ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

 

Rafiq HACIYEV, yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı.

 

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

 

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA

 

 

 

MİN ON BİRİNCİ GECƏ

 

 

 

gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu:

 

- Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa tarzən haqqında nağılı bizim üçün qurtar.

 

Şəhrizad da bacısına cavabında dedi:

 

- Əgər şahım nağıl etməyə icazə versə, böyük həvəslə qurtararam.

 

Belə olduqda şah dedi:

 

- Nağıl etməyə icazə verirəm, çünki hekayənin axırını eşitməyi çox istəyirəm.

 

Qız iltifatla dilləndi:

 

- Baş üstə, gözm üstə! Şah sağ olsun, belə rəvayət edirıər ki, İranın Ərdəbil şəhərində konsertlər başa çatdıqdan dünya şöhrətli tarzən Şah İsmayıl Xətainin, onun babası Şeyx Səfinin və Mir Cəlal Paşayevin atasının, eləcə də nasirin digər ailə üzvlərinin məzarlarına tər qızılgül dəstələri qoyub.

 

Cəmiyyətin həyatında baş verən proseslərdən qıraqada qalmağı bacarmayan sənətkar kimi tarzənin ictimai fəaliyyəti də təqdirəlayiqdir. Başdan-ayağadək musiqiçi olan Ramiz eyni zamanda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəxri vitse-prezidenti kimi ictimai, mədəni həyatda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir və onun bu fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

 

Humanizmin və ümumbəşəri dəyərlərin ülvi amallarını həmişə və hər yerdə qoruyan yüksək mənəviyyata malik bu insan vətənpərvər və aydın düşüncəli ziyalı kimi xalqın dərin hörmətini qazanıb. Onun ecazkar, cazibəli tarının qəlboxşayan, zəngin və mənalı musiqi cümlələri canlı lobbidi Azərbaycan üçün. Onun özünün yüksək dövlət rəhbərlərindən tutmuş ən adlı-sanlı elm, mədəniyyət, incəsənət xadimlərinə, iş adamlrına, sadə dövlət məmurlarına kimi hamının tanıdığı bir şəxsiyyət olması musiqi ictimaiyyəti üçün böyük stimuldur.

 

Mədəniyyət Mərkəzinin Prezidenti, dünya şöhrətli yazıçı Çingiz Abdullayev (Allah ondan razı olsun!) məhz bu işıqlı keyfiyyətlərinə görə qüdrətli tarzənə Moskva şəhərində ötən ilin (2018) may ayında Ulu Öndər Heydər Əliyevin (Onun ruhu şad olsun!) adını daşıyan "Əbədi Lider" Fəxri Diplomunu və Qızıl Medalını təqdim edib.

 

Böyük ruhi aləmə, hakimanə təsir və cazibə qüvvəsinə və sonsuz nəzakətə malik olan bu sənətkar insanlar arasında özünü çox sadə aparır və onda tez təsirlənən artistlərə xas olan özünü sevmək, tez incimək xasiyyəti yoxdur. Şübhəsiz bu ondan doğur ki, daxilən görkəmli pedaqoji bacarığa sahiblənmiş bu şəxsin bütün həyatı həm də nəcib bir məqsədə - tələbələrinin musiqi ilə maariflənməsinə həsr olunub. Uzun illərdir ki, qabil tarzənin insanı valeh edən gözəl ifaçılıq məharəti ilə birlikdə pedaqoji fəaliyyəti də musiqi akademiyasının həyatına xüsusi və dərin bir poetik ruh gətirib.

 

Bu dahi əməksevər tarzən həmişə olduğu kimi, bu gün də gümrah yaradıcılıq ruhu, tükənməz enerjisi və əzmkarlığı, yorulmaz ifaçılıq fəaliyyəti ilə - xalqın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan muğam və tar ifaçılığı ənənələrini layiqincə qoruyub yaşatmaqla bərabər, pedaqoji sahəyə də böyük qüvvə sərf edir, tədris prosesinin bütün məsələləri, problemləri daim onu düşündürür.

 

O, uzun illər ərzində zəngin təcrübəsindən bəhrələnən və hamisi olduğu gənclər də daxil olmaqla istedadlı tarzənlərin böyük ifaçı ordusunu yetişdirməklə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqi maarifi, Azərbaycan mədəniyyətinin çiçəklənməsi uğrunda təqdirəlayiq pedaqoji işini uğurla davam etdirir.

