"Ömür bir nağıldır"
romanının janr xüsusiyyətləri
Salidə Şərifova
filologiya elmləri doktoru
(əvvəli
ötən sayımızda)
Biz müəllifin
dedikləri ilə 2010-cu ildə "Qızıl dağ"
nəşriyyatında çap edilmiş bu kitabın məhz
ulu öndər Heydər Əliyevə həsr edildiyinin
şahidi oluruq: "o, bütünlüklə ulu öndərimizə
həsr edilib. Kitabda 15 şeir və
ayrı-ayrı mətbu orqanlarında çap olunan publisist məqalələrim
yer alıb". Bu kitabdan başqa müəllifin ulu
öndər Heydər Əliyevə "Müstəqillik
yollarında" adlı poema həsr etməsi, "və rəngli
fotolarla müşayiət olunan eyni adlı kiçik həcmli
kitab çap" etdirməsini də məhz "Ömür
bir nağıldır" xatirə-romanında oxuyuruq. Daha sonra Fərəc Fərəcov bu kitaba deputat həmkarı
Asim Yadigarın ön söz yazması və kitabın
dörd hissədən ibarət olması haqqında məlumat
verir.
Fərəc Fərəcovun məhz özünün
müəllifi olduğu şeirlərindən
parçaların verilməsi də əsərdə geniş
yer almışdır. Məsələn, əsərin proloq əvəzində
dörd misralıq şeirinin xatırlanaraq verilməsi:
"Həyat
mənasızdır" deyən kəslərə,
Deyim, eşitsinlər bunu bir kərə.
Mənanı
özümüz yaratmalıyıq,
Həyata şirinlik biz qatmalıyıq.
Daha sonra
Fərəc Fərəcovun əsərin I hissəsində də
özünün qələmə almış olduğu "Sənə
möhtacam" şeirindən parçanın verilməsi də
diqqəti cəlb edir:
Sığalların
elə hopmuş qəlbimə,
Sandım dünya mənə yanan dünyadı.
Gözəl
anam, şirin anam, sən demə,
Sənə görə məni anan dünyadı.
Müəllifi
olduğu bu şeir parçasında F. Fərəcovun
anasına olan məhəbbəti həyəcanla təlqin etməyə
qadir ola bilmişdir.
Müəllif
özünün qələmə aldığı şeirlərdən
əsərdə parçalar verməklə əsərində
təlqin etdiyi fikirləri dolğunlaşdırmaqla
yanaşı, olaylara nəzmlə qiymət verməyi bacarmışdır:
Daim
boşalacaq, dolacaq dünya,
İnsanın nəyi var alacaq dünya.
Alim fikrə
dalıb arayacaqdır,
Yenə sirr olaraq qalacaq dünya.
Romanda Fərəc Fərəcovun öz bədii əsərlərinin
digər yazıcı, ədəbiyyatşünas və
publisistlər tərəfindən qiymətləndirilməsi
barədə oxucuya geniş məlumat verir. Yazıçı
Güllü Məmmədovanın müəllifin
"Yayçı soyqırımı" əsəri
haqqında fikirlərinin əsərdə əks etdirilməsi
təqdirəlayiqdir. Bu bir daha təsdiq edir ki, əsər
ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir:
"Kamil qələm sahibinin ən böyük uğuru
"Yayçı soyqırımı" publisist
kitabıdır. Bu kitab tariximizin qanlı səhifələrinə
həsr olunub. 1918-ci ildə Ermənilər
Culfa rayonunun yayçı kəndində dəhşətli
soyqırım törətdilər. Müəllif
soyqırımın şahidi olmuş adamların söhbətlərini
qələmə almış, erməni faşizmini ifşa edən
gözəl publisistik əsər yaratmışdır. "Yayçı soyqırımı"
böyük zəhmətin bəhrəsi kimi çox dəyərlidir."
Romanında müəllif həmçinin "Aydın
sabahlar" romanının Güllü Məmmədova tərəfindən
yüksək dəyərləndirilməsi və xanım
yazarın "Həyatın bədii aynası" kimi ön
söz yazması, həmçinin tənqidçi Vaqif
Yusiflinin də, müəllifin dostu Tofiq Cəlilovun da əsəri
yüksək dəyərləndirmələri, Həsənqulu
Həsənovun isə müəllifə məktub göndərməsi
kimi faktlara da yer ayrılmışdır. Biz
"Ömür bir nağıldır" xatirə-romanında
şair Balayar Sadiqin "Ulduz" jurnalında ədibin
kitabları barəsində müsbət fikirlərin əksini
tapması müəllif tərəfindən qürurla qələmə
alınır.
"Ömür bir nağıldır" əsərinin
problematikası müəllifin şəxsi həyatı ətrafında
formalaşmasına baxmayaraq, əsərdə tarixi hadisələrin,
müasir siyasi olayların, görkəmli tarixi şəxslərin
obrazlarının verilməsinə xüsusi diqqət
yetirilmişdir.
