Oxuyun, məsləhətdir

 

  Tənhalığın faciələrindən söz açır, gənc yazar Aqil Yaşaroğlu «Tənha qadın» (Bakı, «Heroqlif»-2018) romanında. Və eyni zamanda, həm də qabardır, fokuslaşdırır sevgisizliyin dəhşətlərini, ürəklərə, ailələrə vurduğu əxlaqi-mənəvi travmaları. Bir evdə, bir məkanda cərəyan edir romandakı hadisə və əhvalatlar. Elə romanın qəhrəmanları da, əsasən, şəhərdə (Bakıda) yaşayır, şəhərdə fəaliyyət göstərirlər. Həyatda məşhurlardan deyil, məsul vəzifələrdə çalışmırlar bu qəhrəmanlar. Sadə peşə adamlarıdır, yəni bəziləri Qarabağ qazisi və veteranıdır, bəziləri təqaüdçüdür, bəziləri jurnalistdir, bəziləri müəllimdir, bəziləri kiçik iş adamıdır, ictimai iaşə nümayəndəsidir və s. Müxtəlifxarakterli, müxtəlifdünyagörüşlü bu adamların hər birinin öz həyat yolu, öz dünyabaxışı, cəmiyyətə və cəmiyyət hadisələrinə öz fərdi-şəxsi reaksiya və münasibəti var. Amma hamı yurdsevərdir, öz dövlətini dərin məhəbbətlə sevir, bu dövlətin qazandığı uğur və zəfərlərdən qürurlanır, fəxarətlənirlər. Çətin gündə, bərk ayaqda bir-birinə arxa-dayaqdır bu adamlar. Qayğı-sayğı bəsləyirlər həm özlərinə, həm də ətrafdakılara. Bu «kiçik adamların» böyük ürəklərini və bu ürəklərin dərinliklərində yatan müqəddəs arzu və istəkləri gənc yazar yaddançıxmaz epizodlarda necə də məhəbbətlə rəsm edir! Təkcə Vüqar dayının obrazını, onun xeyirxahlığını, qayğıkeşliyini, hamıya, hər kəsə can yandırdığını xatırlamaq kifayətdir. Romanı oxuyan hər oxucu təsdiq edər ki, dözmür haqsızlığa, dərəbəyliyə, zülmə, istismara, rüşvətə və yalana Vüqar dayı. Kasıbların, evsiz-eşiksizlərin, imkansız və xəstələrin, təhdid və təqiblərə, haqsızlıq və ədalətsizliklərə məruz qalanların pənahı-xilaskarıdır O. təəssüf ki, insanlara (sosial fəlakətlərin girdabında boğulanlara) dərin məhəbbət bəsləyən, onların qayğısını çəkən, müşküllərini həll edən belə bir ziyalı Samir kimi bir qansızın eqo və ambisiyalarının qurbanı olur.

 

Romandakı hadisələr, əsasən, bir aparıcı xətt (Günay-Samir) üzrə inkişaf edir. Lakin yardımçı-köməkçi (epizodik) xətlər də yox deyil. Abbas-Günay, Vüqar dayı-Samir, Vüqar dayı-Əhməd, Samir-Elnurə, Günay-Elnurə, Vüqar dayı-Faiq və s. Müstəqil süjetlidir bu xətlər. Lakin əsas xəttə işıq tutur, bu xətdəki hadisələrin inkişafını daha da şaxələndirir, stimullaşdırır, situasiyaların açılmasına təkan verir, romanın baş qəhrəmanlarının xarakterik xüsusiyyətlərini üzə çıxarır, obrazları daha da dolğunlaşdırır, necə deyərlər, onları ətə-qana doldurur.

