DAHİ ÇARLİ
Bu ilin aprel ayında "balaca adam" obrazının yaradıcısı, XX əsr dünya kinematoqrafiyasının nəhəng siması - amerikalı kinorejissor və kinoaktyor Carlz Spenser Çaplinin anadan olmasının 130 illiyi tamam olur. Ç.Çaplinin çəkdiyi 80-dən artıq (səssiz və səsli) ekran əsərinin əksəriyyəti dünya mədəniyyətinin qızıl fonduna daxil edilib.
Əfsuslar olsun ki, bu böyük sənətkarın həyatı ona qarşı çıxan alçaq, paxıl, kinli insanlarla mübarizədə keçmişdir. İngilis yazıçısı Bernard Şou böyük istedad sahibi olan Çarlı Çaplini "kinoda yeganə dahi" adlandırmışdı. Çarlz səfalətin də acısını dadmışdı. Kraliça Viktoriyanın hakimiyyəti dövründə digər sadə adamlar kimi Çaplinin ailəsi də ehtiyacla üzləşmişdi.
Amerikalı
aktyor, rejissor, ssenarist və prodüser Çaplin Çarlz
Spenser 1889-cu il aprelin 16-da Londonda,
müzik-holl artistlərinin ailəsində dünyaya gəlib.
O, 1898-ci ildən səhnədə oxuyub və oynamağa
başlayıb. 1907-ci ildə F.Karnonun rəhbərlik
etdiyi pantomima truppasına qəbul olunub. Burada
gənc Çaplin pantomimanı dərindən öyrənməklə
bərabər akrobatika və ekvilibristikanı da yaxşı mənimsəyib.
Bundan əlavə o, aktyorluq istedadını və
kloun texnikasını da ustalıqla nümayiş etdirirdi.
1913-cü ildə Karno truppası Amerika Birləşmiş
Ştatlarında qastrolda olduğu vaxt Çaplin "Kistoun"
kinokompaniyası ilə müqavilə bağlayır və Mak
Sennetin rəhbərliyi altında çəkilməyə
başlayır. Onun debüt rolu 1914-cü ildə
"Xoşbəxt Çarli" komediya lentində
modabaz-fırıldaqçı obrazı olub. Kino sənətində
ilk addımlarını atan Çaplin bir il
ərzində M.Sennetin rejissorluğu ilə 35 kiçik
komediyalarda çəkilib. Bu kinolentlərin
yarısının ssenari müəllifi Çaplin özü
olub. Çəkildiyi xırda komediyalarda
klounda, adi fizioloji gülüş doğuran tryüklar aktyorun
fərdi simasını yarada bilməzdi. Ştampdan
qaçmaq məqsədilə Çaplin fərdi
yaradıcılıq yolunu seçir. Bu
axtarışlar nə qədər çətin olsa da,
sonralar ona dünya şöhrəti gətirir.
Çaplinin
yaratmış olduğu kinomaska - balaca fiqurlu adamı kim tanımır? Alçaq boylu, başında
dəbdən düşmüş şlyapa qoymuş, qısa
pencəkli, gen şalvarlı, iri və ucları əyilmiş
başmaq geyən bu adam ilk baxışdan
hamının sevimlisi oldu. Ekranda görünən
andan tamaşaçıda gülüş doğuran aktyor,
eyni zamanda kədərli bir obraz yaratmış oldu. Çaplin oynadığı rollarla Amerika kinosunun
istedadlı komik aktyoru kimi məşhurlaşır.
Mak
Sennetin studiyasında işləyərkən Çarli
Çaplin üç il ərzində
(1915-1917) öz müstəqil yolunun axtarışını
davam etdirib. Onun yaratmış olduğu gülməli qəribə
adam, əslində həyatın həndəvərinə
atılmış məzlum məxluq öz psixoloji xüsusiyyətlərini
biruzə verirdi.
Ç.Çaplinin
1917-ci ilin sonundan 1922-ci ilə kimi çəkdiyi
"Mühacir", "Dözülməz həyat"
qısametrajlı komediyaları və "Cocuq",
"Piliqrim" ("Ziyarətçi") kimi çoxhissəli
filmlərin mərkəzində təsvir etdiyi amansız
dünyada yaşayan balaca adam - Çarlinin obrazı durur. Bu
filmlərdə artıq usta sənətkarın dahiliyi
özünü göstərməyə başlayır. O, ənənəvi
məzhəkəli tryüklara ustalıqla sosioloji istiqamət
verməyi bacarırdı. Çaplinin aktyorluq və
rejissorluq dəst-xətti onun ilk filmlərində olduğu kimi
sonrakı filmlərində də özünü göstərirdi.
