TOY GÜNÜNÜN SƏHƏRİ

Mənzər Niyzarlı

 

Aytikə püstə evindən çıxıb doqqazın ağzında dayananda kəndi ovcunun içi kimi görürdü. Ona görə ki, evi lap dikdəydi və yazda sel-su Toğanağı götürəndə təhlükə arvadın evindən yan keçirdi. Kiçik oğlu Əliyusifin yaşından tikilmiş evi köhnə olsa da, möhkəm idi: divarları çiy kərpicdən hörüldüyü üçün qışı isti, yayısa sərin olardı. Aytikə püstə heç şah sarayına da dəyişməzdi evini. Övladları Əlikramla Əliyusif Toğanağın yaxınlığında yerləşən şəhər tipli qəsəbədə ev-eşik qurandan və köçlərini təzə evə aparandan sonra anaları kənddə tək yaşayırdı. Amma buna tək yaşamaq da demək olmazdı, balaları Aytikə püstəyə hər gün, hər gün də olmasa iki gündən bir gəlib baş çəkirdilər.

 

Axır vaxtlar ürəyi tez-tez sıxılırdı. Bunun səbəbi tək yaşamağında deyildi. Kəndin bir bölük adamı qeyb olmuşdu. Hanı həyət-bacada iş-güc görən enli kürəkli nər oğlanlar, hanı ağır taxtalı, ağır yerişli kişilər? Arvadı dərdə salan, ürəyinin başını köz edən də bunlar idi. Qırx birin davasında da beləydi. Bir

başı papaqlı qalmamışdı kənddə. Kəndin kişilərini müharibə aparmışdı. Qızğın dava gedirdi. Davadan məktublar gəlirdi qarası da, güllüsüdə. İndi ərlərinin, oğullarının yolunu gözləyən kəndin arvadları o məktuba da həsrət idilər. Gedənlərdən xəbər çıxmırdı, ya da ürəyi yuxalılardan birinin hərdənbir pulundan-parasından gəlirdi. Vəssəlam.

Aytikə püstə köksünü ötürüb evinə keçdi. Evdə kətilin üstünə qoyduğu şirniyyatı görəndə yadına düşdü ki, xəstə yanına gedəcək. Hava bürkülüydü. Günəş qürubda gizlənsə də, günortanın istisi hələ də çəkilməmişdi. Arvad xırda güllü çadrasını dolabın gözündən çıxarıb başına atdı. Yaşıdı Yasəmən arvad soyuqlamışdı. Oğlanları gəlməmiş gedib arvada baş çəkmək istəyirdi. İstəmirdi Əlikramla Əliyusif gəlib analarını evdə tapmayanda nigaran qalsınlar, həm də simiclikdə ataları Fətulla kişiyə çəkdiklərindən onların yanında evdən bir şey götürə bilmirdi, o saat ikisi də düşürdülər üstünə ki, sən evdə day şey qoymadın ki, ay nənə. – Analarına körpəlikdən «nənə» deyirdilər. Aytikə püstə qapısını çəkmək istəyəndə gözü toyuq-cücəyə sataşdı. Aralarındakı yeganə xoruz toyuqların yanında saymazyana, sinəsini qabağa verib şəstlə gəzişirdi. Arvadın axır vaxtlar qonşunun həyətinə dadanan xoruzdan zəhləsi gedirdi. Yanından keçəndə hirsli, - hamınız bir bezin qırağısınız – deyib xoruza bir təpik ilişdirdi. Sonra nə fikirləşdisə qayıdıb evin məhəccərinə söykədiyi torbadan bir ovuc dən götürüb toyuq-cücənin qabağına səpələdi. Xoruz qaqqıldayıb toyuq-cücədən qabaq özünü dənə çatdırdı. Aytikə püstə üz-gözünü turşudub xoruza qarğış, nifrin yağdırdı. «Ay çər dəymiş, ay səni görüm azara düşəsən. Qarnının qədrini nə bilir, gör nə cumur? Çinədanından ötrü balalarını ac qoyar bu qansız».

