ŞƏHRİZADIN... TARZƏN RAMİZ
QULİYEV NAĞILI
Rafiq HACIYEV,
yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul
Rza Ədəbi Mükafatlar laureatı.
OXUNUŞCA DAHA ŞİRİN, DAHA
MƏNALI "MİN BİR GECƏ”
HEKAYƏTLƏRİNİN
ÜSLUBUNA SALINMIŞ LİRİK
SÜJETLƏR ƏSASINDA
MİN ALTINCI GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:
- Baci can, əgər yuxun gəlmirsə,
yatmırsansa, nağılını davam etdir.
Şəhrizad
da bacısına cavabında dedi:
- Şahım icazə versə, davam etdirərəm.
Padşah
buyurdu:
-
Danış.
Qız
nağılın ardını danışmağa
başladı:
-
Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər
ki, beş illik ali təhsildən sonra Ramiz
Quliyev yetkin ifaçı tarzən kimi Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasını tar və
dirijorluq ixtisasları üzrə qırmızı diplomla - Fərqlənmə
diplomu ilə bitirdi.
Konservatoriyanı bitirib müstəqil sənət yoluna
qədəm qoyduğu ilk illər Ramizin həyatına bir
çox gözlənilməz yenilklər gətirdi. Həmin illər
onun nəinki Azərbaycanda, hətta onun sərhədlərindən
uzaqlarda şöhrət qazandığı illər oldu və
yorucu, lakin nəticə etibarilə mühüm olan konsert səyahətləri
üçün yol açıldı.
Digər tərəfdən də Ramizin eyzən
ixtiyarında olan itaətkar melodik ilham və daim inkişaf edən
ifaçılıq texnikası onu böyük uğurlara səslədi. O, xalq və klassik musiqinin
qaynar bulağından bəhrələndikcə yeni-yeni
müvəffəqiyyətlər əldə etdi.
Yunan alimi
Sokrat (Onun ruhu şad olsun!) belə bir kəlam söyləyib
ki, 12 yaşından 16 yaşına qədər yeniyetmə,
16-dan 21-ə qədər gənc, 21-dən 28-dək cavan olan
hər bir insan 28-dən sonra artıq öz sözünü
deyən adam olmalıdır.
Bu həqiqəti dərk edən Ramizin yaşının
28 olmasını gözləməyə sabri çatmadı. Elə 27 yaşında (hərçənd
ki, 15 yaşında "Şur" ansamblının tərkibində
Moskvada çıxış eləmişdi) öz
sözünü geniş mənada ölkə səviyyəsində
dedi - 1974-cü ilin iyun ayında Zaqafqaziya musiqiçilərinin
Yerevanda keçirilən "Sayat Nova" adına musabiqəsində
onun ifasında yüksək şövqlə və həvəslə
səslənən "Eşqinlə", "Ah çəkmədim"
və başqa əsərlər öz səmimiliyi və təsirliliyi
ilə münsiflər heyətinin üzvlərinə və
dinləyicilərə fövqəladə dərəcədə
xoş gəldi, onların dərin marağına səbəb
oldu.
İfadakı hisslərin oynaqlığı, musiqi
obrazlarının zənginliyi və rəngarəngliyi ilə
bərabər gənc tarzənin şəxsi keyfiyyətləti
- ehtiraslı enerjisi, cəsarəti, hissiyyatının
qüvvəsi də daha kəskin surətdə nəzərə
çarpdı.
Azərbaycan
tarına məxsus parlaq ənənələrə
böyük ustalıqla yanaşması və bunların vasitəsilə
tarın ifaçılıq imkanlarının genişliyindən
bacarıqla istifadə etməsi nəticəsində yüksək
və həm də bənzərsiz bir sənətkarlıq məharətinə
nail olan Ramiz Bakıya müsabiqənin qalibi kimi Qızıl medalla
qayıtdı. Həmin ilin oktyabrında isə...
O, bir
payız günlərində Moskvanın Mərkəzi İncəsənət
İşçiləri Evində başlanan estrada
artistlərinin beşinci Ümumittifaq müsabiqəsində
SSRİ-nin hər yerindən gəlmiş min nəfərdən
çox ifaçının sırasında həyəçanlı
dəqiqələr keçirdi.
Konsertlər
zamanı gurultulu alqışlar, səhnəyə
çağrışlar, əzəmətli təzimlər,
yorğunluq, əllərin və nəzərlərin
görüşməsi, fikrlərin ilk sözdən,
narahatlıqların ilk sədadan başa düşülməsi,
qaynar Moskva küçələri, qızıl payızın
hənası ilə xınalanan qollu-budaqlı ağaclar,
axşam səmasında buludların arasından parıldayan
ulduzlar - bütün bunlar gənc tarzəni həyəcanlandırmışdı.
