VƏTƏN SEVGİSİ İLƏ
DÖYÜNƏN ÜRƏK
1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişi ilə bütün sahələrlə
yanaşı, diaspor quruculuğunda da əsaslı dönüş
baş verdi.
Hər bir xarici səfəri
zamanı Azərbaycan
diasporunun nümayəndələri
ilə görüşüb,
onların problem və
qayğıları ilə
maraqlanan Ümummilli Lider həmvətənlərimizi
yenicə müstəqillik
qazanmış respublikamızın
tarixi mənafeyinin reallaşdırılması prosesində
fəal iştirak etməyə çağırırdı.
Qısa müddətdən sonra diaspor quruculuğu Azərbaycan Respublikasının
dövlət siyasətinin
prioritet istiqamətlərindən
birinə çevrildi. Əsası
Heydər Əliyev tərəfindən qoyulmuş
bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi
Vətənlə əlaqələrini
inkişaf etdirmək,
soydaşlarımızın milli özünəməxsusluğunun,
milli maraqlarımızın
daha etibarlı şəkildə qorunması
istiqamətində diasporun
potensialından faydalanmaq,
diasporlararası əlaqələri
genişləndirmək, onların
mədəni-siyasi hüquqlarını
müdafiə etməkdən
ibarət idi.
Bu gün Azərbaycanı
layiqincə təmsil edən bir çox
diaspor təşkilatları
ilə yanaşı, sadə azərbaycanlılar
da var ki,
onlar öz yaxşı əməlləri
ilə xalqımızın
başını uca edirlər. Haqqında söhbət açmaq
istədiyimiz Ağamirzə
Mirzəağa oğlu
Nuriyev məhz belələrindəndir.
Ağamirzə 1963-cü il dekabrın 14-də Lənkəran
rayonunun Xarxatan kəndində anadan olub. Uşaq yaşlarından sərbəstliyə,
müstəqilliyə can atıb.
Rayondakı kənd təsərrüfatı
texnikumunu bitirdikdən
sonra ordu sıralarında xidmət
edib. Elə həmin vaxtdan
da taleyini Ukraynanın Xarkov şəhəri ilə bağlayıb. Artıq o, 30 ildən çoxdur ki, burada yaşayır.
Müxtəlif dövlət işlərində
çalışan A.Nuriyevi
bu gün Xarkovda böyük nüfuz sahibi kimi tanıyırlar. "Atam
Mirzəağa kişi
də istər Lənkəranda, istərsə
də Xarkov şəhərində din xadimi
kimi yaxşı hörmətə və nüfuza malik olub,-deyə Ağamirzə
bildirir.- Atam dünyasını dəyişəndən
sonra onun tutduğu yolu mən davam etdirməyə başlamışam.
Hazırda Xarkovda fəaliyyət göstərən
"İmam Hüseyn”
dini –ictimai cəmiyyətin sədri və bu şəhərindəki
məscidin rəhbəriyəm”.
A.Nuriyevin rəhbərlik etdiyi məscidə namaz qılmağa gələnlərin
sayı günbəgün
artır. Dini bayramlarda isə beş yüzə
qədər insan bir yerdə ibadət edir. Göstərdiyi xeyriyyəçilik fəaliyyəti də Ağamirzəni böyük
hörmət və nüfuz sahibi edib.
A.Nuriyevlə söhbətdən onu da öyrənirik ki, Ukraynada, o cümlədən Xarkovda diaspor hərəkatı geniş vüsət alıb. Artıq burada milli birliyə nail olunub, bütün qüvvələr soydaşlarımızın
bir bayraq altında birləşməsinə
səfərbər edilib.
Vətənə, torpağa,
xalqa böyük məhəbbət bəsləyən
Azərbaycanın qeyrətli
və təəssübkeş
oğulları dost Ukraynada
xalqımızın adət-ənənələrini
ləyaqətlə qoruyub
saxlayır, zəngin mədəniyyətimizlə hamını
heyran qoyurlar.
"Biz vaxtaşırı olaraq bir yerə yığışaraq
doğma Azərbaycanla
bağlı aktual məsələləri müzakirə
edir, xüsusilə Qarabağ məsələsindən
ətraflı söhbət
açaraq erməni daşnaklarının terrorçu
millət olmasından,
tarix boyu azərbaycanlılara xəyanət
toru hörmələrindən
danışırıq, - deyə
A.Nuriyev sözünə
davam edir. – Belə tədbirlərdə
ukraynalılar, ruslar, moldovanlar və digər millətlərin nümayəndələri də
bizə qoşularaq, xalqımızın başına
olmazın müsibətlər
gətirmiş namərd
qonşularımıza lənətlər
yağdırırlar. Həmvətənlərimiz
Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi Prezident
İlham Əliyevin məqsədyönlü fəaliyyəti
sayəsində torpaqlarımızın
tezliklə erməni işqalçılarından azad
olunacağına, qaçqın
və məcburi köçkünlərimizin doğma
yurd yerlərinə qayıdacaqlarına möhkəm
inanırlar”.
"Mən işimi əsasən dini sahədə görürəm,
məsələn, istər
namaz vaxtlarının,
istərsə də dini mərasim və bayramların dəqiq tarixlərini yazaraq, hamının gördüyü bir yerdə lövhədən
asıram, - deyə Ağamirzə Nuriyev söhbətinə davam edir.- Bizdə heç bir ayrı-seçkilik yoxdur,
təriqətindən, inancından
asılı olmayaraq hər kəs gəlib məsciddə namaz qılıb, ibadət edə bilir, çünki bura Allahın evidir. Bu məsciddən
əlavə mən şəhərin başqa
bir ərazisində
150 kv.m sahəsi olan bir mənzil
alaraq, onu yüksək səviyyədə
təmir etdirib, müsəlman bacı-qardaşlarımıza
"İbadət Evi”
kimi hədiyyə etmişəm. Orada namaz
qılmaq və bəzi dini mərasimlər keçirmək
üçün yaxşı
şərait yaradılıb.
Müsəlman bacı-qardaşlarımızın
ibadət etmələri
üçün lazımi
şərait yaratmaq böyük savabdır”.
Ağamirzə Nuriyevin xeyriyyəçilik
fəaliyyəti dəfələrlə
Xarkovun mətbuat səhifələrində, Ukrayna
televiziya kanallarında
işıqlandırılıb. O, dəfələrlə
yerli dövlət qurumlarının, ictimai təşkilatların Fəxri
fərman, diplom və medalları ilə təltif
olunub.Diaspor.info saytının rəhbəri, yazıçı-jurnalist
Əlmaniz Ələkbərli
A.Nuriyevin həyat və fəaliyyəti barədə sayca özünün beşinci
- "Əsrə bərabər
ömür" kitabını
çap etdirib.
Xarkovda yaşayan
azərbaycanlılar deyir
ki, Ağamirzə müəllimin xeyriyyəçilik
işlərini sadalamaqla
bitmir. Belə ki, o, dəfələrlə
Azərbaycandan gələn
bir çox idmançılara da maddi yardım edərək, onların yarışlara qatılmalarına
şərait yaradıb.
Bəli, ürəyi daim Vətən sevgisi ilə döyünən belə bir həmyerliyə görə adam qürur hissi duyur. İnanırıq ki, öz əxlaqı, tərbiyəsi və xeyriyyəçiliyi ilə bir çoxlarına nümunə olan Ağamirzə Nuriyev bundan sonra da canından artıq sevdiyi doğma Azərbaycana başucalığı gətirəcək.
Ağaddin BABAYEV,
yazıçı-jurnalist.
Lənkəran
Ədalət 2019.- 12 aprel.- S.4.