Axşam xaşı
(hekayə)
Azad Müzəffərli
Səfərin kafesi özgə aləmiydi. Hündürmərtəbəli yaşayış binasının arxa həyətində yerləşən bu xudmani iaşə obyektinə əsasən məhəllə sakinləri toplaşardı. Bəzi hayküyçüləri hesaba almasaq burada asudəçilikdi. Kimsə kimsənin xətirinə dəyməzdi. Söhbətləşər, çaydan nuş eləyə-eləyə nərd və ya domino çırpardılar. Aradabir yeyib-içməkləri də vardı. Beləcə həyatın ağır yükündən nisbətən yüngülləşər, sress atardılar.
Şənbə günüydü. Dost məclislərinin gur vaxtıydı. Qışın oğlan çağının olmasına baxmayaraq Şərif, Fəttah və Şamil Salyan pivəsinin dadını çıxarırdılar. Söhbətin şirin yerində Şərif üzünü Fəttaha tuturaq onun şah sağlıqlarından birini xatırlatdı:
- Sənin gözəl bir sağlığın var e, həyatı bacardıqca adilikdən qurtarmaq barədə, nədənsə o fikrin qəfil yadıma düşdü?!
- Aha, deyəsən, dingildəyirsən, yəqin sabah bizə qonaqlıq vermək fikrin var, hə, ay xatakar?!
- Əla fikirdir, lap yerinə düşərdi, özü də sabah elə istirahət günüdür də. Bəlkə, doğrudan da yığışaq, qurdumuzu öldürək?
- Məncə də, pis olmazdı, gərək ənənəmizi də pozmayaq. Həftədə, on gündə bir dəfə ceyran südünün dadına baxmaq lazımdır, mütləq... Həkimlər də belə deyirlər...
- Təbii ki, əvvəlki təkin qədərincə... Yəni az-az, həmişə...
Söhbətin bu yerində Səfər bir göz qırpımında özünü yetirdi, sözbəsöz əzbərlədiyi Fəttahın həmin say-seçmə sağlığını guruldatdı, nə guruldatdı:
- Dostlar, həyatdan nəyi çırpışdıra bildinsə, elə, yaşadım dediyin dəqiqələr, saatlar, günlər, illər, elə, odur... Bacardıqca ruhi tarazlığa çalışmaq lazımdır. Bunun üçün imkan düşdükcə yeknəsəqlikdən qurtulmalısan, yəni qəlbini və ruhunu müəyyən müddətə də olsa adilikdən xilas etməlisən. Nəyin bahasına olursa-olsun, ömrü bəzəməyə, ruha sığal çəkməyə çalışmaq gərəkdir. Başını balaca işlədərək eyniyyətdən yan qaçmalısan. Həftədə bir-iki dəfə romantik duyğular leysanına qərq ola bilsən, lap yaxşı... Ən əsası, xəyal qırıqlığına yol verməməyə çalış. Ani xoşbəxtliyin, bir qırıq ləzzətin özü də böyük qənimətdir, bu fani dünyada. Gündəlik həyatını elə köklə ki, daxili dünyandan şərqilər əskilməsin, ruhun bir-birindən üstün musiqilər bəstələsin...
Dostlar Səfəri bu məharətinə görə alqışa qərq elədilər. Sağlığa əməlli-başlı yiyə çıxmışdı. İç dünyasından qaynaqlanan bayaqkı sözləriylə bağlı ağlına bədahətən konkret bir ideya gələn Şərif yoldaşlarına səsləndi:
- Yaxşı, biz səhərki günümüzü nə təhər adilikdən çıxaraq ki, yaddaqalan və fərqli olsun, ürəyimizə yatsın, bax, əsas məsələ budur?
- Deyəsən, sən bunun yolunu tapmısan, sadəcə, bizi intizarda saxlamaq istəyirsən, hə?
- Dostlar, əksəriyyət kimi bizim də əlimizdən ən yaxşı halda yeyib-içməkdən savayı elə bir əylənmək, mənəvi rahatlıq tapmaq bacarığı gəlmir... Bunu bəri başdan boynumuza alaq ki, işimiz yüngül olsun...
- Elədir, az ürəyimizi çək, sözünü de, mətləb üstə gəlsən yaxşı olar...
