Fəxri Müslüm

 

Doğum günümün ovqat şeirləri

 

Ömürüm bir tut ağacı

 

 

Ömürüm

 

bir tut ağacı,

 

qızılı yarpaqları payıza daşıyar məni.

 

Içimdə

 

siyah rəngli bir dəsmal sərgadan-sərgadandərər,

 

ağlayan könlümün, dərin dərələrə uzanmış

 

həsrət dolu kədərini, qəmini.

 

Hərdən,

 

gecənin gecə türküləri çaşdırar məni,

 

sanki açılmış Ay qabağıdı,

 

süzülər işığı kipriklərimdən incə-incə.

 

Dünya qitəqarışıq,

 

Dünya səmaqarışıq

 

yığılar içimdə,

 

içimdə dar bir küncə.

 

Çiçək-çiçək arzularım yaşar

 

ağaran bir danın danüzü boyunca,

 

əksinə,

 

ovqatım, əsim-əsim,

 

şehə nəfəs verən bir mehə meyilli,

 

didərgin kimidi, havalı kimidi

 

xatirələrin kölgəsində

 

xəmirtək boyatımış,

 

acımış bir sözün boyunca.

 

Eşqim, sübhün toranı,

 

ağardıqca

 

sanki sülh göyərçinidi,

 

dənlər qaranlıqları dən-dən.

 

Uzaqdan qızaran Günəşin sarı başaq şəfəqləri

 

hələ, istisi canımızı isitməmiş,

 

dəmir hasarların

 

dəmir barmaqcıqları ucunda daranar, tellənər,

 

ürəyə bax,

 

gül tutar güllənər gülündən.

 

Azalar,

 

yox olar can ağrılarım,

 

yük düşər çiynlərimdən.

 

Vaz keçərəm ölüm adlı bir nəsnədən,

 

yenidən,

 

bahara, yaza daşınnam,

 

yenidən,

 

özümə, özə daşınnam

 

 

Tutduq

 

 

Illəri beləcə ötürdük biraz,

 

Nə əvvəli tutduq, nə önü tutduq.

 

Boş qınlar qurşadıq qılınc yerinə,

 

Neçə hal-əhvalın, önünü tutduq.

 

 

Qalandı ocaq tək, dərd içimizdə,

 

Yayındı yaddaşdan hər köçümüz də,

 

Baxmadıq ağırlıq, yük biçimizdə,

 

Hər işin, dolaşıq, yönünü tutduq.

 

 

Aşağı-yuxarı, dirənib elə,

 

Ömürdən dərilib-dərrənib elə,

 

Bu səbrə-dözümə girrənib elə,

 

Bu darın-darlığın qəmini tutduq.

 

 

Çat verdi yer yerdən, səma şimşəkdən,

 

Könül öz eşqindən, söz üşüməkdən,

 

Çat verdi ATƏT də, işləməməkdən,

 

Nə dəyirmanını, nə dəni tutduq.

 

 

Ümid də, kipriyə yük olub qaldı,

 

Ellər qəriblikdən tək olub qaldı,

 

Ovqat ovunmadı bükülüb qaldı,

 

Göz-göz acısını, nəmini tutduq

 

 

Uzandı bu zülmün yolları biraz,

 

Artdı qalmağalı, qalları biraz,

 

Mübarək olmasın xalları biraz,

 

Süzüb " Kərəmi”yə, dəmini tutduq.

 

 

Köpəklər doluşdu bostana, bağa,

 

Arzu-əməlindən şər yağa-yağa,

 

Biz isə güvənib, saqqala-bığa,

 

Hələ də, dünyanın kəmini tutduq.

 

 

Arzu yerimədi, söz yerimədi,

 

Yalan ayaq aldı, düz, yerimədi,

 

Bu odda, ocqda, köz yerimədi,

 

Sıxılıb bu yerin tinini tutduq.

 

 

Adam var hər fiti, özgədən gəldi,

 

Sınıx aynasından, güzgüdən gəldi

 

Başa nə gəldisə, bu üzdən gəldi,

 

Zuyna-zurnasına bəmini tutduq.

