ÖZGƏ QAPISI
Müzahim İSMAYILZADƏ
(povest)
– Bağışlayın, sizinlə tanış olmaq olarmı?
Gənc və gözəl xanımın ərkyana, heç kimdən çəkinməyərək stulda oturub kitablarına avtoqraf yazdığı və başı adamlarla dolu olan şairə dediyi sözlər beşaçılan gülləsi kimi partladı, sanatoriyanın inzibati binasına, sonra qarşı dağlara dəyərək əks-səda verdi, şairin yanında oturub ona köməklik göstərən aparıcı, rayon mədəniyyət şöbəsinin əməkdaşı Laləzar Coşqun qeyri-ixtiyari gözlərini xanımın gözəl boy-buxununa, geyim-keçiminə, boynuna və barmaqlarına, qulaqlarına taxdığı zinət əşyalarına zillədi, dönə-dönə baxdı, ağzının suyunu yığıb içəri ötürdü, yarı həsəd, yarı paxıllıqla heç nə demədi, şairə yaxınlığı, onunla yanaşı oturduğunu, hələ tədbir zamanı onun neçə şeirini tamaşaçılara çatdırdığını nümayiş etdirib, özünü ondan üstün tutmağa çalışdı. Rayonun məsul işçiləri də burada idilər, tədbirin qurtarmasını gözləyirdilər, daha doğrusu, tədbir artıq sona çatmışdı, sadəcə şairin pərəstişkarları onun başına yığışıb suallar verir, kitabına avtoqraf yazdırırdılar. Nəzərdə tutulmuşdu ki, görüşdən sonra şairə "Turşsu” restoranında böyük bir qonaqlıq verilsin. Rayonun məsul işçiləri, sanatoriyada dincələn və müalicə alan tanınmış insanlar siyahıya alınmış, az qala əlli nəfərlik stol sifariş edilmişdi.
Şair Məmməd Dağlaroğlunun rayondakı sanatoriyaya müalicəyə gəlməsi əvvəlcədən bilinirdi, şair özü rayon rəhbərinə zəng edib demişdi və rayon partiya komitəsinin birinci katibi Muxtar Dadaşzadə yaxın ətrafı ilə söhbətində onlara bu barədə məlumat vermiş, tapşırmışdı ki, sanatoriyanın baş həkimi ən yaxşı otaqlardan birini onun üçün ayırsın, rayon mədəniyyət şöbəsi isə şairlə görüş üçün hazırlaşsınlar. Xalq teatrının rejissoru Ləyaqət Həkəri bu işlə məşğul olmağa başladı. Şairin sözlərinə yazılmış mahnılar ssenariyə salındı və müğənnilər ansamblla məşqlərə başladılar. Düzdü, katib özü şəxsən məşqlərə baxmağa vaxt tapmadı, ancaq bu işə məsul olan raykomun üçüncü katibi Nisə Osmanova ona vaxtaşırı məlumat verirdi. Muxtar müəllim şairi özü qarşıladı, qonaq otağında görüş təşkil etdi, yaxşı süfrə açdı, onu baş həkimlə sanatoriyaya göndərdi. Elə oldu ki, görüş günü onu mərkəzə vacib dövlət iclasına çağırdılar. İndiki hesabla o rayona qayıtmalı idi və "görüşün bədii hissəsində” iştirak edəcəkdi.