Bu həyəcanlar musiqidə öz əksini tapdı,
Ramizin barmaqları altında qəribə və ecazkar
melodiyalara çevrildi, minlərlə dinləyicinin qəlbində
dərin kök saldı. Bunlar yalnız başlanğıc,
böyük və uzun həyat yolunun və hisslərin rəhni
idi.
Ramizin ifalarındakı poetik məhəbbətin gözəlliyi
isə nə kitablardan, nə də alovlu fantaziyadan doğurdu. Bu alov xoşbəxtlik və
iztirabın qəlbdən vurub çıxartdığı
alov idi!
O
müsabiqədə hər dəfə estradaya (səhnəyə)
çıxıb tarı sinəsinə sıxanda sonsuz
mürəkkəb notlardan və templər haqqında göstərişlərdən
ibarət olan partituranı canlı, vahid musiqi əsərinə
çevirirdi.
Tarzən
mənimsədiyi çox sərrast və dəqiq
ifaçılıq üslubunu, diqqətlə seçdiyi,
cilaladığı müxtəlif səciyyəli ştrixləri
məharətlə işə salır, melodizmlərə, rəvan
intonasiyaya, qəfil, təbii keçidlərə,
yığcam gəzişmələrə, registr
qarşılaşdırmalarına, rəngarəng metro-ritmə,
forma yetkinliyinə və digər zəruri cəhətlərə
xüsusi əhəmiyyət verirdi.
Ramizin ifasında psixologizmə çox güclü
meylin olduğunu duymaq heç də çətin deyildir. Elə bil
tarın üzünə çəkilmiş pərdə
Ramizin öz ürəyinin pərdəsi idi, ona görə də
o, qəlbindəkiləri, çaldığı
muğamın, musiqinin sanki psixoloji məzmununu açıb
dinləyiciyə, tamaşaçıya olduğu kimi
çatdırırdı.
Onun virtuoz çalğısı başlıca olaraq bədii
obrazın dərinliyinə yönəlirdi. Ehtirasların
zahiri ifadəsi Ramizdə tamamilə yox dərəcəsində
idi. Lakin bununla yanaşı hiss, emosiya, necə
güclü olursa-olsun, həmişə ağla, idraka, məna
və məzmuna tabedir. Dinamik gərginlik texniki əyləndirici
keyfiyyətdə, emosiyaların gərginliyində,
coşqunluqda verilmir. Odur ki, Ramizin
çalğısında obrazlar müstəsna dərəcədə
parlaq dır.
Tarzənin çalğısı paytaxt dinləyicilərini
misilsiz dərəcədə ovsunlayırdı. Onlar belə
bir qüvvə, belə bir qızğınlıq, belə bir
cəsarətli vüsət gözləmirdilər. Sürətli və coşqun ifanın
başlanğıcından tamaşaçılar bütün
varlıqlarında elə bir təlatüm, elə bir həyəcan
və sevincdən doğan elə şirin duyğular
yaşayırdılar ki, gözəllik insan qəlbini bir anda
çulğadıqda bu hisslər onu bürüyür.
Ramiz çalıb qurtarıncaya qədər qətiyyən
qımıldanmırdılar. Cuşə gəlmiş
tamaşaçılar onun ifa etdiyi əsərlərin səmimiliyini
və bəşəri məzmununu, zərifliyini və gözəlliyini
dərk edib çox qızğın minnətdarlıqla dəyərləndirirdilər.
Yekun
turunda - Moskva Dövlət Estrada Teatrının
ağzınacan dolu tamaşaçı saloninda 75 nəfər
musiqiçinin, dirijorun, musiqişünasın, rejissorun və
ölkənin neçə-neçə adlı-sanlı sənətkarlarının
daxil olduğu münsiflər heyətinin qərarı ilə
istedadlı, əməksevər gənc tarzənə ətirli
gül çələngi və "Xalq çalğı alətlərində
ifaçılıq müvəffəqiyyətlərinə
görə" Ümumittifaq müsabiqəsinin qiymətli
laureat diplomu verilir.
Bu təntənənin canlı şahidi olan
Ümumittifaq müsabiqəsində xalq çalğı alətləri
üzrə münsiflər heyətinin sədri, RSFSR-in xalq
artisti Nikolay Çaykin (Onun ruhu şad olsun!) Ramizin
ifaçılığına olan heyrətini gizləyə
bilməyərək ürək sözlərini belə ifadə
edir:
"Onun incə musiqi duyumu, dünya xalqlarının
folklorunu həssaslıqla hiss etməsi müsabiqə
zamanı özünü aydınca göstərdi. Məni gənc
tarzənin çalğısındakı obrazlı ifa tərzi,
məlahətli ahəng, yumşaq tembr xüsusilə heyran
etdi. İnanıram ki, bu istedadlı
ifaçı bundan sonra da tarın imkanlarından daha da
rasional istifadə edəcək və zəngin səs
palitrası yaradacaqdır".
