ÖZGƏ QAPISI
Müzahim
İSMAYILZADƏ
(povest)
əvvəli
var
Nə deyəydi? Hər halda qohum idilər, tez-tez üz-üzə gəlir, ailələri görüşür, səfərlərə çıxırdılar, əgər o, bacanağı ilə sözün əsl mənasında mübahisə eləsəydi, çox güman ki, söhbətlərinin sonu əlbəyaxa döyüşlə sona çatacaqdı və söz-söhbət o yerə çatacaqdı ki, günahkar o olacaqdı. Baldızı Kifayət ağzına zurna alıb çalacaqdı ki, Məmməd paxıllığından yerə-göyə sığmır, nə bilim, bizi gözü götürmür. Ancaq o, hər şeyi rentgen şüası kimi analiz edərək aydınlaşdırmışdı ki, Əmənulla qədər xain, paxıl, lovğa, özündən razı adam yer üzündə tək-təkdi, arvadı da özündən heç geridə qalan deyil. Elə Kifayət evdə hökmranlıq edir, onun sözü son kimi qəbul edilir və Əmənulla o deyənlə oturub-durur. Onu da özlüyündə saf-çürük etmişdi ki, iki bacının ailəsi arasında səmimi münasibət çox da uzun sürməyəcək. Adi bir söz, ya nə isə əldə bəhanə tutulacaq və əlvida!
Kifayət bilirsən nəydi? Dava dağarcığı, siyasət dağarcığı. Hər sözdən, hərəkətdən min məna çıxardan! Hələ ali təhsilli, Akademiya kimi mötəbər bir elm ocağında işləyən, elmlər namizədi, bu gün-sabah Allah qoymasa doktorluq müdafiə edəcək... O qədər pulagir idi ki, Əmənullanın kisələrlə daşıdığı pullar ona bəs eləmirdi, maaşının azlığından gileylənib orta məktəbdə də dərs deyirdi. Məktəbin direktoru onun dostu idi. Çox alicənab bir qadın idi, onunla məktəbdə görüş keçirəndə qısaca söhbətləri oldu.
– Məmməd müəllim, siz Allah bağışlayın, bəlkə də heç yeri deyil, ancaq deməyə bilmirəm. Kifayət müəllimə bizdən dərs götürəndə elə bildim ki, alimdi, savadlıdı, razı oldum, ancaq hardan biləydim ki, bu mələk donunda ifritədi. Valideynlərini boğaza yığıb. Eləcə pul istəyir. Ad günümdü, filan bayramdı, filan kitabı gətirəcəm... Xəbər yollamışam, əhəmiyyət vermir. Bu tədris ilini başa vuraq, daha onunla bizimki tutmaz. Bizim məktəbdə elə şeylər yoxdu. Qarşısını almasam, kollektiv elə biləcək ki, mən şərait yaradıram. Hörmətim itir...
Nə desin? Camaat çörəyi qulağının dibinə yemir ki? Səni çox istəyirəm, özümü səndən də çox istəyirəm. Nəyə görə artıq söz götürməlidi? Bax ha, Əmənulla Maarif Nazirliyində işləyən dostundan məktəbə zəng vurdurub, arvadını işə götürdüb, o da belə. Bunlardan nə desən gözləmək olar, təki öz işləri düz getsin. Elə başa düşürlər ki, hamının bunlara borcu var.
...O gün isə... Axşam naharını təzəcə etmişdilər ki, qapı döyüldü. Şair qapını özü açdı və Əmənulla ilə Kifayətin gəlişinə təəccübləndi. Xəbərsiz-ətərsiz, qanı qara. İçəri dəvət edib elə qapının ağzında da soruşdu ki, salamatlıqdımı? Ağız-burunlarını əyə-əyə içəri keçdilər. Səfayət onları qonaq otağına ötürdü.
– Nə yaxşı oldu gəldiniz, elə mən sizinlə bir məsləhət edəcəkdim, oturun, mətbəxə dəyib gəlirəm.
Oturdular, araya çökən sükutu yenə o, pozdu.
– Nə
var, nə yox, ay bacanaq?
–
Sağlığın. Şükür! – Əmənulla dilucu
cavab verdi və iri gözlərini
arvadının üzünə yönəltdi.
– Sən
nə təhərsən, a yeznə?
Kifayətin sualı ona qəribə gəlmədi, ancaq
bu neçə illərdə hələ bir dəfə də
olsun ona "yeznə” deməmişdi. – Sözü ağzında uddu, elə
Əmənullafason ona cavab qaytardı.
