ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

 

Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı.

 

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

 

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA

 

 

 

MİN SƏKKİZİNCİ GECƏ

 

 

gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu:

 

- Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın mabədini danış.

 

Şəhrizad da bacısına cavabında dedi

 

:

 

- Şahım icazə versə, davam etdirərəm.

 

Padşah buyurdu:

 

- Danış.

 

Şəhrizad nəzakətlə dedi:

 

- Baş üstə, gözüm üstə! Şah sağ olsun, belə rəvayət edirlər ki, muğamat azərbaycanlıların zövqünü oxşayan dərin məzmunlu, füsunkar bir musiqidir. Xalq onu çox sevir və asanlıqla dərk edir: hətta xüsusi musiqi təhsili olmayanlar da muğama müəyyən dərəcədə bələd olur, onu hər hansı bir çalğı alətində, mükəmməl olmasa da, əzbərdən çalır və yaxud da zümzümə edə bilir. Bu, muğamların Azərbaycan xalqına çox yaxın və doğmadan da doğma olduğunu göstərən faktlardan biridir.

 

Xalq musiqisinin elə bir nümunəsi yoxdu ki, onda muğamların melodik, ritmik ünsürləri və bir sıra başqa xüsusiyyətləri özünü göstərməsin.

 

Muğamlar xalq arasında hələ qədim zamanlardan, əsas etibarı ilə vokal və vokal-instrumental əsərlər kimi yayılıb. Lakin bununla bərabər, Azərbaycanda muğam bir instrumental əsər təki də yayılaraq inkişaf edib. Bu da bir sıra muğamların çalğı alətlərində, xüsusən tar və kamançada solo - fərdi ifa olunması ilə izah olunur.

 

Muğamatın bir instrumental janr kimi inkişafı onun xaql çalğı aləti olan tarda dəstgah şəkilində ifa edilməsi ilə əlaqədardır. Məhz bu janrın inkişafında tarzən Ramiz Quliyevin də müstəsna xidməti var. Onun bu janrdakı rəngarəng ifaları insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

 

Qibleyi aləm, muğamların instrumental janr kimi inkişafında tarın rolunu nəzərə alıb burada kiçik bir haşiyə çıxaraq tarın özü haqqında sizə qısa məlumat vermək, sonra da onun 11 siminin qurluşu və kökü barədə danışacağam. Çünki tar hələki bizim məclislərimizdə səslənmədiyi üçün bu haqda bilgimiz çox azdır.

 

Tar üç hissədən ibarətdir: kəllə, qol və çanaq (kiçik və böyük çanaq). Kəllənin üzərində 6 böyük və 3 kiçik aşıq, baş tərəfində isə ona yaraşıq verən tac yerləşir. Tar son dərəcə təkmilləşmiş çalğı aləti olub 22 pərdəyə və 11 simə malikdir. Onda rəngarəng və dinamik melodiyalar (ikiqat notlar, akkordlar və s.), habelə texniki passajlar ifa etmək mümkündür. Çanağı səkkiz rəqəmi formasında olan tarın ümumi uzunluğu 780-960 mm-dir.

 

Mən indi söylədiklərim isə musiqişünasların yazılı mənbələrindən əxz edib öyrəndiklərimdir. Bir də irəlidəki söhbətlərimdə yeri gəldikcə bu simlərin adamın qanını donduracaq məqamlarını şərh edəcəyimə görə istəyirəm qısa şəkildə də olsa anlayış verim.

 

Tarın sarı və ağ simləri aşağıdakı qayda ilə düzülür və köklənir: birinci cüt ağ simlər kiçik oktavadakı si səsi ucalığına; ikinci cüt sarı simlər kiçik oktavadakı fa diyez səsi ucalığına; üçüncü cüt ağ simlər birinci oktavadakı fa diyez səsi ucalığına, yəni sarı simlərin zilinə köklənir; dördüncü cüt ağ simlərin ucalığı isə birinci cüt ağ simlərin zilindən ibarətdir, yəni bunlar birinci oktavadakı si səsi ucalığına köklənir.

