İBADƏT VƏ İTAƏTDƏ
MAHİYYƏT
Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru
Quran və çağdaş
dünya
Müasir
dünya və çağdaş cəmiyyət münasibətlərinin
həmişəcavan və həmişəyaşar Quran ayələrilə
şərhinə cəhd göstərilərsə, Peyğəmbər(ə)
dövründə olduğu kimi, bu gün də Yəsin 60 ayəsində
diqqəti cəlb edən "Ey Adəm övladı"
xitabı və "ibadət" terminidir. Çünki
"Ey Adəm övladı, Şeytana ibadət etməyin!"
Quran ayəsi, heç vaxt bugünkü qədər
aktual olmayıb. Belə ki, bəlaların atla gəlib
piyada getdiyi bu dünyada: süpergüclərin sürətlə
silahlanması; ədalətin yox, gücün haqlı
sayılması; Allah kəlamlarının nəfs və
şeytanın istəyinə
uyğunlaşdırılması; valideynlərin qocalar evinə,
körpələrin zibil qutularına atılması; əhd-peyman,
vəfa və sədaqətin "müasirliyə" qurban
verilməsi və digər neqativlər artıq qəbul
edilmiş normalara çevrilib. Həmin səbəbdən 1400
il bundan əvvəl bəşərə xitab edilən "Ey
Adəm oğulları" kəlamının hikməti
olaraq, Quran çağdaş insana xatırladır ki,
Şeytan sizin ata-babalarınızın ulu babası Adəmi Cənnətdən
qovdurduğu kimi, sizi də aldadıb öz toruna sala bilər:
"Ey Adəm oğulları! Şeytan Adəm
və Həvvanı Cənnətdən qovdurduğu kimi, sizi də
aldadıb yoldan çıxartmasın" (Əraf 27).
Deməli, Şeytan həm Adəm(ə), həm
də onun oğullarının - bizim açıq-aydın
düşmənimizdir. Bəşər nəslini
əzəldən bəyənməyən belə düşmənlə
mübarizədən qalib çıxmaq əlbəttə,
Allaha və Onun Peyğəmbərinə itaət edib, Allah kəlamlarından
qaynaqlanan demokratik, humanist, ədalətli qanunlara tabe olmaqla
mümkündür.
Ayədə diqqətəşayən ifadələrdən
biri də itaət, səcdə terminlərini özündə
ehtiva edən ibadət sözüdür. İbadət
- Rəbbin əmrlərini yerinə yetirmək, yasaqlarından
qaçmaq və Onun rizasına uyğun yaşamaq deməkdir.
Göründüyü kimi, ibadət
üç əsas tələb üstündə bərqərar
olub. Birincisi, Allahın əmrləri - namaz, oruc, zəkat
və s. kimi əməllərdir ki, buna da saleh əməl
deyilir. İkincisi, Allahın yasaqları və
qadağalarından - içki, qumar, zina, böhtan, həsəd,
qeybət və digər neqativ-lərdən qaçmaqdır.
Buna təqva deyilir. Üçüncüsü,
Rəbbin rizasına uyğun hərəkətlərdir ki, bu
da xeyirli söz və əməl, xoş niyyətlə
düşünülən və deyilən hər bir
şeydir. Bir sözlə, geniş mənada
ibadət, bəndənin Allah rizasını qazanmaq
üçün yol üstündəki tikanı götürməsindən,
ta namaz vaxtı səcdədəki durumuna və sonra da bu səcdənin
bəxş etdiyi nurla Bayraq və Dinini canı bahasına
qorumasına qədərki haqq sözü və saleh əməlidir.
İbadətdə
ixləs və ehsanın rolu
İbadət hər şeydən öncə bəndənin
yaradılış qayəsidir. Çünki Allahu-Təala
insanları özünü tanıyıb (özünü
tanıyan Rəbbini tanıyır) iman etməsi və Ona ibadətdə
bulunması üçün yaradıb: "Mən cin və
insanları yalnız Mənə ibadət etsinlər deyə
yaratdım" (Zəriyət 56). İbadətin
Allah dərgahında qəbul olunması üçün yeganə
şərt ixləsidir (xalis, saf, təmiz, səmimi niyyət).