SSRİ
xalq artisti, Akademik Rus Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbəri və baş dirijoru Nikolay
Nekrasov (Onun ruhu şad olsun!) isə Ramiz barədə belə
deyir:
"Ramiz Quliyev adi ifaçı deyil. Onun
barmaqları oxuyur. Yüksək
ifaçılıq mədəniyyətinə, zəngin
improvizə qabiliyyətinə malikdir. Hər
dəfə onun bizimlə çıxışı Akademik Rus
Xalq Çalğı Alətləri Orkestrinin
ifaçıları üçün əsl bayrama
çevrilir".
1.137 nəfər müsabiqə
iştirakçısı sırasında
qazanalımış bu müvəffəqiyyət və azman
musiqişünasların yekdil tərifi o demək idimi idi ki, sənət
yarışmasında Ramiz qarşısında duran ümumi məsələləri
həll edibdir?
Yox! Müsabiqə axtarışların, sənət
uğurunun yekunu deyildir. O, daha çox gələcək
böyük sənət uğurlarının
başlanğıcı idi!
Ölkənin tanınmış musiqi xadimləri tərəfindən
Ramizin ifaçılıq qabiliyyətinin çox sərrast
bir surətdə bu cür yüksək səciyyələndirilməsi
və dəyərləndirilməsi onun həmvətənlərinin,
ilk növbədə pərəstişkarlarının qəlbini
sonsuz fərəh və iftixar hissi ilə coşdururdu. Bu uğurlar Azərbaycan tar
ifaçılıq sənətinin sabahkı gününə,
Ramizin özünün sabahkı, lakin hələ
başlanmamış günlərinə yönəldilmişdi.
Onun ürəklə çaldığı və
müsabiqədə qiymətvericilər tərəfindən səmimi
qarşılanan musiqi əsərləri - Montinin
"Çardaş"ı, Adil Gərayın
"Qaytağı"sı və "Orta Mahur"
muğamı hakim mövqe tutdu, qəlbləri valeh etdi.
Müsabiqənin Moskva radiosu ilə "efirə" verilən proqramında Baltik dumanlarının örtdüyü Kalininqraddan tutmuş Berinq boğazınadək, hərəkət edən "Şimal qütb" stansiyasından tutmuş isti və rütubətli Astarayadək on milyonlarla adam Ramizin ifasını dinlədi. Gənc tarzənin parlaq sadəlik və dərin təsirlə çaldığı əsərlər yüksək dəyərləndirildi. Müsabiqə ona haqlı şöhrət qazandırdı. Onun adı ölkədə böyük qələbə ilə səsləndi. Bəlkə də həyatında heç zaman ... Ramiz müəllif mənliyindən bu qədər zövq almamış və təsirlənməmişdi.
Ramizin çalğısını canlı və təsirli intonasiyalar ehtiyatının xəzinəsi adlandırsaq, onun ifaları da - muğamları da, xalq və bəstəkar mahnıları da hər şeylə müqayisə edilməz səmimiliyi, hərarəti bu xəzinədən alırlar, bunlarsız Ramiz Quliyevin sənətini təsəvvür etmək olmaz.
Onun çaldığı bəstəkar mahnıları, tar ilə orkestr üçün konsertlər gözlənilməz mükəmməlliyi və dinləyicini valeh edən təsir qüvvəsi ilə fərqlənir.
Azərbaycan LKGİ MK bürosunun qərarına əsasən ədəbiyyat və incəsənət sahəsində 1978-ci il üçün respublika Lenin komsomolu mükafatının laureatları sırasında tarzən, Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının baş müəllimi Ramiz Quliyevin də adı vardı. Tarzən bu şərəfli ada 1976-1978-ci illərdəki konsert ifaçılıq fəaliyyətinə görə layiq bilinib.
Bir az da irəli gedib deyim ki, o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə 1982-ci ildə "Əməkdar artist", 1988-ci ildə isə "Xalq artisti" fəxri adlarına da layiq görülüb.
İnsanın həyatında elə günlər, aylar, illər olur ki, ötüb keçirlər, sonralar heç bir zaman bu günləri xatırlamırsan. Elə günlər, aylar, illər də olur ki, xatirdən silinmir. Onlar sənin həyatına daxil olur, nə isə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkk olub qalır..
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz söhbətini yarımçıq qoydu.
(ardı növbəti
sayımızda)
Ədalət 2019.- 11 aprel.- S.6.