Tanıyaraq...
tanımadığımız xanım...
Bu an, bu dəqiqə, elə indicə istərdim onu qızım, “generalım” çağırdığım Bənizərlə görüşdürüm: bir məqamın zülmün anlatsın! Amma yox... Bakıya gələndə danışdıracam, inşaallah, indi isə...
Hə, o XANIM... İsmayılın qızıdır! O İsmayılın ki, bəlkə də...
Azad Mirzəcanzadənin, Midhət Abbasovun tələbəsi, dostu olmuş dostum, riyaziyyat üzrə elmlər doktorluğunun bir addımlığında olan Həşim Məmmədcəfər oğlu Əliyevin mənə danışdığı bir incə ştrixlə açmasını verim:
Məmmədcəfər müəllim ali məktəb müəllimi olub: Politexnikdə, AZİ-də. Oğlunun - mənim dostum Həşimin Universitetin tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunub-olunmadığını öyrənmək üçün əsas binanın qabağına gəlir və siyahıda adını görəndən sonra ata-bala başlayırlar ordan üzüaşağı, “Baksovet” metrosuna tərəf - 1972-ci ildə “Elmlər Akademiyası” yox idi. Yolda hər iki-üç nəfərdən biri “salam” verir və hər dəfə də Məmmədcəfər müəllim təqdim edir: “Oğlumdur, tətbiqi-riyaziyyata qəbul olunub”.
Ta metroya çatanacan. Metroya girəndə isə... oğlu Həşimə deyir:
- İndi mən səni təqdim edirəm, tanıyırlar ki, mənim oğlumsan, mənə görə tanınırsan. Çox istərdim ki, zaman gəlsin, məni sənə görə tanısınlar!
Sıradan bir istək deyil! Bütün valideynlər üçün keçərli və gözəl də arzudur.
Hə, bəlkə də İsmayıl kişi haçansa qızıyla yola çıxanda, tanıyıblar, biliblər ki, bu, İsmayıl müəllimin qızıdır! Elə Məmmədcəfər müəllim kimi ölkədə, ziyalılar mühitində tanınan İsmayıl müəllim indi həm də elə qızıyla, qızlarıyla xatırlanır: İsmayıl müəllimi tanıyanlar – dostları, oxucuları, iş yoldaşları ya dünyalarını dəyişiblər, ya da dünyasını dəyişmiş kimi... susurlar.
Amma qızının mahnı bəstələnmiş 500 (beş yüz) şeirinin müəllifi olaraq dilə gəlir adı.
O qızın, o xanımın adı elə... Xanımdır!
Alqışlayaq: sevimli şairəmizi, publisistimizi, bəstəkarımızı!
Açığı deyim ki, qadın yazarələrdən, şairələrdən, həmkarlardan yazmağa tövbə eləmişdim. Xanım İsmayılqızının ad günü rastıma çıxanda anladım ki, ədəbinə, əxlaqına, yaşam tərzinə görə çox rahatlıqla “Sözümüzün, Musiqimizin, Peşəmizin Ülyahəzrəti” deyə müraciət edə biləcəyimiz xanım ... tövbəni sındır(t)maqdan da uca məqamdadır! Qoy desinlər ki, Aydın nəinki sözünü, heç tövbəsini tutmur, eyb etməz, ancaq qoy bu gözəl xanımın haqqını öz sözümlə verim! Hər gün fb-də ad günü təbrikləri yazdığım halda, bunu etməməyim... əclaflıq olardı (məni elə əclaf saysalar da)! Baxmayaraq ki, ad günü keçdi... bir neçə gün qabaq. Bir allah, bir də qızım şahiddir ki, yollarda olduğumdan çatdıra bilmədim, həm də vaxtında xəbər tutmaq imkanından məhrum oldum. Necə deyərlər, ara cümlələr və modal sözlərlə mətni ağırlaşdırmayaq, keçək sözümüzün, musiqimizin, peşəmizin ağır artilleriya Prinsessası Xanım İsmayılqızının təbrik-təqdimatına.