 

Sarı simlə simin zilindən (bir oktava yuxarı ucalıqda) ibarət olan üçüncü və dördüncü simlərə "cingənə" və yaxud zəng simləri deyilir. Bu dörd simin ucalığı daimi olaraq tarın əsas kökünü təşkil edir. Bundan əlavə tarın qolu üzərində və sarı ilə cingənə simləri arasında hərəsi bir teldən ibarət olan üç sim də vardır ki, ifa olunacaq muğamdan asılı olaraq bunların ucalığı (kökü) müxtəlif, dəyişilən olur. Bunlara "kök simlər" deyilir. Beləliklə, siz tarda daimi və dəyişilən olmaq üzrə iki kök olduğunu bildiniz.

 

Adətən tarçı muğamı ifa etmək istədikdə tarı çaldığı muğama kökləyir. Bunun üçün o, əvvəl tarın və sarı simlərini, habelə cingənələrin kökünü yoxlayır ki, bundan sonra o kök simləri lazım olan muğama kökləsin.

 

Tarın müəyyən muğama köklənməsində əsas şərt kök simlərdən hər birinin muğamın əsas şöbələrinə aid olan pərdələrə müvafiq olmasından ibarətdir. Belə olduqda tar müəyyən muğama köklənmiş olur.

 

Çalğı zamanı tarzənin işlətdiyi mordent (iti), forşlaq (çarpma), "lal barmaq" və s. kimi melizm növləri obrazlı dillə desək musiqinin möhtəşəm imarətinə zinət verən naxışlardan - ornamentlərdən ibarətdir.

 

Ramizin tardan çıxardığı məlahətli, şaqraq səs çox gur, zəngin çalarlığı, rezonansın ahəngdarlığı və qüdrəti ilə adamın başını döndərir. Tarda olan rezonans heç bir xalq çalğı alətində yoxdur. Mülayimlikdə də başqa alətlər ona çata bilmir. Ramizin mizrabında isə elə bir əzəmətli qüvvət və nikbinlik var ki, onun cazibəli ifasını dinləyəndə, deyirsən ki, sanki bütöv orkestr səslənir.

 

Bədii yaradıcılıq ilə çalan Ramiz təbi gələndə, həvəsə düşəndə texnikada onun qarşısında durmaq olmur. Bu mənada onda səsi "saxlamaq", "uzatmaq" kimi nadir bacarıq qabiliyyəti var. Məhz Ramizə xas olan bu üsullar çox vaxt ona tarla elə rəftar eləməyə imkan verir ki, yaxşı tarzənlərin bir çoxu bunu edə bilmirlər. Tarzən, hətta bir səsdə çalarları dəyişdirməyi bacarır.

 

O, fortedən (güslü səsdən) pianoya (zəif, yavaş) keçidləri bariz şəkildə diqqətə çarpdırmaqdan əlavə, tonları səslənməyə vadar etməyi, onları "canlandırmağı", uca səslənməni (forte) zəif səslənmə (piano) ilə əvəz edərək səsin dinamikasını həm tədricən, həm də qəfildən gücləndirməyi, yaxud azaltmağı, tarın gövdəsini silkələməklə səsin müəyyən hallarda daha çox titrəyişinə nail olmağı bacarır. Bəzən ayrı-ayrı səsləri mizrabsız, yəni, pitsikato üsulu ilə (barmaqlarla) çıxarır və bu səslər qırıq-qırıq yox, ahəngdar olur.

 

Tarzənin çox iti əllərə, son dərəcə elastik biləyə və çevik barmaqlara qabil olmağı, sərrast, güclü mizrab vurmağı, yaxşı tremolo çalmağı, musiqiyə mükəmməl, dərindən bələdliliyi və oxuyanı müşayiət etməkdə bacarığı başqalarından fərqlənir.