 

Aytikə püstə dodağının altında deyinə-deyinə pələdi açıb küçəyə çıxdı, bir xeyli dolama yolu keçib nəfəsini dərmək üçün dayandı. Uzaqdan Zəroş arvadın darvazası ağzında bir neçə maşının dayandığını gördü. İki-üç adam maşınların yanında söhbətləşirdi. Zəroş arvad həyətdən küçəyə, küçədən həyətinə gir-çıxdaydı. «Əlbət uzaqdan qonağı gəlib». Fikirləşdi. Hasarlılar məhəlləsinə burulanda kəndin gözəl gəlini Gülyanağı qapısının ağzında dayanan gördü. Gülyanağın da bir vaxtları vardı ha. Ala gözlü, al yanaqlı Gülyanaq kəndin gözəl qızlarından sayılırdı. Yalan olmasın, subay oğlanların, bəlkə də, hamısı qıza elçi düşmüşdülər. Gizlində gizli, aşkarda aşkar. Qızın qisməti Əmralının oğlu Firiduna imiş. Ona da verdilər. Gülyanaq indi dörd uşaqla böyüklü-kiçikli yan-yörəsində vurnuxan, ətəyinə dolaşan körpələriylə qapısının ağzında dayanmışdı. Aytikə arvad əvvəlcə Gülyanağı tanımadı. Gülyanağın al yanaqları avazımış, paltarı əynindən tökülürdü, elə bil uca qaməti də balacalaşmışdı. Arvadı görəndə gəlinin üzü işıqlandı. Qucaqlaşıb öpüşdülər. Aytikə püstə Yasəmən qarıya apardığı şirniyyatdan Gülyanağın uşaqlarına bir-bir paylayıb əhvalını soruşdu:

 

– Bizə nolacaq ki? – Gülyanaq heysiz-heysiz dilləndi. – Ay püstə, səni görmürəm ey çoxdan. İraq canından naxoşlamamışdın ki? Aytikə püstə axır vaxtlar camaatın gözünə görünməməyinəgörə xəcalət hissi keçirə-keçirə yalan danışmalı oldu. – O andıra qalmış qriplərdən tutmuşdum ey. – dedi. Sonra diqqətlə gəlinə baxıb soruşdu:

 

– Sınıxmısan, a bala, olmuya Firidun incidir səni? Gülyanağın gözləri yol çəkdi: - Firidunun yerini-yurdunu bilirəm ki, məni də incidə.

 

– Hardadır ki?

 

– Gedib də. O xarabalardan birinə. – Gülyanaq doluxsundu. – Bir ildən çoxdu.

 

Aytikə püstə fikrə getdi. Gülyanağın Firidunun getdiyi yerə xaraba deməyindən bildi ki, Firidun Rusiyətin hansısa vilayətindədir. Gülyanağa təsəlli vermək xatirinə: - Binəva, bə neyləsin? – dedi. – iş dalınca gedib də, a bala, - mızıldandı.

 

– Mən nə deyirəm ki… Bakıya getsəydi yenə hərdən evə baş

çəkərdi.

– Bəkidə, deyilənə görə, alverdən savayı bir iş-güc yoxdu axı. Əlikram elə bu yaxında gəlib ey Bəkidən. İş yerləri, deyir, çoxu bağlanıb, camaat başını itirib, o zavoddı, nədi oları da, deyir, bağlayıblar.

 

Gülyanaq bikef-bikef Aytikə püstəyə baxdı: - Vallah çörəyimiz daşdan çıxır. Firidunun getdiyindən düz bir il on gün keçir. Qafarın nəvəsi çıxartdı onu yoldan. Getdiyi gündən bircə dəfə Səlimxandan rus pulu göndərib. Bizim pulnan on beş şirvan eləyir. Vəssəlam.

 

– Özünü darıxdırma, bala. - Aytikə püstə əlindəki konfeti ağzına atıb acgözlüklə xırçıldadan Gülyanağın oğlunun başına sığal çəkdi. – Bəlkə, özü də gəldi.

 

– Nə bilim.- Gülyanaq ümidsiz-ümidsiz əlini yellədi. – Allah

ağzından eşitsin.

