MÜBARİZLİYİN KEŞİYİNDƏ DAYANAN ŞAİR

 

Nəcibə İlkin, "Azad Qələm" qəzetinin baş redaktoru, AYB-nin, AJB-nin üzvü, Şair-publisist

 

Mübarizə bu gün də var, yarın da,

 

Mən də onun ən ön sıralarında.

 

 

Mübarizlik məktəbinə R.Rza poeziyasının bu iki misra ilə gözümüzü açdıq. Vətənə məhəbbət, xalqına sevgi duyulan bu misralarda vətən harayı, vətən səsi vardı. Bu səsdən ucalırdı müqəddəslik, bu səsdə tamamlanırdı ilahi eşq.Hər birimizin dilində əzbər idi. Sanki məktəbin şagirdi yox, əsgəri olmuşduq.

 

Bu misralar dilimizdə himn kimi səslənirdi. Onu oxuya-oxuya sinfə girir və oxuya-oxuya evə dönürdük. Böyük fərəhlə, sevinclə, qürurla. Bu misralardan boy atdıq, onda göyərdik, şaxələndik. İçimizdə olan vətən sevgisi R.Rzanın göstərdiyi mübarizliyin ön sıralarında yer almışdı özünə.

 

Vətən əsgəri kimi gözümüzü açdı bu misralar. Və bizi saf, təmiz vətən ruhunda tərbiyə edərək bu günümüzə qədər gətirib çıxardı.

 

Biz indidə o misralardan boylananda vətən uğrunda mübarizənin gözəlliyini, vətən müqəddəsliyini dönə-dönə dərk edir, onun uğrunda hər an ölümə hazır olmağı bacarırırq. Ana laylası qədər şirin, vətən kəlməsi qədər əziz oldu bu misralar bizə. Bu vətən sevgisinin kökü onun insanlığından, şəxsiyyətinin bütövlüyündən qaynaqlanmışdı.

 

 

Mən işığam - qaranlığın qənimi

 

Mən insanam,

 

daşıyıram qəlbimdə

 

dünyaların sevincini, qəmini.

 

 

-deyən şair insanlığın həqiqət andını qəlbində, haqq-ədalət bayrağını əlində gəzdirirdi. Qəlbində daşıdığı tək özünün deyil, millətinin, xalqının sevinci, məhəbbəti idi. O, bu sevgini təkcə şair kimi deyil, kamil, müdrik insane kimi yaşadırdı. Xalqına, dilinə olan məhəbbəti azadlığının ruhunda pərvaz edirdi şairin. Bu müqəddəsliyi ondan almaq istəyənlərə qarşı nifrətini də gizlədə bilməyən şair cəsarətlə sözünü deməkdən çəkinmirdi.

 

 

Məni nsanam,

 

vətənim var, elim var.

 

Ən böyük həqiqəti,

 

azadlığı, məhəbbəti, nifrəti

 

söyləməyə qadirolan

 

dilim var.

 

Bu şeiri ilə insanlığın heykəlini yaradan şair milli-mənəvi əxlaqi dəyərlərimizi yaşatmağa üstünlük verməklə, insanları birliyə, həmrəyliyə çağırışı ilə tərbiyələndirir. Onun şeirlərində tərbiyəri ruh yüksəkdir, onun şeirlərində həyatın parlaq üzü əks olunur. Həqiqətin rəngləri ilə haqsızlığın qara üzünü pərdələyir. Onun inkişafına yol verməməyə çalışır. Özündə ən yaxşı xüsusiyyətləti dilə gətiməklə hər kəsi düzlüyə, səmimiliyə çağırır.

 

Mən həyatam,

 

həmişə yoldayam,

 

nəfəsdəyəm, arzudayam,

 

baxışdayam, ürəkdəyəm, qoldayam.