İxləs ibadətin Allahın əmri
olduğunu bilib, Onun rizasını
(razılığını) qazanmaq üçün bəndəyə
verilən bir vəsilədir. İxləs
ibadətin özü, mayası, ruhu hökmündədir.
İxləssiz edilən ibadət qeyri-səmimi,
süni, reklam xarakterli olduğu üçün, onun Allah dərgahında
heç bir dəyəri yoxdur. Belə ibadət edənlər
barədə Rəbbimiz buyurub: "Vay o namaz qılanların
halına ki, onlar ibadətlərindən bixəbərdirlər"
(Məun 4,5). İbadətini
ixləslə edən bəndə Ondan heç cənnət də
ummur. İbadətinə görə, Rəbbindən
Cənnət istəyənin ibadəti al-ver, sən-mənə,
mən-sənə prinsipi üzərində qurulduğu
üçün, belə ibadət tacir ibadəti
sayılır. İbadətini ixləslə
edən bəndə bunu Cəhənnəm qorxusundan da etmir.
Belə ibadət imanı qeyri-kamil, ağlı
yetərincə olmayan qulun, kölənin qorxudan etdiyi ibadətdir.
Təbir caizə, övlad valideynə nə onun
varına, mülkünə, mənsəbinə, nə də
"qamçısına" görə hörmət və
itaət etməməlidir. Övlad valideyni
özünün dünyaya gəlməsində bir səbəbkar,
onu böyüdüb tərbiyə edən bir varlıq
olduğu üçün sevməlidir.
Tövrata
görə Allah Davud (ə)-yə buyurub: "Ən çox
sevdiyim qul Məndən qorxduğu və ya bir şey istəmək
üçün ibadət edən deyil, ağalıq (məliklik)
haqqıma diqqət edəndir". Zəburda isə
yazılıb: "Mənə Cənnət və Cəhənnəm
üçün ibadət edəndən zalım kimsə
vardırmı? Əgər Cənnət və Cəhənnəmi
yaratmasaydın, ibadətə layiq olmayacaqdım?"
Göründüyü
kimi, ixləsə edilən ibadətdə qayə dünya malı yox, Rəbbi razı salan axirət sərmayəsidir.
Yəni bəndə: "Ya Rəbb, özün bilirsən ki,
Sənə ibadət edirəm. Sən də mənim
filən işimi düzəlt" deyib, ibadətindən bir
şey ummamalıdır. Zira ibadətdən
məqsəd İlahi əmrə itaətdir, onun nəticəsi
Rəbbin rizasıdır, səmərə və faydası da
axirətdir. İxləslə edilən
ibadətin əvəzi olaraq dünya və ya axirətdə
hansı mükafatın verilməsi yalnız və yalnız Rəbbə
aid məsələdir. Məgər bardaq
onu hazırlayan dulusçudan bir şey tələb edə bilərmi?
İbadətdə ən yüksək dərəcə
ehsan (yaxşılıq, bağışlama, lütf, kərəm,
xeyrat) mərtəbəsidir. Peyğəmbər (ə) ehsana belə
tərif verib: "Ehsan bəndənin Allahı
görürmüş kimi Ona ibadət etməsidir. Bəndə Onu görməsə də, fəqət
O, bəndəsini görür". Belə
xoşbəxt və verimli bəndələr istənilən
işlərində - ibadətlərində Allahın
onları hər zaman gördüyünə əmin olub,
özlərinin də Onun hüzurunda olduğunu
düşünərək Onun rizasını qazanmaq naminə
yaşayırlar.
