ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

 

HEYRƏT EY RAMİZ, TARIN GÖRDÜKDƏ LAL EYLƏR BIZİ...

 

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ" HEKAYƏTLƏRİNİN

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA

 

 

Rafiq HACIYEV,

yazıçı-jurnalist, Cəfər Cabbarlı

Rəsul Rza Ədəbi Mükafatlar

laureatı.

 

 

MİN BEŞİNCİ GECƏ

 

gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:

- Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.

Şəhrizad da bacısına cavabında dedi:

- Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

- Danış.

Qız nağılın ardını danışmağa başladı:

- Ey bəxtiyar şah, mənə çatanı budur ki, Ramiz 1964-cü ilin xoş bir günündə Ağdam-Bakı qatarının qoynunda təpələrdən yel kimi, dərələrdən sel kimi keçərək Bakıya qədər yol getdi. O, çox gözəl bilirdi və sövqi-təbii olaraq duyurdu ki, paytaxt şəhəri gələcəkdə yaradıcılığının beşiyinə çevriləcək, onun həyat müşahidələri burada daha da genişlənəcək, ifaçılığı kamilləşəcək və inkişaf edəcəkdir.

Musiqi nəzəriyyəsinə və musiqi ədəbiyyatına mükəmməl bələd olan Ramiz 1964-cü ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına, istedadlı pedaqoq Adil Gərayın (Onun ruhu şad olsun!) sinfinə daxil oldu.

Özünü, bütün həyatını bütünlükdə tar çalmağa, musiqiyə həsr etmək qərarına gəlmiş on yeddi yaşlı gənc üçün bu çox böyük qələbə idi!

Beləliklə, Ramiz Azərbaycanda tar sənətinin təbliğində və tədrisində görkəmli rol oynayan, konservatoriyanın həyatına insanı valeh edən gözəl yaradıcılıq məharəti ilə birlikdə xüsusi və dərin poetik ruh gətirən Səid Rüstəmov, Süleyman Ələsgərov, Adil Gəray (Allah onların hamısına rəhmət eləsin!) kimi zəngin daxili aləmə və cazibə qüvvəsinə malik musiqi xadimlərinin sıx sırasına qoşuldu.

Bu ali musiqi ocağında o, müəllimlərinin tapşırığı ilə öyrənib çaldığı hər əsərdə eyni zamanda özünə mənsub olan və çox ehtiyac hiss etdiyi yeniliyi axtarmaqla məşğul oldu.

Tələbəliyin ilk çağlarından Ramiz ifaçılıq fəaliyyətini qarşısında duran ali məqsədin həyata keçirilməsinə - milli xarakterlərin və ruhun mümkün qədər düzgün, aydın və geniş təcəssüm etdirilməsinə, tarın bütün xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəltdi.

Gənc tarzəndə bu nümunəvi meylin daha da inkişaf etməsində müəllimi, görkəmli sənətkar Adil Gərayın (Onun ruhu şad olsun!) qayğısı, zəhməti və böyük tələbkarlığı həlledici rol oynadı.

Heç də təsadüfi deyil ki, sevimli müəlliminin rəhbərliyi altında Ramizin keçdiyi gərgin və yorulmaz əmək yolu sənətdə mətinləşmə və sınaq dövrü olmaqla bərabər, eyni zamanda onun gələcək müvəffəqiyyətlərinin başlıca rəhnini təşkil etdi.

İfaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaq və yeni yaradıcılıq yolları axtarıb tapmaq istəyi Ramizin böyük amalı, həyat kredosu idi.

O, saatlarla öz üzərində işləyir, yorulmaq bilmədən məşqlər edir və canı-dildən çalışırdı ki, ürəyinin başında əzizlədiyi sədəfli tarı həmişə orkestr kimi əzəmətlə səslənsin, eyni zamanda ayrıca simli və ya nəfəsli alət səsi versin, pərdələr dil açıb oxusun, qəlbləri riqqətə gətirsin. Tarı universal bir alət eləmək arzusu isə gənc tarzənin ən ümdə yaradıcılıq prinsipi idi.

Ramiz konservatoriyada müəllimlərinə dərin minnətdarlıq və sonsuz heyrət hissi ilə təhsil alsa da, onun möhkəm dayağı, sönməyən bədii idealı özündən əvvəlki ustad tarzənlərin ifaları idi. Bu ifalarda o, obrazların ifadə edilməsi çətin olan zənginliyini, musiqinin əks etdirdiyi xarakterlərin ruhi vəziyyətlərini, süjet və hadisələrin bütöv bir qalereyasını görürdü.

