Tanınmış yazıçı: Nəsimi
Allahsızmı idi?
Adalet.az yazıçı Kənan
Hacı ilə müsahibəni təqdim edir.
-Kənan, "Ədalət” qəzetində
bir müddət işləmisən. Redaksiyada, nəşriyyatda
nə kimi maraqlı hadisələr yaşamısan?
-Mən
"Ədalət”ə gələnə qədər
"İki sahil” qəzetində parlament müxbiri işləmişdim.
Sonra bir müddət "Sənət qəzeti”ndə
çalışdım. Amma qəzet məvacib
verə bilmirdi. Xatırlayıram, dəyərli
qələm sahibimiz, rəhmətlik (indinin özündə də
ona rəhmətlik deməyə dilim gəlmir) Tofiq Abdinlə
"Azərbaycan” nəşriyyatına gəlmişdik. Onda da indiki kimi işsiz idim. Aqil Abbasla
görüşdük, Tofiq abi məni bir az
təriflədi, dedi ki, bəlkə sizin qəzetdə bir
iş olar. Aqil müəllim birbaşa dedi ki, səhər
işə çıxsın. Beləcə,
"Ədalət” qəzetində çalışmağa
başladım. Aradan on beş il
keçib. O illəri məmnunluq hissi ilə
xatırlayıram. "Ədalət” qəzetində
sərbəst mühit gördüm, Aqil müəllim
heç vaxt bizə demirdi ki, bunu yazmaq olar, onu olmaz. Heç vaxt hansısa yazıma müdaxilə
etdiyini xatırlamıram. Əksinə,
bizi cəsarətli yazılar yazmağa sövq edirdi. Redaksiyada yaradıcı atmosfer vardı, bilirəm
ki, indi də belədir. O vaxta qədər qələmlə
yazırdıq, yazılarımızı qızlara diktə
edirdik, onlar da kompyuterə köçürürdü, bir
gün Aqil müəllim dedi ki, zəhmət çəkin,
kompyuterdə yazmağı öyrənin, öz
yazılarınızı özünüz yazın. Kompyuterdə yazmağı burda öyrəndim.
"Ədalət”də "Köndələn”
rubrikasında köşə yazıları yazırdım,
eyni zamanda reportajlar, müsahibələr edirdim. Jurnalist olaraq "Ədalət” qəzetində
çalışmaq bir şansdır, bu qəzetdə
nüfuzlu qələm sahibləri çalışıb və
əksər yazarlarımızın yolu bu qəzetdən
keçib, burda püxtələşiblər, məktəb
keçiblər. "Ədalət”
müstəqil mediamızın brend qəzetlərindəndir.
-"Sonuncu dərviş”
adlı yeni romanın çap olundu. Təqdimat da oldu. Səncə,
bu əsərin uğur qazancaqmı?
-Bu
romanı "gerçək roman” adlandırmışam. Bundan əvvəl "Fironun dəftəri” çap
olundu, yaxşı da qarşılandı, müsbət
reaksiyalar oldu. Bu yaxında İranda da
çap edildi. "Sonuncu dərviş”isə
çarpaz üslubda yazılıb – yarıbədii, yarısənədli.
Bu əsərdə müstəqillik
dövrü Azərbaycan yazıçısının
hansı mərhələlərdən keçdiyi əksini
tapıb. Bu kitab bizim nəslin taleyindən
bəhs edir və düşünürəm ki, bu əsər
mütləq yazılmalıydı. Tolstyodan
("Uşaqlıq”, "İlk gənclik”, "Gənclik”),
Maksim Qorkidən ("Özgə qapılarında”,
"Uşaqlıq”) müasir dövrümüzün
tanınan yazıçılarından olan Etqar Keretə
("Yeddi bəhrəli il”) qədər bu
janrda möhtəşəm əsərlər yazılıb.
Jan Pol Sartrın "Sözlər” əsərini, yaxud Markesin
"Anlatmaq üçün yaşamaq” avtofioqrafik
romanını xatırlayın. Zatən, bu kitab
rezonans məqsədiylə yazılmayıb, orda hərə
öz profilinə uyğun nəsə tapacaq. Bu kitabın oxucuları olacaq. Mən
bu uğuru gələcəkdən gözləyirəm, gələcəkdə
bu əsər mütləq xatırlanacaq. Bizim
dövrü araşdıran gələcək tədqiqatçılar
bu əsərə də müraciət edəcəklər.
Buna əminəm.