 

 

Dağım da, dərəm də, küskün kimidi,

 

Qonaqsız-qarasız pis gün kimidi,

 

Eləbil dünəndi, üç gün kimidi,

 

Acı-ağısını, ününü tutduq.

 

 

Illəri beləcə ötürdük biraz,

 

Nə əvvəli tutduq, nə önü tutduq.

 

Boş qınlar qurşadıq qılınc yerinə,

 

Neçə hal-əhvalın, önünü tutduq.

 

 

 

Məni

 

 

Gecəm gündüz oldu, gündüzüm gecə,

 

Tutmadı nə şərqi, nə də, saz məni.

 

Hənirti varmadı cana, filana,

 

Ovutmadı nə yay, nə də, yaz məni.

 

 

Havaları bir-bir kökündən eşdim,

 

Qədim farmaşlardan, yükündən eşdim,

 

Seçib-seçmələyib təkindən eşdim,

 

Çaşdırdı hər bozu, hər ayaz məni.

 

 

Aşırtmaz altında sinəm ox çəkdi,

 

Sağım sola möhtac, solum sağ çəkdi,

Nə çəkdisə mənə, hərdən bağ çəkdi,

Sinirmədi naşı, nə dayaz məni.

 

 

Dərdin özündə də, üz qara çıxdı,

 

Alov qara çıxdı, köz qara çıxdı,

 

Pozuldu əhvalım, söz qara çıxdı,

 

Qınadı hər keçən, hər taraz məni.

 

 

Yuxu da cin kimi, daşındı hərdən,

 

Ya uzun, ya qısa, yaşandı hərdən,

 

Günə bax, beləcə, sərgədan-sərdən,

 

Rahat buraxmadı, hər avaz məni.

 

 

Fəxriyəm, ha sıxdım, nəm vermədi göz,

 

Qürur da, bir dirək, əyilmədi diz,

 

Öldüm misra-misra, dirildim söz-söz,

 

Çəkmədi nə ağı, nə bəyaz məni.

 

 

Yaş artdıqca

 

 

Yaş artdıqca saza-sözə gül oldum,

 

Sinəm dərddən xəlbirləndi, üyündü.

 

Hər yol-iz də, qara lenttək önümdə,

 

Qayçıladım, heç kəsmədi, düyündü.

 

 

Hərdən məni, bu basarat sıxdı lap,

 

İzə düşdü, mərdiməzar yıxdı lap,

 

Çiban kimi, böyür-başdan çıxdı lap,

 

Pörşələndi gözəm-gözəm, iyindi.

 

 

Sir azdı, qanadlandı yuvadan,

 

Onandlandı havasından, havadan,

 

Hava tutqun, hava toran, hava, dan,

 

Içim gömgöy acısından döyündü.

 

 

Kefim üstdə ney-balaban çalındı,

 

Hal-əhvalım xoş olmadı, alındı,

 

Əyinbaştək, gün-güzəran yalındı,

 

Azı-yoxu bir-birinə dəyindi.

 

 

Ömür-günün sərhədləri vuruldu,

 

Gözə gəldi, neçə oyun quruldu,

 

Can dözsə də, xəyal çaşdı, yoruldu,

 

Dirənişi tavanındı, Göyündü.

 

 

Əridin nə, sııxıldın nə, sındın nə,

 

Ocaq olub, korun-korun, yandın nə,

 

Soyuq sözdən üşüdün nə, dondun nə,

 

Tale, bəxt də sultanındı, bəyindi.

 

 

Çoxdan qaçdım, aza qaldım, azaldım,

 

Gün də döydü, köküm üstdə sozaldım,

 

Öz-özümə yuxu satdım, söz aldım,

 

Gözlərimə işıq gəldi, söyündü.

 

 

Fəxri Müslüm uraladı, iç etdi,

 

Gecəsindən gündüzünə köç etdi,

 

Hardasa düz, hardasa səhv, suç etdi,

 

Ağzı yanmış dilə saldı, deyindi.

 

 

Günlərin, ayların, illərin sırtında

 

 

Qantarğalı, yüyənli,

 

göydəmir atların, kol-kos bilmədən,

 

daş-kəsək bilmədən qaçışı kimiydi-

 

bizi kürəyində,

 

sırtında daşıyan

 

günlərin, ayların, illərin sürəti.