– Yeznə,
bu nə oyundu çıxarırsan? Sualı o qədər
ucadan və qəzəblə dedi ki, mətbəxdən Səfayət
çay dəstgahını hazırlamağı
yarımçıq qoyub özünü içəri
saldı. Üzünü ərinə tutdu, onun
cavabını gözlədi.
– Nə
oyun, a Kifayət?
– Xəbərin
yoxdu? Yoxsa bizi avam yerinə qoyursan?
Bir şey anlamayıb başını buladı. Fikrə
daldı ki, görəsən nə məsələdi ki,
bunları belə narahat edib.
– A Kifayət,
mıs-mıs eləmə, de görüm nə məsələdi
sizi belə həyəcanlandırıb?
– Nə
olub, ay bacı? – Səfayət də nə baş verdiyinin
marağında olduğunu açıq-aşkar gizlətmirdi.
Ona elə gəlirdi ki, əri ilə bağlı
bir hadisənin şahidi olacaq.
– Əmənullaya Mərkəzi Komitədən zəng
ediblər ki, bəs bacanağın özünü Dövlət
Mükafatına təqdim edib.
Hamının intizarına son qoyuldu, Səfayət sakitcə
mətbəxə keçdi, şair yerində rahatlandı.
– Elə
bu?
– Bu
azdı ki? Doğrudan belədir? – Kifayət
əsəbindən üzünə dağılan
saçını geri itələdi.
– Elə
bir şey var. Niyə narahat olursunuz ki?
– Narahat
olmuruq, – Əmənulla sözə başladı, – prostu ki,
raz belə məsələ var, niyə gizli-gizli iş
görürsünüz? Bəyəm biz istəmirik?
Niyə bizə informasiya başqa yerdən, yad
adamdan gəlməlidi?
– Hə də!
Sən bir başa düş, Mərkəzi Komitənin məsul
işçisi Əmənullaya zəng edib soruşur ki,
bacanağın belə bir iş görür, Əmənulla
da ondan xəbərsiz-ətərsizdi. İndi noolsun ki, məsul
şəxs Əmənulla ilə dostdu, bir qrupda oxuyublar,
tonlarnan duz-çörək kəsiblər, o boyda adam anlaya bilməyəcək ki, deməli biz
bacıların arasında nəsə olub, soyuqluq var ki, xəbərdən
xəbərimiz yoxdu.
–
Özümü o yerə qoymadım – Əmənulla
acı-acı gülümsədi – dedim, şair
tayfasıdı, onlar belə bir cür olurlar, hərdəmxəyal,
fikirli-zikirli. Onlara çox fikir vermək
lazım deyil. Hə, onunla bir xeyli söhbətimiz
oldu. Kimlərin namizəd olduqlarını da dedi. Sən onları bilirsənmi?
– Bilirəm.
Burda gizli heç nə yoxdu. Bir ay təqdim olunan əsərlərin müzakirəsi
aparılacaq, onun əsasında da komissiya yekun rəy verəcək.
– Hə,
səndən başqa üç nəfər də var. Biri
xalq şairidi, bir nazir var, onun qudasıdı, biri də... Onun adamı da Mərkəzi Komitədədi. Belə çıxır ki, sən onların
arasında ən zəifsən. O dostum da dedi ki, belədi
də, elə şairlər var ki, prostu özlərini təqdim
edirlər ki, nə var, nə var, mən də varam...
Kifayət
ərinin sözünü kəsdi:
– Hə dana, özlərini təbliğ edib gözə soxmaq
üçün bir vasitədi. Mamed, o
mükafat neçə manatdı?
– Alanda
biləcəm. Elə-belə bilmirəm. –
Elə gülümsəyib gərginliyi aradan götürmək
istədi.
– Alanda? Almaq fikrin də var? – Kifayətin yanaqları
pörtmüşdü. Şair elə inamla alacam dedi ki,
Əmənulla yerində qurcalandı, az
qaldı stuldan yıxılsın. – Ayə, Mamed, konkurentlərin
elə adamlardı ki, sən onların yanında
qarışqa boydasan. Xalq şairini sən elə-belə
bilmə, axşama kimi televizorda, dövlət tədbirlərində
hökumət adamlarıynan bir yerdədi.
Əmənulla nə danışırdı, eşitmir,
beynində ağır bir yükün onu narahat etdiyini
düşünür, bu iki vəhşini evdən söyə-söyə
qovmaq fikrindən özünü güclə
saxlayırdı. Heç mətləbə dəxli var?
Üzünə nurlu bir insanın –
uşaqlıq və orta məktəb dostunun təbəssümlü
sifəti qondu, onda şair qatarla anasını görmək
üçün rayona gedirdi. Neçə illərdi
üzünü görmədiyi dostunu qatarda gördü,
qollarını açıb onu qucaqladı, dostu da eynən
onu bağrına basdı, qatarda gecəni diri gözlə səhərə
çıxartdılar, xatirələr bir-birini əvəzlədi...
