BUDAQ TƏHMƏZİN POETİK DÜNYASI
VƏ ONUN YARADICILIĞI HAQQINDA DEYİLMİŞ
DƏYƏRLİ FİKİRLƏR
ƏDƏBİ ALƏM
Qədim Şərur torpağının Siyaqut kəndində
dünyaya göz açan şair-publisist Budaq Təhməzi
50 ildən çoxdur tanıyıram,
yaradıcılığına da elə o müddətdən
bələdəm. Bu gün ömrünün 80-cı
baharını tamamlayan qələm dostum onlarla şeir, poema,
tədqiqat kitablarının müəllifi və tərtibatçısıdır,
şeirlərinin bir çoxu filologiya elmləri namizədi
Şamil Zaman tərəfindən fransız dilinə tərcümə
olunubdur. Şifahi xalq ədəbiyyatına,
xüsusən də aşıq və folklor
yaradıcılığına olan məhəbbətinin nəticəsidir
ki, Aşıq Hüseyn Arpaçaylı, Aşıq Nabat kimi
el sənətkarlarının daha yaxından
tanınmasında Budağın xidmətləri çoxdur.
Budaq Təhməzin
yaradıcılığı barədə tanınmış ədəbiyyat
adamları öz poetik fikirlərini bildirmiş, yazılan əsərləri,
dərc olunan kitabları haqqında maraqlı mülahizələrini
söyləmişlər. Mən deyilən
ürək sözlərini xatırlatmamışdan öncə
şair dostum haqqında öz düşüncələrimi
bölüşmək istəyirəm.
...1970-ci
ilin bir bahar günündə «İşıqlı yol» (indiki
«Şərurun səsi») qəzetinin redaksiyasında belə qərara
gəlindi ki, qəzetin nəzdində «Şərur
qönçələri» Ədəbi Birliyi fəaliyyət
göstərsin. Bu ədəbi birlik qədim Oğuz eli olan Şərurun (o illərdə Sədərək
rayonu və Kəngərli rayonunun bir hissəsi Şərurun
inzibati ərazisinə daxil idi) yazıb-yaradan adamlarını
öz ətrafına topladı. İlk qələm təcrübələrini
«Şərur qönçələri»nin məşğələlərində
oxumuş Azərbaycan Milli Elmlər Akademiyasının
vitçe-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli
bu ədəbi birlik haqqında belə yazır: «Azərbaycanın
ayrılmaz parçası, Naxçıvan diyarının bənzərsiz
bölgəsi olan qədim və həmşəcavan Şərurun
bədii obrazı, nağıllı-əfsanəli
Arpaçayın poetik səsi, elmi-publisist salnaməsi «Şərur»
Ədəbi Birliyində formalaşır. «Şərur»
Ədəbi Birliyi Dədə Qorqud yurdu Şərurun
sabahına da gur işıq salır».
Şair Budaq Təhməz də «Şərur
qönçələri» (indiki «Şərur») Ədəbi
Birliyinin yaradıcılarından və təşkilatçılarından
biridir. O,
öz yeni şeirlərini və poemalarından
parçaları ədəbi birliyin məşğələlərində
oxumaqla yanaşı, ədəbiyyat aləminə təzə
qədəm atan uşaq və gənclərin himaydarına
çevrilmişdir.
Budaq Təhməz zəhmətkeş şair olubdur. Onun şeirlərində
öz halal zəhmətilə şan-şöhrət
tapmış əmək adamlarının portretləri mahir rəsam
fırçası ilə yaradılır. Bəlkə ona görə də poeziyaya gələn
kövrək qəlblərə zəhmətin
simfoniyasını aşılayır, onları yüngül,
bayağı və əziyyətsiz sənət əsərlərindən
uzaq olmağa səsləyir. Mətbuatda
şeir və tədqiqat əsərləri ilə çap
olunan şair Budaq Təhməz radio və televiziya ilə də
vaxtaşırı çıxış edərək öz
yeni bədii yazılarını oxucularına
çatdırır. Xalq şairi, «Şöhrət»
ordenli Balaş Azəroğlu «Mənim tanıdığım
Budaq Təhməz» adlı ürək sözündə
yazır: «Mən Budaq Təhməzin söz dünyasına nəzər
salanda hiss edirəm ki, onun şeirləri də özü qədər
səmimi və ürəyəyatandır. Onda
ilhamlı bir şair ürəyi var, hər kəlməni, hər
misranı ürəyinin süzgəcindən keçirərək
yazır. Sözə qiymət verən,
oxucusunu buna inandıran əsl söz adamıdır».
Budaq Təhməz şair adını uca tutan, öz
yaradıcılığı ilə qələm sahiblərinə
həmişə hörmət gətirən bir şairdir. Onun ürəyində həmişə
Vətən yerləşir, «Günəşə bənzəyir
onun qüruru»!
