"BU HƏYAT DEDİYİN..."

 

Şair Zaur İlhamoğluna oxucu məktubu

 

Novruz bayramı ərəfəsində bir hədiyyə döydü qapımı. Maraqla mətbuatdan, internet səhifələrindən imzalarını izlədiyim Zaur İlhamoğlu göndərmişdi bu hədiyyəni. Kitabın da içərisinə çox isti bir cümlə yazmışdı:

- Zaur İlhamoğlundan dəyərli insan Əbüfət müəllimə xoş arzularla. 18.03.2019.

... Və təbii ki, müəllifin imzası.

Bu kitab haqqında ümumi məlumatım var idi. Yəni müxtəlif saytlarda Zaurun oxucuları, həmkarları onu təbrik etmiş, yaradıcılıq uğurları diləmişdilər.Mən də bu təbriklərə qoşulmuşdum. İndi isə barəsində qiyabi bilgim olan kitab yazı masamın üzərindədi.

Maraqlı üz qabığı olan bu kitabın ön sözünün müəllifi ustadım Vaqif Aslandı. Mən onun sözünə, zövqünə həm vurğunam, həm də bələdəm. Ona görə də kitab barəsində ilk təəssüratım Vaqif müəllimin xeyir-duasından başladı. Və birmənalı şəkildə anladım ki, bu kitabı mütaliə edəndə vaxt itkisi yol verməyəcəm. Əksinə, nələrisə öyrənmiş olacam. Həqiqətən də belə oldu. Kitabdakı şeirlər bir neçə fəsilə bölünsə də, mən onların hamısının üst-üstə düşən bir nöqtəsini gördüm. Həmin nöqtənin adı SƏMİMİYYƏTdir.

Zaur bütün şeirlərində səmimi duyğuları misralayır. O, obrazlı, bəlağətli, hay-küylü, pafoslu ifadələrdən bir az yayınmaqla dünyasının palitrasını sözə, şeirə çevirməyə çalışıb. Və buna da nail olmaq imkanını oxucu qarşısında sərgiləyir. Şeirləri oxuduqca hiss edirsən ki, müəllif sənə nə qədər doğmadır, səninlə nə qədər həmsöhbətdir. Bu da şairlə oxucunu bir müstəvidə, bir fikir məkanında görüşmək və bölüşmək imkanını yaratmış olur. Nəticədə şair oxucu qazanır, oxucu da könlünü ovudan şeirlər, misralar. Bax, bu şeirdə olduğu kimi:

 

Yenə "Əzizinəm, Qarabağ..." deyib

Yanğı səsinlə qalxma çox zilə.

Qarabağ yaradı ürəyimizdə

Yaramız üstünə duz səpmə belə.

 

O yurd babalardan bizlərə miras,

Biz sahib çıxmadıq o oba, elə.

İtirdik cənnətin bir güşəsini,

Oxuma "Qarabağ şikəstəsi"ni.

 

Zənnimcə, bu bir parça bir oxucu kimi mənim söylədiklərimi təsdiq etmiş olur. yaxud:

 

Günah üstə gəlir günah,

Necə edək bunu izah?

Çoxu elə bilir Allah,

Biz yaşayan "yeri" görmür.

 

Bəli, hamının bu ya digər formada ağlından gələn hisdi, düşüncədi onu hamı etiraf etməsə , şair poetik bir şəkildə Allahın hər kəsi, hər şeyi gördüyünü, bildiyini vurğulayır. Bu da bütün şairlərin həmişə üz tutduğu mövzulardan biri olan dünyaya da münasibətdə özünü ifadə edir. Yəni bu əbədi mövzu ilə bağlı şeirləri oxuyanda bir daha aydın olur ki, dünya köhnə dünyadı. Bizim ona münasibətimiz qədər təzələnsə , onu hamıya hər kəsə sevdirmək mümkün deyil. Axı:

 

Dərd üstə dərd gəldi ta ki əzəldən,

Necə baş çıxarım bu gəl ha gəldən.

Olan ağlımı da almısan əldən,

Qalmışam deyinə, deyinə dünya.

 

Gördünüzmü, bu günün şairi də həmin o köhnə dünyadan gileylidir. Həmin gileysonda bitkin bir şeir formasında oxucu qarşısına çıxarılıbdı. Üstəlik, bu dünyanın özü ilə bərabər onun adamlarının müxtəlif səmtlərə üz tutması, xüsusilə gəncliyin çaşqınlığı şairin mövqeyində yanılmadığının göstəricisidir.

Qələmini müxtəlif mövzularda sınayan şair Zaur İlhamoğlu təbii ki, əbədi mövzulardan biri olan sevgini də özünəməxsus şəkildə tərənnüm edir. Onun sevgisibir növ pıçıltıdı, hay-küydən, qışqırıqdan uzaq pıçıltı.

 

Mənsizlik içində tüğyan edəcək,

Səni etdiyinə peşman edəcək.

Bütün varlığına üsyan edəcək,

Hələ çox görərsən tamaşa mənsiz.

 

Durmusan önümdə küskün baxışla,

Barışa bilmirsən bu cür naxışla.

Gözlərin söyləyir: "məni bağışla!"

Səni bağışladım, get yaşa mənsiz.

 

Mən Zaurun kitabını az-çox sözdən anlayan bir oxucu marağıyla demək olar ki, sona qədər nəzərdən keçirdim. Və bu şeirlərdəki ovqat ruhuma xoş gəldi. Həmin xoş əhvalın ovqatıyla da Zaur İlhamoğlunu təbrik edir, ona poeziyanın əzablı yollarında uğurlar diləyirəm.

 

 

Ədalət.-2019.-10 aprel.-S.6.