-Bir dəfə
müsahibələrinin birində demişdin ki,
yazıçı qalmaqalla məşhur olacaqsa, demək o,
yazıçı deyil. Yazıçını
əsəri tanıtmalıdır. Qalmaqal
və ədəbiyyat bir-birindən yerlə göy qədər
uzaq anlayışlardır. Axı bilirsən
ki, yazıçı cəmiyyətin diqqətindən kənar
adamdır. Yazıçı qalmaqal
yaratmalıdır, məncə. Çünki
onun da tanınmağa ehtiyacı var. Necə düşünrsən?
-İndi də belə düşünürəm. Mən xarakter
etibarilə qalmaqal adamı deyiləm, bu öz yerində.
Yenə də hesab edirəm ki,
yazıçının siması, üzü onun əsəridir.
Qalmaqalın arxasında heç nə yoxdursa,
boş hay-küylə tanınmaq kimə lazımdır
axı? Beş gün, üç gün səndən
danışacaqlar və unudulub gedəcəksən. Amma əsər yazıçının vizit
kartıdır, onu tanıdan ədəbi məhsulu
olmalıdır. Sadəcə, bizdə
kitab industriyası hələ formalaşmayıb,
yazıçı ilə oxucu arasında dərin bir
uçurum var. Kitabın bazarı zəifdir, reklamı yoxdur.
Yüksək texnologiyalar çağını
yaşayırıq və bəzən yazıçı bu
tempdən geridə qalır. Bu və digər
səbəblərdən yazıçı da gündəmə
köklənməyə məcbur olur, süni skandallarla diqqət
mərkəzinə gəlməyə çalışır.
İnanın ki, bu çıxış yolu
deyil. Gənclik maksimalizmi, nihilist yanaşma
bəzən yanlış nəticələrə gətirib
çıxarır. Məncə, bir az
praqmatik olmaq lazımdır.
-Freydin fikridir, insanlar daim iki şey
haqqında düşünürlər: seks və dahi olmaq istəyi.
Sən daha çox nə haqda
düşünürsən?
-Freydin
özünün də beynini ən çox məşğul edən
elə bu mövzular olub. Bu, ona psixoanalitik nəticələrə
gəlmək üçün lazım idi. O, təhtəlşüuru
şəxsi həyatın gizli sferası hesab edirdi. Vaxtilə Platon da yazırdı ki, hər bir insanda
hansısa qorxunc və vəhşi bir arzu növü gizlənir.
İnsan son dərəcə mürəkkəb
varlıqdır və zahirən mədəni, tərbiyəli
təsir bağışlayan insanın da içində anormal
(bəlkə də normal hesab edilən) istək baş
qaldıra bilər. "Ətriyyatçı”dakı
Jan Batist Qrenuyu yaxud Tolstoyun Sergi atasını
xatırlayın. İnsanın maddi və
mənəvi başlanğıcı təhtəlşüurda
gedən proseslərin nəticəsidir. İnsanlar
seks haqqında düşünməsəydilər, əhalinin
say artımı baş verməzdi. O ki, qaldı dahilik məsələsinə,
tarixdə dahi olmaq istəyənlər çox olub və
tarixi şərait onların bəzisini dahiyə çevirib. Bir də var fitrətən dahi olanlar. Dante kimi, Şekspir kimi, Mirzə Fətəli Axundzadə
kimi, Cəfər Cabbarlı kimi, Üzeyir Hacıbəyli kimi.
Onlar dahi kimi doğulublar. İnsan
özünü ifadə etməyi bacarırsa, mənəvi
rahatlığına qovuşacaq. Mən
dahilik haqda düşünməmişəm, amma həmişə
özümü ifadə edə bilməyin məmnunluğunu
yaşamışam. Yazmağı bacarmaq
xoşbəxtlikdir.
-XXI əsr – qloballaşma, internet əsridir.
Sosial şəbəkələrin və internetin
mövcudluğu, bu nəticəni çıxardı ki, gənclər
az oxumalı oldular. Sən necə hesab
edirsən, müasir oxucunu necə və ən əsası, nə
ilə maraqlandırmaq mümkündür?
-Son 15-20
ildə dünyanın mənzərəsi sürətlə dəyişdi.
Biz sürətli kommunikasiya dünyasında
yaşayırıq. Bio və info
texnologiyalar birləşərək bizi bəşəriyyətin
indiyədək qarşılaşdığı ən
böyük çağırışla üz-üzə
qoyur. Alqoritmlər dünyanın
gedişatına ciddi təsir göstərir. Belə bir dövrdə kitabla bağlı hansısa
proqnoz vermək müşkül məsələdir. Oxucular daha uzun-uzadı mətnləri oxumurlar,
minimalist romanlar yazılır, iPad kitabı əvəz edir.