O, Mirzə Sadıq Əsəd oğlunun (Onun ruhu şad olsun!) tar məktəbini məharətlə davam etdirsə də, kamil sənəti Qurban Pirimov, Əhmədxan Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov (Allah onların hamısına rəhmət eləsin!) kimi ustad sənətkarlardan öyrənsə də, onların təsirinə düşmədi və düşmək də istəmirdi. O, nə incə təqlidçi, nə də bütün daxili aləmi ilə musiqidə ehtirasla çıxış yolu axtaran romantiklərin istedadlı davamçısı oldu.

Ramizin məni ilə gətirdiyi, heç kəsin hələ demədiyi yenilik yalnız özünün ilhamı və şirin barmaqlarının ifa etdiyi əsil Azərbaycan musiqi dili ilə axıb gəlməli idi. Gəldi də!

Məhz onun bu musiqi dilinin şirinliyindən süzülən ifası hər dəfə öz rəngarənliyi, bənzərsizliyi, parlaq virtuozluğu, lirik diyumluluğu, təsirliliyi və emosionallığı ilə fərqləndi, dinləyiciləri heyrətləndirdi, onlarda fərəh hissi doğurdu. Buna görə də onun barmaqlarının uçarıyla pərvazlanan hər bir çalğısı könüllərə yol tapdı, ürəklərdə işıqlı iz saldı və uzun müddət xalqın yaddaşına həkk olundu.

Konservatoriyada təhsil almaqla o, qüdrətli yaradıcılıq işi üçün geniş imkanlar tapdı. Nəhəng bir göl kimi paytaxta başqa yerlərdən, xüsusən respublikanın şəhərlərindən, həmçinin rayonlarından musiqiçilər, onlarla və yüzlərlə musiqi mənbələrinin suyu axıb gəlir, burada təmizlənir, durulur, Bakının ruhu ilə uyğunlaşır və vahid bir axın kimi Azərbaycanın və xarici ölkələrin ucsuz-bucaqsız yerlərinə axıb gedirdi. Qocaman tarzənlərin bütöv bir nəslinin yaratdığı bədii əlamətlər Ramizin yaradıcılığının əsasını təşkil edir, elə bir kərpicə çevrilirdi ki, onlarsız tar ifalarının... əzəmətli binasını qurmaq mümkün deyildi.

Birinci kursda o əvvəl, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına - xalq artisti, tarzən Əliağa Quliyevin (Onun ruhu şad olsun!) rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına, az sonra Dövlət Konsert Birliyinə - "Azkonsert"ə solist dəvət olundu.

Bundan sonra demək olar ki, gənc tarzən Azərbaycanı qarış-qarış gəzdi. Qastrol konsertləri ilə çıxışlar etdi. Hər yerdə neçə-neçə dinləyici məhəbbəti və rəğbəti ilə qarşılaşdı. Səbəb çox sadə idi: onun ifalarında plastik melodiya ilə gözəl harmoniyanın və parlaq instrumentovkanın mükəmməl əlaqələndirilməsi, eyni zamanda Ramizin muğamları və bəstəkar əsərlərini yüksək ustalıqla geniş dinləyici kütləsinə çatdırması hər bir dinləyicini heyran qoyurdu.

Ramizin çıxışlarına dəfələrlə baxmaq, ecazkar çalğısına qulaq asmaq tamaşaçıların xatirində unudulmaz izlər salırdı. Səhnədə onun ifaçılıq sənəti yüksək artistizm xüsusiyyətləri ilə fərqlənir və marağa səbəb olurdu.

Dinləyicini tez ələ almağı, diqqətini özünə cəlb etməyi bacaran Ramiz, onu həyəcanlandıran, sevindirən ifaçıdır. Tarzənlə dinləyici arasında olan üzvi rabitə hər bir təsvirçilik təzahürlərindən, xarici forma aludəçiliyindən, şablonçuluqdan uzaq olub güclü yaradıcılıq keyfiyyətləri ilə tamaşaçıların diqqətini özünə cəlb edir.

Artıq üçüncü kursda (1967) təhsil alarkən Ramiz xalq artisti, professor Səid Rüstəmovun (Onun ruhu şad olsun!) rəhbərlik etdiyi və musiqi kollektivləri içərisində özünəməxsus koloriti, tembr zənginliyi ilə fərqlənən Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri ilə pyeslər çalırdı. Onu orkestrə məhz Səid Rüstəmovun özü dəvət etmişdi.

Təbiətən qızğın və həssas olan Ramiz həmişə qayda-qanun tərəfdarı və səliqəli idi, xüsusən də məşğələlərdə sahmanlı olmağın təcəssümü idi, həmişə öz vaxtını qiymətləndirməyi bacarırdı. Bir sözlə Ramiz vaxtdan istifadə etməkdə virtuoz idi. Gün ərzində nə qədər lazımsa istirahət edir və bir dəqiqəsini belə hədər yerə itirmirdi.

