Ramilə Səyavuş qızı Da-vudova çox gəncdir. Hələ heç on səkkiz yaşı tamam olmayıb. Məktəblidir. Dərs əlaçısıdır.

Ramilə şeirə-sənətə könül verib. Almanaxlarda indiyəcən bir neçə şeiri dərc olunub. Bu kitab onun oxucularla ilk görüşüdür.

Qarşıda isə yol durur. Sınaqlarla dolu, ömür yolu, sənət yolu...

Ramiləyə bu yollarda uğurlar!

Aydın Tağıyev,

AYB Şabran bölməsinin sədri

 

UCALSINBAYRAĞIMIZ

 

Dalğalanır göylərdə,

Üç rəngli bayrağımız.

Gözəldi bu diyarda,

Hər zaman növrağımız.

Torpağından güc alır,

Qolumuz, qanadımız.

Ucalır zirvələrə,

Günbəgün bayrağımız.

Ey müstəqil yurdumu,

Dünyaya tanıtdıran,

Səninlə fəxr edirik,

Öyünürük hər zaman.

 

VƏTƏNİM

Mənim doğma Vətənim,

Şərəfimsən, şanımsan.

Ana yurdum, ocağım,

Ürəyimsən, canımsam.

Sən könüllər baharı,

Babəklər diyarısan.

Cavanşirlər yetirən,

İgidlər oylağısan.

Sənin eşqinlə vurur,

Mənim qəlbim, ürəyim.

Torpağından boylanır,

Odum, suyum, çörəyim.

 

ANA

 

Gözlərimin nurusan,

Sən ey müqəddəs ana.

Ömrümün baharısan,

Bağlıyam daim sənə.

Baharın xəzan oldu,

Böyütdükcə bizi sən.

Öpürəm dönə-dönə

Zəhmətkeş əllərindən.

 

SƏHƏR-SƏHƏR

 

Günəş çıxır səhər-səhər,

Təbiət gülür, dil açır.

Quşlar ötür şirin-şirin,

Dağ, dərələr ətir saçır.

Dağda duman, dərədə çən,

Yaşıllaşır gen meşələr,

Baş qaldırır kol dibindən,

Boylanır tər bənövşələr.

Sərin billur bulaqların,-

Sularında bal dadı var.

Xalı sərib yamaclara,

Büsat qurub bizim dağlar.

 

YAZ GƏLİR

Üfüqdən boylanır günəş,

Qış yerini yaza verir.

Ilham alır təbiətdən,

Ürək sözün saza verir.

Könül, gələndə ilhamın,

Alovlandır eşqin camın.

Təbiət alır kamın,

Laləzarı düzə verir.

Necə sirdir təbiətin,

Sirlərini açmaq çətin.

Bu dünyanın naz-nemətin,

Gözəlliyin qıza verir.

 

NƏNƏ

Tellərinə qar yağıb,

Ağarıbdır saçları.

Bol meyvəli ağacdır,

Bizsə heyvası, narı.

Kəlməbaşı can deyir,

Nəvələrin sözünə.

Nəvələr oxşayır,

Lap nənənin özünə.

Baxışları nurludur,

Üzü yaman qırışıb.

Hər dərdə sinə gərib,

Taleyilə barışıb.

 

Ədalət 2019.- 9 aprel.- S.6.