Onda şair yüksək vəzifəyə təyin
olunmuş nüfuzlu dostunun məsləhəti ilə bu
addımı atdı və özünə inamı vardı
ki, sonu onun istədiyi kimi olacaq.
Səfayət çay dəstgahı açdı,
gördü ki, soyuqluq aradan götürülməyib.
– Vallah, nə
yazır, nə pozur, mənciyəzin heç nədən xəbəri
yoxdu. Siz eşitdiyinizdən də, tövbə
bir kəlmə bilmirəm. Yaxın oturun,
çayları soyutmayın, boş şeylərdi.
Özü də yanını stula qoyub əvvəlcə
bacısına, sonra Əmənullaya qıyqacı göz
yetirdi, qaşığı mürəbbə qabında gəzdirdi. Belə gərgin
vəziyyətdə danışmaq onun üçün
çətin idi elə bil.
– Sən
nəsə demək istəyirdin, ay Səfa? – Kifayət
bacısının köməyinə gəlmək istəsə
də, sözlərində kinayə vardı, buna isə səbəb
əri idi. Şair arvadının nə deyəcəyini
bilmirdi, ancaq Rəvanənin qəbul imtahanı haqqında indi
söz açacağına inanmırdı.
–
Heç.
– Nə
heç, az? Sözünü denən da! Sən də ərindən öyrənibsən gizli
işlər görməyi. Saa düşmən
ha deyiləm? Həmişə əlimiz
üstünüzdə olub. İndi
keçi tərs doğub?
– Nə
gizli işim olacaq? – Səfayət özünü ərindən
ayırdı. – Rəvanənin imtahanlarını deyirəm. Gecə-gündüz oxuyur, ancaq medinstitutu
bilmirsinizmi? Əsas adamdı. Oxumağa kimdi baxan?
Əmənulla
istədi o saat nəsə desin, Kifayətin
barmağının tıqqıltısı onu
dayandırdı.
– Oxumaq
lazımdı, ancaq ora təkcə adamnan deyil, həm də
pulunnandı. Siyahılar da Novruz bayramından
sonra tutulur. Hələ tələsmə.
Ona kimi Əmənulla orda bəzi adamlarnan
söhbət eləyər, baxar görər ki, nə var, nə
yox, sonra elə çətinlik yoxdu.
Şair mürəbbəni kənara itələyib qənd
parçasını ağzına aldı.
– Nə qədər
pul lazım olur? – Səfayət bacısına üz tutdu.
–
Keçən il on min manat idi. Bu il hələ bilinmir. Ola bilsin ki, bir az artsın, ola da bilər ki, elə yerində
qalsın.
– Elə
də böyük məbləğ deyil. –
Əmənulla axır ki, bu işin təşkilatçısı
və icraçısı kimi sözə başladı.
– Düzdü, on min az da pul deyil, ancaq sən
uşağının gələcəyi üçün ona
ömürlük sənət verirsən, elə bir sənət
ki, özünüz görürsünüz də. Həkimlik belədi ki, həmişə əli pulnan
oynayır, day aylıq maaşa baxıb gözlərinin
kökünü saraltmır. Mamed elə bilər ki, bir il kitabı çıxmayıb.
– Həlbət
ki... – Şair arvadının sözünü ağzında kəsdi.
– Sağ
ol, bacanaq hörmətin və məsləhətin artıq
olsun.
–
Uşağın təhsilinə xərclənən pul itmir,
Mamed. Bilirəm, indi moizə oxuyacaqsan ki, bizdə təhsil
pulsuzdur, rüşvət-filan yoxdu, uşaq özü oxuyub
imtahan verməlidi...
– Elədi,
düz fikirləşmisən. Lazım olsa, mən
özüm qızımın işinə qarışaram.
Bu söhbətə nöqtə qoyun.
– Nə
nöqtə? Camaat qapı-qapı düşüb əlində
pul adam axtarır?
–
Çay süz... Sən qarışma!
Səfayət
çay süzəsi olmadı, Əmənulla ilə Kifayət
sağollaşmadan qapının ağzına tələsdilər...
***
–
Bağışlayın, siz kimsiniz?
Şair
gözünü güclə açdı, ancaq ona elə gəldi
ki, ətrafda nələr olduğunu görmür, onun
tanımadığı yad bir yerdə, yad bir otaqda, yad bir
çarpayıda uzanıb və yerindən qalxsa hara gedəcəyini,
nə iş tutacağını bilmir. Paltarı
yanındakı stulun üstündə
görünmürdü, otaq səliqə-sahmanlı idi.