Bir ayənin
klassik təsiri
"Ey Adəm övladı! Məgər Mən sizə:
"Şeytana ibadət etməyin, o sizin açıq
düşməninizdir! - deyə buyurmadımmı?!"
(Yəsin 60). Böyük
müfəssir İmam Razi (v.e.1210) Təfsiri Kəbir
(Böyük Təfsir) adlı əsərində bu ayəni
çox gözəl açıqlayıb. O yazır:
"Ayədəki "Şeytana ibadət etmə" kəla-mı,
"Şeytana itaət etmə" anlamı kimi qəbul edilməlidir.
Yəni insana sadəcə Şeytana səcdə
etməyə qadağa qoyulmur. Ona əmr
olunur ki, Şeytana uymasın və Şeytana itaət etməsin.
Əks halda "ita-ət" sözü
"ibadət" anlamını daşıyar. Əgər itaət kəlməsi ibadət
anlamını versəydi, onda "Allaha, Rəsuluna və sizdən
olan əmr sahiblərinə itaət edin" ayəsinə
müvafiq olaraq, biz həz.Məhəmməd və əmr
sahibi olan kimsələrə ibadət etmişmi oluruq?
Xeyr! Belə əmr sahiblərinə Allahın əmrilə
itaət edilməlidir. Yəni onlara itaət
etməklə, əslində Allaha ibadət edilir.
Allah mələklərə:
"Adəmə səcdə edin!" (Bəqara,
34) deyə əmr etdikdə də mələklərin həz.Adəmə
yox, Allaha səcdə etməsini önə çəkib.
Deməli, müsəlmanın Allah
hüdudlarına məhəl qoymayan əmr sahiblərinə
itaət etməsi də ibadət anlamını verir. Bu zaman ibadət Allaha yox, əmr sahiblərinə
edilmiş olur ki, bu da şirkin özüdür".
Təfsirini
davam etdirən Fəxrəddin Razi yazır: "Sizə müəyyən
məsələ barədə hər hansı bir məmurun əmr
verməsi Allah kəlamlarına uyğundursa, ona əməl
etmək lazımdır. Əgər məmurun əmri
Allah və onun Rəsulunun kəlamlarına müvafiq deyilsə
və bəndə bu əmri yerinə yetirirsə, deməli, həmin
şəxsin yanında Şeytan var. Bu zaman edilən itaət
Şeytana ibadətdir. Və ya, əgər
nəfs insanı hər hansı bir şeyi etmək, yaxud
söyləmək üçün təhrik edərsə, həmin
şeyin İslama görə caiz olub-olmamasına fikir verilməlidir.
Caiz olmadığı halda insan nəfsə tabe
olarsa, o, Şeytana ibadət etmiş olur. Şeytana ibadət
etmənin dərəcələri var. Belə ki, insan bir
iş gördükdə onun əzaları, qəlb və dili
də həmin işə rəvac verir. Bəzən
isə qəlb və dil həmin işin əksinə olur.
Bu zaman insan xəcalət çəkir. Qəlb
və dililə pis iş görənlər isə həm
batində, həm də zahirdə Şeytanın nökərləridir...".
İtaət
İtaət - sözə qulaq asmaq, tabe olmaq, əmri
yerinə yetirməkdir. İtaətin dini anlamı isə Allaha, Onun Rəsuluna,
Allah - Peyğəmbər(ə) kəlamlarına
və onlardan qaynaqlanan dünyəvi qanunlara əməl edən
amirə (rəhbərə, əmr sahibinə) sözsüz
tabe olmaq deməkdir. Peyğəmbər(ə)
buyurub: "Kim mənə itaət edərsə, Allahu Təaləyə
itaət etmiş olar. Kim mənə üsyan edərsə,
Allahu Təaləyə üsyan etmiş olar. Kim amirə üsyan edərsə, mənə
üsyan etmiş olar". Quran isə buyurur: "Allaha və
Peyğəmbərə itaət edənlər (axirətdə)
Allahın nemətlər verdiyi nəbilər, siddiqlər,
şəhidlər və salehlərlə bir yerdə
olacaqlar" (Nisə, 69). Səcdə isə
alnı, iki ovucu, iki diz qapağını, ayaqların bar-maqlarını
yerə toxundurmaqdır. İslam aləminin
ilk filosofu, dövrünün "dünyəvi elmlərlə
şəriəti uzlaşdıran mühəndisi" Əbu
Yusif Yəqub ibn İshaq əl-Kindiyə (v.e. 870) görə,
səcdənin namaz xaricindəki anlamı itaətdir. O:
"Otlar da, ağaclar da (Allaha) səcdə edər!" (Rahmən, 6) ayəsindəki səcdə
sözünün itaət anlamını verdiyini deyib.