 

Əlbəttə, romanın məna-məzmun, ideya-bədii çəkisi Günay-Samir xəttinin üstündədir, bu xətdə fokuslaşır. Bu xətt müəllif ideyasının daşıyıcısı, müəllif fikrinin, məqsədinin ötürücüsüdür. Açır-tökür qəhrəmanların (Günay və Samirin, Samir və Əli dayının, Hicran və Cavadın, Hicran və Günayın…) iç dünyasını, ailə və sevgiyə baxışlarını, cəmiyyətə vətəndaş mövqelərini bu xətt. Bu xətt, eyni zamanda, oxuculara təlqin edir ki, ruhən yaxın olmayanlar, mənən fərqlənənlər, zövq və xasiyyətcə müxtəliflər həyatda xoşbəxt olmur, ailə həyatı onları qucağında isindirmir. Zahirən evdə hər şey yerindədir, məişətdə rahatlıqdır, korluq, ehtiyac çəkmirlər məhəbbət cütləri (Günay və Samir). Lakin xoşbəxtlik onlardan çox-çox uzaqdır. Çünki Günayın və Samirin evində (ailəsində) sevgisizlik hökm sürür. Bu ailədə danışan dillərdir. İş görən, yəni evi səliqəyə salan, qapı-pəncərələrin tozunu alan, pal-paltarları təmizləyən, ütüləyən əllərdir. Ailədə hər kəsi işə aparan, işdən qaytaran ayaqlardır. Böhtanları, şayiələri, yalanları eşidən-dinləyən qulaqlardır. Görən-götürən, dünyanı, təbiəti bizə göstərən gözlərdir. Lakin bu evdə ürək yoxdur, bu evdə ürək döyünmür. Bu evdə ürəklər danışmır, gözlər məhəbbətlə alışıb-yanmır. Sevgisizlik başına götürüb bu ailəni. Sevgisizlik ucbatından evin ağsaqqalı Cavad kişi evi tərk edib yad ölkəyə (Rusiyaya) getməmişdirmi?! Evin agbirçəyi Hicran xanımı gəlininə (Günaya) məgər sevgisizlik düşmən kəsdirməyibmi?! Məgər sevgisizlikdən baldız (Nuranə) öz anasıyla birləşərək gəlinlərinə (Günaya) şər-böhtan kampaniyası aparmırmı?! Ər-arvad (Samir, Günay) arasında dərin uçurum yaradan, onları bir-birindən soyudan, necə dəyərlər, it-pişik edən sevgisizlik deyilmi?! Atanın (Samirin) ürəyində oğul (Arif) məhəbbətini bilmərrə qoparan, alt-üst edən məgər sevgisizliyin hökmü-qərarı deyilmi?

 

Romanın iki gənc qəhrəmanı Günay və Samir bir-birini görmədən, sevmədən, aralarında uzunmüddətli ünsiyyət olmadan valideynlərinin arzusu, diqtəsinə rəğmən evləniblər. Məhəbbətlərində iztirab, canatma, çırpıntı, həyəcan, göz yaşları əsla yer almayıb. Darıxmayıblar bir-biri üçün, sevmədən, vurulmadan evləniblər. Bu mənada hər ikisi yazıqdır, hər ikisi balacadır, cılızdır, miskindir. Dədə Ələsgər demişkən: «İki könül bir-birini tutmasa, gələn də yazıqdır, alan da yazıq». Bəli, bu «yazıqların» evində, ailəsində, hətta ürəklərində belə sevgisizlik bərqərardır. Sevgisizliyin nəticəsi olaraq uğursuzluq və büdrəmələr, biganəlik və laqeydlik, göz yaşları və aldatmalar, təhdid-təqib-təhqirlər, soyuqlar və peşmanlıqlar ailəyə yol tapır. Sarsıdır ailəni. Laxladır evin sütunlarını. Qırır ər-arvad arasındakı müqəddəs bağları. Kölgələyir, ən adi davranış normalarından (qaydalarından) uzaqlaşdırır bu iki gənci. Yadlaşdırır, ögeyləşdirir bir dam altında yaşayanları sevgisizlik. Uçurdur ailədən şans mələyini. Xəyanətin qara əllərini uzadır bu isti od-ocağa. Qar yağdırır, külək əsdirir arzulara, əlçatmaz diləklərə sevgisizlik. Vəhşiyə, alçağa, həyat yoldaşı ilə qeyri-səmimi rəftara yönəldir Samiri sevgisizlik: «Heç kim mənim anamın üstünə qışqıra və ya artıq-əskik söz deyə bilməz!... O, (Samir) bu sözləri deyər-deməz anasının gözü qabağında yoldaşına- Günay bərk şillə vurdu. Günay zərbənin təsirindən stuldan yerə yıxıldı. İçkinin təsirindən…Samir yerdə uzanmış həyat yoldaşını yenə vurmağa başladı. Bunu görən Arif atasının ayaqlarından yapışaraq dişlədi. O, bu vəhşi hərəkətini dayandırmaq əvəzinə, bir şillə də oğluna vurdu. Arif ağlamağa başladı. Günay isə bihuş vəziyyətdə yerdə uzanmışdı. Burnundan və dodağından qan gəlirdi» (səh. 115-116).