"Fast food” dünyasında
yaşayırıq, çünki bu günün insanı
üçün zaman son dərəcə qiymətlidir, vaxt
itkisi onun gündəlik nizamını pozur. Bu günün insanı bütünlüklə
texnologiyadan asılı vəziyətdədir. Belə demək mümkünsə, indi içində
elmi-nəzəri konseptual tezislər olan texnoloji romanlar yazmaq
lazımdır. Nə qədər qəribə
görünsə də biz zamanın tələbindən
asılıyıq. Kitab əmtəədir
və tələb olunanı təqdim etmək lazımdır.
-Öz əsərlərindən
hansı birinin ekranlaşdırılmasın istəyərdin?
-"Rəqqasə”nin. O əsərin baş qəhrəmanı
Qarabağ savaşında döyüşən gənc bir
qızdır. Bu romanda həm arxa cəbhə, həm
də ön cəbhə var, eyni zamanda sevgi motivi var. Bir də
aprel döyüşləriylə bağlı "İsgəndər
şikəstəsi” adlı bir ssenari yazmışam. "Ədəbiyyat qəzeti”ndə də dərc
olunub. Bir neçə rejissor dostuma verdim,
oxudular. Dedilər maliyyə tapılsa,
çəkmək olar. Bu ssenari
ekranlaşdırılsa, məncə, gözəl bir film
alınar. Müəllif olaraq heç bir təmənnam
yoxdur, mənim bir qələm adamı olaraq vətəndaşlıq
borcum bunu yazmaqdır. Yəqin ki, nə
vaxtsa bu əsərə müraciət olunacaq, əminəm.
-Bu il Nəsimi ili
elan olundu. Nəsiminin Azərbaycan ədəbiyyatında
yeri nədir? Onu dünyada tanıtmaq
üçün nələr etməliyik? Nəsimi ili ilə bağlı nə təkliflərin
var?
-Nəsimini ustadı Fəzlullah Nəiminin
hürufilik təlimi yetişdirdi. Nəimiyə qədər Nəsimi
mükəmməl təhsil almışdı, dünya elmlərinə
kifayət qədər vaqif idi. Nəimi onun
dünyagörüşünə əsaslı şəkildə
təsir göstərdi. Hürufilik ayrıca bir təlim, təriqət
deyildi, islamdan müəyyən fərqləri olan ayrıca
bir məzhəb idi. "Cavidannamə” Quran terminologiyasına əsaslanır
və Quranın şərhindən ibarətdir. Professor Rəhim
Əliyev bu kitabı monoteizmin dördüncü kitabı
adlandırır. Nəsimini uzun illər Allahsız kimi təqdim
ediblər. Nəsimi necə Allahsız ola bilərdi ki, onu
"Cavidannamə” yetişdirmişdi?! Çox təəssüf
ki, biz hələ də Nəsimini dünyaya lazımınca
tanıda bilməmişik. Məncə, Nəsimini bu yöndən
yenidən araşdırmaq lazımdır. Bunun
üçün ilk növbədə "Cavidannamə”
dilimizə tərcümə olunmalı və yüksək
tirajla çap olunmalıdır. Türk dilində var, bizim
dildə yoxdur. Nəsimişünaslıq üçün bu
kitab ilkin mənbədir. Nəsimi Ədəbiyyat Mərkəzinin
yaradılması çox gözəl bir iş olardı. Orda
mütəmadi ədəbi polemikalar, klassik irslə
bağlı tədbirlər keçirmək olar. Böyük
yazıçımız İsa Muğanna "Məhşər”
romanında Nəsiminin obrazını yazıb. Qabil "Nəsimi”
mənzum romanını yazıb. Amma bu çox azdır.
Özü də bu əsərlər sovet dövründə
yazılıb. Ədəbiyyatımızda Nəsiminin
obrazı yenidən işlənməlidir. Nəsimi
dövründən bəhs edən tarixi serial çəkilsə,
çox gözəl olar.
-Sonda sənət,
həyat haqda nələr demək istəyərdin?
-Sənət dünya ilə, ətrafımızdakı insanlarla, toplumla əlaqə qurmaq üçün ən gözəl bir vasitədir, bütövlükdə estetik bir hadisədir. Həyatın bütün suallarına hər birimizin özünəməxsus cavablarımız olur. Cavabsız suallarla üzləşəndə onu sənətin dili ilə çözməyə çalışırıq. Sənət bizim alternativ dünyamızdır və biz o dünyada daha çox xoşbəxt oluruq. Çünki arzularımız, xəyallarımız orda reallığa çevrilir.
Söhbətləşdi:
Oğuz Ayvaz
Ədalət 2019.- 11 aprel.- S.5.