Şair yaşıl üzlü, qalın cildli, üstünə adı ilə yanaşı durna dəstəsinin şəkli çəkilmiş kitabın iç vərəqinə ürək sözlərini yazıb imzaladı, yazdığını gözdən keçirib qatladı və oxucusuna uzatdı. Başını qaldırıb üzbəüzündə dayanan xanıma baxdı. İlahi baxışlarla onu süzən, az qala gözləri ilə yeyən bu qızı görüş zalında görmüşdü, deyəsən qabaqdan dördüncü sıranın ortalarında. Dağ rayonunun camaatından o dəqiqə seçilirdi – həm geyim-keçimində, həm də xarici görkəmində. O an hansı şeiri oxuyurdu? "Bu qızın gözündən məhəbbət yağır” şeirini. Zalda qəribə bir sükut vardı. Şairin bu şeiri çox sevilirdi, ən çox da gənclər bu şeiri xatirə dəftərlərinə, sevgi məktublarına yazırdılar, onlara çox doğma olan bu şeiri müəllif elə oxumalı idi ki, xoşagəlimli olsun və o şeiri əzbərdən bilənlər məhz şairin ifa tərzinə heyrətlənsinlər. Şeir də bu deyilmi? Oxucunu bir anlığa öz aləmindən qoparıb yalanlar, xəyallar, röyalar, aləmində pərvazlandırmaq. Aldatmaq! Bədii vasitələrlə yalanları həqiqətə çevirmək və oxucunu inandırmaq! O, heç bu şeiri oxumaq fikrində deyildi, başqa yazdığı və görüşə gəlməmişdən əvvəl otağında kitablarını vərəqləyib seçdiyi şeirlərin səhifələrini qatlayıb hazır qoymuşdu. Həm də şəraitə uyğun dünya, yaşamaq haqqında şeirlər müalicəyə gələn, sağlamlığını bərpa etmək istəyən insanlar üçün daha yaxşı, məqsədəuyğun olmazdımı? Elə ki, rayonun "Həkəri” ansamblının solisti Bahar Niftəliyeva "Gözlərimin işığı sənsən” mahnısını ifa etdi, alqış sədaları zalı bürüdü. Müğənni neçə dəfə əyilib qalxdı, sonra əlini ansamblın üzvlərinə sarı uzatdı. Onlar da ayaq üstə qalxıb təzim etdilər. Ancaq alqış sədaları daha da qulaqbatıran oldu. Aparıcı səhnəyə çıxıb müğənni ilə yanaşı dayandı. Alqışlar isə kəsmək bilmir, getdikcə gurlaşırdı. Hamı məəttəl qalmışdı. Görəsən, alqışlar nə istəyir?
Məmməd Dağlaroğlunun ayağa qalxması tamaşaçıları da ayaq üstə qaldırdı və ayaq üstə alqışlar daha da möhtəşəm oldu.
– Bahar xanım çox gənc və istedadlı müğənnidi, mənim sözlərimə bəstələnmiş bu mahnını da gözəl ifa etdi. Bəlkə təkrar oxusun?
Mahnı təkrar ifa ilə davam etdi, aparıcı Məmməd müəllimin bir şeirini də söyləyib sözü yerli şair, orta məktəb müəllimi Famil Bəhmənoğluna verdi. Müəllim özünün dağlar şeirini oxudu, şairə xoşgəldin elədi və xahiş etdi ki, müəllif özü o şeiri oxusun.
Şair doğrudan da o şeiri gözəl ifa etdi, gözlərini zaldan çəkib tavana zillədi, neçə dəfələrlə oxuduğu şeiri özünəməxsusluqla, özünü unudaraq söylədi və alqış səslərindən bildi ki, tamaşaçılar narazı qalmayıblar...
Şair tutulan kimi oldu, onunla keçirilən görüş xoş ovqat yaratmışdı, xeyli sayda oxucularının olduğunu duydu, onlarla ünsiyyət yaratdı, avtoqraflar yazdı. İndi ətrafında xeyli insan toplaşıb, açığı ucqar dağ rayonunun insanlarının saflığı, təmizliyi, təbiiliyi onda xoş əhval-ruhiyyə yaradırdı, həm də bu dağlarda bilirsənmi nə qədər söz ustaları var? Bu rayonun camaatı hər şairi bəyənmir, çünki hamısının mayası söznən yoğrulub. Hamısını dindirirsən, şeirnən danışır. Bir az aralıda dayanan rayon rəhbərləri, ətrafındakı söz xiridarları, yanındakı aparıcı Laləzar Coşqun yadından çıxdı, əlini cibinə aparıb papiros çıxartdı, ancaq yandırmadı.