Bu ölkədə nəinki ədəbiyyatda və jurnalistikada, eləcə də bütün sahələrdə atasının adıyla təqdim olunmağa mənim tanıdığım çox az qadın ismi var! Atasının adıyla təqdim olunmağın özünün bir əfzəlliyi, müqəddəsliyi alayı səadətdir! İllah da ki, sovet dövrünün iyrənclikləri, – repressiya və digər naqis amillərdən əlavə, üstəlik də müstəqillik dönəminin üzə çıxardığı üzqaraları əxlaqlı adamları atalara, atalıq institutuna hörmət əlaməti olaraq, məcbur etdi ki, çoxlarını ya ər familiyası, ya da el(in verdiyi) ayamasıyla çağırsınlar. Dəringetmişləri öz dərbədərlikləriylə baş-başa buraxıb dərinə getməyək, dərin insanların dərinlərə baş vuracaq yaradıcılıqlarıyla zirvələrdən boylanaq.
Əvvəllər, klassik jurnalistika dönəmi olsaydı, mütləq olardı ki, Xanım İsmayıl qızı Qarayevanı ya iş yerində yaxalamalı olacaqdıq, ya da mərhəmətindən, humanistliyindən sui-istifadə edib, qapısını döyüb, buyuracaqdıq ki, danışın, sizdən yazaq. İndi bu sosial şəbəkə üstünlüyü bu “xəjələt”dən qurtardı.
Bütün sualların cavabı vikipediyada var.
Bu yazı
istəyi gələn kimi axtardım internetdə. Həm
Xanım İsmayılqızının, həm də
İsmayıl Qarayevin tərcümeyi-halını oxuduqca, bu
möhtəşəm və kübar xanımı istər həyatda
görməyimdən, istərsə də şəbəkə
dostu olmağımdan qürur duydum. Özümə də
qaşla göz arasında bir “afərin” hədiyyə etdim: adətən,
bütün müqəddəs hisslərim o halda vəcdə
gəlir ki, bir daha və yenidən qəlbimdə sevgi, dilimdə
xoşbəxtlik, ağlımda toxunulmazlıq bəslədiyimin
təkrar-təkrar ALİliyinə şahid oluramsa.
Hər sətrini oxuduqca bu tərcümeyi-halların,
gözümün önündə “cəhənnəm əzabı”yla
uğraşmağın vəhşəti,
ağlasığmaz zəhmətkeşliyin və
yorulmazlığın, dirənişin və əzmin,
mübarizliyin və dəyanətin, mətanətin təntənəsi
canlanırdı.
Bəlkə
də kütləvi şəkildə yaradıcı
adamların ailələrinin 37-ci illərdə qalan əzablarını
yazıda oxumaq o dəhşəti yaşatmır, duyurmur, hiss
elətdirmir, amma artıq “düz və rahat, daha təhlükəli
olmayan dövr”ə çıxanda... bircə nəfər
yenidən o əzabları yaşayır və o bircə nəfər
də sən olursan, ailən olur, bax, o dözülməzdir!
Onu həzm etmək, onu aşırmaq, onu aşmaq, kompleksə
və mandraja düşmədən irəliləmək,
haqlı olduğunun sübuta ehtiyacı olmadığı
halda belə, haqsızcasına əzablarla yüklənmiş
halda ayaq üstə durmaq, özünün, ailənin ruhunu pak
saxlayıb sabaha ötürmək... təkcə qəhrəmanlıq
deyil, həm də əlahiddəlik, alayılıq və
özügüvəndir! Meydan oxumaqdır – hər kəsə
və hər şeyə!
“Repressiyaya məruz qalmışdır. Lakin həbsxana
illəri ruhdan düşməyib bədii
yaradıcılığını davam etdirmiş, neçə-neçə
roman, povest, hekayələr yazmışdır. Azadlığa çıxandan sonra bir müddət
Bakıda, sonra isə ömrünün sonuna qədər
doğma kəndində yaşamışdır. Ölümündən sonra bəraət
almışdır”.
Əminəm ki, bu soyuq cümlələrin zindan
ağırlığını bugünkü oxucu yəqin ki,
anlayır. Həm
də onu anladığına əminəm ki, Süleyman Rəhimov
və Əli Vəliyevin zəmanəti ilə SSRİ
Yazıçılar İttifaqına üzv qəbul
edilmiş (28.02.1973), ümumittifaq tənqid və ədəbiyyatşünaslıq
şurasının üzvü seçilmiş (1976), Ədəbiyyat
Fondunun üzvü olmuş (12.09.1973) bir...
yazıçının, şairin, publisistin özünün
və ailəsinin – qız balalarının
sarsıntısı nə boyda olub! Düzdür, onda indiki
kimi televiziyalar çox olmasa da, istənilən halda, elə
bircə dəfə birkanallı ölkənin
televiziyasında səslənməsi də adamların sifətini
müəyyən etməyə bəs edib: indikilər elə
ondakıların varisləridir.