 

R. Rza poeziyası o qədər mükəmməl, o qədər realistdi ki, onda hər şey güzgü kimi açıq-aydın görünür. Suzusuzluqdan quruyana su olmaq, qəriblikdə olana vətən olmaq, kimsəsizə dayaq olmaq kimi insane keyfiyyətlər onun həyat amalı olmaqla, arzusunda, xəyalında onları gerçəkləşdirməyə çalışıb. Və bacarıb da. Bu gerçəkliyin işığında haqqa-ədalətə yol gedən şair təbiətin əsrarəngiz gözəlliyindən zövq almaqla, onu misra-misra qəlbinin gözündə cilalayır, şeir-şeir nəfəsinə çəkir. Nəhayət, "İNSANAM" sözünün möhürünü vurur.

 

Mən buludam, səhraları susuz görüb

 

ağlaram...

 

Mən İNSANAM...

 

R.Rza poeziyası dilimizin qoruyucusu, mənəviyyatımızın daşıyıcısıdır. Onun poeziyasındakı səlistlik, rahatlıq dilimizin zənginliyindən, onun qüdrətindən xəbər verir. Zaman və məkan baxımından dilimizə qoyulan qadağalar, milliliyimizə edilən təcavüzlər bir şair kimi onun da həyatını həmişə qorxu altına salıb. R. Rza heç nədən, heç kəsdən qorxmadan cəsarətlə vətənə olan sevgisi kimi dilimizin də özəlliyini qoruyub saxlamağa çalışmışdır. Lakin qəlbindəki hələ deyilməmiş giley-güzar dolu söz xəzinəsi, aşıb daşan sel kimi kükrədikcə onu saxlamaq məcburiyyətində qalmışdır. Vətənin başına gətirilən faciələr şair qəlbinin ağrılı, acılı anlarına çevrilmişdir.

 

Diri qalmaq,

 

əbədi susmaq qorxusu

 

bağlamışdı dilimi.

 

Çünki mənim nə qədər

 

könül sözüm vardı

 

xalqa deyəsi...

 

R.Rza vətənə, el-obaya, torpağa bağlı şair olub.Onun nəfəsi də, baxışı da, kəlməsi də, ruhu da torpaqdan boy atıb. Hər incəliyin söz zirvəsində vətən dağının, daşının müqəddəsliyinə yan alıb.

 

Sözüylə onun nazını çəkib. Ruhuyla onun könlünü oxşayıb. Həyatının kədərini, qəmini qələmində unutsa da, xoşbəxtliyini, sevincini üstündə gəzdiyi vətən torpağında tapıbdı. Qışını bahar bilib, tufanını sərin yaylaq bilib vətənt orpağının.

 

Bu torpaqda dərindən kök salaraq

 

Hə rtərəfə uzatmışam qolumu,

 

Övladlarım bürümüş sağ-solumu.

 

Belə məğrur dayanmağa bağlıyam,

 

Mən kökümlə bu torpağa bağlıyam.

 

R.Rza poeziyası o qədər dərindi ki, ona baş vurmaq üçün bir ömür də azlıq edər. O, elə bir dəryadı ki, üzdükcə üzmək istəyirsən.

 

Poetik aləmin hər cığırında, hər düzündə qoyduğu iz əbədiliyin həqiqət işığında özünə yer alır.

 

Onun kövrək, həssas qəlbində duyğuların dili, rənglərin dili ilə sirdaşlıq edir. Bu sirdaşlıq onun ömür yolunda ölçüb-biçdiyi, misra-misra dilə gətirdiyi sözü ilə min bir bəzəkli poeziyasıdır. Bu gündə onun kölgəsinə sığınırıq.