Gəlin sözlü adama oxşayırdı: - Püstə, - dedi, - Allah səni bizim üstümüzdən əskik eləməsin. Elə nigaran qalmışdım səndən ötrü. Böyük qıza – Könülə deyirəm ki, püstə görünmür. Elə yanıva gələcəkdim. – Gülyanaq səsini alçaldıb xəcalət duyulan bir səslə: - Sənə işim düşüb ey,- dedi.

 

Aytikə püstə diksindi. Ürəyi elə bil ayağının altına düşdü. «Borc istəyir. Vallah, yanıma borca gələcəkmiş. Pulum olsaydı, dərdim nəydi ki». Özünə toxtaqlıq verdi. «Pul istəsə kimnən olsa gərək tapam verəm, qızı daməndə qoymayam.» O dəfə qonşusu Fərhadın da qızı borca gəlmişdi. Fərhad kişi soyuqdəymədən sətəlcəm olmuşdu. Kəndin həkimi Qurban doxtur bir sicilləmə dərman yazıb getmişdi. - Kişini sağaltsa bunlar sağaldacaq – demişdi. Evdəsə dərman almağa bir qəpik pulları yox idi. Aytikə püstə küncdə-bucaqda gizlətdiyi pullarını sayıb gördü ki, azdı, heç tənzif almağa da çatmır. Demişdi, a qızım, sabahacan gözləyin, bəlkə işdi-şayətdi uşaqlardan birinin yolu düşdü. Fərhadın qızı Qətibəni gözüyaşlı yola salandan sonra axşam şam yeməyinə otursada çörək

boğazından keçmədi. «Qız, qız, - deyib kövrəldi. – Dədəyə, nənəyə baş yolan, ağı deyən qız. Görən, mənim üstümdə kim ağlayacaq?» Özünün qızı olmadığına heyfsləndi. Gəlinləri Aytikə püstənin üstündə ürəkdən ağlayacaqdılarmı? «Ay Allah, məni heç kəsin yanında xəcil eləmə. Vallah gəlinlərim də əsillinəsillidirlər. Yox, yox, tövbə, istəmirəm cənazəmin üstündə baş yolub, ağı desinlər. Kaş heç kəsə əziyyətim dəyməyəydi. Üzü sulu öləydim.» Arvad doqqazın ağzında öz-özünə xeyli danışıb ürəyini boşaltdı. Elə təzəcə toxtamışdı ki, maşının səsi qulağını

aldı. Gələn böyük oğluydu. Sevindi. «Nə yaxşı vaxtında gəldi, qurban olduğum. Puldan-paradan ala bilsəydim Əkidən qızı çağırtdırıb verərdim. Kişinin halı, görəsən, nə təhərdi Aytikə püstə fikir-xəyal içərisində oğlunun qabağına çıxdı.

Əlikramla Əliyusif analarını görmək üçün Toğanağın yolunu su yoluna döndərmişdilər. Biri gedib, o biri gələrdi. Elə vaxt olurdu ki, ikisi də birdən görünürdü. Maşınlarının əcaibqəraib siqnallarından evdə-eşikdə dümələnən Aytikə püstə bilirdi ki, gələn hansı oğludur. Simiclikdə dədələrinə çəkən oğlanları keçid dövrünə, neçə ilin davasına sinə gərərək özlərinə yaxşı ev-eşik düzəltmişdilər. Əllərindəki paranı israfcasına xərcləməyərək dükan da açmışdılar. İkisi də ürəklərini daşa döndərib bir-birlərinə əl tuta-tuta, xəsis gördüyündən göz kirəsi istəyən kimi uşaqlıqdan dədələri Fətullahın nəsihətlərini qulaqlarında sırğa edərək Türkiyə, İran yolunu yağır eləmişdilər. Buna baxmayaraq kiçik oğlunun bəzi xasiyyəti anasına oxşamışdı. Deyib gülməyi, zarafatı öz yerində, üzü nurlu, şirin dilli idi. Çox vaxt da zarafatı anasıyla edərdi. Gah qucağına alıb uşaq kimi fırladar, gah da söz atıb arvadla məzələnərdi. Qəfildən gəlib evdə tapa bilməyəndə də həyət-bacanı axtara-axtara Hasarlılar məhəlləsindən burulub gələn anasını görüb: - Nənəm görüşdən gəlir nə? – deyərdi, - ay nənə, evdə tapılmırsan ha. Molla Nəsrəddin demişkən hərdənbir evə də baş çək. Aytikə püstə oğlunu həyətdə görüb çiçəyi çırtlasa da yalandan üzgözünü büzüşdürüb: - Ə şuluq, mənə sataşırsan? – deyərdi. Neynim... Zöhrə arvad naxoşdu, gedib dəyməyim?