Burada şərtiliklə reallıq, şarj və həyati
qroteek, klounada və fars, lirizm və faciəvilik
bir-birinə qovuşmuşdur.
"Cocuq" (1921) - melodraması avara Çarli və
övladlığa götürdüyü azyaşlı
uşaqla bərabər filmin qəhrəmanının xoşbəxt
həyat arzusunda olması təsvir olunub. "Piliqrim"
(1923) filmində isə katorqadan qaçmış kilsə
xadiminin acınacaqlı taleyi, kapitalist Amerikada ona bənzər
"balaca insanın" heç bir hüququ olmayan vəziyyəti
real-qroteek formada göstərilir.
1923-cü ildən başlayaraq Çaplin artıq
özünün xüsusi studiyasında çəkdiyi filmləri
"Yunayted artiste" şirkətinə prokat etmək məqsədilə
təhvil verirdi. Həmin şirkətin sahibkarları
sırasında Çaplinlə bərabər rejissor Devid
Qriffit, Meri Pikford və Duqlas Ferbenksom kimi aktyorlar dururdu. "Yunayted" artiste" tərəfindən
prokata buraxılan ilk tammetrajlı film "Parisli qadın"
kinodramı olub. Həmin filmdə epizodik rola çəkilən
Çaplin rejissor və ssenari müəllifi kimi burjua cəmiyyətinin
iç üzünü inandırıcı surətdə
göstərmişdir. Səssiz
kinomatoqrafiyanın o dövrdəki nailiyyətlərini əks
etdirən "Parisli qadın" filmi ümumiyyətlə
kino sənətinin, xüsusilə də Çaplin sənətinin
inkişafına təsir edən novatorluq nümunəsi idi.
Bu filmdən sonra Çaplin sənətinin
istedadı daha da parlamağa başladı. İkinci
dünya müharibəsi başlamamışdan əvvəl
dahi sənətkarın bir-birinin ardınca çəkmiş
olduğu "Qızıl hərisliyi" (1925), "Sirk"
(1926), "Böyük şəhərin
işıqları" (1931), "Təzə zamanlar"
(1936) və "Dahi diktator" (1940) filmləri dünya
kinematoqrafiyasının qızıl fonduna daxil edilib.
"Qızıl hərisliyi" filmi eksentrik
komediyanın incisi hesab edilir. Şərtli süjetlə
(uğurlu qızılaxtaran barədə povest) Çaplin
şəxsi həyatının bəzi motivləri əsasında
özünün aktyorluq və kloun ustalığı ilə
filmə böyük qələbə gətirib.
"Böyük şəhərin
işıqları"nda avara Çarlinin kor qıza olan məhəbbəti
müasir Amerikanın həyatı fonunda yoxsullar və
varlılar arasında olan dərin kontrast təsvir olunub. Filmin
finalında "kiçik insanın"
yaşadığı həyatda onun arzu və istəklərinin
puç olması göstərilib. "Təzə
zamanlar"da isə zəhmətkeş insanın sosial bərabərsizliyə
qarşı etirazı qabarıq şəkildə
verilmişdir.
Nəhayət, "Dahi diktator" filmində müəllif
kəskin siyasi pamfetlə faşizmə qarşı
çıxış edir. Həqiqi sənətkar
kimi Çaplin zamanın problemləri ilə yaşayır və
bu problemlərin bütün xüsusiyyətlərini
özünün ekran əsərlərində təsvir etməyə
çalışırdı. Yuxarıda
sadaladığımız filmlər nəinki dünya
kinematoqrafiyasının, hətta bəşər mədəniyyətinin
əbədi simvoluna çevrilmişlər. Çünki
bu kinofilmlərdə həm XIX əsrdə yaşamış
məzlum "balaca insanların" ehtirasla müdafiə
olunması, həm də XX əsrdə insan
hüquqlarının tapdalandığını və
amansız həyatın - "konveyrin" zəhmətkeş
insanı cansız "vintə" çevrilməsi (bu
metafora, məhvedici sarkazm tez-tez -tez Çaplin əsərlərində
istifadə edilir) öz əksini tapmışdır.