 

Samirin həyat yoldaşına və habelə Vüqar dayıya vəhşiliklərini, cəbr və zorakılıqlarını əks etdirən bu cür epizodlar (nümunələr) romanda saysız-hesabsızdır. Və bu tipli epizodlarda Samir bizə böyük Mirzə Cəlilin Xudayar bəyini xatırladır. XIX yüz ilin son illərində Xudayar bəyin Şərəfə və Zeynəbə yaşatdığı müsibətləri XXI əsrdə onun gənc xələfi (davamçısı) Samir öz həyat yoldaşına yaşadır. Bu iki obrazı bir-birindən hardasa, təxminən, birəsrlik bir zaman məsafəsi ayırır və bu zaman kəsimində çox qaranlıqlar aydınlığa çıxıb, çox sular durulub, böyük elmi kəşflərə imza atılıb, yeni texnoloji sistemlər yaradılıb, bir sözlə, həm təbiətdə, həm cəmiyyətdə, həm elm və təhsildə yeni-yeni uğurlar qazanılıb. Lakin XXI əsrin adamı (kişisi) hələ də qadına münasibətdə dəyişməyib ki, dəyişməyib. Bu adamın, yəni romanın baş qəhrəmanı Samirin çölü dəyişsə də, ger-geyimi müasirləşsə də, içi etibarilə o elə XIX əsrin adamıdır. Yəni Samir çölünə görə XXI əsrdədirsə, içinə görə XIX əsrdədir. Samir bütün əxlaqi-mənəvi görüşləri ilə sanki Xudayar bəyin burnundan sıçrayan qanlı-irinli fırtıqdır ki, çırpılıb XXI əsrin yaxasına. O da sələfi Xudayar bəy kimi qadına feodal baxışlı, feodal münasibətlidir-zopalayır, şapalaqlayır, şillələyir, təpikləyir həyat yoldaşını. Səsini batırır, nəfəsini kəsir, analıq haqqına tüpürür, hüquqlarını kobudcasına tapdalayır Günayın. Və nəticədə gənc, yaraşıqlı bir qadının intiharını sürətləndirir”. O, (Günay-M.X.) gözlərini yumaraq özünü hündürmərtəbəli binadan yerə atdı. Günayın müəmmalı intiharı hamını çaşbaş qoydu. Əlvida, oğlum! Əlvida, mənə məhrumiyyətlər içində gülən dünya. Sənin bəhrini heç kim görmədi». (səh.335).

