Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini
dəyişdi
Etibar CƏBRAYILOĞLU
Elnur Zeynalov:
"Qarabağın işğalına göz
yuman, ikili standartlar nümayiş
etdirən, yurdumun viran
qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir
etiraz səsimdir”
Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində Məcnun, Qərib, Kərəm obrazlarını istedadla yaradan Elnur Zeynalov daim axtarışdadır. Qalmaqallardan, sənətdəki çəkişmələrdən həmişə uzaq olan xanəndə muğamlar, xalq və bəstəkar mahnıları üzərində çalışır, konsertlər verir, dövlət tədbirlərində çıxış edir, ustadlarından mənimsədiklərini gənc pedaqoq kimi Bakı Musiqi Kollecindəki tələbələrinə öyrədir.
Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb, "Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Müsahibimin fikrincə, hər bir sənət adamının həm də vətəndaş mövqeyi olmalıdır. Mətndəki yeni redaktə doğma yurdu Qarabağın erməni işğalına biganəlik göstərən dünya ictimaiyyətinə onun bir etirazıdır.
-
İstərdim söhbətə "Qarabağ şikəstəsi”nə
etdiyiniz düzəlişdən başlayaq...
- Qarabağ hər birimizin yaralı yeridir. Dədə-baba torpağımın, doğulduğum Ağdamın
erməni işğalçılarının
tapdağı altında
qalması ürəyimi
göynədir. Səhnədə, telekanallarda, radio efirlərində
çıxışlar zamanı
qəlbimin ağrılarını
tamaşaçılara, dinləyicilərə
çatdırmağa çalışıram.
Amma hər dəfə hiss edirdim ki, nəsə çatmır, daha nələrsə etmək
lazımdır. Yaxın bir
dostumla bu barədə çoxdan idi düşünürdük,
nəhayət qərara
gəldik və "Qarabağ şikəstəsi”nin
mətninə düzəliş
elədik.
Sənət bilicilərinə məlumdur
ki, "Qarabağ şikəstəsi” xanəndəlik
sənətimizdə şikəstənin
iki növündən
biridir və XIX əsrdən başlayaraq zərb muğam kimi ifa edilir. Xalq bayatılarından
alınan sözlərində
sevgi ilə yanaşı iztirab, ağrı-acılar əks
olunub.
Məhz buna görə də "Qarabağ şikəstəsi”nin üzərində
dayandıq. Tamaşaçı
və dinləyicilər
klassik sənətkarlarımızın,
müasir xanəndələrimizin
ifasında həmişə
aşağıdakı variantı
eşidiblər:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm
cənnətə dönsə,
Yaddan çıxmaz
Qarabağ.
Mənim
yeni ifamda isə mətn belədir:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm
cənnətə döndü,
Viran qaldı
Qarabağ.
Bu, dövlətimizin, xalqımızın
sənətlə məşğul
olan bir vətəndaşı, Qarabağlı
övladı kimi
ürəyimdən keçənlərdir.
Qarabağın işğalına
göz yuman,
ikili standartlar nümayiş etdirən, yurdumun qalmasına şərait yaradan dünya ictimaiyyətinə
bir etiraz səsimdir.
Sonrakı iki kupletin sözlərini isə şair dostum Sayman Aruz qələmə
aldı:
Əzizinəm Qarabağ,
Qara torpaq, qara bağ.
Bülbüllər köçən gündən,
Viran qaldı
Qarabağ.
Əzizinəm ağrı var,
Sinəmizdə ağrı var.
Sağ tərəfdə Savalan,
Sol tərəfdə Ağrı
var.
Haray, haray, Göyçə göllü
Göz yaşım haray...
- Klassik sənətdə, muğamda
hər hansı bir yenilik birmənalı
qarşılanmır. Sizin etdiyiniz
dəyişiklik də
yəqin ki, qınağa tuş gələcək, tənqid
olunacaq. Bu cür reaksiyalara hazırmısınız?
- Tənqid deyəndə ki, kim nə istəyir deyə bilər, indi bunun üçün
hər cür şərait də var. Lakin bir məsələni
qeyd edim ki, mən "Qarabağ şikəstəsi”nin
musiqisinə hansısa
dəyişiklik etməmişəm,
mətninə əl gəzdirmişəm. Söhbətimizin əvvəlində dediyim kimi, bunu da
əsaslandırıram və
hesab edirəm ki, arqumentim əsaslıdır. Bu gün bəzi telekanallarda, radiolarda bayağılıq baş
alıb gedir, bilmirsən oxuduqları meyxanadır, ya da mahnıdır? Hər gün insanların zövqünü korlayır,
mənəviyyatına zərbə
vurmağa çalışırlar.
Mənə etiraz etmək
istəyənlər bu
barədə düşünsələr
daha doğru olar.