- Belə olan halda, mən təklif eləyirəm ki, yeyib-içməyə sabah səhərdən başlayaq, özü də yeməklərin vaxtını dəyiş-düyüş etməklə. Məsələn, ən əsası xaşı saxlayaq şam yeməyinə, digər yeməklərin də vədəsini bu qaydada dəyişək, görək nə alınır... Məncə bu maraqlı olar, axşam biz xaşın ləzzətini çıxaranda çoxlarını şişirdəcəyik, nədəndirsə, hələki bu kimsənin ağlına gəlməyib? Nə var, nə var, vaxtilə kiminsə könlünə xaşı səhər yemək düşüb demənə, hələ də onu yamsılayırlar? Öz aramızdır, səhər tezdən adam xaşla araq içəndə, nəsə o kayfı vermir də, gün ərzində belə birtəhər olursan e, az qalır səni yuxu tuta, düz demirəm?
- Sənin ağlın lap çaşıb deyəsən, axşam da xaş yemək olar, özü də tut arağı ilə?!
- A kişi, bizim toyları bir yada sal, nə bilim, otuz iki cür salat, qırx səkkiz cür qəlyanaltı, çeşidbəçeşid kabablar, növbənöv ət xörəkləri, qutablar, bu hələ harasıdır, toyun axırında plov, üstündən tort, nə bilim, dondurma və nələr, nələr... Axşamdan başlayaraq gecədən keçənə qədər bütün bunları tıxışdıran, üstündən də, nə var, nə var, alababat nəmər yazdırmışıq deyə tuluğumuzu haranın istehsalı olduğu dəqiq bilinməyən o araqlarla dolduran biz deylik?.. Bir deyin də görüm, bu boyda zıppıltıdan sonra bizlərdən kiminsə halının xarab olduğunu heç eşitmisiniz? Uzaqbaşı, ya kimsə içkinin həddini bilmədiyindən, ya da araq geydirmə olduğundan bir az o söz, amma mən hələki yeməyin çoxluğundan şikayət eləyən görməmişəm? Əksinə, süfrə babat olanda bizimkilər ən azı bir həftə tərifi tərif üstündən yağdırırlar. Vay o gündən ki, stol hələ 150-200 manatlıq ola, belədə, dastan dastan dalınca köklənir...
- Kişi düz deyir də... Halal olsun, biz razı, təki sən südlü inək ol... Sabah səhərdən açırıq başımızı, Səfər kişi də nəyi var döşəyir masaya, günün nida işarəsini də xaşla qoyuruq. Sözümüz, sözdü, məncə, əsl ömürlük yaddaqalan məclislərimizdən biri olacaq bu dəfəki yeyib-içməyimiz, şəxsən mən buna əminəm...
Öz işini bu başdan möhkəm tutmağın ustası olan Səfər elə anındaca düzüb-qoşduğu menyünü dilə gətirdi:
- Səhər tezdən lələşiniz sizə üç kiloluq quzu qabırğasından şəxsən özünün hazırlayacağı elə bir qabırğa dolması versin ki, gəl görəsən, üstəlik evdə hazırlanmış çaxır da mənlikdir. Bu hələm-hələm ələ düşən yeməklərdən deyil, ha, özü də onu hazırlamaq zülmdü-zülm. Allah başınızdan töksün, mənə o qədər xeyir vermisiniz ki, eybi yox, o əziyyətə qatlaşmağı mənəvi borcum bildim, təki sizin kefiniz kök olsun... Günortaya isə pürrəngi çayla ləzzətindən doydum demək mümkün olmayası ət, ciyər, qarın, göyərti və balqabaq qutabları təklif edərdim, hərəsi də əl boyda, elə də, yüklənməzsiniz, xaşa da yeriniz qalar ... Səhər saat 11-dən də gözünüzün qabağında xaşı qoyaram dəmə, düz axşam saat yeddiyə hazır olacaq. Sizin xətirinizə onu da şəxsən özüm bişirəcəm. Üstəlik xaşın da böyür-başını düzəltmək üçün tut arağı da mənlikdi. Tam arxayın ola bilrəsiniz, əsgərlik dostum Qarabağ tərəfdəndir, o göndərib, sizə qurbandı, düz bir balon, nə qədər vura bilsəniz, halal xoşunuz...
- Səfər kişi, bir dənəsən, əla, meylin çəksə, özün də bizə qoşula bilərsən...
- Ona sabah baxarıq... Ən əsası odur ki, yemək-içmək sizin ürəyinizcə olsun, elə bu mənə yetər, zənnimcə, sabahkı gününüz tarixə düşəcək... Qabırğa dolması təqribən üç saata araya-ərsəyə gəlir, bu gün bazarlığını eləyərəm, sabah o başdandan - təxminən saat altıdan mən iş başında, düz saat doqquzda sizi gözləyəcəm... Hələlik...
