İ. Şıxlının "Dəli
Kür" romanında ənənə və novatorluq
(əvvəli
ötən sayımızda)
O,
Şahnigarın üzünə baxa bilmir, arxadan vurmaq
üçün əl-üzünü yudurdur.
Bacısının baxışları onun qəlbinə od salır. Bu zaman güllə
açılır. Şahnigarın kürəyinin
ortası od tutub yanır... "
Bacısı şehli otların arasında arxası
üstə uzanmışdı. Cahandar ağa
ilk dəfə bacsını görürmüş kimi diqqətlə
süzdü. Ona elə gəlirdi ki,
qarşısındakı Şahnigar yox, anasıdır.
Qız ona nə qədər oxşayırmış... Cahandar
ağa birdən-birə hələ də istisi
soyumamış cəsədin üstünə sərilib
hönkürdü..."
Müəllif Cahandar ağanın hərəkətlərini
elə psixologi dərinliklərlə təsvir etmişdir ki,
oxucu onun dərin mənəvi sarsıntılar
keçirdiyinin şahidi olur. Cahandar ağa
bacısının cənazəsinə sarılıb
ağladığı zaman onun qəlbində bir anlıq
insani hisslər baş qaldırır. Tənqidçi -
alim Yavuz Axundov yazır: "Bu epizodda surətə xas olan kəskin
təzad özünü göstərir. Hətta
bir anlığına Cahandar ağanın qəlbi sanki
yumuşalır. Lakin bu bir
qığılcım kimi tez də sönür."
"Səfillər" romanında isə biz Jan
Valjanı barikada döyüşlərində
görürük. O, döyüşçülərlə bir sırada
dayanıb. Bu zaman o, polis komissarı Javerlə
qarşılaşır. Javer
üsyançılar tərəfindən əsir
götürülüb. Onu öldürmək
lazımdır. Bu işi Yan Valjan öz
öhdəsinə götürür. Lakin
Jan Valjan onu öldürməyib azadlığa buraxır.
Barikada döyüşlərində Marius ağır
yaralanıb, Jan Valjan onu döyüş meydanından
çıxardığı zaman axşam
qaranlığında Javerlə rastlaşır. Javer onu
tanıyır. "Sena sahilində
heç gözləmədiyi halda Jan Valjana rast gələndə
onun qəlbində, nəhayət, ovunu ələ keçirən
bir canavar duyğusu oyanmışdı. ...Javer iki yol
ayrıcında qalmışdı: Jan Valjanı həbs etsin,
ya sərbəst buraxsın? Sonsuz
düşüncələr onun qəlbini didib
parçalayır, nə qərar verəcəyini özü
belə anlaya bilmir. O dərin bir uçurum
qarşısında dayandığını hiss edir. Bir-birinə zidd fikirlərin amansız mübarizəsi
onu düşünməyə məcbur edir. O, Jan Valjana
azadlıq versin, yoxsa onu yenidən həbsxana divarlar arasına
göndərsin?..."
O, get-gedə
daha ağır düşüncələrə dalır. Bu
düşüncələr bir an olsa belə onu tərk
etmirdi: "Mən, amansızca təqib etdiyim bu katorqa
dustağının pəncəsinə düşəndə,
o, ancaq elə kin saxladığı üçün deyil,
öz təhlükəsizliyi üçün də məndən
qisas ala bilərdi, hətta lap qisas almalı idi. Bəs o mənə aman verməklə, məni
öldürməməklə nə elədi? Öz vəzifəsini yerinə yetirdi? Yox. Daha böyük şeylər elədi!..."
Bunları
düşündükcə Javerin beyni uğuldayır,
"özünü alçaq bir adam hesab
edirdi". Axı, o nə üçün
hamıya yaxşılıq edən bir adamı həbs etməli
idi? "Mərhəmətli cinayətkar,
başqalarının dərdinə qalan katorqa dustağı,
həlim, alicənab bir insan! Elə bir insan ki, dara
düşənə kömək edir, pisliyə
yaxşılıq edir, ona həsəd edənləri əfv
edir, mərhəməti qisasdan üstün tutur, elə bir
insan ki, düşmənini məhv etməkdənsə, özü
məhv olmağa hazırdır, onu təhqir edənləri
xilas edir, elə bir insan ki, xeyirxahlığının zirvəsində
diz çökür, insanlıqdan çox mələyə
oxşayır!..."
