BÖYÜK
TARZƏN RAMİZ QULİYEV HAQQINDA EPOPEYA
Sadıq
MURTUZAYEV, filologiya üzrə fəlsəfə doktoru
Yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin bu fundamental əsərini böyük acgözlüklə oxudum və əsərin qəhrəmanı Ramiz Quliyev haqqında yazdıqlarına təəssüratımı bildirməkdən əvvəl elə müəllif haqqında bir neçə kəlmə demək istədim.
Deyirlər
dağların əzəməti kənardan baxdıqda daha
yaxşı görünür. Mən bu böyük sənətkarı
keçən əsrin 80-ci illərindən tanıyıram. Rəhbərlik
etdiyim Ağdama tez-tez gələr, mənimlə nadir hallarda
görüşər, müxtəlif xahişlər eşitməyə
adətkarda olduğumdan heç bir xahiş etməz, çox
təvazökarlıqla görüşüb ayrılardı.
Onun sənətkarlığı barədə eşidirdim,
görürdüm, lakin təəssüflə deməliyəm
ki, musiqi aləmində duyumum çox da yüksək
olmadığından onun böyüklüyünü, əzəmətini
bu əsəri oxuyana qədər lazımi qədər dərk
etməmişdim. Ramiz Quliyev əzəmətini əks etdirən
çoxsaylı faktları oxuduqca onunla yanaşı müəllifin
də əzəmətinə heyran oldum.
Müəllif
elə bir tədqiqat əsəri yazıb ki, imkanım
olsaydı onu sənətşünaslıq doktoru adına təqdim
edərdim. Mən mütailəni çox sevən bir adamam,
xüsusilə böyük sənətkarlara dair
yazılanları hər zaman oxuyuram. Etiraf edim ki, belə zəngin
tədqiqat işinə çox az-az hallarda təsadüf
etmişəm.
Əvvəla
müəllifin çox maraqlı bir üslubu tapması,
şərqin böyük dastanı "Min bir gecə
"nağılına əsaslanıb söhbətə
başlaması məni valeh etdi. Bunu da deyim ki, elə
nağıllar aləmindən söz açılan təki
yaddaşımda Ramiz Quliyevin həmyerlisi, böyük
yazıçı dramaturq Süleyman Sani Axundovu, onun hekayələrini,
xüsusilə bu janrda yazılan bütün əsərlərin
zirvəsində dayanan "Qaraca qız"ı
xatırladım. Mən 1980-cı ildə Ağdama rəhbərliyə
gələrkən ilk sevindiyim fakt doğma yurdu olan Seyidli kəndində
onun abidəsini görməyim olmuşdu. Və deməliyəm
ki, ilk kədərləndiyim də xan qızı Natəvanın
Ağdamın İmarət adlanan müqəddəs məkanında
(Qarabağ xanlarının, o cümlədən Natəvanın
məzarları buradadır) unudulmuş məzarı oldu və
ilk tədbirlərimdən birisi onun məzarını
abadlaşdırmaqla ona layiq gözəl bir abidə ucaltmaq, elə
bununla əlaqədar sonralar ənənəyə
çevrilmiş Natəvan qızlar bayramı adlanan çox əzəmətli
bir tədbirin keçirilməsi oldu. Bunun əzəməti
onda idi ki, respublikanın bütün şəhər və
rayonlarından minlərlə qız-qadın bu tədbirə
gəlib qoşulmuşdu.
Yeri gəlmişkən
mən çapdan çıxan bir neçə əsərimdə
ağdamlılar haqqında yazmışam və burada yenə
də qeyd etməkdən qala bilmirəm. Rəhbərlik etdiyim
rayonların heç birində (indiki bölgü ilə 9
rayona rəhbərlik etmişəm) ağdamlılar qədər
fədakar camaat görməmişəm və ona görə də
Ağdama gəldikdən bir neçə ay sonra möhkəm
qənaətə gəldim ki, bunlarla dağı-dağ
üstünə qoymaq olar. Elə bu qənaətlə də
o zamanın plandan kənara çıxmaq düsturunu pozaraq
bir çox plansız yeniliklərə baş vurdum. Bu
sırada biri-birinin ardınca tikilib istifadəyə verilən
sanatoriya - istirahət obyektləri (Abdal-Gülablı,
Şelli, Şahbulaq, Dəlidağ, Əhmədağalı,
Ergi qəsəbəsi, uçulub dağılmış Pənahxan
qalasının bərpası, respublikada ilk ticarət mərkəzi,
Şərqdə ilk muğam-musiqi məktəbi və s. bu
sıradandır. Ağdamın böyük vurğunu
yazıçı jurnalist, Respublika Milli Məclisinin
deputatı Aqil Abbasın bu yaxınlarda "525-ci" qəzetdə
yazdıqlarını böyük minnətdarlıqla qeyd edirəm:
"Qarabağda sanatoriyalar vardı, buralarda hələ indi
otellər tikilir".