Səhər tezdən Səfərin yeməkxanasını quzu qabırğasının adamı bihuş edən ətiri bürümüşdü. Məsafədən bəlliydi, yeməyə vurulmayan ədava qalmamışdı. Kişi sözünün yiyəsiydi. Qabırğa dolmasına ürəyini qoymuşdu.
Yeməyin ətiri dostları nə təhər tutdusa, qabırğa dolmasına əl uzatmamışdan məclisə adama bir badə ləziz çaxırı nuş etməklə başladılar. Məclis qızışdı, nə qızışdı. Hamısı yuxaya dönmüşdülər, söz sözü çəkirdi. Dil boğaza qoymurdular. Dostların xoş əhval-ruhiyyəsi tavana dirənmişdi.
- Səfər kişi, bu fantaziyadır, e, fantaziya... Sən canın bunu necə hazırlamısan, ucundan-qulağından bir az bizə də xırdala da...
- Hə, bu əməlli-başlı bir elmdir... Neyləyim, Allah əlacımı kəsib də, sizdən sirr saxlaya bilmərəm... İlk növbədə, əvvəlcədən dörd bir tərəfi bəndlənmiş üç kiloluq quzu qabarığasının böyür tərəfindən bıçaqla əl boyda cib açırsan. İslanmış düyü, antep fıstığı, qovrulmuş badam, istiot, cəfəri, azca duz, darçın və xırda doğranmış quzu ətini yaxşıca qarışdıraraq həmin qabırğanın içinə doldurursan. Sonra qabırğanın ağzını tikərək iri qazana yerləşdirirsən, üstünə su alırsan və yanına qabığı soyulmuş bir baş soğan qoymağı da unutmursan. Qazanın qapağını örtürsən...
- Səfər kişi, lap bizi şişiritdin e, de, dalı gəlsin, çox maraqlıdır...
- Hə, gəldik növbəti əsas məsələyə... Qazanın ağzı kip olsun deyə, un, su və duzdan xəmir yoğurursan. Bunu qapağın qırağı boyunca möhkəm-möhkəm yapışdıraraq bərkidirsən və yeməyin bişməsi üçün qazanı qoyursan iki saatlığına vam odun üstünə...
- Aha, bəs, sonra?
- Bu hələ harasıdır, elə ki, qabırğa dolması lay-lay vam odda bişdi, onu səliqəylə çıxarıb siniyə yerləşdirirsən... Üzərinə kərə yağı, qatıq, istəsəniz, zövqünüzə uyğun azca tomat qarışığından sous çəkirsiniz və bibəriyə, yəni rozmarin səpərək sobada üz qatı yaxşıca qızaranadək bişirirsiniz... Sonrası da bəllidir, nuş olsun! Buyurun, çox şadam ki, xoşunuza gəldi...
Qabırğa dolmasının bəsdi deyincə ləzzətini çıxaran, balondakı çaxırı son damlasınadək sümürən dostlar günorta yenə Səfərin kafesindəydilər. Bu dəfə onlar barmaqlarını yalasaydın da, dadından doyulması mümkün olmayan qutablara girişmişdilər. Adamın Allahı var, hiss olunurdu ki, Səfər qutabların bişirilməsinə birbaşa özü nəzarət eləyib, qatığı, sumağı da öz yerində. Adama ət, ciyər, qarın, balqabaq və göyərti qutablarının hər birindən iki-iki aşırsalar da, bu yetmədi. Sanki, şövqə gələrək qarın açmışdılar, ağızlarına dinclik vermirdilər, nə yeməkdə, nə də dır-dır üyüdüb tökməkdə. Təzədən bir o qədər də sifariş elədilər. Qutablar bişənədək Səfəri dilə tutdular ki, bəs, sən dünyagörmüş kişisən, ehtiyatda bayaqkı çaxırdan saxlamamış olmazsan, nə təhər ləzzətli idisə, doya bilmədik. Axşama xaşın da növbə gözlədiyini nəzərə alan Səfər ha çalışsa da, dostların əlindən qurtula bilmədi. Başqasına söz verdiyi bir balon çaxırın tən yarısını dostlara güzəştə getmək məcburiyyətində qaldı. Ara-sıra xaş asılmış qazanın qapağını qaldıraraq bu ələdüşməz təama göz gəzdirməkdən olmazın həzz alan Şərif, Fəttah və Şamil kafe sahibindən yenicə qopardıqları çaxırın da axırına çıxıb, dünya onlarındı təkin keçdilər nərd, domino çırpmağa.
