İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq
İ.Şıxlı ədəbiyyat tariximizdə
yeni bir səhifə açan sənətkarlarımızdandır. Hələ sağlığında
ikən öz layiqli qiymətini almış bu böyük nüfuz sahibi özünə tələbkarlıqla yanaşan,
üzərinə düşən
məsuliyyətin ağırlığını
bütün varlığı
ilə dərk edən, əsərlərinin
bədii cəhətdən
mükəmməl və
dolğun olmasına önəm verən istedadlı yazıçılarımızdan
biri idi. Onun bir nasir kimi
qələmə aldığı
mövzular hər şeydən öncə öz bədiiliyi, rəngarəngliyi, aktuallığı,
obrazların mürəkkəbliyi,
özünəməxsus deyim
tərzi ilə yaddaqalandır. Ötən əsrin
ikinci yarısında ədəbiyyata gələn
bu nadir istedad sahibi öz orijinal yazı tərzi, fərdi üslubu ilə təxəyülünün gücünə
arxalanaraq insan xarakterlərini, onların
psixologiyasını, mənəvi
aləmini yenidən bədii idraka, obrazlı təfəkkürə
çevirməyi bacardı.
İstər hekayə və povestlərində, istərsə
də romanlarında o
həmişə müasir
idi. Bu müasirlik hər şeydən öncə onun qələmə aldığı
mövzuların aktuallığı
və həyatiliyi ilə bağlı idi. Çünki, yazıçının təsvir etdiyi mühit öz təbii gözəlliyi və milli xüsusiyyətləri
ilə seçilirdi.
Oxucu əsəri oxuduqca özünü bir anlığa təbiətin füsünkar
gözəlliyi qoynunda
hiss edirdi. Çünki yazıçı insanı təbiətin bir parçası kimi təsvir etmək bacarığına
malik idi.
Təxminən on ilə yaxın gərgin yaradıcılıq
məhsulu olan "Dəli Kür" (1968) romanı işıq üzü gördü. Bu əsər yazıçının
öz oxucularına əvəzsiz töhvəsi
idi. Bitkin süjet xəttinə
malik və gərgin dramatik konfliktlərlə müşahidə
olunan bu əsərdə yazıçı
XIX əsrin sonlarına
yaxın Azərbaycan kəndlərində baş
verən ictimai və tarixi hadisələri önə
çəkməklə yadda
qalan insan obrazları və xarakterlər yarada bilmişdir.
Yazıçı XIX əsrin feodal-patriaxal kəndində hökm sürən özbaşınalığı,
mülkədar-kəndli münasibətlərini,
ictimai ədalətsizliyi,
qadın hüquqsuzluğunu,
ruhanilərin riyakarlığını,
köhnə sxolostik təhsil sisteminin yararsız vəziyyətdə
olmasını, çarizmin
ucqarlarda xalqa zidd yürütdüyü
siyasətini özünəməxsus
bir şəkildə canlandıra bilmişdir.
Müəllif təkcə təbiət təsvirlərində yox,
insan xarakterlərinin açılmasında da öz sənətkarlıq
məharətini nümayiş
etdirir, onların fərdi keyfiyyət və davranışlarını
təbii boyalarla açıb göstərir. O, bir tərəfdən təsvir
etdiyi mühitin ab-havasını, insanların
yaşayış tərzini,
onların təbiətlə
vəhdətdə bədii
təsvirini sərgiləyirsə,
digər tərəfdən
də həmin mühitin ictimai norma baxımından
bir sıra xüsusiyyətlərini özündə
cəmləşdirərək mərkəzi obrazın-Cahandar
ağanın sosial fonda tipik surətini
yaratmış olur. Yazıçının "mən"i, dünyagörüşü də
bu obrazın dili ilə danışır.