 

Gənclərin onunla işləməyə və ondan öyrənməyə daim can atması bir daha sübut edir ki, Ramiz bu gün də müasirliyin nəbzini duyan əsl ustad olaraq qalır. Onun Azərbaycan və xarici bəstəkarların tar ilə fortepiano üçün işləyib köçürdüyü çox dəyərli əsərləri çapdan çıxıb. Ramiz Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.

 

Qibleyi aləm sağ olsun! Professor Ramiz Quliyevin dünya şöhrətli sənətkar Rəşid Behbudovla, Azərbaycanın ən görkəmli bəstəkarları, ustad xanəndələri, müğənniləri, musiqi xadimləri ilə yaradıcılıq əlaqələrindən, dünyanın yüzdən çox böyük şəhərlərinin möhtəşəm, əzəmətli səhnələrində yüksək istedad və gərgin zəhmət bahasına qazandığı bir-birindən qiymətli mükafatlardan, üstəlik də onun sədaqətli ömür-gün yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi, biologiya elmləri doktoru, professor Hökümə xanım Quliyevanın elmi-pedaqoji fəaliyyətindən, sevimli övladları - musiqi sahəsində xüsusi qabiliyyətə malik olduğuna görə adı gənc istedadların "Qızıl Kitabı"na yazılmış, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist, Beynəlxalq müsabiqələr və "Humay" Milli Mükafat laureatı Əyyub Quliyeviin yaradıcılıq uğurlarından, Konstitusiya Məhkəməsinin məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Emin Quliyevin elmi araşdırmalarından, istəkli gəlinləri - Bakı Dövlət Universitetinin doktorantı, bu yaxınlarda biologiya üzrə fəlsəfə doktoru adı almaq üçün dissertasiya müdafiə edəcək Rəna xanım Quliyevanın elmi məqalələrindən və istedadlı fırça ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz xanım Quliyevanın Berlin, Vyana şəhərlərində və Parisin məşhur Luvr muzeyində böyük müvəffəqiyyətlə nümayiş olunmuş gözəl rəsm əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən söhbət açsam gərək bundan sonra hörmətli şahımıza ikinci "Min bir gecə"də bəxş edəm.

 

Yalnız söbətimin sonu olaraq demək istəyirəm ki, qüdrətli tarzənin sənət fəaliyyəti hər zaman dövlət başçısı tərəfindən daim lazımınca çox yüksək qiymətləndirilib. Belə ki, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət", inişil (2017) isə "Şərəf" ordeni verilib. İki il bundan əvvəl (2017) 70 illik yubileyi ölkənin paytaxtı Bakı şəhərində - Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında yüksək səviyyədə qeyd edilib.

 

Bu sanballı insan, nurlu şəxsiyyət yaşının ixtiyar vaxtlarında da coşqun gənclik eşqi, tükənməz yaradıcılıq enerjisi ilə çalışır, işləyir, xalqa böyük mənəvi zövq verir.

 

Ömrünün müdriklik çağında - 72 yaşında da bütün qüvvə və bacarığını Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edən Ramiz Quliyevin nağılı başa çatır.

 

Son sözümdə məndən, geniş diapazonlu rəngarəng yaradıcılığı və virtuoz ifaçılığı professionallığın zirvəsi sayılan ustad tarzənə, incəsənətin ən gözəl incilərindən biri olan, qüvvətli istedada malik Ramiz Quliyevə Allahdan uzun ömür, can sağlığı, ailə xöşbəxtliyi diləmək qalır. Onun çox müqəddəs bir arzusu var qəlbində: 26 ildir ki, məkrli düşmən tərəfindən odlara qalanan doğma Qarabağa, ana vətəni Ağdama getmək, atalı-analı, uşaqlıq illərinin şipşirin xatirələrinə dalmaq, Qaraağacı qəbristanında uyuyan doğmalarının və əzizlərinin qəbrlərinə baş çəkmək, sonra da Ali Baş Komandan İlham Əliyevin (Allah onun ömrünü uzun eləsin!) müdrik siyasəti nəticəsində bu cənnət torpağın işğaldan azad olunmasını böyük xalq bayramı büsatına çevirən ağdamlıların qarşıında sədəfli tarını uzun illər yurd həsrətindən yanıb-qovrulan sinəsinə basıb hicranın, vüsalın üverturası olan "Xaric segah" muğamını ifa etməkdir. Bu arzuya qovuşmaqda Allah ona öz inayətini əsirgəməsin! Amin!

 

Şah sağ olsun, ünlü sənətkar Ramiz Quliyev haqqında mənim bildiyim nağıl burada qurtarır.