Bütün
bunları düşünən Javer özünə nifrət
edir, sanki onu məgənəyə salıb sıxırlar...
Bəs
Jan Valjan? O hansı hissləri keçirirdi? Həyatının
sona çatdığınımı
düşünürdü? "Görəsən
Kozetta indi haradadır? Mariasun taleyi necə
olacaq? Heç olmasa onların toyunu görə bilsəydim?..." Bu bitib-tükənməyən
sonsuz suallar onun qəlbini didib parçalayır,
rahatlığını əlindən alırdı.
"Jan Valjan Javerlə qarşılaşanda özünü
dərin bir uçurumun qarşısında hiss etdi. O əlləri
ilə başını tutaraq ağır düşüncələrə
qərq olmuşdu. Dünyada hər şeyi
unutmuş kimi bir müddət beləcə yerindəcə
donub qaldı. Onun üzü və
duruşu, yalnız hədsiz bir mərhəmət ifadə
edirdi. Bəzən elə təsirli xəyallar olur ki,
onlarda ən ülvi həqiqətlər gizlənir... Jan Valjanın qarşısında isə qorxunc bir
kabus dayanmışdı. Bu dəfə
onun üçün katorqa yalnız katorqa deyildi. Bu katorqa əbədi olaraq Kozettadan mərhum olmaq, yəni
qəbrə bənzər bir həyat sürmək demək
idi. Çünki Jan Valjan xəyali dəhşətlərdən
həqiqi dəhşətlərə
düşmüşdü..."
Javer isə artıq dözə bilmir. Jan Valjanın
göstərdiyi alicənablıqı onu əzir. O, daxilən
vicdan əzabı çəkir. Qəlbinin dərinliyində
öz-özüylə amansız mübarizə aparan bu insan hər
dəfə bu mübarizədən məğlub
ayrılır. Artıq ümid yeri
qalmır. O heç nəyi düşünmədən
qətiyyətlə Senaya doğru addımlayır: "... Ətrafa sanki ölüm sükutu
çökmüşdü. Buludlar
ayın qabağın kəsmişdi. Artıq
göz-gözü görmürdü. Bütün
bunlara dözə bilməyən Javer əvvəlcə
sürahiyə dirsəklənib Senanın iti axan yerində gah
açılıb, gah da yığılan burulğana
baxdı. O başını aşağı əydi. Hər şey qaranlığa
bürünmüşdü. Heç nə
görmək olmurdu. Suyun
dalğalandığı eşidilirdi, ancaq çay
görünmürdü. Ətrafda suyun
dondurucu soyuqluğu, yaş daşların qoxusu hiss olunurdu.
Aşağıdakı girdabın qorxunc səsi
eşidilirdi. Javer gözünü gecənin bu
açılmış qapısına zilləyərək, bir
neçə an sakit durdu; bu görünməz
şeyə o diqqətlə baxırdı. Su
uğuldayırdı.
Birdən o, şlyapasını çıxarıb
sürahinin üstünə qoydu. Sonra çaya sarı əyildi,...birbaş zülmətin içinə
düşdü. Boğuq bir səs eşidildi.
Bu qara kölgənin suya bata-bata
çırpındığını ancaq zülmət
gördü."
Javerin ölümündən sonra qızlığa
götürdüyü Kozettanın məhəbbəti sayəsində
yenidən həyata qayıdan Jan Valjan, yepiskop Miriyelinin ona
öyrətdiyi şəfqət qanunları ilə
yaşayır.
Jan Valjan obrazı Cahandar ağadan fəqli olaraq
cəmiyyətin amansızlığına qarşı bir
üsyandır, etiraz nümunəsidir. Bu
etiraz yalnız milli yox, həm də bəşəri xarakter
daşıyır. Bəs Cahandar ağa ilə
Javer obrazının oxşar və fərqli cəhətləri
hansılardır? Məlum olduğu kimi hər
bir obraz yazıçı ömrünün bir
parçasıdır. Obrazla
yaradıcı arasında heç bir sərhəd yoxdur.