Bu obraz öz-özlüyündə
ətrafda baş verən hadisələrin,
insan fərdlərinin
və müxtəlif yaşayış tərzinin
dərkidir; o, bütün
ruhu və qəlbi ilə əlçatmazlığın zirvəsində olmağa
can atır. Onun istək
və arzuları, duyğu və düşüncələri, məhəbbət
və nifrəti, dünyaya baxışı
məhz bu ucalıqdan boylanan mühitdədir.
Azərbaycan xalqının tarixi
keçmişindən, onun
başqa xalqlarla birlikdə zülm və zorakılığa
qarşı azadlıq
mübarizəsindən az yazılmamışdır.
Düzdür, İ.Şıxlı da məhz bu
ənənəyə müsbət
münasibət bildirməklə
əsərlərində müəyyən
mənada öz sələflərindən bu
və ya digər dərəcədə
bəhərlənmiş, özündən
sonra gələn sənətkarlar isə bilavasitə onun ənənələrini layiqincə
davam etdirmişlər.
Bununla belə yazıçı
romanın əvvəlindən
sonuna kimi öz orijnallığını
qoruyub saxlaya bilmişdir. Bütün bunları
nəzərə alaraq
"Dəli Kür"
romanı ruhən bir-birinə yaxınlığı
ilə seçilən
digər yazıçılarımızın
əsərləri ilə
onların oxşar və fərqli cəhətini həm paralel şəkildə müqayisə edəcək,
həm də qarşılıqlı təhlilini
verməyə çalışacağıq.
Biz ilk öncə İ.Şıxlının "Dəli Kür" romanı ilə M.Şoluxovun "Sakit
Don" romanı arasındakı
oxşarlığı nəzərdən
keçirəcəyik.
"Dəli Kür" romanında Göytəpə
kəndinin ürək
açan gözəllikləri,
yaşıl vadiləri,
çəmənlikləri,qıjıltı
ilə axıb gedən Kür çayı, onun sol sahilində yerləşən
qalın meşəlikləri,
oradakı vəhşi
yaşam tərzi o qədər canlı və reyal təsvir
edilmişdir ki, oxucu bu gözəllik
önündə heyranlığını
gizlədə bilmir:
"Axşamdan kəndin
üstünə çökən
duman çəkilmiş,
səhərə yaxın,
yağış çiləmişdi.
Torpaq yolların və cığırların
tozu xal-xal olmuşdu, çəmənliyin
şehi parlayırdı...
Hündür boz təpələri
yarıb uçuruma çevirən Kür, meşənin yaxası boyu uzanıb gedirdi. Tez-tez köpüklənib daşan,
yaz aylarında yatağına sığmayıb
gah sol sahildəki meşəyə soxulan, gah da bəri
üzdəki hündür
yarğanları, biçənəkləri,
ulğunları yuyub aparan Kür bu il daha
coşqun idi..."
Biz təbiətin epik planda belə təsvirinə M.Şoluxovun
"Sakit Don" romanında
da rast gəlirik:
" Melexovların evi Xutorun lap kənarındadır. Onların
mal-qara pəyəsinin
qapısı şimalda,
Don çayına baxır. Burada balıqqulaqları sədəf
kimi ətrafa səpələnmiş, dalğaların
yuyub gözəlləşdirdiyi
xırda çay daşları boz, əyri-üyrü haşiyə
kimi uzanır, sonra küləyin ləpələndirdiyi Donun
işıldayan göy
sularına qarışıb
gedirdi... Dan yeri
ağarır, bozumtul səmada tək-tək ulduzlar seçilirdi.
Buludlardan aşağıda külək əsirdi.
Donun üstü ilə süzən duman atlı
kimi çapır, təbaşirli dağların
döşünə yayılır,
oradan ilan kimi sürünə-sürünə
sıldırım qayaların
arasına girirdi. Çayın sol sahilindəki düzlər,
qumsallıqlar, qobular,
keçilməz qalın
qamışlıqlar, şeh
düşmüş meşə
soyuq şəfəqlə
parıldayırdı. Hələ boylanmamış
günəş üfiqi
qırmızı şəfəqə
bürümüşdü..."