 

Şəhrizad tarzən haqqında elə sirayətedici şövqlə, elə məftunluqla danışırdı ki, Dünyazad Ramizə qibtə edirdi, həmin dəqiqədə bu Olimpə yanaşmağı və onun bütün sənət allahları ilə tanış olmağı necə də arzulayırdı!

 

Buna görə də bacısı hekayəti söyləyib başa çatdırqdan sonra Dünyazad öz duyğularını belə ərz elədi:

 

- Bacı can, Allah haqqı, bu çox gözəl, çox yaxşı, bu günə kimi danışdığın hekayətlərin içində tayı-bərabəri olmayan bir nağıldır. Dediyin sözlər necə gözəldir, insanın ürəyinə füsunkar baxışlardan daha çox təsir eləyir. Min on bir gecədir ki, sən çox hörmətli şahımıza 230 adda - 34 nağıl, 36 hekayət, 153 əhvalat və 7 səyahət danışmısan. İndiyənəcən heç görməmişəm ki, qibleyi-aləm son gecələrdəki kimi sinədolusu nəfəs alsın. Ümidvaram ki, Böyük Allahın köməyi ilə şahla sənin aranda olan əhvalatın axırı çox yaxşı olar, işin düzələr.

 

Bu nağılı eşidən şahın könlü açıldı, ona əzab verən yuxusuzluq, qəlbinin sıxıntısı yox oldu. Şəhriyar şah nə sənə, nə mənə, nə də Dünyazada, üzünü düz Şəhrizada tutub dedi:

 

- Sənin istiqanlılıqla, nəcib ifadə ilə bu dediklərin tarzənin şəxsiyyətini, yaradıcılığını elə parlaq, elə müfəssəl, elə ləyaqət, səmimiyyət və qüvvətlə təsvir edir ki, adam sənətin qüdrətinə heyran qalmaya bilmir. Allah haqqı, tarzənin nağılı o biri əhvalatlardan çox-çox yaxşıdır, onlardan maraqlıdır. Sənin canını qurtarsa elə bu nağıl qurtaracaq!

 

Onlardan bu sözləri eşidən Şəhrizad ayağa qalxıb Şəhriyar şahın hüzurunda yeri öpərək ona öz diləyini açıqladı:

 

- Ey zəmanənin şahı, sən əsrlərdə və qərinələrdə bir dənəsən, mən sənin kənizinəm, budur, min bir gecə və on gecədir ki, mən keçmiş adamlar, qədim nəsihətlər və görkəmli sənət xadimi haqqındakı hekayətləri sənə danışdım. Sənin hüzurunda qibleyi-aləmdən bir şey istəməyə mənim ixtiyarım varmı?

 

Belə olduqda Şəhriyar şah izin verdi:

 

- Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur! Ey Şəhrizad, sən məni hökmranlıq arzusundan mərhum elədin, qadınları, qızları öldürdüyümə görə peşimançılıq çəkməyə vadar etdin. Sən məni ruhlandırdın, ürəyimə işıq verdin, bəsirət gözümü açdın. Qəlbimi bürümüş zülmət sənin fərəhnak nurun sayəsində dağıldı. And olsun Allaha, məndən nə istəsən verəcəyəm! Məndən diləyin nədi? Nə məramın, arzun var deginən!

 

Qız cavabında dedi:

 

- Mənim şahənşahdan istəyim yalnız budur: səni Süleyman peyğəmbərin (Ona salam olsun!) üzüyündə həkk olunmuş Allah-təalanın o böyük adına and verirəm ki, məni öldürməkdən vaz keçəsən.

 

Bunu eşitdikdə şah dedi:

 

- Ey Şəhrizad, mən ötən bu min on bir gecədə sənin nə qədər pak, nəcib, Allahdan qorxan adam olduğunu gördüm. Xüsusən də son on bir gecədəki musiqi və tar ilə bağlı etdiyin hekayətdə isə nə qədər ağıllı, geniş dünyagörüşlü, məlumatlı və xoşsöhbət bir qadın olmağınla, nitq mədəniyyətinlə, danışmaq qabiliyyətinlə, dilavərliyinlə məni heyran etdin. Belə adamlar haqqındakı sənət söhbətlərini sonrakı xalqlar üçün nağıla çevirənə əhsən! Sənin dediklərin qızıl suyu ilə yazılıb xəzinədə saxlanmalıdır. And olsun Allaha, heyrətamiz kamilliklə Ramiz Qulievin sənətini obrazlı ifadələr vasitəsilə daha şirin, dərin mənalı və gözəl ifadə etdiyin üçün mən səni bu qüdrətli ifaçıya və onun ürəkdən çaldığı şirin və mehriban musiqilərə bağışlayıram. Allah sənə, sənin kökünə və qol-budağına xeyir-bərəkət versin.