 

– Nə deyirəm ki, nənə? Get dəy də. Oğlu anasının qolqoltuğuna baxardı. Çitdən özü üçün düzəltdiyi bağlamasayaq torbasını qoltuğunda görsəydi o saat hiss edərdi ki, arvad getdiyi yerə nəsə aparıb. Anasının xasiyyətinə bələd idi. Bilirdi ki,

hara getsə anası əliboş ayağını bir addım da atmaz. Oğlu: - Nə deyirəm ki, - desə də dilini dinc qoymazdı: - Nə aparmışdın ki, Zöhrə arvada?

Aytikə püstə çox vaxt gizlədərdi apardıqlarını. Bilirdi ki, apardığı pay-puşları sadalasa oğlanları cin atına minəcəklər. Sonra da qaşqabaqlarını töküb: - Sən evdə bir şey qoymadın ki, ay arvad – deyəcəklər. – Bir manat qazanmaqdan ötrü içimizin-içalatımızın cızdağı çıxır, sən də əməllərindən qalmırsan. – Ya da rişxəndlə: - Yaxşı eləmisən. Əvəzində barı bir şey qoydularmı qabağına.

 

– Niyə qoymadılar? İnəyi təzə doğub. Qatıqları vardı. Bir nimçə yalvar-yaxar içirtdilər mənə. Yoxsa sizin kimi-Böyük oğlunu da qatardı kiçiyinə: - Evüzə gələnin qabağına Allahın çayını da istixarənən qoyursuz. Çəkdiniz da oxşamışlarınıza. «Oxşamış» deyəndə ər tərəfini nəzərdə tuturdu. Onu düz deyirdi. Ərinin tayfası simiclikdə ad çıxarmışdılar: - Çay, bəyəm, pis nemətdi. Paçkasını, özü də ən yaxşısını səkkiz minə alıram yerində, onun qəndi, mürəbbəsi.

 

– Ədə, kiri, sən Allah, süzü tanımıram? Qapınızdan girənin qarnını doydurun, deyim hə. – Çox vaxt da söhbətlərinin şirin məqamında Aytikə püstə oğlanlarının əhval-rühiyyəsinə göz qoyardı. Əgər kefləri yuxarıydısa, alverdən əlləri yaxşı gətirmişsə arvad o saat söhbəti dəyişib pulun üstünə gətirərdi: - Bircə köpük pulum da yoxdu, əlimyandı lazımım olanda dadıma çata.

 

– Ay nənə, - deyirdilər, - ətini, yağını, qəndini, nə lazımdırsa alırıq, axı pul sənin nəyinə gərəkdi? Aytikə püstə əvvəlcə məlul-məlul oğluna baxardı. Sonra istər-istəməz hücuma keçərdi: - Köpək oğlu, - deyərdi. – Sizə südümü əmizdirəndə soruşurdum ki, bu qədər canımı çəkəçəkə hara hortuldadırsınız. Srağa gün Əlağanın dükanına qaloş gəlmişdi. Getdim iki cüt aldım, onnan sonra canım sizə desin, beş kilo dən aldım toyuqlara. Bə nə bilmisiniz? Aldıqlarımı, bəlkə gözümə, qaşıma aşiq olub pulsuz veriblər.