Çaplinin komediyalarında müəllifin vətəndaşlıq
temperamentinin gücü, fikrin dərinliyi,
yaradıcılıq cəsarəti və novatorluq onun qeyri-adi
istedad sahibi olmasını sübut edir. Çaplin
komediyalarını yaşadığı cəmiyyətin
qüsurlarının və bütün eybəcərliklərinin
ensiklopediyası adlandırmaq olar.
XIX əsr bitmək üzrə idi. Yeni, XX əsr
isə müharibələr və diktatorlar əsri
böyük addımlarla irəliləyirdi. Bir çox ölkələri və xalqları
müharibə alovuna qərq edən faşizm hətta
insanlarda insanlığı da məhv etməyə
çalışırdı.
1940-cı ildə Çaplin "Dahi diktator" filmini
çəkir.
Bu filmin gülüş hədəfi Hitler və
Mussolinidir. Cəsarətli antifaşist
satira sayılan filmdə iki rol oynayan Çaplin - bərbər
Çarli və diktator Hingel (Hitlerin karikatura obrazı)
tamaşaçılara müraciəti ilə sona
çatır. Çaplin onları
faşizmə qarşı mübarizəyə qoşulmağa
çağırır.
Müharibədən sonrakı illərdə Çaplin
özünün stilizə olunmuş tragikomik
"Çarli" maskasından imtina edərək, yorulmadan
yeni qəhrəmanlar və janrlar axtarır. 1947-ci ildə artıq
dünya şöhrəti qazanmış ekran ustası biznesin
cinayətkar mahiyyətini göstərən "Mesye
Verdu" fəlsəfi komediyasını, avtobioqrafik cizgiləri
olan "Səhnə işıqları" (1952) və Amerika
həyat tərzinin mənfi cəhətlərini ifşa edən
kəskin satirik pamflet "Karl Nyü-Yorkdadır" (1957) filmlərini
yaradır. Adı çəkilən son
üç film Qərbin müasir kinosunun tənqidi realizmi sahəsində
qazanmış olduğu böyük nailiyyətdir.
Uzun müddət Amerikanın irtica dairələri tərəfindən
siyasi baxışlarına görə təqiblərə məruz
qalan sənətkar "Səhnə işıqları" filmini
çəkib qurtarandan sonra növbəti böhtan və təqiblərlə
üzləşir. Çaplin ABŞ-ni tərk etməli olur.
1953-cü ildə Avropada hörmətlə
qarşılanan Çaplin İsveçrənin Veve şəhərində
məskunlaşır.
"Səhnə işıqları" filmi Çaplin
sənətinin yüksək zirvələrindən biri sayılır. Xarici
baxışdan melodrama janrında olan film qoca klounun gənc
balerinaya olan sevgisindən bəhs etsə də, əslində
həyat və ölüm, məhəbbət və
yaradıcılıq barədə olan fəlsəfi povest hesab
olunur. Çaplin bu filmi çəkməklə
sanki öz aktyorluq bioqrafiyasını bir qədər xoşbəxt
variantda təsvir edib. Ssenarist, rejissor,
aktyor və bəstəkar Çaplin incəsənəti insan
həyatı ilə bağlayan böyük qüvvəyə
malik olmasını ustalıqla göstərib.
Bu səbəbdən Çaplin "Kral
Nyü-Yorkdadır" filmini Hollivudda yox, İngiltərədə
çəkməli olur. Özü baş rolu oynamaqla,
ekstentriadanın imkanlarından istifadə edərək,
Amerikanın həyat tərzi sayılan varlanmaq həvəsini
və sensasiya ardınca qaçmağı acı
gülüşlə göstərib. Dahi
komediya ustası olan Çarli Çaplin sosial ədalətin,
insanlığın işıqlı və xoşbəxt gələcəyi
uğurunda apardığı mübarizə
bayrağını özünün çoxillik
yaradıcılığı ərzində daim uca tutmağa
çalışmışdır. Həyatı
boyu bu ideallar uğurunda çarpışan kino fədaisi
komediya sənətini yüksək fəlsəfi və bədii
ümumiləşdirmə səviyyəsinə qaldırmışdır.