İtaət sözünün yalnız canlı,
ağıl və iradə sahibi varlıqlar üçün
keçərli olduğunu deyən filoso-fun dövründə
cazibə qanunu kəşf edilmədiyi üçün, o,
planetləri də canlı, ağıl və iradə sahibi
kimi qəbul edib. Bununla yanaşı, onun: "Planetlər uca Allahın
iradəsilə Ona itaət edir" tezisi, Quranın kainata
baxışı ilə tam üst-üstə
düşür. Kindiyə görə itaət,
həm də natamamlıqdan kamilliyə doğru bir hərəkətdir.
O hesab edib ki, bitkinin böyüyüb meyvə verməsi bir
itaətdir.
Ərəb dilində itaət, amirin verdiyi əmri yerinə
yetirməkdir.
Amirin əmrini yerinə yetirmək isə ancaq
iradə ilə mümkündür. İradə
də yalnız düşünən ağıl sahiblərinə
verilib. Planetlər, ulduzlar ağıl
sahibi olmadıqları üçün onların "Allaha səcdələri"
- hərəkətləri, yalnız ilahi bir qanunla, bir
"Ol" əmrilə reallaşıb. Onlar
namaz səcdəsini edə biləcək orqanlara malik
olmadığı üçün, həmin əmrə itaət
etməyə məcburdurlar. Onlar bu əmrdən
kənara çıxa bilməzlər və heç bir dəyişikliyə
uğramadan Amirin (Allahın) əmrini yerinə yetirirlər.
Bu itaət, əslində onların var
olmasının, mövcudluğunun qarantıdır.
Qeyd edildiyi kimi, "Otlar da, ağaclar da (Allaha) səcdə
edər" ayəsindəki "səcdə" sözü
də itaət anlamındadır. Onlar yoxdan var edən,
hər şeyə qadir olan Allahın əmrilə yerdəki
köklərilə, bəziləri torpağa sərilmələrilə
və budaqlarının əyilməsilə bir səcdə vəziyyətindədirlər.
Həmin səbəbdən, Rəbbinə itaət
edən bu varlıqlar üçün Quranda "Onlar səcdə
edirlər" təbiri çox gözəl işlədilib.
İtaətin üç ünvanı
"Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və özünüzdən olan əmr sahib-lərinə" (Nisə, 59). Bu ayəni bəzi təfsirçilər belə tərcümə ediblər: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin". Bu tərcüməyə görə, Allaha, Peyğəmbərə və cəmiyyəti idarə edənə itaət etmək vacibdir. Quranda (orijinalda) isə sözügedən ayə: "Ətiyulləhə və Ətiyurrasulə və ulil əmri minkum" şəklində təsbit olunub. Ayənin orijinalından göründüyü kimi, Quran Allaha və Peyğəmbər(ə)-yə itaət (tabe) olunmasını, bilavasitə və birmənalı şəkildə "itaət edin" felilə təsbit edib. Təsbit edib ki, heç kimdə tərəddüd, şübhə olmasın. Deməli, Allah və Onun Rəsuluna itaət etmək müsəlman üçün məcburi bir vəzifə və iman məsələsidir.