 

R.Rza poeziyasında ən kövrək yerimiz "Şuşam mənim" şeiridir. Bu günümüzün ən ağrılı dərdi, ən keçilməz səddidir. Görəsən ustad şairimiz sağ olsaydı Şuşa həsrətinə necə dözərdi? Axı, o, Şuşasına şeiri ilə ana laylası çalıb. O, Şuşasını rəngli boyası ilə, rəssam fırçasıyla gözəlliyini vəsf edib. İndi o gözəlliklərin qəribliyinə dözə bilərdimi? Düşmən əsarətində qalan qərib Şuşasının solğunluğunu görsəydi, yəqin ki, əlindəki qələmi sızlardı, od tutub yanardı. Hər daşı, qayası inci-ləl, dahilər diyarı, nəğmələr bulağı, igidlər oylağı Şuşasına yazırdı:

 

Sinəsi qabarıq,

 

nağıllardan gəlmiş

 

pəhləvandır

 

Şuşam mənim;

 

Mərdliklə, gözəlliklə

 

qoşam mənim.

 

Azərbaycan torpağının

 

nur parçası.

 

İncə mahnılar yuvası,

 

Pənahların yadigarı,

 

Alagözlü,

 

qarasaçlılar diyarı

 

Səndə Cabbarın, Seyidin,

 

Nəvvabın, Üzeyirin, Bülbülün,

 

neçə-neçə nəğməkarın,

 

qoç igidin

 

nəğməsi var,

 

nərəsi var.

 

Sanki qəlbi, ruhuna rahat olmuşdu nə vaxtsa Şuşasının başına gələn faciədən. Sanki ürəyinə dammışdı, Şuşasının qəribliyindən.

 

"Vətən adlı dogma yurddan pay olarmı?" deyən şairin qəlbinin fəryadını duymamaq olmur. İlahi, bu sızıltılar onun ruhuna haradan gəlib dolmuşdu? Şuşasının dərdini o vaxtdan söz-söz ağlayan, misra-misra nəzmə çəkən şair dərdin köhləninə minib "Cıdır düzünə"yol almışdı.

 

Sənə əyri baxanları Könüllərdə

 

neçə-neçə mahnıların

 

zümzüməsi,

 

sözü qalıb,

 

Sənin doğma torpağında

 

neçələrin gözü qalıb.

 

Vətən adlı doğma yurddan

 

püşk olarmı?!

 

Pay olarmı?!

 

Tarixdə baş əyməmisən

 

bir fatehə, müxənnətə

 

Bir qonşunun, bir qonağın

 

könlünə də dəyməmisən.

 

Alqış sənə!

 

Bu qüdrətə!

 

Doğma yurdum,

 

gözəl Şuşam.

 

Şuşanın tarixini, onun qan yaddaşını sətir-sətir dilə gətirən və tarixini səhifələyən şair ona əsrlərin, min illiklərin gözüylə baxır. Bu baxışda nələrin olduğu heç şübhə doğurmur. Bu gün həmin ağrıların zülmünü, əsarətini yaşayır Şuşamız. "Tarix sənin torpağında, daşındadır" misrası bu günümüzə açılan pəncərədən aydın görünür.Və dünənində gördüyü qəhrəmanlıq zirvəsinin bu günündəki kədərini görməyən şair gözəl tövsiyəsi ilə ona xor baxanlara fikrini yaxşı ünvanlıyır:

 

qəzəbinlə külə döndər,

 

yaxıb yandır!"

 

"Nankor" dedim

 

bu gününə xor baxana,

 

səndən küsüb inciyənə.

 

Şuşam mənim!

 

Mətanətlə, dəyanətlə

 

səxavətlə qoşam mənim!

 

Bəli, dünya görüşü geniş, hər şeyi öncədən gözəl görməyi bacaran, hisslərinin deyil, qəlbinin gözüylə vətən dərdlərini nəzmə çəkən ustad şairimiz R.Rza poeziyası neçə əsrlər yaşaycaq. Bu dediklərim onun poeziyasının bir damlası idi, bulağından bir ovuc su idi içmək istədim. Ürəyimin yanğısını söndürmək üçün. Allah sənə rəhmət eləsin ustad.

 

Ədalət  2019.- 12 aprel.- S.5.