Bir tərəfdən, müəllif öz həyatına
dair vacib faktları qələmə alır. Məsələn,
Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə
qəbul edilməsi. Belə ki, müəllif bu hadisəni
işıqlandırarkən, artıq oxucuya bəlli edir ki, o
hansı tarixdə Azərbaycan Yazıçılar Birliyinin
üzvlüyünə qəbul edilmişdir: "...sənədlərimi
toplayıb təqdim etdim. Çox gözləmədim.
2001-ci ilin yanvarında sevimli yazarımız
Anarın imzaladığı vəsiqə mənə
çatdırıldı." Fərəc
Fərəcovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı seçilməsi əsərdə geniş əksini
tapmışdır. Məhz oxucu müəllifin bu məqamla
bağlı xatirələri ilə tanış
olduqda ilk dəfə deputat seçilməsinin şahidinə
çevrilir: "2002-ci ilin 09 iyul günü. Məhz
həmin tarixdə 38 saylı Yayçı seçki dairəsində
Ali Məclisə əlavə seçkilər keçirilirdi.
Deputatlığa namizəd kimi mən də
seçkilərə qatıldım. Səsvermənin
yekunları qələbəmlə nəticələndi.
Deputat oldum." Oxucu xatirə-romanda həmçinin
müəllifin Naxçıvan Mətbuat Şurasının
sədri seçilməsi tarixi ilə də tanış
ola bilir. Bu müəllifin qeyd etdiyi kimi 29 oktyabr
2005-ci ilə təsadüf etmişdir. Göründüyü
kimi zamanın dəqiqliklə göstərilməsi heç də
onun bədiiliyinə xələl gətirmir, onu xronologiyaya
çevirmir. Əksinə, həmin tarixlərin
dəqiqliklə göstərilməsi əsərin daha
oxunaqlı olmasına səbəb olur.
Digər tərəfdən vacib tarixi faktlar əks
etdirilir və ictimai-siyasi elitasına daxil şəxsiyyətlər
barədə məlumat verilir. Xatirə-romanda tarixi
faktların tədqiq edilməsi məqsədi
güdülmür, müəllif öz yaddaşına əsaslanaraq
əsər yaradır. Lakin F. Fərəcovun qələmə
aldığı "Ömür bir nağıldır"
xatirə-romanında baş vermiş hadisələrin təqdimi
zamanı tarixi faktların verilməsi ilə yanaşı, həyata
və zamana müəllif münasibətləri ilə bərabər
bəzi hadisələrin konkret tarixi, yəni onların baş
vermiş olduğu konkret zaman da açıqlanır: "Qəzanın
tarixi dəqiq yadımdadır: 25 sentyabr 2005-ci il. Dəhşətli bir gün!" Müəllif müdaxiləsinin nəticəsində
sənədlilik, yəni fakt bədiilik şəklində
oxucuya təqdim edilir. Diqqəti cəlb edən
məqam isə, əsərdə hadisələrin cərəyan
etdiyi, yəni müəllifin keçdiyi və
yaşadığı zamanla bərabər müəllifin əsəri
qələmə aldığı zamanın xüsusiyyətlərinin
sintez şəkildə təqdim edilməsidir. Əsərdə
tarixi, real fakt kimi Sovetlərin süqutu da əksini
tapmışdır: "1991-ci ilin 31 dekabr günü 70
yaşlı sovet dövlətinin süqut tarixinə
çevrildi. Üstünə qara haşiyə
çəkildi." Müəllif tərəfindən
təqdim edilən, özündə zaman, həyat həqiqətini
ehtiva etmiş fakt, sənədlik artıq müəllifin səyi
nəticəsində bədiiləşir. Gündəlik
hadisələri özündə təzahür etdirən
"Ömür bir nağıldır" xatirə-romanında
tarixin silinməz qanlı səhifələrinə
çevrilmiş soydaşlarımıza qarşı genosid
aktlarının törədilməsi, daha doğrusu 1918-ci ildə
törədilmiş qırğının xatırlanması məqamı
da əsərin maraqlı məqamlarından biridir.
Müəllif soydaşlarımıza qarşı genosid
aktlarının törədilməsi tarixin silinməz
qanlı səhifələri haqqında nənə-babalardan
eşitdiyinə, Sovet hakimiyyəti dövründə
qadağalara baxmayaraq, yaddaşlarda yaşanıb gələcək
nəsillərə ötürülməsi faktı təhlil
obyektinə çevrilərək açıqlanır: "Vəhşi
Andronikin kəndə basqını bizim evdə də tez-tez
danışılan mövzuya çevrilərdi." Müəllifin bu fikirləri ilə müasirlərini
XX əsrin əvvəlləri və ortalarında Azərbaycan
torpaqlarının zəbt edilməsi məqsədi ilə
törədilən cinayətkar əməlləri, qanlı
tarixi hadisələri unutmamağa çağırır.
