“Şinelli
qalalar”
Afət Viləşsoy
Esse
Sərin bir aprel günündə gəldim tanımadığım tanışların yanına... Ögeylik çəkmirdim. Qəribə hissdir. Çox qəribə. Kitablardan, xəritədən məlumatlandığım, uzun qış gecələrinin nənə-baba dizində dinlədiyin nağılabənzər gerçək hekayələrindəki insanlarla qarşı-qarşıya əyləşib,yan-yana gəzib, həmsöhbət olub iyirmi dörd saat keçirmək...
Tam mübaliğəsiz, burada elə bir insan tapmaq olmurdu ki, ən gec ikinci cümləsində "sərhəd, torpaq, şəhid, Vətən” sözləri işlətməsin. Özümü əsl vətəndaş hiss etdiyim o müdhiş iyirmi dörd saat, bəlkə də, otuz dörd illik nəfəs aldığım zaman kəsiyində ən dolu gün olmuşdu. Sən demə, əbəs deyilməyib: "Vətən sərhəddən başlayır.” 2-5 aprel döyüşlərinin üç illik ildönümü zamanı Horadiz, Cocuq Mərcanlı səfərim innən belə yaşayacağım Tanrıpayı həyatıma qızıl yox, şəhid qanı rəngində yazıldı!
Havanın soyuqluğu məni daha bir fakta şahid etdi. Şinel vardı burda hər kəsin əynində. İlahi, amma hər kəsin əynində şinel vardı – yol bələdçilərimin, ailə başçılarının-hər kəsin adı yazılan bir əsgər şineli vardı əynində.
Bu qədər taleyinə səngər yazılmış insanın arasında hiss etdiyim əminlik mənə tanış bir təəssüratı xatırlatdı. Bakıda uşaq vaxtı "Qız qalası”nın bələdçinin göstərdiyi ən qalın divarlarının arasında bir arxayınlıq duymuşdum. Filmlərdən, kitablardan mənə məlum olan savaşdan qorunmaq, sığınmaq hissi bu qala ilə bir qədər məhdudlaşırdı mənimçün. Mən o zamanlar şəhid əmimin qorumuş olduğu qızcığazdım və mənimçün Vətən əmim idi. İndi mən, təbii ki, Vətən anlayışına bütövlükdə sahiblənmiş Azərbaycan insanı kimi yurdumun hər qarışına toxunmağı özümə borc bilirəm. Mövzudan yayınmayım, indi mən bu şinelin içindəki "qalalar”la əhatə olunmuşdum!
Maşını əyləyəndə artıq Zobcuğa çatmışdıq. Bu ön xəttə yaxın qəsəbə bir zaman yuxumda gördüyüm yer idi. Mən ora haçansa astral səyahət etmişdim və güllə səsinə oyanmışdım yuxudan. Aşkar üçün bu evimiz yol kənarında olduğundan sadəcə maşınların siqnal səsi idi... Sarı çiçəklərin arasında uşaqlığımın yuxusunda qalan o yerdə ayağımı yerə elə əmin basırdım ki... Ətrafımda "şinelli qalalar” vardı...
Yaşadığım ən əmin iyirmi dörd saat idi... Ən əmin
iyirmi dörd saat...
Horadiz-2019
Ədalət 2019.- 26 aprel.- S.6.