 

Oğlanlarının ona verdikləri pulları haqq-hesaba vurub heçə-puça çıxarardı. İkisi də gedənə yaxın peşman-peşman nənələrinin könlünü alar və özlərindən incik salmamağın dərdindən, əllərini ciblərinə salmalı olardılar. Axır vaxtlarsa ağlayıb

sızlayırdılar ki, əlimiz aşağıdır. Qazancımız yarıbayarı azalıb. Analarına ərzaq gətirməklə kifayətlənirdilər. O kiçiyi, kiçiyi yerin altını da bilir üstünü də, arvadı da ki, xasiyyətcə ərinə çəkib. Qışda o kiçik gəlindən buz da ala bilməzsən. Böyük

oğlu Əlikram Əliyusifdən səxavətlidir. Kiçiyidir onu yoldan çıxardan. «Nənəmiz pulu neyləyir? Dükan, bazara çıxmır, maşına minmir. Yemək, içməyini alırıq, bəsidir».

Hə… O günü Fərhad kişigil əlimyandı pul axtardıqları yerdə Əlikram gəlib çıxdı. Allah onu elə bil Aytikə püstə üçün göydən yerə endirmişdi. Oğlu dəm idi. Dedi ki, yeməkxanadan maşını elə nənəsinin evinə sürüb. – Dükanı yoxlayanları yedirib-içirtməyə aparmışdım. Yaxşı qurtardım əllərindən. Hələ onlara görüm-baxım da elədim.

 

Aytikə püstə əvvəlcə oğlu sarıdan təşvişə düşdü: - A bala, -dedi, - bu kökdə adam maşın sürər? – Əlikramın kefi kök idi. Arvadı qucaqlayıb üzündən öpdü. – Nənəmə qurban olum. Bilmirəm bu yoluq kənddə nə görmüsən? Nə işığı düz-əməlli yanır, nə qazı var, nə də rahatlığı. Getmirsən də, aparaq yanımıza.

 

Aytikə püstə qaşqabağını salladı.

 

– Hamınız qaçın kənddən. Bir azdan nənəniz də yadınıza

düşməyəcək.

–Yox, ay nənə, elə demə. Bir gün səni görməyəndə bağrım çatlayır.

 

Oğlunun sözlərindən xoşallanan Aytikə püstə fürsəti fövtə verməyib sözünü istədi pulun üstünə gətirsin, ancaq nədənsə susdu. Oğlu çay içəndə yavaşca gedib bir neçə il əvvəl aldığı tumanlıq parçasını gətirdi və görünən yerə qoydu. Sonra gəlib Əlikramın böyründə bardaş qurub oturdu və birdən guya gözü parçaya sataşdı.

 

– Ay Əki, - dedi, - şeytanın qıçını sındırıb özümə tumanlıq almışam axı, bu qoca vaxtımda. Odey, qoymuşam ora. – Arvad ağ yumru sifətinə sığal çəkib gülümsədi və qalxıb parçanı götürdü, gətirib Əlikrama göstərdi. - Xoşuna gəlir? Oğlu xumarlanan gözlərini geniş açıb parçanı iki barmağının arasına alıb bir-birinə sürtüşdürə-sürtüşdürə keyfiyyətini yoxladı. Sonra dükançılara məxsus müştəri gözüylə də o üz, bu üzünə baxıb: - Lap əladı,- dedi. – Sağlıqla tikdirəsən, ay nənə. Neçəyə aldın ki, metrəsini?

 

– Üç ərşindi də, bala. Hamısına dörd şirvan verəcəm. Əlikram təzədən stola dirsəkləndi: - Ay nənə, tumanlığın yox idi, mənə deyəydin də. İrandan gətirərdim. Niyə gedib alverçidən baha qiymətə almısan? - Aytikə püstə yalanının üstünə birini də əlavə elədi. – Hələ pulunu verməmişəm ey. Borca almışam. - Əlikram diksindi. Necə yəni borca?.. Əlikramın, Əliyusifin anası borca tumanlıq alsın. Başı dumanlıydı. Çox içdiyindən əl atıb bir qom pul çıxartdı. Fikirləşdi ki,

tumanlığın pulunu versin, ya sonraya saxlasın. Əlini saxlayıb pullarını saymağa başladı. Saydıqca puldan dördünü ayırıb anasına tərəf itələdi. Sonra pulları təzədən saydığından fikri özündə olmadığı üçün bilmədi anasına ayırdığı pulu verdi, ya təzədən puluna qarışdırdı. Aytikə püstə pulu sürüşdürüb süfrənin altına soxdu. Əlikram gördü ki, anası tərəfdə pul gözünə dəyməyir, pullarını cibinə qoyub anasından çay istədi, dedi ki, tumanlığın pulunu sonra verərəm, nənə. Sabah mal

dalınca getməliyəm. Pul lazım olacaq.