Şair
ürəyinə toxunmayın siz,
Onun sevinci var, onun qəmi var.
Hər
şair ürəyi narahat dəniz,
Narahat dənizin
öz aləmi var…
Şair Budaq Təhməzin təbiət gözəlliklərinə,
yurd yerlərinə, tanınmış insanlara həsr etdiyi əsərləri
oxucular tərəfindən daha çox oxunur. Azərbayjan MEA Folklor
İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu Budaq Təhməz
haqqında onun «Seçilmiş əsərləri»
kitabının «Ön söz»ündə belə yazır:
«Şair hadisələri birinci növbədə müsbət
yöndən qiymətləndirir, haqqında yazmaq istədiyi
predmetin pis yox, yaxşı tərəfini ön plana çəkir.
Yəni, şair «tərənnüm»
adlandırdığımız məsələni
özünün ən başlıca sənət
qayğısına çevirir, Vətən, ana, yar-yoldaş,
dost-tanış, döyüşçü-əsgər,
dağ-daş, çöl-çəmən, çay, dəniz,
meşə, bağ-bağça, bar-bərəkət və
sairəni vəsf edib poetik yüksəkliyə
qaldırmağa çalışır».
Mən Muxtar Kazımoğlunun qələm dostumuz Budaq Təhməzin
yaradıcılığındakı sadaladığı
müşahidə predmetləri ilə razılaşıram. Şairin «Şərurum»,
«Darı dağ», «Maxta», «Siyaquta qayıtmışam», «Ordubadı
gəzərkən», «Arpaçayı
aşdı-daşdı», «Naxçıvan torpağı»,
«Axura» və s. şeirlərində Azərbayjanımızın
ayrılmaz və əbədi torpağı olan
Naxçıvan Muxtar Respublikasının gözəlliyi tərənüm
edilir:
Şərur
düzlərində qaynayır həyat,
Zəfər mücdəlidir Culfa, Ordubad.
«Badamlı»,
«Sirab»ı dərdlərə dərman,
Səfa qaynaqlıdır yaranışından.
Budaq Təhməz
yaradıcılığına uşaqlıq illərindən
bələd olan «Şərur qönçələri» Ədəbi
Birliyinin üzvü olmuş "Kaspi qəzetinin təsisçisi,
əməkdar jurnalist, şairə Sona Vəliyevanın onun
haqqında yazdığı «Arpaçay üstə
yaşayan şairin nağılı» həm maraqlı, həm
də kövrəkdir. Sona xanım qeyd edir ki,
Budaq Təhməz yaddaşımda əziz bir insan kimi yer tutur.
Bu dərnəyə gələndə hamıdan çox Budaq
Təhməzin öyüd-nəsihətini eşidərdim:
«Ümidli misraların çoxdur»,- fikri mənim
üçün sevinc-fərəh demək idi.
Gözəl ailə başçısı, mehriban ata
kimi də Budaq müəllim həmişə
tanıdıqlarımız arasında fərqlənən
olubdur. Lakin
görüşlərdən birində çöhrəsində
tənhalıq, pərişanlıq duydum: ömür-gün
yoldaşı Qubanı əbədi itirməsi fikri ilə
barışa bilmirdi:
Pəncərədə
gülüm yoxdur,
Söz
deməyə dilim yoxdur,
Yazammıram,
əlim yoxdur,
Harda
qaldı sənli günüm…
Keçən əsrin 70-ci illərində qələm
sahiblərinin ən müqəddəs mövzularından biri
də Cənubi Azərbaycan, Araz mövzusu olmuşdur. Açıqdan-açığa
olmasa da, sözaltı deyilən fikirlər, yazılan
şeirlər arasında Budaq Təhməzin də yeri
vardır. Geologiya-minereologiya elmləri doktoru, professor,
şair Hikmət Mahmudun «Budaq Təhməz poeziyasına bir
baxış» adlı məqaləsində bu fikir daha
qabarıq əksini tapır: «Budaq Təhməz
yaradıcılığında Cənubi Azərbaycan, Araz
mövzusu qırmızı xətlə keçir. Şair zərif
bir sənətkar həssaslığı ilə yazır:
O
tayın qeyrətin çəkməliyəm mən,
Ayrılıq odundan gözüm dolubdur.
Bakı
da Vətəndir, Təbriz də Vətən,
Kim deyir günahkar Araz olubdur?
Bu misraları yalnız Vətənini,
torpağını bütöv görmək istəyən bir
şair, bir vətəndaş yaza bilər».
«Şərur» Ədəbi Birliyində ilk kövrək qələm
təcrübələrini ürək
çırpıntıları ilə oxuyan şairlərdən
biri də Rafiq Odaydır. Bu gün öz
yaradıcılığı ilə respublika miqyasında və
hətta onun hüdudlarından kənarda da oxucuların rəğbətini
qazanan şair-publisist Rafiq Odayın bu çətin və məsuliyyətli
yolda uğur qazanmasında Budaq Təhməzin köməyi
çox olubdur.