Nəhayət, qaş qaralanda dostların bayaqdan səbirsizliklə gözlədikləri vam odda bişən xaş da hazır oldu. Həlməşiyi(bulyonu) qızılı rəngə çalan yağlı xaş adama gəl-gəl deyirdi. Səfər xaş bişirərkən baş soğandan istifadə etməklə mütamadi kəfini yığdığından, suyu şəffaf olsun deyə qazana kök saldığından, bu yeməyə təkrarsız ləzzət verən dəfnə yarpağı, cürəbəcür digər ədavalar da qatdığından xaşın tamından çətinki doyaydın. İlk baxışdan bəlliydi, Səfər kişi ütərkən malın dırnaqlarında qalan iyin getməsi üçün də nə lazımdı eləmişdi. Dağım-duğum olmasın deyə sümüklərə də balta vurmamışdı, onları iti mişarla ehmallıca hissələrə parçalamışdı. Ətin sümükdən rahat aralanmağından bilinirdi ki, Səfər xaşın ləzzətli alınması üçün əldən-ayaqdan getmişdi. Ağzı sulandıran sarımsaqlı sirkə, dənələnmiş nar, çeşidbəçeşid şoraba və göyərtilər, hələ də buğlanan təndir çörəyi və lavaşlar da süfrəyə qoyulduqdan sonra Şərif, Fəttah və Şamilin çətinki qarşısında duran tapılaydı. Qanlı ovuna girişən aslan təkin xaşa hücum çəkdilər. Tut arağı da su yerinə işlənirdi. Ətrafdakılar ağızları sulandıqca oğrun-oğrun onlara tamaşa etməkdəydilər.
- Səfər kişi, bu nəmənədirsə, təkcə, yaxşı bişirməklə alınan deyil e, sən buna nə qatırsansa, əməlli-başlı yağlı və qatı olur, sənin xaşın o xaşlardan deyil. Sən canın, bəs, bunun sirri nədədir?
- Düzün deyim də, əslində, elə bir fərqli nəsə eləmirəm, sadəcə çalışıram, xaşa gələnlərin ovqatı təlx olmasın, ümidləri doğrulsun. Yəqinki, mən xaşa dananın quyruğu və qarın hissəsindən də əlavə elədiyimdən, belə dadlı, daha yağlı və qatı həlməşik alınır.
- Düzdü, görünür, bunun da böyük fərqi var və hər şey göz qabağındadır, halal olsun, sən bizə bu gün əsl cənnəti yaşatdın.
- Halal xoşunuz, çox şadam ki, ürəyinizcə fərqli günü yaşayırsınız. Öz aramızdı, Şərifin xaş ideyası işinizə yaman yaradı ha...
Ədalət naminə, adambaşına iki kasa xaş aşıran dostlar son badələrini məhz Şərifin şərəfinə qaldırdılar, onlara belə xoş gün yaşatdığına və bu boyda həngamənin xərcini də təkbaşına çəkdiyinə görə ona bir ucdan təriflər yağdırdılar. Bir qulağı şərəfinə səsləndirilən sağlıqlarda olan Şərif şoraba sarımsaqdan doydum demək bilmirdi. Beləcə, o, yağlı xaşın öhdəsindən gələnədək iki baş sarımsağı mədəsinə ötürdü. Səfər dibində az-maz tut arağı qalan balonu güc-bəla onların əlindən almasaydı, tam mübaliğəsiz, dostlar onun da axırına çıxacaqdılar.
Burda deyiblər, sən saydığını say, gör, fələk nə sayır. Sən demə, dostların çim yağ daman istirahətlərinin ən gur anları hələ qabaqdaymış. Pürrəngi çayla nərd yarışı yenidən ərşə qalxsın deyə Səfər süfrəni təzəcə qaydasına salmışdı ki, Şərifdən bir böyürtü çıxdı, gəl görəsən. Sanki, bir kapal qəssab bayaqdan bəri ipə-sapa yatmayan dananın ayaqlarını güc-bəla qatlayaraq böyrü üstə sərib indicə boğazını üzəcəkdilər. Anındaca təcili yardıma zəng eləməkdən başqa çarələri qalmadı.
