O GÜNDƏN 7 İL KEÇSƏ DƏ ...

 

Həyatda yeganə bir ürək, bir məslək dostum vardı. Onu 1958-ci ildən tanıyırdım. Hər ikimiz orta məktəbi bitirdikdən sonra, ali təhsil almaq üçün o Naxçıvanın Nehrəm kəndindən, mən isə İsmayıllının Tircan kəndindən Bakıya gəlib sənədlərimizi Azərbaycan Sənaye İnstitutuna ("AZİİ”, indiki Sənaye və Neft Universiteti) vermişdik. Hər ikimiz ilk imtahandan müvəffəq qiymət alsaq da, ikinci imtahandan keçə bilməmişdik. Aramızda heç bir tanışlıq olmasa da, pörtmüş halda küçəyə çıxanda, qapı ağzında məni gözləyən anamla qarşılaşdıq. Vəziyyətin nə yerdə olduğunu başa düşən anam, əvvəlcə tanımadığım o oğlanı, sonra isə məni qucaqlayıb öpdü, ürək-dirək verməyə başladı.O zamankı dövrdə "institut tələbəsi” olmaq şərəfi gəncliyin ən yüksək əlçatmaz arzusu idi. Bu arzuya çatmayan neçə-neçə gənc, öz həyatlarına qəsd etmişdilər. Biz də o yüksəkliyə ucala bilmədik. Anamın sığal çəkib, məlhəm qoyduğu sakitləşdirici tövsiyyələrindən sonra, adımızı da öyrənmədən biz ayrıldıq. Üstündən iki il keçdi. Mən Azərbaycan Dövlət Universitetinin axşam şöbəsinin tələbəsi olmuşdum. Qrupda 25 nəfər idik. İlk dərsdən sonrakı tənəffüsdə bir sarışın oğlan mənə yaxınlaşıb salam verdi. Tanış olduq.Adının Əbdüləzim olduğunu bildirdi. Ordan, burdan söhbət etdik. Demə Əbdüləzim məni tanıyıbmış, bizim AZİİ-yə birgə imtahan verməyimizi xatırladı. O gündən biz ayrılmaz , oxşar taleli dostlar olduq. Sonrakı illərdə Əbdüləzim ikinci kursdan, mən isə üçüncü kursdan, hər ikimiz üç illik həqiqi hərbi xidmətə çağırıldıq. Hər ikimiz Orta Asiyada Türküstan Hərbi Dairəsində ximət edirdik. O, Quryev şəhərində, mən isə Frunze (Bişkek) şəhərində idik. Üç il məktublaşdıq.Əbdüləzimdən bir il sonra mən də ordudan tərxis olundum. Oxuduğumuz fakultənin axşam şöbəsi ləğv olunduğundan, hər ikimiz əyani şöbəyə keçirilmişdik. Biz yenə birləşmişdik. 24-25 yaşlarında gənclər ikən tələbəlik illərində sıxıntılı günlərimizin sayı çox oldu. Vaxt olub ki, avtobusa veriləsi 5 qəpik pulumuz olmazdı, ciblərimizdəki qəpikləri yarı bölərdik. Vaxt da olub həyasız erməni qadın konduktorların tənəsinə tuş gəlməmək üçün, qışın oğlan çağında Baksovetdən Əbduləzim 4-cü mikrorayona, mən isə Badamdara pay piyada getmişik. Günorta yeməyimizi "monolit” binanın altındakı kafedə edərdik. Ora bizim cibimizə daha uyğun idi: kofe 7 qəpik, bulka isə 5 qəpik, cəmisi 12 qəpik. Tələbə yoldaşlarımızın bundan xəbərləri olmazdı.Belə bir sıxıntılı vaxtlarımızda bir gün Azneft meydanından 4 nömrəli avtobusla Əbdüləzimi yola salarkən, bizdən qabaqdakı oturacaqda əyləşən xəz kürklü, zərli zibalı iki qadının, azərbaycanlı olsalar da, öz aralarında rusca belə danışıqlarını eşitdik: "zaviduyu tex, u koqo malo deneq” (az pulu olanlara həsəd aparıram). Mən Əbdüləzimə baxdım, o da mənə...

 

Universiteti bitirərkən hər ikimizin universitetdə qalıb təhsilimizi davam etdirmək təklif olunsa da, Əbdüləzimdən fərqli olraq mən maddi çətinliklər səbəbindən imtina etdim. Əbdüləzim bütün çətinliklərə sinə gərib aspiranturanı bitirdi, Moskva-Bakı yollarında əziyyətlərə dözüb müdaflə etdi, elmlər namizədi, dosent, kafedra müdiri vəzifəsinədək yüksəldi, "Tərəqqi” medalına və digər hökumət təltiflərinə layiq görüldü. O, yüksəldikcə adiləşdi, sadələşdi, səmimiləşdi.