– Niyə olmur? Sizin kimi bir xanımla tanış olmağın özü elə xoşbəxtlikdi. Sevinirəm ki, sizin kimi oxucum var və məni qəlbən sevir!
Əslində birinci cümlədən sonra deyilənlər artıq idi, ancaq şair könül oxşayan sözlərini oxucusundan əsirgəmədi və o da bu fürsəti boşa vermədi.
– Kitabınızı tapa bilmədim, mərkəzdəki kitab mağazasında da dedilər ki, hamısı satılıb qurtarıb.
Şair ayağa durub papirosuna od vurdu, raykom işçisinin çağırışına o qədər də əhəmiyyət vermədi, katib Nisə Osmanova onlara tərəf yaxınlaşdı, ancaq şairin oxucularla söhbətinin hələ bitmədiyini görüb yanındakılara ucadan səsləndi.
– Deyirəm, baş həkimin çayını içməmişik, bəlkə onun otağına qalxaq?
Müxtəlif rəylər bir-birini əvəzlədi, belə qərara alındı ki, yox, çayı da "Turşsu”da içərlər.
– Mən
sizə kitab verərəm. Narahat olmayın.
Otaqda olmalıdı.
– Nə
vaxt? – Qız özünü şairin lap yanına verdi.
– Nə
vaxt? Bu gün, sabah. Hökmən
çatdıraram.
– Mən
burda – əli ilə hündürmərtəbəli binanı
göstərdi. – oluram. Gözləyəcəm.
Hələlik!
Nisə Osmanovanın təklifi Laləzar Coşqunun
ürəyindən olmadı.
– Məmməd
müəllim, bəlkə bu gözəl xanım da bizimlə
tədbirdə iştirak etsin?
– Etiraz
etmirəm. İstəsə, yaxşı olar.
– Sağ
olun – dedi və gözəlliyini o qarışıqlıqdan
çəkib apardı. Bilə-bilə, nazlana-nazlana, acıq
verə-verə... Doğrudan da. Bunu
dağlar qoynundakı mədə-ciyər sanatoriyasının
böyük zalından tanınmış nəğməkar
şair, bir sıra Dövlət mükafatlarının
laureatı Məmməd Dağlaroğlu ilə
görüşdən çıxıb "Turşsu”
restoranına getməkdə olan rayonun rəhbərləri,
raykomun üçüncü katibi Nisə Osmanova, baş həkim
Nurəddin Qəmərli, verilişinin aparıcısı Laləzar
Coşqun... hiss etdilər. O, gözdən yox olana kimi
arxasınca kölgəsinə baxdılar. Ən
çox da şair Məmməd Dağlaroğlu. Dağlaroğlu o gözəlliyin addım-addım
uzaqlaşmasını, uzaqlaşdıqca gözəlləşdiyini
və parlaqlığını gözlərində
saxladı, dönə-dönə kino lenti kimi fırladıb
təzədən baxdı, baxdıqca ürəyində bir
ocağın külü üfürülüb yox oldu, təzə
odun parçaları çalın-çarpaz düzəlib
üstünə neft töküldü, çaxmaqla
alovlanıb çataçatla yanmağa başladı. Şairin neçə müddətdi soyumuş
könlünü isitdi. Özü də
necə? Elə bil qurumuş odun parçaları,
çır-çırpı bir isti nəfəsə
möhtac imiş, yanmaq, alovlanmaq, isinmək, isitmək həsrəti
ilə gözləyirmişlər: küllənməkdə
olan ocağın orta və alt qatlarında öləziməkdə
olan ocağın közərən qırıntıları hələ
qalıbmış və kimsə bir azca aşağı əyilib
üfürməyə başlayır. Bir, iki, üç... Kül ətrafa səpələnir, hələ
üfürənin üst-başına daranır,
üzünü-gözünü doldurur, ancaq bir də
baxıb görürsən ki, yavaş-yavaş
çırpıdan tüstü çıxır, köz
onların nazik və zəif gövdələrini közərdir.
Bu közərti qalın odun parçalarına
da üz tutur. Yox, hələ kifayət etmədi.