 

Bu sözləri eşidib Şəhrizad çox sevindi. Allah-təalaya daha artıq şükür elədi, ona səcdə qılıb (O, böyükdür, şəni də çoxdur!) dedi:

 

- Allahın tükənməz mərhəmətinə şükürlər olsun!

 

Sonra Şəhrizad şahın əllərini və ayaqlarını öpüb çox sevinərək Şəhriyara ürəkdən gələn minnətdarlığını bildirdi:

 

- Allah sənin ömrünü uzun eləsin, Allah sənin şövkətini və əzəmətini daha da artırsın.

 

Şəhrizad bunları deyərkən ulduzlar arasında Aya bənzəyirdi, ya da elə bil qızıl sapa düzülmüş mirvarilər içində tayı-bərabəri olmayan mirvari danəsi idi...

 

Bundan sonra şah tarzən barədə olan nağılın dəftərxanada əvvəldən-axıracan qızıl suyu ilə səlnaməyə yazılıb həmişəlik dövlət xəzinəsində saxlanılmağı barədə əmr elədi. Qoy ondan sonra gələn şahlar oxuyub görsünlər ki, Azərbaycan ölkəsində necə qüdrətli bir tarzən var və onun sənəti insanlara necə böyük zövq verir.

 

Şahın əmr elədiyi kimi saray üləmaları tarzən Ramiz Quliyev haqqında olan nağılı qızıl suyu ilə yazıb onu Şəhriyarın xəzinəsinə - xalqın ən yaxşı adamları barəsində yazılmış hekayətlərin arasına qoydular...

 

...Üzü səhərə doğru addımlayan bu gecəni vüsal gecəsi kimi ömürdən hesab etmək olmazdı. Bu gecə gündüzdən daha çıraqban oldu. Bu çırağın işığını yandıran isə tarzən Ramiz Quliyevin şirin barmaqlarından süzülən təranələr idi.

 

Şahın sarayını şadlıq bürümüşdü. Bu şadlıq şəhərə yayılırdı. Səhər açılanda şah əmr elədi ki, car çəkilsin, hamıya xəbər verilsin: küçələr, qala bürcləri başdan-başa bəzədilsin! Bəli, təbillər çalındı, neylər səsləndi, şeypurlar gurladı, bayraqlar yelləndi. Adamlar ən yaxşı libaslarını geyib şəhərə çıxdılar.

 

Şəhriyar padşah şad və ürəyi xeyirxahlıqla dolu halda bütün vəzirlərinə, əmirlərinə və saray əyanlarına faxir gözəl libaslar bağışladı, bəsdi deyincə onlara pul verdi. Şah heç kəsi pul xərcləməyə qoymayıb xəzinə hesabına Şəhrizadın şərəfinə düz yeddi gün, yeddi gecə elə bir qonaqlıq məclisi təşkil elətdirdi ki, hələ ruzigarın gözü indiyə qədər belə büsat görməmişdi. Bu cür şənliyi bu günəcən nə dil deyib, nə də qulaq eşidib.

 

Hamı yeyib-içib şənlənirdi. Lütvi-səxavət göstərib ehtiraslı musiqi pərəstişkarı və "kasıb, zəhmətkeş və optimist nəslin" tanınmış kübar nümayəndəsi kimi bəndənizə - yəni mənə də bir xüsusi namə yazıb, dua-sənadan sonra həmin ziyafətə dəvət eləmişdilər. Yəni sözümün canı budur ki, mən də orada idim, aş yedim, nə əlim batdı, nə ağzım daddı, nə gözüm doydu. Siz də eləcə yeyin, doyun. Vallah adamlar bu qonaqlıqda elə şadlıq eləyirdilər ki, onu ancaq yaxından görən bilərdi.

 

Ramiz Quliyevin nağılı camaat arasında da yayıldı. Şəhərin bütün çalğıçıları qonaqlıqda əsrarəngiz tarzən haqqında nağılı eşidib lap şura gəldilər. Dəməşq udu, İran arfası, tatar tütəyi, Misir kanonu, ərgənun, sənturə... dilləndi nə dilləndi.

 

Xanəndələr ürəklə çalıb oxudular. Sonra da şah kasıb-kusuba, dilənçilərə sədəqə payladı, dustaqların hamısını azad elədi. Yeddi gün, yeddi gecə dükanlar işlədi, şəhər bəzəkli qaldı, təbil, sinc çalındı...