Yenə
yeri gəlmişkən mən hər yay Kəlbəcər
yaylaqlarına çobanlara baş çəkməyə
gedirdim. Bir gedişimdə Azərbaycanın çox dəyərli
ziyalıları Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni,
Nurəddin Rzayevi də (hər üçünə
Allahın rəhmətini diləyirəm) özümlə
aparmışdım. Onların çobanlarla
görüşünü təşkil etdim, 500-ə qədər
çoban toplaşmışdı. Elə təzəcə onları
yığıncağa təqdim etmişdim ki, dəhşətli
yağış başladı. Görüş baş
tutmadı və biz ayrılıb yola düşməli idik. Bu
sanki Allahın möcüzəsi idi. Mən elə yoldaca qərara
gəldim ki, Kəlbəcərin Ağdam
çobanlarının daha çox olduğu Dəlidağ
yaylağında bir mədəni mərkəzi tikdirəm. Xudu
Məmmədov təkidlə xahiş etdi ki, icazə ver onun
prorabı (iş icraçısı) mən olum. Rəhmətlik
yenicə infarkt xəstəliyindən sağalıb Ağdama
gəlmişdi və səfərimizə də böyük
dostu professor Nurəddin Rzayevin qəti etirazına baxmayaraq
qoşulmuşdu.
Mənim
də, Nurəddin Rzayev və Bəxtiyar Vahabzadənin də
xahişinə baxmayaraq o, əl çəkmədi. Mən
onları gecə saat 12-də Xudu müəllimin Mərzili kəndindəki
evinə qoyub şəhərə qayıtdım. Ertəsi
günü səhər saat 6-da (adətən işə getmə
saatım idi, bir neçə təsərrüfatı
dolaşıb şəhərə qayıdırdım) evimə
bitişik qonaq evinin həyətində Xudu müəllimi əlində
tutduğu bir şeylə gördüm. Demə o, bütün
gecə işləyib mədəni mərkəzin maketini
hazırlamış və Dəlidağa göndərilməsini
bir daha xahiş edir. Mənim yalvarışlarım göydən
asılı qaldı. Qonaqlarını yola salıb həmin
günücə geri qayıtdı ki, mən hazıram. Ertəsi
günü maşın karvanı ilə (Kəlbəcər
yaylaqlarında qoyunları olan bütün kolxoz və
sovxozların tikinti briqadaları olmaqla) onları yola saldım
və ardınca tikinti materialları ilə ikinci maşın
karvanı yola düşdü. O zaman indiki mobil telefonlar yox
idi. Hava telefonu adlanan bir şəbəkə var idi ki,
Ağdamın 20-30 km-də çətin eşidilirdi. Lakin 190
km məsafədə olan Dəlidağla elə sərbəst
danışmaq olurdu ki, sanki yanımızdakı adamla
danışırsan. Xudu müəllim hər gün material
sifariş verir və mən də elə həmin günücə
əməl edirdim. Nəticədə 14 gün ərzində mədəni
mərkəzin tikintisi başa çatdı. Bu müddətdə
oraya 170 maşın material göndərilmişdi. Bax bu,
yuxarıda dediyim kimi ağdamlıların fədakarlığından
irəli gələn bir fakt idi.
Digər
bir faktı da elə bilirəm desəm yerinə düşər.
Ağdamın Ergi qışlaqlarına yol yox idi. Həmin
qışlaqların sahəsi 12 min hektardır və indi
Ağdamın ermənilər tərəfindən işğal
olunmamış sahəsidir. Həm də suya həsrət olan
bu zəngin torpaq sahələrindən səmərəli
istifadə olunmur, bəzən qış ağır gələndə
xeyli qoyun-quzu tələfatı olurdu. Biz mərkəzdən
60-70 km məsafədə olan Ergiyə asfalt yol çəkdik,
həm də bütün rayonu təmin edəcək qədər
yem istehsalı üçün çoxsaylı artezian quyuları
qazıldı. Buna da qane olmayıb Araz çayından Mil
düzlərinə gələn kanaldan su xətti gətirildi.