Ocağı belə tezliklə
alışdırmaq, tüstülətmək olmaz, yenə də
nəfəs gərəkdi – isti nəfəs. Üfürmək lazımdı,
üst-başını, üz-gözünü his
bulamalı, gözlərini yaşartmalıdı.
O,
içindəki soyuqluğu neçə aylar idi ki, hiss
etmişdi və bu soyuqluq gün-gündən onu dəyişdirir,
özgələşdirirdi. Daha çox fikir
edir, xəyallara dalır, papirosu papirosa calayır, bəzən
həddindən çox spirtli içki qəbul edir,
ağır tərpənirdi. Misraları əvvəlki
kimi alt-alta düzməkdə çətinlik çəkirdi.
Düzdü, şeirləri qəzet və
jurnallarda çap olunur, kitabları çıxır,
başqa dillərə tərcümə edilir. Ancaq o, özlüyündə hiss edirdi ki, əvvəlki
əsərləri ilə indikinin arasında xeyli fərq var.
O, zəifləyib və bu zəifliyi gec-tez kənardan hiss edəcəkdilər.
Əslində isə, tərsinə olmalı
idi. Şair əlli üç yaşının
içindəydi, kamillik zirvəsinə tərəf getdiyi
yolda o, elə əsərlər yaratmalıydı ki, hər yana səs salsın, necə ki, indiyəcən
eləydi. Onun şeirləri dillər əzbəri
olmuşdu. O, sevilmişdi! Onu sevir, tez-tez
görüşlərə çağırır, şeirlərini
ifa edir, özündən təzə əsərlərini
oxumağı xahiş edirdilər. Görüş
zalları ağzınacan dolu olurdu, alqış sədaları
divarları, pəncərələri silkələyirdi. Sözlərinə mahnılar bəstələnirdi.
Bəzən heç özünün xəbəri
olmurdu, zəng edirdilər ki, Məmməd müəllim, filan
kitablarınızdakı filan şeirinizə mahnı bəstələmişəm,
artıq şuraya təqdim də olunub. Xalq
artisti ifa edəcək. Buna kim sevinməz,
şad olmazdı? Bu onu daha da
ilhamlandırır, ruhunu təzələyir, yeni-yeni əsərlər
yazmağa sövq edirdi. Telefon zəngləri ara vermirdi, şair dostları, alimlər, gənclər
ona zəng çalır, təbrik edir, söhbətləşirdilər.
Ancaq onun sevinci təkcə özü
üçün imiş. Həyat
yoldaşı, qızı ondan tamam kənarda qalır,
şairə şərik olmur, xoş bir söz demirdilər.
Kəvanəni başa düşmək
olardı, uşaq idi. Orta məktəb
şagirdi idi, buraxılış və qəbul
imtahanlarına hazırlaşır, dərsdən gələndən
sonra otağından nadir hallarda çıxırdı. Anası yemək-içməyini otağına
aparır, kömək olurdu. Tibb
Universitetinə hazırlaşırdı və imtahanların
ağırlığını başa düşmək
olardı. Rəvanənin
çalışqanlığı xoşuna gəlirdi, ancaq
başa düşürdü ki, qızı dəqiq elmləri
o qədər də dərindən bilmir. Ondan gözəl
filoloq, tarixçi ola bilərdi, ancaq
keçən ildən anası qızın beynini yedi ki,
müəllim nədi, alim nədi, sən həkim
olmalısan. Mübahisələr olurdu,
arvadı o saat qonum-qonşudan, qohum-əqrəbadan canlı
misallar çəkməyə başlayırdı.
– Bax, elə
biri Kifayət xalan. Dost-doğmaca. Heç uzağa getməyə ehtiyac yoxdu. Müdafiə eləyib, elmlər namizədidi,
Akademiyada işləyir. Bu gün-sabah
doktorluq da eləyəcək, professor olacaq. Nə olsun? Neynirəm quru
adı? Aldığı nədi?
