Göz yaşları quruyanda
Azad Müzəffərli
(hekayə)
Qan su yerinə axırdı. Erməni vəhşəti
ərşə bülənd
olmuşdu. Bu dəfə növbə xocalılara çatmışdı.
Dığalar day-dayları şimal
ayısı ilə birgə kimsəyə aman vermirdilər. Nə uşağına,nə ahılına,
nə qadınına,
nə də xəstəsinə fərq
qoymadan türklərə
olmazın divan tutmaqdaydılar.
Azərbaycanlıların soyqırımı ilə
bağlı beynəlxalq
tədbirə toplaşanlar
göz yaşlarına
bələnmişdilər. Ekrandan izlədiklərinə
kimsə biganə qala bilmirdi, o cümlədən, əcnəbilər
də. Yalnız tək-tük kişilər
güc-bəla göz
yaşlarını içinə
axıdırdı. Nəzərlərini ekrandan ayırmayan bircəcik qadınsa, sanki, buz heykəldi.
Bayaqdan gözlərindən bircə
gilə də olsun yaş gəlməmişdi. Oğrun-oğrun ona diqqət kəsilənlər çaş-baş
qalmışdılar. Bəzilərinin səbri tükənməkdəydi.
Əsəblərinə yiyə dura
bilməyən kəslərdən
biri tədbir başa çatar-çatmaz
qaranəfəsə özünü
təşkilatçılara yetirdi.
-Bu qadının milliyyəti
nədi, bunu haradan tapıb tədbirə dəvət
eləmisiniz... Bu boyda
zıppıltının qabağında
bircəcik tükü
belə tərpənmədi ?!
Tədbirin təşkilatçıları "günahlandırılan” şəxs
duyuq düşməsin
deyə anındaca kəmhövsələ kişini
yanlayıb kənara çəkdilər. Qulaqlarına pıçıldananlardan həmən kəs yerin yarılmasını dilədi.
-Bəsdir, küfr eləmə... Nişan verdiyin qadın şəhid anasıdır,
hər iki oğul övladı Vətən uğrunda canından keçib...
Ruh da cövlan
edərmiş
(hekayə)
P.S:Bu hekayə olmuş hadisə əsasında qələmə
alınıb.
Şadlıq sarayında bir ruh cövlan edirdi. Bunu ta toyun əvvəlindən axırınacan
bircə şəxs sezdi, qardaşının oğulu. Onun adını da
məhz həmin əmisi qoymuşdu. Övladlarından yaşca böyük
olan qardaşı oğulunu əmisi sağlığında doğma
balalarından da çox sevərdi. Onun da əmisinə istəyi tükənməzdi.
Toyun səbəbkarının
sinni qırxı da ötmüşdü. Bütün bacı-qardaşları
çoxdandır ailə
qursalar da, o, subaylığın daşını
atmaq fikrindən uzaq düşmüşdü.
Beləcə valideynləri, o cümlədən,
balalarından ötrü
Tanrının istənilən
sınağına hazır
olan atası da ipə-sapa yatmayan övladının
toyunu görmədən
bu dünyadan köçmüşdü. Ötən müddətdə qəbir
evində də oğuluna dularını əskiltməmişdi. Nəhayət, bu ümdə arzusu çin olmuşdu. Şadlıq sarayı boyunca
xoşbəxtlik carcısı
təkin süzməkdəydi.
Toy axarına düşən
anda ruh hədsiz sevincini bölüşmək üçün
sevimli qardaşı oğuluna sarı yönəldi, arxa tərəfdən onun boynuna sarıldı. Həmən kəs
də anındaca əmisinin hənirtisini duydu, kürəyini qarsıdan istini ətrafdakılara büruzə
verməməyə çalışdı.
Fəhmi
ilə anlayırdı
ki, buna kimsəni inandırmaq mümkün olmayacaq.
Ən yaxşı halda onu kefli sanacaqdılar.
-Nəsə birtəhərsən,
özünü yaxşı
hiss eləmirsən deyəsən,
beş-on dəqiqliyə
təmiz havaya çıx, hər şey qaydasına düşəcək...
-Yox, heç bir problem yoxdur. Narahat olmayın, sadəcə bir qədər çox duyğulandım, axı, mən də hamınız kimi bu büsatı illərdi səbirsizliklə
gözləyirdim...
-Başa düşürük,
amma sən kişisən, çalış,
özünü toxtaq
tut...
-Çalışıram...
Elə bil, əmisi bu kəlmələrə bənd imiş, bir silkindi ki,
gəl görəsən...
Onun şadlığından şahə
qalxan sinəsi qardaşı oğlunu da dağ kimi
yerindən oynatdı.
Bayaqdan iç dünyasını çalxalayan
duyğularına çətinliklə
sinə gərən əmioğludan bir kükrəmə qopdu ki, gəl görəsən.
Sanki, bulağın gözü açıldı,
onun göz yaşları selə döndü. Az qala toy yaddan çıxa, hamılıqla ha əlləşsələr
də, onu ovundura bilmədilər ki, bilmədilər. Azacıq özünə gələn
təkin, əmisinin olmazın şadlığından
tit-tir əsən sinəsi kürəyini
"döyəclədikcə”, o da istər-istəməz doğmasının sevinc yaşlarına şərik
olurdu.
Beləcə məclisə aş verilənədək əmi-bala ürəklərini birgə boşaltdılar. Bir də toy başa çatmaqdaykən əmisinin ruhu bir daha ona bərk-bərk sarılandan sonra şadlıq mağarı boyunca qıyya vuraraq qeybə çəkildi. Elə bil, himə bəndmiş, anındaca onun da göz yaşları xırp kəsildi. Təkcə onu anlasınlar deyə deyil, həm də atalarının sevincinin yerə-göyə sığmadığından hali olsunlar deyə bayaqdan bəri baş verənləri əmisi oğullarının bəzisinə söyləsə də, aydınca sezdi ki, ona axıra qədər inan tapılmadı. Əksəriyyət büruzə verməsə də, bunu ya onun kefliliyinə, ya da həddən ziyadə kövrək olmasına bağladı. Neyləmək olardı, reallıq beləydi. Ona ömürlük qalan isə əmisinin aşıb-daşan sevincindən ona düşən əvəzsiz pay oldu.
Ədalət 2019.- 16 aprel.-
S.6.