 

Əbdüləzim müəllim vəfalı dost olaraq həmişəlik bütün vücuduma çökmüşdü. . Mən bunu 1976-cı ildə mənfur ermənilər və onlara bərabər tutulan ünsürlər tərəfindən şərlənərək 11 illik azadlıqdan məhrum edildikdə, bir daha gördüm. Bu illər ərzində Əbdüəzim müəllim, onun vəfalı ömür-gün yoldaşı Zəhra xanım mənim ailəmi yalqız qoymadılar, ailə şənliklərində, bacım uşaqlarının toylarında başda oturdular. Anamı yolda, bazarda , harada gördüsə bazarlığını etdi, evinə dəvət etdi, taksi tutub evə yola saldı. İki evladımın ali təhsil almalarına əmilik etdi.

 

Əbdüləzim müəllim, birgə müəllimimiz olan mərhum Məmmədəli Zeynalovun yolunu tutmuşdu. Məmmədəli müəllim, xeyirxah əməllərinə görə tələbələr arasında"Dədə müəllim” deyə adlandırılırdı. O, dünyasını dəyişəndən sonra onu kafedra müdirliyində əvəz edən Əbdüləzim müəllimə də"Dədə müəllim” dedilər. Vəfatından yeddi il keçməsinə baxmayaraq Azərbaycan Dövlət İqtisad Universitetində bu ad bu gün də hörmətlə yad edilir.

 

Əbdüləzim müəllim görkəmli alim olmaqla bərabər, sadə, təvəzökar dost.əqidə etalonu idi. Sadə idi, ona görə ki, heç vaxt özünü çəkməzdi, təkəbbürlüyün, lovğalığın nə olduğunu bilməzdi.Fikiri dağınıq olan, qəmli görünən tələbələrə özü yaxınlaşardı, ailə vəziyyəti ilə maraqlanardı.Tələbələri onunla istənilən mövzuda danışmaqdan çəkinməzdilər. Belə yanaşmaların birində, hətta tələbələrdən biri, düyünə düşmüş eşq macərasənı açıb sevimli müəlliminə söyləmişdi. Əbdüləzim müəllim tələbəsinə qoşulub ipə-sapa yatmayan qızın atası gilə getmiş və işi yoluna qoymuşdu.

 

Əbdüləzim müəllimlə dostluq, əttarla (ətir satanla) dostluq etməyə bənzəyirdi. Əttarın dükanına gedərsən, satılan ətirlərin qoxusu bədəninə, paltarına hopub günlərlə, aylarla bu qoxu səni tərk etmədiyi kimi, Əbdüləzim müəllimlə yoldaşlıq, dostluq etmək də elə idi. O, boşboğazlığı, şit hərəkətləri, spirtli içki düşgünlərini sevməzdi, onları düzgün yola dəvət edərdi. Əbdüləzim müəllimin ölüm xəbərini cox-çox sonralar eşidib Sabirabaddan gələn Rüstəm adlı əsgərlik dostu söhbət edirdi ki, onun bu gün həyatda var olmasına, düzgün mövqe tutmasına, ev-eşik olmasına Əbdüləzim müəllim səbəb olubdur.” O, olmasaydı mən çoxdan məhv olmuşdum” deyirdi. Durub oturduğu, dostluq etdiyi adamların yaddaşında dərin izlər buraxardı Əbdüləzim müəllim.Bəlkə də elə bu səbəbdən idi ki, 11 illik həbsdən sonra evə dönməyimdən ən yaxın qohumlarım belə xəbər tutmadıqları halda, anam bazarlıq etmək bəhanəsi ilə evdən çıxıb, Əbdüləzim müəllimgilə getmiş və ilk olaraq bu şad xəbəri ona bildirmişdi.

 

Əbdüləzim müəllim duyğulu insan idi. Onun təyin olunmuş görüş yerinə, məktəbə, dərsə, tədbirlərə gecikdiyi halları heç kəs xatırlamır. O. önündəki insanın düşündüklərini qabaqcadan duyardı. Anam dünyasını dəyişəndə vida görüşünə Əbdüləzim müəllim də gəlmişdi Tircana. Yaz imtahan sesiyasının qızğın vaxtı idi.Sabahısı anamın üç mərasimi olmalı idi. Köməyə böyük ehtiyacım vardı.. Oğlum isə imtahana getməli idi. Bunu görən Əbdüləzim müəllim, oğlumun adından bir vəkalətnamə alıb, imtahanda iştirak etməməsinin səbəblərini göstərdi. "Dekanlığa mən özüm çatdıraram, sən burada qal” dedi,

 

Əbdüləzim müəllim elini-obasını, millətini sevən bir ziyalı idi, adını tutub gələnlərə qayğısını əsirgəməzdi. O, yerliçilik kimi ucuz, rəzil hiss və duyğulardan uzaq idi. Onun üçün Azərbaycan və azərbaycançılıq vardı. Əbdüləzim müəllim bütün meydan hərəkatlarının iştirakçısı olubdur, erməni şovinizminə qarşı barışmaz mövqedə dururdu, Dağlıq Qarabağın ilhaqına qəti etirazını bildirirdi.