Sənətə olan sədaqət Çaplini
dövrünün sülh, demokratiya və tərəqqi
uğurunda mübarizə aparanların ön cərgəsində
dayananlardan biri etmişdir. 1954-cü ildə
Ümumdünya Sülh Şurası - sülh və xalqlar
dostluğu işində göstərdiyi böyük xidmətlərə
görə Çaplini Ümumdünya sülh mükafatı
ilə təltif etmişdi.
Kinematoqrafiyanın
klassiki hesab edilən Çarli Çaplin
yaradıcılığının son illərində
"Honkonqdan gəlmiş qrafiniya" (1967) romantik
komediyasını və ən nəhayət 83 yaşında
ikən "Eybəcər qız" adlı filmlərini
çəkib. Digər filmlərində
olduğu kimi axırıncılarda da o, aktyor, rejissor və
ssenari müəllifi kimi çıxış edib. "Eybəcər qız" filmində qadın
rollarda Çaplinin qızları - 23 yaşlı Jozefina və
20 yaşlı Viktoriya çəkilmişlər.
"Honkonqdan gəlmiş qrafiniya" filminin primyerası
Londonun mərkəzində - Pikadillidə, möhtəşəm
"Karlton" kinoteatrında göstərildi. Tamaşaçılar
təkcə London sakinləri deyildi. Gələnlər
arasında ilk növbədə kraliçanın ailə
üzvləri, habelə britaniyalı, avropalı, hətta
Amerikanın nüfuzlu zadəganları da var idi. Xarici görünüşdən hər şey,
ingilislər demişkən o, key, yüksək səviyyədə
keçən premyera xeyirçilik xarakteri də
daşıyırdı. Biletlərin qiyməti
də çox baha idi. Deyilənə
görə, bütün vəsait yetimxanalara və əlillər
cəmiyyətinə köçürüldü. Tamaşaçılar arasında o dövrdə
İngiltərədə işləyən
"İzvestiya" qəzetinin xüsusi müxbiri Melor Sturua
da var idi. Premyeradan və film haqqında
söylənilən fikirlər barədə sovet müxbiri qəzetdə
geniş resenziya dərc etdirmişdir. Məlumat
üçün bildirim ki, M.Sturua sonra həmin yazını
"Время: по гринвичу и по сушеству" adlı kitabına da daxil
etmişdi. Qısaca, müxbirin sözləri ilə
desək, çoxları filmdən narazı qaldı, baxmayaraq
ki, əsas rollarda kinoulduzlar - Sofi Loren və Marlon Brando
oynayırdı.
Çaplin isə sonuncu filmi haqqında belə yazmışdı: "Qrafinya" həm əyləncəli, həm də romantik filmdir. Romantizm isə məhəbbət və psixoanaliz kimi həmişə müasir sayılır. Əlbəttə, mən romantikəm. Həyat onsuz çox solğun və maraqsız görünərdi."
"Çaplin əsri" sayılan XX əsrin azadlıq simvolu - başı şlyapalı və əlində çubuq tutmuş, balaca məzəli insan əsrin əvvəlində olduğu kimi, indi də bütün dünya kinosevərlərini güldürür, kədərləndirir və bir az da düşündürür. O, tamaşaçıların gözündə qalib gəlmiş insan kimi ucalır. Bu isə Çaplin sənətinin ölməzliyini bir daha sübut və təsdiq edir.
Ç.Çaplin 1928 və 1972-ci illərdə Amerika Kino Akademiyasının "Oskar" mükafatına layiq görülüb. 1972-ci ilin sentyabr ayında Beynəlxalq Venetsiya kinofestivalında Çaplin yaradıcılığına bütövlükdə yüksək qiymət verilir və o, "Qızıl şir" mükafatı ilə təltif olunur.
On illər ərzində ekran əsərləri yaradan dünya şöhrətli kino xadimi, milyonlarla tamaşaçının sevimlisi 88 yaşlı əvəzolunmaz dahi sənətkarın həyatı əfsanələrdə olduğu kimi 1977-ci ilin Milad gecəsi sona çatdı.
Çaplin İsveçrədəki malikanəsinin yaxınlığında yerləşən Korsyesur-Veve qəbirstanlığında dəfn edilib.
Həsən
Tağıyev
Ədalət.-2019.-12 aprel.-S.8.