 

Təəssüflənir, acıyır oxucu Günayın ölümünə. Nəcib istək və arzularla yaşayan bu qadın gərək intiharı özünə yaxın buraxmayaydı. İntiharı çıxış yolu seçməyəydi. Axı intihar həm də günahdır. Allaha asi olmaqdır. Allah mülkiyyətinə (mülkünə) ruha xəyanətdir. Şair demişkən, «Ruh-Allahın şəxsi mülkü, o, insana əmanətdir. İntihar-Allaha üsyan, əmanətə xəyanətdir». İntihar hansı səbəbdən baş verirsə-versin, o nə çıxış yoludur, nə də tərbiyə vasitəsi. İntihar zülm-işgəncəyə təslim olmadır. Günay acizliyə, mütiliyə, susqunluğa, itaətkarlığa üsyan etməliydi, onlardan yaxa qurtarmalıydı. İnsani keyfiyyətlərdən çox-çox uzaq əri Samirin boğazından yapışmalıydı. Abbasa, mənasız gündəliklər yazmaqdansa, telefon açmalıydı, onu evindəki xoşagəlməzliklərlə məlumatlandırmalıydı, mənəvi yardım-kömək istəməliydi. Və yaxud hüquq-mühafizə orqanlarını xəbərdar etməliydi. Bu nöqtədə Günay M.F.Axundzadənin «Mürafiə vəkilləri»ndəki Səkinə obrazından da mütidir, kölədir, qorxaq-cəsarətsizdir. Səkinə XIX əsrdə öz tərəf-müqabilinə, yəni haqqını əlindən almağa cəhd göstərənə «Get əlindən gələni beş qaba çəkdeyə hayqırırsa, XXI əsrin oxumuşu, İnternet istifadəçisi ona edilən haqsızlığa, vəhşiliyə, zor və şiddətə gərək niyə sussun, qul, itaətkarlıq psixologiyasından gərək niyə qopmasın?! Və bizə, cəmiyyətimizə belə təslimçi, barışıqçı, passiv qadınlar (gənc analar?) gərəkdirmi?! Əlbəttə, yox!

 

«Tənha qadın» Günayın romanıdır, Günayın nakam sevgisinin(sevgisizliyinin) hekayətidir. Roman həm də Günayın ilk sevgisinin – Abbasın gerçəkləşməyən, kamala dolmayan məhəbbətinin əks-sədasıdır. Elə romanın baş qəhrəmanları bir tərəfdən Günay və Samirdisə, digər tərəfdən də Abbasdır. Və bu da təsadüfi deyil ki, Günay ən ağır, ən kritik məqamlarda Abbasa üz tutur, öz ağrı-acılarını məhz Abbasla bölüşür. Abbas tənha qadının – Günayın ən yaxın sirdaşı, ən məhrəm könül dostudur. Heç kəsə demədiklərini, heç kəslə bölüşmədiklərini Günay yalnız Abbasa deyir, yalnız Abbasla paylaşır. Belə məqamlarda, yəni Abbasdan uzaqlarda gündəlikyazma anlarında Günay tənhalıqdan qurtulur, təklikdən qaçır. Çünki o, dərdlərini gündəlik yazmaqla Abbasla bölüşürdü, onunla həsb-hal edirdi. Tənhadır Günay yüzlərin, minlərin içində yox, yalnız öz ailəsində. Təkdir Günay öz doğma ocağında. Zövq və xasiyyətcə Günaya bab olan bir kimsə yoxdur gəlin düşdüyü evdə. Anlamır Günayı nə qayınana, nə baldız, nə də ərinin digər qohumları. Ən dəhşətlisi odur ki, Günayı heç əri də anlamır, heç əri də başa düşmür. Bax, bu nöqtədə Günay tək-tənhadır, yalqızdır. Nə dərd biləni var, nə söz anlayanı. Xaraktercə ayrı-ayrı adamlardır Samir və Günay. Eyni ocağın iki ögey övladlarıdır Samir və Günay. Bir ocaqda, bir budaqda doğmalaşa bilmirlər Samir və Günay. Evcanlı, ailəcanlı, uşaqcanlıdır Günay. Səmimidir, mülayimdir, xoşxasiyyətdir. Ərini sevməsə də, xəyanət yoluna yuvarlanmır, xəyanəti özünə yaxın buraxmır. Arxasız-köməksizlərə həmişə təmənnasız yardımda bulunur Günay. Kimsəsiz və kasıbların yaxın dostu-xeyirxahıdır. Ata-anasına, qohum-əqrəbasına mehriban və şəfqətlidir. Sadaladığımız və sadalaya bilmədiyimiz digər insani keyfiyyətlərin heç birisinin daşıyıcısı deyil Samir. Xudbindir, eqoistdir, tamahkar-acgözdür, kəmfürsət-namərddir, ağsaqqal və ağbirçəklərə etinasız-biganədir Samir. Və nəticədə şərəfəsiz bir ömür qisməti olur. «Hicran və Samir haqqında cinayət işi açıldı. Cavad oğlu Samiri və həyat yoldaşı Hicranı evdən qovdu. Samir məhkəmənin qərarı ilə müəyyən müddət həbsdə qaldıqdan sonra azadlığa buraxıldı». (səh.328).

