənub bölgəsinə
yerləşdirməsi yerli əhalinin hiddətinə səbəb
olsa da dinib-danışa bilmirdilər. Yazıçı
yazır:
"General
yerli əhalinin qüvvəsini səfərbər
edib Xocavarla Çayaxarlı kəndləri arasında öz
qohumuna usta Karapetin əllərilə geniş otaqları olan
ikimərtəbə mülk, böyük ərazini əhatə
edən qala tikdirdi. Alvadı, Xocavar, Banbaşı və Yankənd
ərazilərindən əkin sahələri verilməsi, Viləş
çayından başlayaraq onlarla kilometr məsafədən
keçən su arxı çəkilməsi, Alvadıda dəyirman
və Xocavarda çəltiyi düyüyə çevirən
sudingi tikilməsi də Madatovun simli qamçısının
hərbə-zorbasının və kürəklərdən
zol qoparan zərbələrinin bəhrəsiydi”. (səh. 221)
Mircavad bəy belə bir mürəkkəb şəraitdə
pristav kimi öz xalqının mənafeyini qoruyurdu, dəfələrlə
həyatını təhlükə altına atsa da mübarizəsindən
geri çəkilmirdi. Mircavad bəyi ermənilərin hiyləsindən
çox sapı özümüzdən olan baltaların zərbəsi
daha çox ağrıdırdı, dəfələrlə
onlara güzəştə getsə də namərdliklərindən
qalmırdılar. İslaholunmaz quldur Nərulla
kasıb kənd camaatından vergi tələb etməklə
soyğunçuluqla məşğul olur, əhaliyə qan
uddururdu, Hartunla şərab alverində şərik idilər,
ona silah qaçaqmalçılığında da altdan-altdan
yardım edirdi. Mircavad bəyin
başçılığı ilə "Qaban ovu” əməliyyatında
Nərulla və dəstəsi zərərsizləşdirildi.
Kənd camaatı, quldurlardan ziyan çəkmiş
kasıb kəndlilər əsir götürülmüş
quldurların üzünə tüpürürdülər.
Rus çinovniki, mayor İlinski qəza rəhbərliyinin
Hartunun qalaçasında axtarış aparmasına imkan vermədi.
Əsərdə Azərbaycan tarixinin ibrətamiz məqamları
əksini tapıb. Məsələn, Mircavad bəyin
atası Mirhəsən xan 1826-cı ilin iyulunda rus zabitlərinin
yerlərdə azğınlığına etiraz əlaməti
olaraq imperatora qəzəb və hiddətini əks etdirən
bir məktub yollamışdı və imperiya
başçıları tərəfindən aldığı
polkovnik poqonlarını qoparıb ayaqları altına
atmışdı. Namusuna and
içmişdi ki, nə qədər qolunda qüvvət var,
rus qoşunlarına dinclik verməyəcək. Bunun üçün Təbrizə yollanıb Abbas
Mirzə ilə görüşür və ondan bütün
keçmiş düşmənçiliyi unutmağı və
düşmənə qarşı vuruşda kömək istəyir.
Abbas Mirzə acı həqiqəti dilə gətirir:
"Bizim fəlakətimiz ölkənin xırda xanlıqlara
parçalanmasına imkan verdiyimiz illərdən
başladı. Sonra xanların hər biri
müstəqil yaşamağa cəhd göstərdi. Elə birisi sizin rəhmətlik atanız. (Mirmustafa xan nəzərdə tutulur. – K. H) Rus imperiyasına inanıb bizə arxa
çevirdi. Aldığı kömək
də ondan ibarət oldu ki, xanlıq yerlə-yeksan edildi, ərazsinin
sərvətləri talanıb aparıldı”. (səh.266-267)
Yazıçının tarixi roman janrına müraciət
etməkdə məqsədi bu günün problemlərini
keçmişin işığında təcəssüm
etdirməkdir.
Romanı oxuduqca babalarımızın tarixi səhvlərini
görür və bu səhvlərin sonralar acı nəticələrə
gətirib çıxardığını təəssüf
hissiylə xatırlayırıq. Abbas Mirzə bu sözləri
deyəndə Mirhəsən xan xəcalət hissi keçirir
və deyir: "Atamın ən böyük səhvi də
onda olmuşdu. Hər halda bu səhvin cəzasını
biz artıqlaması ilə almışıq”.
Əlbəttə, Abbas Mirzə haqlı idi. Qarabağ
xanı İbrahim xanın və ailəsinin xəyanət nəticəsində
qətlə yetirilməsi tarixin ən böyük ibrət dərsidir.
Gəncə xanı Cavad xanın son nəfəsədək
işğalçı çar ordusuna qarşı
döyüşüb həlak olmasını xatırlayın.
Siz bu romanda Cavad xanın Mirmustafa xana yazdığı məktubla
da tanış olacaqsınız.
Mirhəsən xan da acı məğlubiyyətdən
yaxa qurtara bilmədi, o da xəyanətin qurbanı oldu. Romanı oxuyub bu xəyanətin
kökləriylə tanış
olacaqsınız. Xəyanətlər Mirhəsən
xanın nəslini qarabaqara izləmişdi. 37-ci ilin repressiya dalğası xanın
övladları Mirabdulla bəyi də, Mircavad bəyi də
gedər-gəlməzə yolladı. Bu
ürəkgöynədən məqamlar da romanda öz əksini
tapıb. Ümumiyyətlə, əsərdə
baş verən hadisələr bütöv bir əsr boyunca
(XIX əsrin əvvəllərindən XX əsrin ortalarına
qədər) xalqımızın başına gətirilən
fəlakətləri əhatə edir.