Buna görə də istər Cahandar ağa, istərsə
də Javer ayrı-ayrılıqda yazıçı təxəyyülünün
məsulu olsalar da, onlar öz milli dəyərlərini
saxlamaqla, fərdilikdən çıxaraq bəşəri
mahiyyət daşıyırlar. Cahandar
ağa daxili dünyasının dəyişməzliyi ilə,
Javer isə öz dünyasının dəyişkənliyilə
gücsüzlüyünü təsdiq edir. Qəddarlıq, müstədiblik, insan ləyaqətini
alçatmaq, özündən aşağılara ikrah hissilə
baxmaq, yoxsula, kasıba, dilənçiyə belə aman verməmək
bu iki obrazı birləşdirən ümumi cəhətlərdir.
Düzdür, Cahandar ağa nə qədər təbii,
real və həyati obraz olsa da, Javer bir o qədər romantik
planda təbii boyalarla təsvir olunmuş polis
komissarıdır. Bu obrazlar fərdi xüsusiyyətlərə
malik olsalar da, onların məqsəd və amalı birdir.
Onlar nəinki xalqı, milləti düşünür,
günahsız insanlara amansız divan tutur, onların şərəf
və ləyaqətini alçaldırlar. Cahandar ağa
kazaklar tərəfindən öldürülsə də, bunun
əksinə olaraq Javer özü-özünə qəsd
edir; o, Sena çayına özünü ataraq
öldürür. Əgər Cahandar
ağanın cəsədi Kür çayında ulğunluqda
tapılırsa, Javerin cəsədi isə Sena çayında
batmış bir gəminin altından tapılıb
çıxarılır.
Bir cəhəti də qeyd etmək lazımdır ki,
"Dəli Kür" də sırf müsbət qəhrəman
obrazı yoxdur. Çünki bu əsərlərdə
bir-birindən fərqli obrazlar qalareyası olsa da, onlar birləşərək
ortaq məxrəcə gələ bilmirlər. Tənqidçi-alim
T. Salamoğlu yazır: "Dəli Kür" ün qəhrəmanları
nəinki ənənəvi müsbət və mənfi qəhrəman
bölgüsünə getmir, hətta şərti olaraq
"müsbət ideya daşıyıcısı" kimi bir
araya gətirə biləcəyimiz qəhrəmanlar - Kipiani,
Rus Əhməd, Cahandar ağa, Əşrəf, Şamxal ,
Çernjayevski, Senıyonov, Həsən ağa, gəmiçi
Qoca və s. və i. kimi obrazlar tipoloji cəhətdən eyni
qrupda birləşə bilmirlər".
Çünki bu obrazların hər biri hardasa,
psixologiyanın hansı çalarındasa fərdidirlər. Bu da onunla
bağlıdır ki, müəllifin qələmə
aldığı bu obrazların hər biri
ayrı-ayrılıqda müəyyən
dünyagörüşə, həyat tərzinə
bağlı insanlardır.
Buna görə də bu obrazların fikir və
düşüncələri insani keyfiyyətlərə
yanaşma bucaqlarının elə daxili qatlarında kəsişmişlər
ki, bu kəsişmə onların birgəyaşayışının
əsasını yox, ziddiyətini təşkil edir.
Beləliklə, biz İ. Şıxlının "Dəli Kür" romanı ilə ayrı-ayrı əsərlərin oxşar və fərqli cəhətlərini, onların bir-birilə müqayisəli şəkildə bədii təhlilini verməklə bu əsərlərin eyni məcrada birləşərək ənənə və novatorluq təşkil etdiyinin bir daha şahidi olduq. Bu romanlarda ictimai-siyasi, tarixi hadisələr öz zəngin həyat materilları ilə dövrümüzün reallığını özündə əks etdirməklə yaxın və uzaq keçmişimizdən xəbər verir. Eyni zamanda həyat materialları ilə zəngin olan bu romanları əxlaq və şəxsiyyət konsepsiyasından kənarda təsəsvvür etmək mümkün deyildir. Çünki, bu romanlarda gerçəkliyin ən dərin qatları və calarları öz novatorluğu ilə bu günümüz üçün də səciyyəvidir.
Vəliyulla Novruz
Ədalət 2019.- 16 aprel.- S.7.