Yüz səksən manat! Nə puldu o? Axır məcbur olub orta məktəbdə də dərs
götürüb. Neynəsin? Bir ayağı məktəbdə, bir ayağı da
akademiyada. Qonşu blokda Cəmilə doxdur
var ey ha, hələ uşaq həkimidi, qəbuluna düşmək
olmur. Xalanın bir aylıq pulunu bircə
gündə çıxardır. Evi
yağ-rəng. Ərinə təzə
maşın alıb. Deyirlər
Novxanıda bir bağ evi tikdirib, iki göz istəyir dursun
tamaşasına.
Dayandırmaq
olmurdu ha, elə qırıq radio kimi ötürdü. Deyiləni də eşitmir, qulaqardına vururdu.
– Rəvanə
dəqiq elmləri çətin qavrayır, ancaq humanitar elmlərə
bircə dəfə gözucu baxsa, kifayət edir. Uşaq məcbur olub əzbərləyir.
Əzbərləməklə də iş keçmir, axı
riyaziyyatda, fizikada, kimyada o qədər düsturlar, birləşmələr
var ki, onları əzbərləmək kifayət etmir.
– Etmir etməsin!
Orda oxuyanların guya hamısı hər
şeyi bilir? Medinstitutu bilmirik? Tanımırıq? Kimin adamı
var, pulu var, onlar oxuyur də orda? Bəlkəm
elə deyil? Mən kimdən əksiyəm?
Burda o, əsəblərini cilovlamaq üçün ya
eyvana, ya da çölə papiros çəkməyə
çıxırdı. Nə deyəcəklərini bilirdi. Deyəcəkdi ki, düz söz deyəndə niyə
xətrinə dəyir? Şairsən də! Artıq deyilsən ki? Dağdan-daşdan,
çaydan-dənizdən, yarpaqdan, ağacdan... qafiyələndirib
yazırsan. Hamı yaza bilir də! Yazıb
nə qazanırsan? Puldan
danışıram ey? Qonorar alırsan?
On-on beş manatnan ailə saxlamaq olar? Hə, kitab çıxanda, o başqa. O da ildə
bir, ya iki dəfə olur...
Arvadının
özünə güvənməyini, onu saymayıb mən deməsi
şairə tanış misralar idi, bir
yandan bacısına arxalanır, onu gözünə
soxmağa çalışır, o biri tərəfdən
qızına misal çəkib onun yolu ilə getməyi məsləhət
görmürdü. Burda məsələ bir
balaca qəliz idi. Arvadı bacısına
arxalanmaqdan çox, onun ərinə bel bağlayır, lakin
onun adını çəkmirdi. Əslində
isə işləri düzüb qoşan Əmənulla müəllim
idi. O da professor idi, ancaq iqtisadi sahədə. Narxoz adlanan Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunda dekan idi. Əli çox uzun
idi, əlçatmaz budaqları silkələyə bilirdi.
Çox səbirli, təmkinli, tülküdən bic və
hiyləgər, pambıqla başkəsən adam
idi. Elə bu cəhətlərinə görə
rüşvətin tuğyan etdiyi institutda baş çıxarırdı.
Bir-birlərini beş barmaqları kimi
tanıyır, məclislərdə zarafatlaşırdılar.
Bu zarafatlar çox vaxt yarıciddi,
yarızarafat olurdu.
– Belə da, şair, – o, bir dəfə də olsun bacanağına adı ilə müraciət etmir, şair sözünü kinayəli formada tələffüz edirdi – yazırsan, ey, sözüm yox, pis deyil, ancaq maa elə gəlir ki, səndə nəsə çatışmır. Bax, o nəsəni deyə bilmirəm.
– Bilmirsən, onda niyə danışırsan?
– Yox, bilirəm ey, ancaq çatışmayan
odu ki, məsələn köhnə aşıqlarda məna, fəlsəfə
çox dərindi, ona görə aşıqlar onlardan oxuyanda
adama ləzzət eləyir. Səndə olarda olan yoxdu,
çatışmır. Hələ nə yaşın var,
öyrənib sən də onlar kimi yazacaqsan.
Ədalət 2019.- 26 aprel.- S.7.