 

Bu barədə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı maestro Niyazi (Onun ruhu şad olsun!) belə deyib:

 

"Ramiz Quliyevin sənətə gətirdiyi yeniliklər tar ifaçılığını daha da zənginləşdirdi. Onun özünəməxsus, orjinal dəst-xətti var. O, tarzənlər arasında yaradıcı sənətkardır. Ramizin yaradıcılığı yalnız muğam ifaçılığı ilə məhdudlaşmır. O, eyni zamanda həm gözəl ansambl solisti, həm də ən müxtəlif repertuarla çıxış edən orkestr solistidir".

 

Muğamlar Ramizin ifasında əzəmətli bir musiqi əsəri, əsrarəngiz səs dünyası, bitkin bir simfoniya təsiri bağışlayır. Onun tarı keçmişdən, bu gündən, sabahkı arzulardan, sevgidən, məhəbbətdən asta-asta söhbət açan möhtəşəm Səs muzeyidir.

 

Xalqın mərdlik və qəhrəmanlıq haqqında hekayətini əzəmətli bir sənət tablosu kimi zəngin boyalarla əks etdirən və muğamların anası sayılan "Rast"ı möhkəm biləkli tarzən yüksək şövqlə çalır. Bu muğamın ifasında melodiyanı zənginləşdirən, ona rəngarəng çalarlar verən xallar, gəzişmələr mühüm yer tutur.

 

Dəstgahın ifaçı qarşısında böyük improvizasiya üçün geniş meydan açan birinci şöbəsində - "Maye"də tarzən yaradıcılıq imkanlarını tam şəkildə göstərir. Ramiz melodiyanı melizmlə zənginləşdirir, ritmik və melodik baxımdan ona bənzərsiz çalarlar əlavə edir. Ən gərgin, ən mürəkkəb şöbə olan "Vilayəti"də Ramiz yaradıcılıq təxəyyülünə tam sərbəstlik verərək fərdiliyi, improvizasiya ustalığı ilə misilsiz ifaçılıq nümayiş etdirir.

 

Ümumiyyətlə bu dəstgahın ifasında Ramizin muğamın şöbələrinə daxil etdiyi və onlara xüsusi təravət verən əlavələri, xalları, gəzişmələri, mizrab işlətməyi çox maraqlıdır.

 

Daha geniş yayılan və xüsusi emosionallığı, zərifliyi, poetikliyi, lirik çalarlığı ilə fərqlənən, ən sanballı, çoxtərkibli, irihəcmli "Şur"un ecazkar aləmini "əlvan-əlvan çiçək olub, pərdələrə səpilən" Ramiz çalğısına xas olan xüsusiyyətlərlə - yaradıcılıq həyəcanı, lirik səmimiyyət və nikbin gümrahlıq hissi ilə dinləyiciyə çatdırır.

 

O, öz dinləyicisinə muğamın cazibə qüvvəsindən uzaqlaşmağa bir an da olsa belə imkan vermir, şöbədən şöbəyə keçdikcə çalğısındakı insanın həyəcanlarına, ruhi aləminə yaxın olan axıcılıqla qəlbləri ehtizaza gətirir.

 

Tarzən "Hicaz" şöbəsində üst mizrablar və güclü tremollar ilə elə çalır ki, deyirsən bu ifa ilə o, ayrılıqdan, hicrandan doğan çağrışı, fəryadı xatırladır. "Sarənc"də həzinliyə, yumşaq mizrablara diqqət yetirən Ramiz "Nişibi-fəraz"da üst mizrablarla simi dartıb ehtizaza gətirməklə pərdələrdə aramla, fasilələrlə "Şur"a ayaq verir.

 

Qəhrəmanlıq xarakterli və dərin dramatik məzmunlu "Çahargah" dəstgahının ifası zamanı isə muğamın emosional açıqlığı, məna dolğunluğu Ramizin yaradıcılıq fantaziyasına və virtuozluğuna geniş üfüqlər açır. Bu çalğısında tarzən semantikasına görə çox az işlədilən üsulları tətbiq edir.