Hər iki əsərdə müəllif
təbiətin ürək
açan gözəlliklərini
bədii boyalarla təsvir etməklə bir-birindən gözəl
epitetlər, təşbehlər,
metoforalar yaratmaqla bizi heyran edir. Oxucu gah
baharın xoşbəxtliyə
aparan gizli pıçıltısından, gah yaz vaxtı
yatağına sığmayan
Kürün boz-bulanıq
qıjıltısından, gah da Donun
"üstü ilə
süzən dumanın
atlı kimi çapıb" getməsindən
estetik zövq alır.
Biz eyni zamanda
"Dəli Kür"
romanı ilə "Sakit Don" romanı arasındakı oxşar və fərqli cəhətlərinə də
aydınlığ gətirməyə
çalışacağıq.
Hər iki romanda təsvir olunan hadisələr coğrafi baxımdan ayrı-ayrı məkanda baş versə də, yazıçının
qarşıya qoyduğu
problemlər, onları
narahat edən və düşündürən
məsələlər müxtəlif
zaman kəsiyində eyni bir müstəvidə
öz bədii həllini tapmış olur. Romana verilən adlar
isə obrazların əhval-ruhiyyəsi ilə
yaxından səsləşir;
onların duyğu və düşüncələri,
arzu və istəklərilə bir vəhdət təşkil
edir.
Cahandar ağa nə qədər igid və cəsur
olsa da, o eyni zamanda bir
o qədər zalım,
qəddar, əzazil, təkəbbürlü bir
obrazdır. Onunla müqayisədə Kür
çayı da bir o qədər qəzəbli, yaz vaxtı "öz məcrasına sığmayan",
"sahilini aşıb-daşan",
"boz-bulanıqlı..." bir çaydır. Yazıçı ayrı-ayrılıqda yaratdığı bu lövhələrdə qəhrəmanın
"dəli-dolu" olmasını,
güc və qüvvəsinin təbiətlə
birlikdə təsvirini
verir.
Bundan fərqli
olaraq "Sakit
Don" romanında hadisələr
bir qədər epik planda verilsə
də, Melexovlar ailəsi öz ağıl və düşüncəsilə Cahandar
ağadan fərqli olaraq təmkinli, sakit görünür. Qriqori istər
ailədə, istər
təsərrüfat işlərində,
istərsə də atasıyla balıq ovuna gedəndə özünü sakit aparır, hərəkətlərinə
nəzarət etməyi
bacarır. Sanki o öz təmkinini, vüqarını, saflığını,
"duruluğunu" sakit
axan Dondan götürmüşdür.
Doğrudur, əsərin sonrakı hissələrində-vətəndaş müharibəsi dövründə qəhrəmanın düşdüyü vəziyyət bir qədər fərqli şəkildə təsvir olunsa da, biz Cahandar ağada gördüyümüz qəddarlığı Qriqoridə görmürük. "Dəli Kür" də Cahandar ağa kazaklar tərəfindən öldürülsə də, "Sakit Don" da Qriqori öz evinə sağ qayıdır.
"Dəli Kür" də Mələk xanım Cahandar ağa tərəfindən qaçırıldıqdan sonra Allahyar xəcalətindən camaat arasına çıxa bilmir. O, hansı yolla olursa-olsun Cahandar ağadan öz qisasın almaq üçün fürsət axtarır. Belə bir çətin vaxtda kənd ağsaqqallarından biri onu tikanlı sözlərlə sancaraq deyir: "Ay bala, namusu itə atıblar, it yeməyib, bəs sənin qeyrətin hanı? Niyə gedib arvadını axtarmırsan?"
(ardı növbəti
sayımızda)
Vəliyulla Novruz
Ədalət 2019.- 11 aprel.- S.7.