 

...Bu fani dünyanın tərkin qılıb aləmi-əqdəsə (axirətə) səfər eyləyənəcən Şəhriyarla Şəhrizad şad-xürrəm yaşadılar. Vaxt çatanda Allah-təala onları lütf, kərəm və əfv diyarına - cənnətə varid elədi. Qoy gözə görünən və görünməyən səltənətin sahibinə eşq olsun! O, canlıları xəlq eləyib, onlara ömür təyin eləyib.

 

Əbədi olan Allahdır, çünki o, başlanğıcı olmayan birinci və sonu olmayan axırıncıdır! Ramiz Quliyev hekayətindən bizə gəlib çatan sonuncuı sözlər bunlardı. Əsl həqiqət isə ancaq Allaha əyandır!

 

Bəli, qardaşım sizsiniz, görkəmli tarzən barədə nağıl burada qurtarır. Sadə söz adamı olaraq sizə Şəhrizadın nağılını ərməğan elədim.

 

Mən eşidəni budur, ancaq düzünü bircə Allah-təalanın (Şükür onun kərəminə!) özü bilir...

 

...Xülasə, hekayətimzin bu yerini öz milli nağıllarımızda olduğu təki başa vuracağam. Yəni bizim nağıllarda deyildiyi kimi göydən üç alma düşdü. Biri mənim, biri nağılı ipə-sapa düzənin, bir də özümün. Tapın görüm almalar kimə çatdı.

 

Əziz oxucular, kimlərəsə alma payının düşməməsindən siz Allah heç rəncidə də qalmayın. Bu məqamda heç kəsə heç nə verə bilmərəm. Çünki...

 

Qələmə aldığım bu nağıldan mənə qazanc qalan qonarar da, ənam da, xələt də, bəxşiş də, qiymətli hədiyyə də (Allahın elçisi peyğəmbər salavatullahın özü də (Allah ona rəhmət eləsin!) hədiyyə sevərdi və qəbul eyləyərdi) ancaq və ancaq uşaqlıqdan məni aldadıb "başımı bişirən" bu yalançı almalardır. Və...

 

Bunu da biləsiniz ki, bu yalançı almalar bu gün də "başımı bişirə-bişirə" məni elə düzün düzündə qoyublar. Bəlkə də bu ondan irəli gəlib ki, mən həmişə düşünmüşəm: yaxşı işin müqabilində muzd tələb eləmək comərdlikdən uzaq işdir. Nə isə...

 

Siz də sağ olun, mən də sağ olum. Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu siz götürün, hansı azdı mənə qalsın.

 

Onlar yeyib-içib kefdə, damaqda oldular, siz də yeyin, için, kefdə-damaqda olun. Birlikdə murad hasil eyləyək, xeyirə rəhmət, şərə, mərdimazara lənət deyək. Onlar mətləb-muradlarına çatdılar, biz də onlardan biri.

 

Və... sonda sizdən iltimasım budur: Şəhrizaddan yadigar qalan bu nağıIı aşqın-daşqın işiylə mafar (imkan) taparaq yüyürəppə (becid) qələmə alıb tamamlaya bilən və əməli-saleh Allah bəndəsi olan mirzə Rafiqin də zəhmətini unutmayın.

 

 

P.S. VƏ YA...

 

FİKiRİN BAĞLANIŞI

 

 

...Ramiz Quliyevin sədəfli tarında simlərin, pərdələrin şəkərdən də şirin Qarabağ ləhcəsində "danışan" muğamların, mahnıların və bəstəkar əsərlərinin özü bir sirli nağıl, sehrli əfsanə olduğu üçün bilmək istəyirdim ki, onun bu dünyaya sözü, qəsdi nədir?

 

Bu sözləri eşitmək üçün isə gərək tarın qəm səsinə təkcə qulağınla qulaq asmayasan, həm də ürəyinlə qulaq asasan.

 

Mən Allah təbarək və təalanın lütfü və inayəti ilə tarın qəlbindən axan duyğuları - Ramiz Quliyevin ürəyinin hərarətli yaşantılarını isə şiru eləyib az da olsa sözə düzə bildim.

 

Hakəza, cifayda ki, göydən düşən üç almanı düppədüz bölə bilmədim. Nə olar, qoy həmin almaları da oxucuların özləri bölsünlər.

 

Bildikləri kimi!..

 

 

Aprel, 2019.

 

Ədalət  2019.- 19 aprel.- S.6.