 

Qeyri-adi təxəyyülə, yüksək zövqə, təşəbbüskarlığa malik Ramiz sevinc, şən əhval-ruhiyyə bəxş edən bu muğamı dinləyicilərə fundamental ustalıqla işlənmiş, çox çeşidli al-əlvan rəngləri ilə ürək oxşayan, könül sevindirən melodik sənət tablosu kimi təqdim edir.

 

Ustad sənətkarın misilsiz virtuozluğu ən mürəkkəb muğam sayılan və olduqca təntənəli, cazibədar və coşqun bir tempdə çalınan "Orta Mahur"un solo ifasında daha parlaq və əyani şəkildə özünü göstərir. Muğam öz ifaçısından böyük texniki imkanlarla bərabər, həm də incəlik, zəriflik, xalların cilalanmasını tələb edir. Bu tələbi yerinə yetirməkdən ötrü tarzənin hər iki əlinin eyni səviyyədə işləməsi, eyni imkana malik olması çöx mühümdür.

 

Dəstgahın kompozisiya qurluşuna, hər şöbə və guşənin xarakterinə dərindən bələd olan Ramiz ifa zamanı texniki cəhətdən yüksək ustalıq və özünəməxsus nadir ifaçılıq manerası nümayiş etdirir, öz tapıntılarını, yaxud da ona qədər olan, lakin çətinliyinə görə tez-tez işlədilməyən üsulları tətbiq edir. Burada tarın açıq simlərindən istifadə olunur. Kök simin köməyi ilə güclü üst mizrablardan, səsin getdikcə gücləndirilməsindən və zəiflədilməsindən, yüksək texniki piryomlardan istifadə edən Ramiz "Bərdaşt"da təntənəylə, "Üşşaq"da, "Hüseyni"də həzinliklə, yumşaqlıqla, "Vilayəti"də ağır tempdə fasilələrlə, yanıqlı sədalarla, "Şikəsteyi-fars"da daha dolğun və tərs mizrablarla, "Mübərriqə"də bir qədər cəld, dayanmadan, ardıcıl səslənməylə, "Əşiran"da dolu üst, tərs mizrablarla əvvəl güclü, sonra getdikcə zəif ştrixlərlə ümumi səslənmədə təntənəli xarakter, əzəmət coşqunluq əldə edir.

 

Bu məqamda bir cəhəti xüsusilə vurğulayım ki, tarzənin ifasında səslənən bu muğamların əsl yeniliyi məzmunda, fikirdə, onların estetik təbiətindədir. Onlar xalqın, müasirlərin nəcib, ülvi, gözəl surətini, qəhrəmanlıq əməllərini, ictimai mühitin estetik ənənələrini, tarixi, mənəviyyatı zinətləndirən hadisələri qeyri-adi parlaqlıq və inandırıcılıqla əks etdirir.

 

Burada yeridir ki, söyləyim: Ramiz tarın dilini çox əla bilən kamil ustdaddır. Onun səhnədə duruşu, baxışı, hərəkətləri, üzünün bütün mimikası yaxşı mənada ölçülüb - biçilib, ürəyə yatımlıdır. Təmkinli şəxs olan tarzən xalq ifadəsi ilə desəm, ağır oturub - batman gələn adamdır.

 

Mən növbəti gecəmizdə, inşallah, sizə Azərbaycan musiqisində daha çox inkişaf etmiş "Segah" muğamı və onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifa olunması, tarzənin özünün daxili aləmini və təkrarolunmaz, orjinal üslublu ifa tərzinin həzin lirizm çalarlı ecazkar incəliklərini gözəl əks etdirməsi barədə bir qədər ətraflı danışacağam...

 

Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.

 

 

(ardı növbəti sayımızda)

 

Ədalət  2019.- 16 aprel.- S.6.