O, sanki nə isə xüsusi bir zəhmət texnikasına malik idi. Elə bir xüsusi zəhmət texnikasına ki, burada cərahiyyə əməliyyatı zamanı həkimlərdə olduğu kimi, hər şeyin sadəliyi və əhəmiyyəti nəzərə alınmışdı. Bu da vaxtdan səmərəli istifadə etməkdə ona xeyli kömək edər və başqalarına müyəssər olmayan cəldliklə işləməyə imkan verərdi.

Mizrab vurmaqda müxtəlif ştrixovkalardan geniş istifadə, sol əl barmaqlarının yeyinliyi və xüsusilə mizrab hərəkəti ilə barmaqların gəzişməsində tam bir sinxroniklik, dəqiqlik, uyğunluq və müvazilik əldə etmək yolunda hər gün müntəzəm surətdə saatlarla çalınan təmrinlər tar texnikasının ən yüksək nailiyyətlərinə sahib olmaqla nəticələnirdi.

Ramiz musiqi ilə hər gün mütləq, inadla və saatlarla məşğul olurdu. Bu günün işini heç vaxt sabaha saxlamırdı. Həmçinin gündəlik müntəzəm işə etinasız münasibət göstərməyi və ilhamın gəlməsini gözləməyi pisləyirdi. O tez-tez yoldaşlarına bəstəkar Pyotr İliç Çaykovskinin (Onun ruhu şad olsun!) belə bir sözünü xatırladırdı: "İlham, tənbəllərin yanına getməyi sevməyən bir qonaqdır".

Məhz belə anlarda o özünə yuxarıdan aşağı baxmaq kimi aldadıcı məntiqə uymayaraq, həyatında ən çətin bir məsələni həll etdi: yazıçı Qonçarovun (Onun ruhu şad olsun!) çox sərrast dediyi kimi incəsənətin yalnız müvəffəqiyyətləri və zövqü ilə əylənməyi sevən həvəskar musiqiçilərə rəğmən o, fədakar, zəhmətkeş və virtuoz tarzənə çevrildi! Bu, bir çoxlarının bacarmadığı əsl rəşadət idi!

Zehni əməyin bu yüksək mədəniyyəti, bu ciddi şəxsi intizam Ramiz üçün çox vacib idi. Bunlarsız tarzənin geniş məhsuldar əməyi mümkün olmazdı. Sənətkar yalnız bu proses nəticəsində öz zamanı ilə ayaqlaşa bilərdi.

Bu əlçatmaz, başqaları üçün mümkün olmayan virtuoz cəldliyin sirri hər şeydən əvvəl, Ramizdə əmələ gəlmiş, məşq zamanı kənar heç bir şeyə əhəmiyyət vermədən bütünlüklə fikrini ifa edəcəyi əsərə cəlb etmək bacarığında idi. İnsan çox nadir halda öz adət və vərdişlərinin, bilik və imkanlarının ağası olur, çox zaman isə bunlar faydasız qalır və onlardan təsadüfdən-təsadüfə istifadə olunur. Bir çox hallarda dahi, adi insandan məhz bununla fərqlənir ki, öz qüvvəsindən məqsədəuyğun və tam istifadə edir, onun tam dərinliyinə varır.

Əslində isə onun özünü işgüzar vəziyyətə salması heç lazım da gəlmirdi. Çünki ifa etdiyi hər bir musiqi əsəri onun danışan dili, hiss və duyğularının, fikirlərinin ən təbii və dolğun ifadəsinə çevrilirdi.

Daxilən müvəffəqiyyət qazanmaq arzusu, qarşısında açılan imkanların genişlənməsi onu həvəsləndirir və köməyinə çatırdı. Konservatoriyada beş illik təhsil müddətində o tamamilə dəyişdi, yeniyetmə tarzəndən yetkin sənətkara çevrildi. Texniki biliklərlə yanaşı, konservatoriyadan əvvəl ona az bəlli olan klassik musiqi ilə, eyni zamanda rus və Qərbi Avropa bəstəkarlarının bir sıra populyar əsərləri ilə də daha yaxından tanış oldu.

Bir az əvvəldə dediyim kimi, Ramiz məşhur tarzənlərin ifasını ciddi-cəhdlə izləyir, onların ifaçılıq sirlərini dərindən aşkarlamağa çalışırdı. Belə axtarışlar, araşdırmalar gənc tarzənə özünün milli ifaçılıq yolunu göstərirdi. Yuxarıda adlarını çəkdiyim müəllimlərindən, sənət ustadlarından aldığı dərslər onun istedadını, geniş ifaçılıq imkanlarını vahid məqsədə yönəldirdi.

Beş illik ali təhsildən sonra, Ramiz Quliyev yetkin ifaçı tarzən kimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar və dirijorluq ixtisasları üzrə qırmızı diplomla - Fərqlənmə diplomu ilə bitirdi...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.

 

(ardı növbəti sayımızda)

 

Ədalət.-2019.-10 aprel.-S.6.