Ermənistan bəzi dövlətlərə,
beynəlxalq təşkilatlara
arxayın olub doğma vətənim Qarabağı viran qoyur, buna etiraz
etməməliyəm? Mən xanəndəyəm,
siyasətçi deyiləm,
amma sənətimin verdiyi imkanlardan istifadə edib etirazımı çatdırmaq
istəyirəm.
- Qarabağın
azad olunacağına inanırsınızmı?
- Əlbəttə! İnanmasam
bir gün də oxuya bilmərəm. Azərbaycanın necə bir qüvvətli
dövlətə çevrildiyi
göz qabağındadır.
Sabitlik, inkişaf hər kəsdə sabaha inam oyadır. Bu günlərdə "Aprel zəfəri”nin ildönümünü qeyd
elədik, həmin hadisələrdə ordumuz
öz gücünü,
qətiyyətini düşmənə,
onun havadarlarına da necə lazımdırsa
elə də göstərdi. Dövlətimin gücünə və Ali
Baş komandanıma inanıram. Əminəm ki, bizim belə qələbələrimiz
hələ çox olacaq.
- "Qarabağ
şikəstəsi”nin yeni
variantda klipi olacaqmı?
- Vallah, dəqiq hələ heç nə deyə bilmirəm. Nəsə yeni bir şey
oxuyanda heç zaman əvvəldən düşünmürəm ki,
klip olsun, konsert edim, nə
bilim, sonra nələr edim... Bütün bunları zamanın ixtiyarına buraxıram.
- Akademik
Opera və Balet Teatrının solistisiniz,
şərəfli tarixi
olan bu kollektivdə
çalışan hər
bir gənc xanəndənin ən böyük arzusu "Leyli və Məcnun”da
Məcnunu oynamaqdır. Sizə Məcnunu,
"Aşıq Qərib”də
Qəribi, "Əsli
və Kərəm”də
Kərəmi yaratmaq nəsib olub. Teatrda həyata keçməyən
hansısa bir arzunuz varmı?
- Bu böyük sənət ocağına işə qəbul olunduğum gündən 10 il
keçir. İlk rolum Məcnunun
atası olub. Teatrın direktoru Akif Məlikova, baş rejissorumuz Hafiz Quliyevə çox minnətdaram ki, mənə inandılar. Zülfüqar
Hacıbəyovun "Aşıq
Qərib” operası yeni quruluşda hazırlananda mənə Qərib rolunu verdilər. Sonra isə mənə
daha bir məsuliyyətli obraz həvalə edildi- Kərəmi oynadım.
Məlum
olduğu kimi, Üzeyir bəyin "Əsli və Kərəm” operası sonuncu dəfə 1988-ci ildə teatrın səhnəsində tamaşaya
qoyulmuşdu. 23 illik fasilədən sonra teatrın rəhbərliyi yenidən
bu əsərə müraciət etdi və Kərəmi oynamaq mənə qismət oldu. Kərəm rolundan sonra görünür mənə
olan inam daha da artdı
və "Leyli və Məcnun”da Məcnun obrazı etibar edildi. 6 ay çəkən gərgin məşqlərdən
sonra Məcnun kimi səhnəyə çıxdım. Bu uğurda mənə dəstək olan teatrımızın rəhbərliyinə,
kollektivin hər bir üzvünə, tərəf müqabilim, Əməkdar artist Arzu Əliyevaya, məsləhətlərini
əsirgəməyən ustadlarıma
bir daha minnətdarlığımı bildirirəm.
Sualınızın cavabına gəlincə, baş rolları oynamaq hələ sənətin zirvəsini fəth etmək anlamına gəlmir. Hələ üzərimdə
çox çalışmalıyam,
öyrənməliyəm.
- VII Muğam Televiziya Müsabiqəsi keçirilir və həmişəki kimi böyük maraqla izlənilir? Favoritiniz varmı?
- Muğam Televiziya Müsabiqəsi yarandığı gündən həqiqətən də ciddi bir sənət yarışmasına, əsl mədəniyyət hadisəsinə çevrilib. Belə bir müsabiqə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama, musiqimizə necə böyük diqqət və qayğı ilə yanaşdığının göstəricisidir. Budəfəki yarışmanı da izləyirəm, diqqətimi çəkən gənc ifaçılar var. Amma favorit kimi kimlərisə ayırmaq hələ tezdir məncə, çünki müsabiqə yeni başlayıb, ola bilsin gənc ifaçılardan bəziləri hələ öz potensiallarını tam göstərməyə imkan tapmayıblar. İnanıram ki, sonda ən istedadlıları qalib gələcək.
Etibar CƏBRAYILOĞLU
Ədalət 2019. - 9 aprel.- S.8.