İnsafən, həkim briqadası tezcənə özünü yetirdi. Yarımcan olan Şərifə ötəri göz gəzdirməklə onun təcili əməliyyatlıq olduğunu, bu cür küt ağrının əsasən kor bağırsaqdan qaynaqlandığını deyən həkimə kimsə şəkk gətirmədi. Bu kişinin işdə saç-saqqal ağartdığı çöhrəsindən bəlliydi. Kefli olsa da, ağrıdan qıvrılsa da, hələ indiyədək nəsillərində kimsənin kor bağırsağından şikayət etmədiyini haray çəkən Şərifə məhəl qoyan olmadı. Onun dostlarına and-amanı da işə yaramadı. Qəfil baş verənlərdən dostların gün ərzində çəkdikləri kef batil olmuşdu, sanki, dillərinə bir qram da olsun içki dəyməmişdi. Kefliliklərindən əsər-əlamət qalmamışdı.
Həkimin məsləhətiylə xəstəni qaçaraq ən yaxınlıqdakı xəstəxanaya çatdırdılar, vaxt gözləmirdi. Şərifi birbaşa cərrahiyyə otağına apardılar. Həkimlər sorğu-sualındaykən, o isə özünə əl qatmışdı, hələ də ağrısının kor bağırsağından qaynaqlanmadığını iddia edirdi. Nəhayət, bayaqdan hövsələsini güclə basan cərrah əsəblərinə yiyə dura bilməyərək ona çımxırdı:
- Bəsdi, özünü də həlak elədin, bizi də öz işimizi görməyə qoymursan, elə, ancaq səsinə güc verirsən, sus barı... Belə ağıllıydın, gün boyunca o zəhirmarı başına çəkəndə, o yağlı yeməkləri tıxışdıranda, bir qoşunluq sarımsağı mədənə dürtüşdürəndə qədərini biləydin. Sən nə birinci, nə də axırıncı deyilsən bu vəziyyətdə üstümüzə gələn, hələ danışmağa dilin də var...
Tam çıxılmaz vəziyyətə düşən Şərif gözlənilmədən sağ ayağını var gücü ilə qaldıraraq çarpayının başına qoydu və hikkəsindən hədəqəsindən çıxan gözlərini həkimə zillədi:
- Kor bağırsağı tutan kəs də, sağ ayağını ağrısız-filansız belə asanca hərəkət etdirərək göyün üzünə qaldıra bilər, yoldaş həkim?!
Vəziyyətin belə gözlənilməz axar aldığı məqamda bayaqdan bu səhnəni dördgözlə izləyən təcrübəli tibb bacılarından biri dilə gəldi:
- Həkim, müdaxiləyə görə üzrlü sayın, məncə, xəstəni imalə etsək, qısa vaxtda hər şey qaydasına düşəcək...
- Sən də elə onun tayısan, nə deyirəm, buyur göstər məharətini... Sadəcə, yaddan çıxarma ki, cavabdehlik sənlikdir...
Aradan heç onbeş-iyirmi dəqiqə ötməmişdi ki, xəstəxananın dəhlizində bir vur-çatlasın başladı ki, gəl, görəsən. Bayaqdan dözülməz ağrıya tablaşmaq məcburiyyətində qalan Şərif özünə əl qatıb, var gücüylə zümzümə eləyərək ritm tutub "hop-stop" gedirdi. Anındaca bütün palatadakılar dəhlizə tökülüşdülər. Qəlbən şırıqqa vuranlar arasında həkimlər və tibb bacıları da vardı. Xəstələrdən cuşa gələn ləzgi qardaşın da meydana atılmağı ilə bu dəfə "ləzginka" təranələri şahə qalxdı. Azca keçmiş meydan genişləndi, sanki, şənlik mağarındaydılar. Şərifi imalə edən tibb bacısı da artıq rəqs edənlərə qoşulmuşdu, onun da sevincinin həddi-hüdudu yox idi. İş orasındaydı ki, bayaq Şərifi kəsib-doğramağa müntəzir vəziyyətdə olan cərrahın da əllərinə yazığı gəlmirdi, beləcə tələskənliyini etiraf etmək məcburiyyətindəydi. Bu hələ harasıydı, xəstəxananın başbilənlərindən sayılan həmin kəs Şərifin təkidi ilə onunla birgə rəqs etməli də oldu.
Doğrudan da, necə lazımdır sıravilikdən çıxardıqları o gün dostların ömür kitabına həmişəlik yazıldı. Bundan başqa həmin məzəli günün ideya müəllifi əlavə "qazanc"sız da qalmadı. O vaxtdan hamı, eləcə də, yaxın dostları Şərifi yarı zarafat, yarı ciddi "doxtur Şərif" deyə çağırmağa başladılar.
Ədalət.-2019.-10 aprel.-S.7.