Mən də,
İsmayıl kişi kimi, iki qız
atası olaraq, onun hansı hissləri-sarsıntıları
yaşadığını dəqiq bilirəm: Bənizər
mən tutulan ili ali məktəbə qəbul olunmuşdu. Dərsə
getməyinə cəmi 8 gün qalmışdı: mənim
iş və tələbə yoldaşım olmuş
üç televizya nəhəngi bu kadrları 10 gün
ard-arda gündə 10 dəfə xəbərlərdə
fırlatmışdılar, ta ki, qızımın tələbə
yoldaşları da baxsın, bilsin! Bunlar “demokrat azərbaycanlı
həmkarlar” – hələ Avropa, Amerika haqsız həbslərə
etiraz edən dönəmdə, siz indi təsəvvürünüzə
“kommunist həmkarları”, kəsilən başa sorğu
olmayan dönəmi və üzüdönüklüyün təntənəsi
zamanını gətirin! Özü də...
Və elə
bir imza ki... mən 52 yaşımda ilk dəfə məhz onun
– İsmayıl Qarayevin MİKROROMAN müəllifi olduğunu
bildim! Başqası varmı? Deyim ki, mən
ondan başqa mikroroman müəllifinə rast gəlməmişəm!
İlkini
1964-cü ildə, sonuncusu 2003-cü ildə olmaqla 25 kitab
müəllifinin qızı olmaq özü də ağır
bir mükəlləfiyyətdir! O mənada ki, əgər
Atanın getdiyi yolu eyniylə gedirsən – Atanın oxuduğu
fakültədə oxuyursan, Atanın işlədiyi nəşriyyatda
işləyirsən, Atanın müəllif verilişi
apardığı televiziyada müəllif verilişi aparırsan,
Atanın yazdığı kimi, şeir yazırsan, Atan kimi
yazıçı-publisist olursan, Atan ömrünün illərini
itirir, Sən ömrünün oğlunu itirirsən və ...
Atandan bir addım da irəli gedirsən: “Xanım
İsmayılqızı 2003-cü ildə "Planet
dostları" adlı layihədə, Amerika bəstəkarı
və söz yazarı Stan Slauqhter ilə birgə
"Doğma diyar" adlı vətənpərvər
mahnılardan ibarət albomun müəllifi olub. Bu alboma daxil olan 12 mahnıdan 7-sinin həm söz, həm
də musiqi yazarı - Xanım İsmayılqızı, 5-nin
həm söz, həm musiqi yazarı - Stan Slauqhter olub. Bu albom həm Amerikada, həm də Azərbaycanda
yayımlanıb”.
Üstəlik
də, mükafatların sıralanır: “Qrand” (ilin mahnı
şairi) 2000, “Zirvədəkilər”, “Bakı gecələri”
müsabiqəsinin diplomantı (ilin mahnısı), “Vətənpərvər
mahnı” müsabiqələrinin qalibi, İmarət fan klubu
"Azarkeşin sevimli bəstəkarı", 2013, “Dədə
Qorqud” mükafatı. 2014.
Yazdığı
şeirlər bir çox xarici dillərə çevrilib,
xarici mətbuatda dərc olunub, antologiyalara daxil edilib – bu fikri
yazmasam, özümə xəyanət etmiş olaram: heç
harda da Xanım İsmayılqızının
qışqırıqlı səsi gəlmir. Ki,
yıxılın ayaqlarıma, səcdəmə gəlin,
dünyaya çıxmışam, mən... mən... mən...
verin!.. verin!.. verin!..
Elə
bil, Efiopiyadan, Amerikadan keçib gələn Xanım
İsmayılqızı bu deyil! Elə bil, tərcümələri
bu xanım etməyib, elə bil, 300 mahnının bəstəkarı,
500 şeirinə mahnı bəstələnmiş şair bu
Ülyahəzrət deyil!
Elə
bil...
Elə
bil...
Elə
bil...