Yazılarına münasibətini bildirmiş, şeirlərinin
dərcinə rəy vermiş, həm də eyni məktəbdə
müəllimlik etmişlər. Rafiq «Haqqa tapınan
kişi» məqaləsində Budaq Təhməzə olan
münasibətini belə bildirir: «Budaq müəllim təmənnasız
adamdır, haqqa tapınan kişidir, tərəzinin əyilmiş
pərsənginin düzələcəyinə inamını
itirməyən vətəndaşdır. Bunu təkcə
onun şeirlərinə əsaslanıb demirəm, eyni zamanda
bir yaxın dost kimi deyirəm, bir neçə il
çiyin-çiyinə işlədiyim müəllim
yoldaşı kimi deyirəm, nəhayətdə ağa-ağ,
qaraya-qara deməyə məsul və borclu olan bir vətəndaş
kimi deyirəm. Və inanıram ki, zaman gələcək
Budaq Təhməz yaradıcılığı öz həqiqi
qiymətini alacaqdır. Bu yazımı fikirlərimin məntiqi
davamı və təsdiqi kimi Budaq Təhməzin öz
misraları ilə tamamlamaq istəyirəm:
Yuyunub,
arınar söz də həyatda,
Zaman öz qiymətin verər hər kəsin.
Bu tarix
yaşayır hər təmiz adda,
Susdurmaq
olmayır onun haqq səsin…».
Şair və
qəlb dostu Rafiq Odayın qəlbindən gələn bu səmimi
sözlər saçlarına dən düşmüş
Budaq Təhməzin şeirlə cavab verməsinə səbəb
olur:
Rafiq Oday,
səsin gəldi yetişdi,
İllər
ötdü, saçlarıma dən düşdü,
Qızlar
«dayı» deyib mənə gülüşdü,
Ötən çağlar harda qaldı, neyləyim?
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü, tarix elmləri namizədi, NDP-nun "Qeyrət”
nəşriyatının direktoru işləmiş Vaqif Məmmədov
yazırdı:
Böyük
Mövlanın bir kəlamı var: - "Ya
göründüyün kimi ol, ya olduğun kimi
görün...” Mən tam səmimiyyətlə
deyərdim ki, Budaq olduğu kimi görünən və
göründüyü kimi olan şairdir. Budaq
bir sifətli insandır.O. yarım əsrdən
çoxdur ki, şeirimizin əli qabarlı fəhləsi kimi
bu yolda külüng vurur. Mənim Budaq Təhməz
yaradıcılığına bir tədqiqatçı kimi,
folklorumuzun, xalq yaradıcılığımızın,
aşıq şeirimizin bilicisi kimi də böyük hörmətim
var.
Uzun illərdir ki, müəllim kimi bir şərəfli
peşə ilə məşğul olan Budaq Təhməz
uşaq psixologiyasına dərindən bələd olan bir
qayğıkeş pedaqoq kimi yaradıcılığında
gül balalarımızı da unutmayıb. Şairin
"Budaq babanın nağılları” kitabında toplanan
uşaq şeirləri öz məna və məzunları ilə
uşaqların yaş və psixologiyasına uyğun bir şəkildə
yazılmışdır.Bu kiçik həcmli şerlərlə
böyük mənalar ifadə etməyə,
balalrımızı Vətənimizə layiq övladlar kimi tərbiyə
etməyə çalışır Budaq Təhməz.
Uşaq arzusu, onun böyüyüb vətəndaş
olmaq istəyi uşaq şerlərinin əsas
mövzularından biridir.
Təyyarə
sürür
Göylərdə atam.
Oxuyub gərək
Atama çatam.
...Ömrünün
müdriklik dövrünü yaşayan, yaşaya-yaşaya da
öz poetik töhfəsini çoxsaylı oxucularına
çatdıran Azərbayjan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvü, «Qızıl qələm»
və «Məmməd Araz» mükafatları laureatı Budaq Təhməz
hələ neçə-neçə kitabları ilə
görüşümüzə gələcəkdir. Onun çoxsaylı yaradıcılığı
ayrı-ayrı tədqiqat əsərlərinin mövzusuna
çevriləcək, özünəməxsus söz və
fikirlər deyiləcəkdir. 50 illik qələm
dostluğu etdiyim şair Budaq Təhməzə daha
böyük yaradıcılıq uğurları arzulayır,
yeni, bir-birindən gözəl, mənalı-məzmunlu əsərlərinin
sorağındayıq, deyirəm.
İbrahim
YUSİFOĞLU,
«Şərur»
Ədəbi Birliyinin rəhbəri,şair-publisist
Ədalət
2019.- 13 aprel.- S.10.