SSRİ-də yenicə 26-cı qurultay şərəfinə
buraxılan 26 süni yağış qurğularının
yarıya qədəri buraya gətirildi. İki ay ərzində
hazırda 4 min qaçqının yaşadığı Ergi
qəsəbəsi tikilib istifadəyə verildi. Yeri gəlmişkən
bir neçə il əvvə Ergiyə dostum çoban Əli
Abbasovun görüşünə getmişdim, həmin qəsəbədən
5-6 ağsaqqal gəlib mənə minnətdarlıq etdi ki, siz
bu qəsəbəni tikdirməsəydiz, indi biz də
qaçqın həyatı yaşayardıq.
Mən
Ramiz Quliyev epopeyasından ricətə çıxıb
bunları ona görə qeyd etdim ki, yazıçının əsərində
Ağdam haqqında deyilənlərə kiçik bir əlavə
- ağdamlıların fədakarlıqlarına dair nümunələr
olsun.
İndi
isə keçirəm əsərin məziyyətlərinə.
Yazıçının əsəri böyük iman sahibi
kimi Ulu Yaradanın adı ilə başlaması çox
gözəldir, təqdirəlayiqdir. Əsər "Min bir gecə"nin
baş qəhrəmanı Şəhrizadın 10
nağılından ibarətdir. Əsərin "gözəllik"
adlanan ilahi varlıqla başlaması çox orijinaldır.
Burda böyük Nizaminin bir beyti yada düşür:
"Gözəllik
də bu dünyadan əzəldir,
Gözəldən
hər nə görsən yenə gözəldir".
Yeri gəlmişkən
Nizaminin gözəlliyin bu dünyadan əzəl olması
fikrinə böyük filosoflar, ədəbiyyatşünaslar
uzun illər, əsrlər boyu birmənalı cavab tapa bilməyiblər.
Mən buna münasib bir cavabı böyük türk mütəfəkkiri
İbrahim Haqqının 4 cildlik "Mərifətnamə"
əsərində tapdım.
Orada
deyilir ki, Allah dünyanı yaratmaqdan əvvəl bir cövhər
yaradıb. Bu cövhər elə gözəl idi ki, Allahın
özü də ona vurulmuş, cövhər
utandığından köpüklənmiş və bu
köpük yayılaraq ondan yer kürəsi əmələ
gəlmişdi. Əfsanəvi olsa da tapıntı kimi məqbul
sayıla bilər.
Yazıçının
şah sarayının və Şəhrizadın gözəlliyi
barədə yazdıqları ürəkləri riqqətə
gətirməyə bilməz. Gözəlliyi duymaq, onu qələmə
almağı bacarmağın özü də gözəldir.
Daha sonra
yazıçı Şəhrizadın 10 nağılı ilə
Ramiz Quliyev epopeyasını canlandırır.
Yazıçının Şəhrizadın
nağılları silsiləsilə əsərini 10 fəsildə
formalaşdırması da çox maraqlıdır,
orijinaldır, məntiqidir.
Birinci
nağılı musiqinin dünyəvi dəyərləri ilə
başlayır və buna bəşəriyyətin
yaratdığı dahilərin dedikləri ilə rəng verməsi
gələcək fəsillərə hazırlaşmaq
baxımından çox gözəldir. Bu yerdə həmin
deyimləri təkrar etmək elə bilirəm vacibdir.
Böyük
alman yazıçısı və musiqişünası Veber
Karl Mariya: "Musiqi əsl ümumbəşəri dildir".
Digər nəhəng müsiqişünas bəstəkar Bax Vilhelm Firideman: "Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir".
Böyük rus yazıçısı Feodor Dostoyevski: "Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır".
Martin Lüter: "Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir".
K.Silvestr: Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir".
Tomas Karleyin: "Musiqi sözsüz, bəzən də çox dərin mənaları ifadə edən nitqdir".
Dahi yunan filosofu Platon: "Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur".
Böyük alman şairi Henrix Heyne: "Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür".
(ardı növbəti sayımızda)
Ədalət 2019.- 30 aprel.- S.6.