Xanım
Qarayeva hər yerdə, hər məclisdə, - şairə
kimi poeziya şölənlərində, publisist kimi mətbuatda,
tərcüməçi kimi sənətdə, bəstəkar
kimi musiqidə, - özü olsa da, İsmayılın
qızı olaraq qalıb, qalır, qalacağı da dəpdəqiqdir!
Ömrün ekvator xəttini keçərək də buna nail olmağa görə həm təbrik
etməyə, həm hörmət bəsləməyə, həm
də sevməyə dəyər! Artıq heç nə bu
yaşamın məhəkini dəyişəmməz: yaş o
yaş deyil! İndiyə qədər yaşada bilibsə,
bundan sonra yaşatmamağı mümkün olası deyil!
Xanım
Qarayeva şairə olmaya bilərdi! Bəstəkar
da həmçinin. Publisist olmamağın
da ziyanı olmazdı. Tərcümələrsiz
də keçinmək mümkün idi. Əlbəttə
ki, itkilər yeri doldurulmayacaq qədər çox
böyük olardı, baxmayaraq ki, ayrı şeirlər,
ayrı bəstələr kimlərisə, hansısa
kontingentisə qane edərdi! Ancaq “İsmayılın
qızı” olmamaq, vaxtilə adıyla
tanındığın Atanı tanıtmamaq
bağışlanmaz və çox böyük itki olardı,
həm də boşluğu zərbə olacaq qədər – bu
ölkədə Atasının Qızı çooox azdı,
lap azdı, getdikcə də azalır!
Həə,
İsmayılın qızı, Sözümüzün,
Musiqimizin, İxtisasımızın Ülyahəzrəti, Sizi
bəxş etdiyiniz, - Xalqa və Ölkəyə, - səadətlə
sevə-sevə təbrik edirəm, “üzü öpülənin
əli öpülməz”, - deyilsə də, öpürəm
notları, sözləri nizamlayan əllərinizdən!
O
şeirlər “qadın şeirlər”, “qadın mahnılar”
deyil, çox gözəl XANIM-XATIN
GÖZƏLLİKLƏRDİR: sevimli, ehtizazlı, məsum,
mübhəm və möhtərəm!
Yaşam nümunənizi də üstünə gələndə...
möhtəşəm alınır. Bu möhtəşəmlik sevgiləri
və səcdələri haqq edir!
Haqqınızı
– təbrik-təqdimatı qəbul edin, lütfən!
p.s. 300-dən artıq mahnını, 500-dən artıq mahnı-şeiri ədəbi-bədii süzgəcdən keçirmək artıqdır. Onları oxumaq, dinləmək və dincəlmək lazımdır! Ölkənin ən məşhur bəstəkarları diqqətə alıb və istedadlı, görkəmli müğənniləri ifa edib. Belə sənətkarlıq təftiş və təhlil olunmur, təhmid və təqdir üçündür! Təkbir səviyyəsində! - hər şeirinə yekdilliklə “eşq olsun!”, “super!”, “ruhuna sağlıq” yazılan, mahnıları ciddi auditoriyada sevilən Xanım İsmayılqızı deyilmi? Yalnız bircə fikrimi hədiyyə edə bilərəm: nəinki özümüzdə, eləcə də indiki dünya ədəbiyyatında qısırlaşma gedir və bizlər çox vaxt bir anlıq nəfəslərə, ya da bir misralıqlara şahid oluruq, bir bəndi aşan bir əlin barmaqları qədər də deyil, hətta bütöv şeir müəllifləri nadir hallarda rastımıza çıxır, amma... amma... amma... Xanım İsmayılqızı bütün yazdıqlarında, bəstələrində nəfəsdir-misradır-bənddir və sonda... bütöv şeirdir-mahnıdır!
p.p.s. Əgər yazdığı şeirə musiqi bəstələyib həm də özü ifa etsəydi... həm də xanım bardımız olardı – bax, MƏNİM SEVİMLİ İMZAMIN,edə bilmədiyimi, etmək istəmədiyimi təkcə budur!
p.p.p.s. yazı... sözləri
Xanım İsmayılqızına məxsus “Bir aləm var”
mahnısına (musiqisi: Cabbar Musayev) qulaq
asıla-asıla yazılıb: Könül Kərimovanı
bu ifasıyla təkrar-təkrar dinləməyin mümkün
olduğu da üzə çıxdı!!!
Aydın
Canıyev
Ədalət 2019.- 24 aprel.- S.5.