 

Üzümüzə,

 

gözümüzə gülərdi

 

açılan hər səhərin,

 

hər danın dan üzü

 

meh kimi meyxoş idi,

 

şeh kimi təzə tər idi,

 

könlümüzü,

 

ruhmuzu sevindirər, titrədərdi.

 

Indi,

 

günün də, ayın da, illərin də,

 

havası boğazında tıncıxıb qalıb

 

Dəvəsi ölmüş ərəb kimidi

 

Noxtalı, palanlı ulaq kimidi,

 

noxtanı buraxırsan çorta-çorta gedir,

 

noxtanı çəkirsən,

 

kürəyini yerə vurub,

 

səni, sürüyə-sürüyə,

 

darta-darta gedir.

 

Artıq,

 

sozalmış canlar kimi,

 

sozalmış ömürlər kimi

 

səmaya yük olmuş durna qatarıyıq.

 

əlvidalı,

 

əlvidasız son nəfəsin astanasında.

 

Içimizdə quyulanıb,

 

kök salıbdı

 

gedəcəyimiz

 

bilmədiymiz bir mənzilin alayarımçıq,

 

kəsik-kəsik şərqiləri.

 

Heç bilmirəm göyərəcəkmi

 

Gözlərmizdə,

 

kipriklərmizdə

 

doymadığımız, bu dünyanın torpaq,

 

daş təbitməsinin şeşid-çeşid

 

tər çiçəyi, tər gülləri.

 

 

Yarımçıq qalan şeirlər

 

 

Yarımçıq qalan şeirlər

 

Yarımçıq izlərə,

 

Bitməmiş yollara,

 

Düyün düşmüş,

 

Açılmamaış sözlərə bənzər.

 

Ovun ov nişanından, nişangahından

 

əli boş qaytaran gözlərə bənzər.

 

Yarımçıq qalan şeirlər

 

Yay yağışıdı,

 

Bala verən dovşana

 

bələdçi olsa da,

 

yapıncısına bürünüb aldanan çobana,

 

Başın üstündə kölgələnən

 

Bir topa qara buluda,

 

Yun tək,

 

Ağlı-qaralı çözülən dumana bənzər.

 

Yarımçıq qalan şeirlər can ağrısıdı,

 

Ruhu göylərə çatmaz,

 

Istisi, hənirtisi şaxtanı, soyuğu

 

O yan, bu yan edib,

 

Olduğun, qaldığın olacaqlara,

 

Öylərə çatmaz.

 

Buxarıda boğulan tüstü kimidi,

 

əsir düşmüş

 

çör-çöp içində

 

It-bat olmuş uşaq qəbirlərinin üstü kimidi.

 

Yarımçıq qalan şeirlər,

 

Dostun,

 

Gəldi-gəlmədi zəng çalarları,

 

Naxış-naxış, kərpic-kərpic

 

Sinən altda qəm dağarcığı,

 

Dərd üstündə mamır tutmuş abidələr, qalalardı,

 

Sızım-sızım sızıldayar

 

Nöqtəsinin, vergülünün boz üzünə,

 

Çözülməyən, gözənməyən yaralardı.

 

Yarımçıq,

 

Yarımçıq qalan şeirlər.

 

 

 

 

Eldar Nəsibli Sibirelə

 

 

Ünvanı,

 

Vətəndən vətənə sürgün yeriydi,

 

Didərgin yeriydi,

 

Qərib yeriydi.

 

Doğum yeri,

 

günəş ziyalarının

 

Tayqa meşələrinin qol budağında

 

Düymə-düymə düymələnən,

 

Salxım-salxım salxımlanan, hörüklənən

 

Və bir də,

 

dəryaz ağzında qanı donan dünyanın

 

Sıcaq yeriydi, küsgün yeriydi.

 

Yaşamı,

 

Zaman-zaman içində gəzdirdiyi

 

Və kiminləsə, bölə bilmədiyi

 

Günəşin həsrət dolu qürub yeriydi.

 

Bax, beləcə yaşadı,

 

Bakının dolaşıq düşmüş döngələrini gəzə-gəzə.