Əsərdə dahi şəxsiyyətlərin fikirlərinə
əsaslanmaq, sitatların verilməsi maraq kəsb edir. Ulu öndər Heydər
Əliyevdən verilmiş hikmətamiz fikirlər diqqəti cəlb
edir: "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan
dilində danışmağıma, Azərbaycan kimi vətənim
olduğuna, Azərbaycanı təmsil etdiyimə görə
özümü həmişə xoşbəxt
saymışam." Əsərin III hissəsində
Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi
kimi tarixi faktının təqdimi məhz xatirə-romanda əksini
tapmışdır ki, bu da xatirə-romanda real tarixin
yaddaşlara həkk olunmasının göstəricisidir.
Müəllif bu tarixi yaddaşı oxuculara böyük sevgi və
fəxarət hissilə belə çatdırır: "22
iyul 1990-ci ildə ulu öndər Heydər Əliyevin
Naxçıvana qədəm qoyması şəhər və
kəndlərimizə toy-büsat ab-havası bəxş etdi. Bu tarixi gəlişin sevincini biz hamımız ürəkdolusu
yaşadıq. Çox çəkmədi
o dahi şəxsiyyət Naxçıvanımızın hər
bir guşəsinə öz ayaq izini saldı, insanlarla əl
tutub görüşdü. Onlara ürək-dirək
verdi, yol göstərdi."
Ailə salnaməsini xatırladan "Ömür bir
nağıldır" əsərində yalnız müəllifin
şəxsi həyatı deyil, həmçinin ictimai-siyasi
proseslər, tarixi hadisələr, gerçəkliklər,
reallığa istinadlar dəqiqliyi, reallığın, həqiqətliyin
gözlənilməsi müəllifin öz bədii obrazı
vasitəsilə canlandırılaraq əksini
tapmışdır. Tanınmış şəxslər haqqında
xatirələrə də əsərdə yer verilməsi diqqətdən
yayınmır. Belə ki, müəllif anasının
dili ilə onların evində Üzeyir Hacıbəylinin qonaq
qalması amilinə də toxunmuşdur: "Radiodan dahi
Üzeyir Hacıbəylinin adını tez-tez eşitməyə
başladım. Adı çəkildikcə anamın
fəxrlə "bizə gəlib", "bizdə
qonaqlanıb" kimi sözlərini yadıma salırdım.
Qeyri-ixtiyari mən də qürurlanırdım.
Qəlbim dağa dönürdü." Amma təəssüf ki, müəllif bu
görüş barəsində (anasının xatirələrinə
belə əsaslanılsaydı da) başqa məlumat vermir.
Xatirə-romanda
AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili,
akademik İsa Həbibbəyli haqqında xatirəsində biz
artıq İ. Həbibbəylinin tələbəlik illərində
qrup nümayəndəsi, həmçinin müəllifin kurs
yoldaşı olmasının şahidi oluruq: "Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, istedadı qədər
də çalışqanlığı ilə seçilən
və yaxşı dost olmağı bacaran akademik İsa Həbibbəyli
İnstitut illərində qrupumuzun sinif nümayəndəsi
olmuşdur."
Fərəc Fərəcovun "Ömür bir nağıldır"
əsəri müəllifinin tərcümeyi-halının
öyrənilməsində mühüm mənbə kimi təqdirəlayiqdir. Müəllif
öz tərcümeyi halını bədii biçimdə
ifadə edərək, söz sənətinə
köçürə bilmişdir. Yazarın
yaddaş amilinin mühüm rol oynadığı və xatirə-roman
adlandırdığı "Ömür bir
nağıldır" kitabı özünün publisistik
üslubu ilə diqqəti cəlb edir. Bu
xüsusiyyət də müəllifin uzun illərdə
çalışdığı, şəxsi həyatının
qayəsinə çevrilmiş jurnalistika sahəsindəki
peşəkar fəaliyyəti ilə bağlıdır.
Belə ki, şair-publisist Fərəc Fərəcovun yaradıcılığına
xas olan, şəxsiyyətlərə, hadisələrə
müəyyən fərqli yanaşmalar ilə fərqlənən
"Vətən qürurumdur mənim",
"Yaxşılar bəxş edir həyata zinət",
"Elə bağlıyam" adlı şeirlər
kitabları, "Hekayələr" başlığı
altında toplanmış nəsr əsərləri,
"Aydın sabahlar" romanı, "Ömür bir
nağıldır", "Culfa şəhidləri",
"Yayçı", "Yaycı soyqırımı",
"Muxtar Respublika mətbuatı: Dünən və bu
gün", "Jurnalist", "Sənət məbədinin
sənətçiləri", "Sən olmasaydın"
publisistik kitabları onun professionallığına dəlalət
edir.
Ədalət.-2019.-10 aprel.-S.5.