 

Romandakı qadın personajlarının hər biri (Leyla, Elnurə, Nuranə, Əntiqə, Hicran…) özünəməxsus nitqə, ger-geyimə, davranış və əxlaqa malikdir. Elnurə sevgiyə, ailəyə barmaqarası baxır, hərəkət və ədaları saxta-sünidir. Sevmək-sevilmək onun nəzərində oyun-oyuncaqdır, əyləncə-hobbidir. Roman boyu xarakterində üzə çıxan məqamlar, saxta davranışları, evli kişiyə (Samirə) guya dəlicəsinə vurulması, dilə gətirdiyi arzuları, hərcayi yaşam tərzi və digər nüansları qadın dünyasının intimliyinin, erotikliyinin, gizlinliyinin ifadəsidir. Xəyanətkardır, sədaqətsizdir, ikiüzlüdür, yalançıdır Elnurə. Hicran xanım uzaqdır səmimiyyətdən, mehribanlıqdan, gəlin və nəvə sevgisindən, ailədə katalizator mövqedədir, duru suları bulandırandır, od üstə benzin tökəndir, Günayın intiharında əli qana batanlardandır.

 

Sevgisizliyin və tənhalığın faciəsini bədiiləşdirən «Tənha qadın» romanının dili, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ləman xanım Quliyevanın qeyd etdiyi kimi, poetikdir və bu, gənc yazarın şair ruhlu olmasından qaynaqlanır. (səh.3) Hörmətli fəlsəfə doktoru Ləman xanımla biz də şərikik. Lakin romanın dili (müəllifin dili) qüsurlardan da xali deyil. Belə ki, romanda: a) fikrin informativ formasına daha çox rast gəlinir, b) obrazlılığın fonetik, leksik və qrammatik səviyyədə təzahürü az nəzərə çarpır; c) məzaclar sistemindən (təşbeh, metafora, metonimiya, epitet, mübaliğə, lilota…) gen-bol istifadə məhduddur; ç) frazeloji birləşmələrin zənginliyindən bəhərlənmə təkəm-seyrəkdir və s.

 

Ümumiyyətlə, gənc yazar Aqil Yaşaroğlunun «Tənha qadın» romanı, xırda-para nöqsanlarına baxmayaraq, oxucuların, xüsusən gənclərin maraqla, həm də sevə-sevə oxuduğu əsərdir. Çünki bu roman gənclərin, gənc ailələrin romanıdır, gənc ata-anaların həyatına, məişətinə güzgü tutan romandır. Belə bir romanı kim oxumaz və kim oxuyub faydalanmaz?! Məsləhətdir, oxuyun, gənclər!

 

 

Mussa Xanbabazadə

 

filoloq-ədəbiyyatşünas

 

Ədalət 2019.- 13 aprel.- S.13.