 

Bax, beləcə yaşadı,

 

Göylərin yeddi qat dərdini,

 

ənginlikələrini sinəsində misralara çevirib

 

dövrünün sifətinə silləsayaq,

 

vərəq-vərəq düzə-düzə.

 

Bax, beləcə yaşadı,

 

Hərdən, Xəzərin sahilində gəzə-gəzə.

 

Ancaq Nargin adasının

 

Narıncı səmasına baxammazdı,

 

Çiyinlərində qara buludların ağrlığı

 

Ağır salxaq kişi sayaq

 

Qara yapıncıya dönə-dönə.

 

Baxardı,

 

Dənizin ucqarında üfüqlərin düyün düşən,

 

Boğuq yerinə.

 

Baxardı, baxışında payız havası.

 

Baxardı,

 

Payız ətirli, gah kövrək,

 

Gah da, can üşüdən xəyallarına

 

dirən-dirənə.

 

Bax, beləcə, bir yarımçıq ömür yaşadı neçə il,

 

Mənim can qardaşım, qan qardaşım,

 

Və ağrılarımı gömgöy göyərdən

 

Qan yaddaşım Eldar Nəsibli,

 

Eldar Sibirel.

 

 

İçəri şəhərinqala divarlarından gələn səslər

 

 

Içəri şəhərin

 

qala divarlarından gələn səslər,

 

ovqatımı çözə-çözə,

 

məni,min illərə elə-belə qaytarmadı.

 

Elə-belə qaytarmadı,

 

canımın canını ala-ala, üzə-üzə,

 

məni,məndə sıralaya-sıralaya,

 

dərdlərimigözüm önünə düzə-düzə.

 

Burda,

 

Qız qalası,

 

bu xalqın əbədi dağa dönmüş qürur yeri,

 

dərd yeridi.

 

Min illərdi göyün göy üzünə,

 

Tanrının tanrı ətəyinə qısıla qalmış,

 

və bir də,

 

ağ dumanın ağ örpəyi tək,

 

burum-burum burumlanan ahı- naləsi,

 

gah göydən asıla qalmış,

 

gah da,

 

dənizin dalğalarına söykənc kimi,

 

ocaq yeri, yurd yeridi.

 

Daşı-daş kimi, kərpici-kərpic kimi

 

içimdə, çölümdə kirəclənmiş kimidi.

 

Bir tut ağacı qocalıb burda,

 

zaman-zaman boy atıb, ucalıb burda.

 

Ancaq kürəyində,

 

Qolunda, budağında

 

Və bir də,

 

Qurd ağzı kimi gələcəyə hayqıran

 

kömür rəngli oyuxlarında

 

Içəri şəhər əhalisinin,

 

Zaman-zaman tarixə dönmüş xatirələrinin

 

Acı yeri, sərt yeridi.

 

Və bir də,

 

erməni qırğının daşa-divara hopmuş

 

qan izlərini, can izlərini

 

sabahlara görk olsun deyə,

 

sırtında daşıdığı alınmaz qala yeri, yurd yeridi.

 

Bir tut ağacı qocalıb burda,

 

sinəsi şəhidlərin məzar yeri, qəbir yeri,

 

bir xalqın hulqumuna dirənmiş dirsək yeri,

 

səbr yeridi.

 

Bir tut ağacı qocalıb burda,

 

şahidliyin,şəhidliyin zirvəsinə ucalıb burda.

 

Azarmızı-bezarmızı kəsik-kəsik,

 

kərtik-kərtik,damarlarında böyüdə-böyüdə,

 

günümüzəcən, neçə tufanlardan,

 

fırtınalardan yayınıb qalıb burda.

 

Indi adamlarbu tut ağacının

 

Göy üzünün göyünə açılmış

 

gömgöy yarpaqların mehində danışır.

 

Açıb əllərini üzü yuxarı,

 

bu qala divarlarınını səsləri altında

 

min illərinyaz yağışına tutulmuş dan üzünün şehində danışır.

 

E.. e..hey... İçəri şəhərdən gələn səslər,

 

e..e..hey.. Qala divarlarından gələn səslər,

 

ölməyən,

 

ölməyən səslər....

 

Ədalət 2019 .- 13 aprel.- S.14.