 

Əbdüləzlm müəllim gözəl ailə başçısı, qayğıkeş bir ata idi. Ömür-gün yoldaşı Zəhra Xanımla həyat yollarında birgə külüng çalmışdılar. Yaşadıqları evi birgə ucaltmışdılar. Biri palçıq qarışdıranda, o birisi hörərdi.Öz nümunələrində evladlar böyütdülər. Oğlu Vüqar bəy, qızları Könül xanım, Günel xanım ali təhsil aldılar, atasının, anasının fərəhi oldular, amma...

 

Dərdini-sərini, azarını-bezarını kimsəyə bildirməzdi Əbdüləzim müəllim. Səhərlər 3-cü mikrorayondan, Xalq Təsərrüfatı İnstitutunun köhnə avtovağzal yaxınlığındakı korpusuna kimi pay-piyada getdiyinin dəfələrlə şahidi olmuşdum. Səbəbini soruşanda, "elə-belə idman edirəm, bir az təngənəfəsliyim yaranıb” demişdi. Tələbəsi olmuş oğlum Şərəfə bildirdim Əbdüləzim müəllimin bu halını. Onun təkidi ilə işlədiyi Mərkəzi Klinikada müayinə olundu. Məlum oldu ki, Əbdüləzim müəllimin ürək fəaliyyəti vur-tut 50 faizdir. Bir neçə il əvvəl Əbdüləzim müəllimə üz vermiş böyük itgi, öz təsirini göstərmişdir. 8 ayın gəlini olmuş, 19 yaşlı qızı Könülün dünyadan erkən köçməsi, Əbdüləzim müəllimin ürəyindən təsirsiz ötməmişdir. Qamətini əymişdir. Onun əməliyyat olunacağı günü eşidib gələn tələbələr, qohumlr,dostlar əlindən gözləmə zalında yer yox idi. Mərkəzi Klinika rəhbərliyi gələnlər üçün lazımi şərait yaratdı, əlavə, ehtiyat zallar onların istifadəsinə verildi.

 

Keçirdiyi açıq ağır ürək əməliyyatından 6 il keçənə kimi, Əbdüəzim müəllim öz pedaqoji fəaliyyətini davam etdirirdi. Bütün ömrü boyu Həcc ziyarətində olmağı arzu edərdi Əbdüləzlm müəllim. 2012-ci ildə arzusu reallaşdı. Həyat yoldaşı ilə Müqəddəs Məkkə, Mədinə ,Kəbə ziyarətində oldular. Ziyarətdən qayıtdıqdan cəmi 20 gün sonra Hacı Əbdüləzim dünyasını dəyişdi.

 

Əbdüləzim müəllimin şəxsində ailəsi bir dəyərli ailə başçısını, evladları xoşqılıq, mehriban bir atanı itirmişdilərsə, mən isə yeganə həmfikrimi, qardaşımı, dostumu itirmişdim. Onun yoxluğuna bu gün də inana bilmirəm, unuda bilmirəm. Nə yaxşı ki, Allah mərhəmət göstərib Əbdüləzim müəllimə Zəhra xanım kimi nəcib bir həyat yoldaşı, özünə bənzər Vüqar kimi ağayana, dost-tanış işinə yarayan bir oğul, Günel kimi bir yaraşıq bəxş edibdir. Oğul arxadırsa, qız yaraşıqdır, deyiblər. Nəvələri Eldar, Abdullah, el gözəli balaca Zəhra, oğul istəkli kürəkən Zaur bəy bu gün də ailəmizin ayrılmaz tərkib hissələridir.

 

72 il ömür sürdü həyatda Əbdüləzim müəllim, bir kimsəni incitmədi. Ölümü də eləcə, bir kimsəni incitmədən, saylı saniyələr içərisində əbədiyyətə qovuşdu. O gündən 7 il keçsə də, hələ də inanmağım gəlməyir. Yaşasaydı 80 yaşı olacaqdı Əbdüləzim Əli oğlu Ələkbərovun. Ruhuna fatihə, əziz dost!

 

Vaqif Məmmədov.

 

Ədalət  2019.- 30 aprel.- S.5.