Əsərin sonuncu fəsillərindən birində
Mircavad bəyin sürgündəki dövrü təsvir
edilir, dustaqlar Sibir meşəsində gövdəli bir
ağacı mişarla kəsib aşırdırlar və sonra
onun qol-budaqlarını kəsib-doğrayırlar. Ağac
simvolik bir obrazdır, müəllif burada Mircavad bəyin həyatına,
ömür yoluna işarə edir. O da
köklü-köməcli bir ağac idi, baltanı
kökündən vurub ucalığını əlindən
aldılar.
Müəllif romanı yazarkən arxivlərdə ciddi
tarixi araşdırmalar aparmış, son dərəcə əhəmiyyətli
məlumatlar əldə edərək onlardan yaradıcı surətdə
faydalanıb romanın süjetində istifadə edib. Bu da
romanın çoxşaxəli yozumuna və təhlillərə
meydan açır. Ümumiyyətlə, Məmməd
Kazım bütün yaradıcılığı boyu itkin
taleləri axtarıb tapmaqla, onların obrazını bədii
sözün vasitəsilə əbədiləşdirməklə
məşğul olub. Bu, onun üzərinə
düşən ədəbi missiya idi və "Mirhəsən
xanın övladları” romanı da tarixi əhəmiyyəti
baxımından yazıçının
yaradıcılığının zirvəsi sayıla bilər.
Müəllif əsəri yazarkən çarpaz
üslubdan (yarıbədii, yarısənədli) istifadə
edərək janr xüsusiyyətlərindən kənara
çıxmadan tarixi faktlarla yazıçı təxəyyülünü
ustalıqla uzlaşdırıb. Tarixi hadisələr
romanda yenidən müəllif strategiyasına uyğun qurulub və
vahid süjet xəttinə tabe etdirilib. Bu
da olduqca çətin və eyni zamanda məsuliyyətli bir
işdir. Türk ədəbi araşdırmaçısı
Semih Gümüş yazır ki, "təbii, roman heç
vaxt tarixin özü olmayacaq, amma hər halda gələcəkdə
tarixin ən çox dəyər verilən vicdanı
sayılacaq”. Tarix roman sənəti
üçün həmişə açıq meydandır,
yazıçı təxəyyülü istənilən
zamanda bu meydanda cövlan edə bilir.
Məmməd Kazım şair kimi tanınıb, qəbul
olunub. Bu romanda isə onun dilin incəliklərinə, xalq
dilinə, folklora, xalqın məişətinə,
etnoqrafiyasına, gələnəklərinə nə qədər
dərindən bələd olduğunu görürük.
Mircavad bəyin Sankt-Peterburqda təhsil alarkən
Yasnaya Polyanaya gedib Lev Tolstoyla görüşməsi son dərəcə
inandırıcı boyalarla təsvir edilib. Yazıçı Tolstoyun yaşadığı
mülkü xırda ştrixlərinə qədər elə
ustalıqla qələmə alıb ki, biz sanki kadrlarda o tarixi
görüşü seyr edirik. Hər
şey Mircavadın təhsil aldığı üniversitetdə
böyük şərqşünas alim Mirzə Kazım bəylə
bağlı tədbir keçirmək haqda təşəbbüs
irəli sürməsindən başlamışdı. Rəhbərlik
bu təşəbbüsü müsbət
qarşılayır və həmin tədbirdə Mircavad bəyin
məruzəsindən sonra Lev Tolstoyun zövcəsi Sofya Andreyevna
da ərinin adından çıxış edir və tədbir
bitdikdən sonra onların arasında belə bir dialoq baş
verir:
-Lev
Nikolayeviçin sizin kimi tələbələrlə, gənclərlə
görüşə həmişə ehtiyacı var. Vaxt tapan
kimi əminizlə mütləq Yasnaya Polyanaya gəlin.
Cavad
Tolstoyun xanımına belə cavab verir:
-İndi ki, dəvət edirsiniz, məmnuniyyətlə gələrik.
Mirzə
Kazım bəy Tolstoyun təhsil aldığı illərdə
universitetdə iki il ona şərqşünaslıqdan
dərs demişdi, böyük yazıçının ona
olduqca böyük rəğbəti vardı. L. Tolstoyun Şərqlə
bağlı düşüncələrinin
formalaşmasında Mirzə Kazım bəyin əvəzsiz
rolu olmuşdu. Bütün bu mətləblər
romanda geniş və əhatəli şəkildə öz əksini
tapıb. Zənnimcə, "Mirhəsən
xanın övladları” Azərbaycan nəsrində yeganə əsərdir
ki, orda Lev Tolstoyun və xanımının dolğun obrazı
yaradılıb.
Siz bu romanda Stalinin, Mircəfərin qanlı obrazını da görəcəksiniz. Millətimizin tərəqqisi, maariflənməsi üçün canından, malından keçmiş insanların işıqlı obrazları ilə rastlaşacaqsınız. Romanı bir yazı çərçivəsində ədəbi tənqidi prizmadan dəyərləndirmək, təhlil etmək mümkünsüzdür. Bu əsər konseptual yanaşma tələb edir. Bu yazı sadəcə, tanıtım xarakteri daşıyır və məqsəd ədəbi tənqidin diqqətini bu romana yönəltməkdir.
Çox istərdim ki, bu roman yenidən nəşr
olunsun. Çünki geniş oxucu kütləsi və həm
də çox təəssüf ki, ədəbi ictimaiyyət
bu romandan xəbərsizdir. Halbuki bu əsər
bütün parametrlərilə ədəbi prosesin faktına
çevrilməyə layiqdir.
Ədalət 2019.- 9 aprel.- S.7.