Televizor açılmamışdı və qara
daş kimi dayanmışdı. Stolun
üstündə "İstisu” şüşəsi və stəkan
vardı. Şüşənin yarımçıq
olmasından hiss etdi ki, gecə qalxıb su içib. İndi də həm başı daş televizor kimi
ağır idi, dodaqları çat-çat olmuşdu. Su içmək istəyirdi.
Ancaq heç nəyi xatırlamırdı. Dünən
gecə "Turşsu” restoranındakı qonaqlıqdan
sanatoriyaya necə gəlmişdi, otağına liftlə necə
qalxmışdı, qapını açarla necə
açıb yerinə uzanmışdı – bunlar ona
möcüzə kimi gəlirdi və inana bilmirdi ki,
bütün bunları o özü tək eləyib. Çox güman ki, iki, bəlkə də
üç nəfər onun qoluna girib hamının
gözü qarşısında səndirləyə-səndirləyə
katibin maşınına oturdub.
Biabırçılıq! Əməlli-başlı
biabır olub. O cür tədbir keçirilsin, ona həsəd
aparılsın, sonda bütün hörmət və izzətini
bir şüşə zoğal arağı yuyub aparsın. Hər
şey qaydasında idi, məclis də, ona münasibət də!
Şair özünü xoşbəxt
sayırdı. Çıxış edib sağlıq deyənlər
şəninə elə sözlər deyirdilər ki! Görüşdəki ansambl da burada idi və onun
sözlərinə bəstələnmiş mahnılar ifa
edilirdi. Laləzar Coşqun və
başqaları onun şeirlərini söyləyirdilər.
Ona elə gəlirdi ki, bu təkrar
görüşdə iştirak etməyən birinci katib
üçün göstərilir. Muxtar
Dadaşzadə onun üçün xoş təsir
bağışlayırdı. Yanaşı
oturmuşdular və birinci katib ona xüsusi qayğı
göstərir, hətta qulluq edirdi. Ən iri və
yağlı tikələri Muxtar müəllim çəngələ
keçirib onun boşqabına qoyur, quzu ətinin xüsusiyyətləri
haqqında izahlar verir, araq içəndən sonra bulaq suyunu məsləhət
görürdü, çünki bu bulaqların suyunun tərkibində
hansı kimyəvi maddələr aşkar olunubmuş ki, bu həm
orqanizmin müqavimətini artırır, həm də
arağın təsir gücünü azaldırmış. Katib bir neçə şorabanın da adını
çəkdi – onlar şairin indi yaddaşında
qalmamışdı – bunlar rayon ərazisində bitən bitkilərdən
tutulmuş və çox dadlıymış.
Doğrudan! Şairin öz doğma rayonunda da bu bitkilərdən
var idi, ondan da şoraba hazırlayırdılar, bircə fərq
ondaydı ki, adlar ayrı cür idi...
Yorğanı
üstündən qırağa itələyib ayağa qalxmaq
istədi, başı gicəlləndi, az
qala ağzı üstə yerə yıxılacaqdı, birtəhər
çarpayının dəmirindən yapışıb
özünü saxladı, yerində oturub bir də
otağı süzdü. Günəşli yay
günü idi. Divardan asılmış
taxta saatın gümüşü əqrəbləri 11
tamamı göstərirdi. İndiyə
müalicələri başa çatmalı idi, ancaq həm
vaxt ötmüşdü, həm də onda hal yox idi.
Bir də özünü toparlayıb stuldan, sonra stoldan yapışdı, şüşənin qapağını kənara atıb başına çəkdi və son damlasına qədər içdi. Suyun soyuqluğunu və ağırlığını mədəsində hiss etdi. Ürəyi bulandı. Papiros həvəsi ilə stuldan çəlik kimi yapışıb şkafa sürütlədi. Kostyumu səliqə ilə köynəyinin, qalstukunun üstündən asılmışdı. Bu, onun işi deyildi ki, sərxoş halda paltarını soyunub asılqana keçirsin. Bəlkə də! Ola bilər ki, adam sərxoş olanda özü də bilmədən gözəl işlər tutsun.
Əlini pencəyinin cibinə atıb
"Marlboro” qutusunu və alışqanı
götürdü, deyəsən daha özünü nizamlaya
bilirdi, eyvanın qapısını açıb çölə
çıxdı, papirosunu yandırdı. Ancaq heç
iki-üç qullab almamış ağzında zəhər
hiss etdi. Bədənində titrətmə vardı.
Axşamkı yemək boğazında dayanmışdı.
Qaytarmaq istəyirdi, odur ki, papirosu yarımçıq
külqabıya basıb hamama tələsdi.
Ardı var
Ədalət 2019.- 30 aprel.- S.7.