Hər iki dünya və mülkün sahibi, yaradan və öldürən, mükafat və cəza verən mütləq mənada Allah olduğu üçün, Ona həm ibadət, həm də itaət etmək bəndənin bir qul borcudur. Həz.Məhəmməd isə Onun sevib-seçdiyi peyğəmbəri olduğuna görə itaət edilməlidir. O bizim kimi bəşər olsa da, fəqət bizim Allaha qovuşmağımız üçün bir vəsilədir. Həz.Peyğəmbərin əlində olan vəsilə elə bir ipdir ki, o ip vasitəsilə Allah "görünür, eşidilir və hiss edilir". Çünki həmin ipin bir ucu, təbir caizsə, Allahın əlindədir. Quranın ilk təbliğçisi olan Rəsul Zişan(ə) buyurub: "Quran bir ucu Alla-hın əlində olan ipdir. Kim həmin ipin digər ucundan tutarsa, Allaha qovuşar". Necə deyərlər, həz.Məhəmməd elə bir parlaq güzgüdür ki, onda daim Allah görünür.
İtaətin üçüncü ünvanı "ulil əmri minkum", yəni cəmiyyətin içindən olan əmr sahibləri, rəhbərlərdir. Məlumdur ki, ictimai varlıq olan hər bir insan mənsub olduğu ölkənin, cəmiyyətin qanunları ilə yaşamağa borcludur. Həmin qanunlara isə əmr verməyə səlahiyyəti olan şəxslər nəzarət edir. Onlar 3-5 adamı idarə edəndən tutmuş, ailə və dövləti idarə edənlərə qədər olan şəxslərdir. Lakin əmr sahiblərinə itaət yerində və bəlli ölçülər içində olmalıdır. Deməli, hər əmr verən amirə itaət etmək doğru deyil. Elə orijinalda "itaət edin" felinin bilavasitə əmr sahiblərinə şamil edilməməsi də, bu hikmətdən doğur.
Sözün geniş mənasında itaət, ictimai proseslərin demokratikləşməsinə rəvac verən bir keyfiyyətdir.
Allah kəlamlarından, Peyğəmbər(ə) sünnətindən qaynaqlanan bəşəri qanunlara itaət is-tənilən cəmiyyətin nicatıdır. Bu baxımdan, həmin qanunlara özü əməl edən, söylədiyini yaşayan və yaşadığını söyləyən hər bir rəhbərə itaət Allahu Təaləyə ibadət, həz.Peyğəmbərə tabe olmaq deməkdir. Əks halda, əmr sahibinə itaət Şeytana ibadət anlamını verər. Bu da Allaha üsyanın özü-dür. Zira deyilib: "Allaha üsyanda məxluqa itaət edilməz" (həz.Məhəmməd).
Beləliklə, 1400 il bundan öncə "ulil əmri minkum" (sizdən olan əmr sahiblərinə) kəlamına "itaət" sözünü bilavasitə şamil etməyən Quran ayəsi, sonrakı dövrlərdə demokratik cəmiyyət qurucularına (Ş.Montestie və başqaları) "Qanun şahdır, şah qanun deyil" tezisini ortaya qoymaq üçün istinad ediləsi zəmin yaratdı.
O ki qaldı, dinindən asılı olmayaraq, həmin ilahi postulata kimin necə nail olmasına, bu, həmin cəmiyyətin bilavasitə Allaha, Onun Rəsuluna və Rəbb kəlamlarından qaynaqlanan dünyəvi qanunlara itaətindən asılıdır.
Postkriptum: Allahın heç bir şeyə ehtiyacı olmadığı kimi, bizim ibadətimizə də ehtiyacı yoxdur. İbadətə möhtac bizik. İbadət bizim mənəvi yaralarımıza dərman, ruhumuzun qidası, qəlbimizdəki xəstəliklərin şəfası, o dünyaya köç edərkən apardığımız sərmayədir.
Ədalət 2019.- 11 aprel.- S.5.