Aytikə püstə Əlikrama kəf gəldiyinə görə qızardı, oğlunu iki dəfə xərcə salmamaq xətrinə tezcənə dilləndi: - Ay bala, sən işində ol. Hələ vacib döyül. Əliyusif gələr ondan alaram, - deyib parçanı ortadan götürdü. Oğlunu qəsəbəyə yola salandan sonra özünü Fərhad kişinin evinə yetirdi. Qolu boynunda bikef-bikef Fərhadın böyrünü kəsdirən arvadını eyvana çəkib pulu ovcuna basdı. Pulu verəndən sonra Aytikə püstənin üstündən elə bil dağ götürüldü. Özündə bir yüngüllük hiss edəedə evinə qayıtdı.

 

Fərhad kişinin müalicəsi həmin pulun hesabına onca gün çəkdi. Dərmanlar kişinin yönünü bəri elədi. İndi Gülyanağın – Sənə işim düşüb – deməyindən arvad diksinsə də özünü ələ alıb: - Nə işin, a bala – soruşdu. Gülyanaq - Qədimi kasalarım var. - dedi. Xanbikə nənəmdən qalıb. Əlikramla Əliyusif qardaşa göstərsəydin, satardılar mənimçün. Heç olmasa puluna bir tay un eləyərdi. Qışı bir təhər yola verərdik. Sən allah, beş şirvandan əskiyə verməsinlər. – Aytikə püstənin ürəyi yerinə gəldi. – Gətirərsən, qızım, uşaqlara göstərrəm, - dedi.

 

Axşam Gülyanaq kasaları gətirib satdıq üçün Aytikə püstənin evinə qoyub getdi.

** *

Aytikə püstənin Zəroş arvadın həyətində adamları, maşını görüb qonaqlıq bildiyi yığnaq, sən demə, toya görəymiş. Zəroş Rusiyətdəki oğlanlarının birinə – Ələsgərə toy eləyirdi. Kənddəki yaşıdlarını, qardaşlarını özü ilə şirnikdirib Rusiyətə aparan Ələsgər bir həftəydi ki, kənddəydi.

 

Çoxdandı kənd toy görmürdü. Vətənin davalı günlərində Toğanağa şəhid şəhid dalınca gətirilirdi. Oğlu şəhid olan evlərdə məclis qurulur, yas saxlanılırdı. Bir hüzr yerinin ocağı soyumamış, o biri evə yas düşürdü. Beləcə toy eləmək, çalğı çaldırmaq heç kəsin yadına düşmürdü.

 

Toğanağın sütül oğlanlarının çoxunu müharibə aparmışsa, qalanlarını Rusiyət çəkib qoynuna yığmışdı. Toy xəbərini Novruzlulardan olan Zeynəb demişdi Aytikə püstəyə. Kəndin toy-düyünü yadına düşdüyündən arvadın ürəyi atdanmışdı.Görəsən, bu toy da o toylara oxşayacaqdımı.

 

Arvad əvvəlcə təəccübünü gizlətməyərək: - Zəroşun oğlanları Rusiyətdə döyülmü? – Soruşmuşdu.

 

– Rusiyətdə olanda nolar. O böyükdən kiçiyi var ey. Cüvəllağı. Ələsgəri deyirəm ey. Gördü ki, iş-güc yoxdu buralarda, yığdı tay-tuşlarını da, qardaşlarını da apardı getdiyi yerə. İndi Zəroş Qasımlılardan qız gözaltılayıb, istəyir Ələsgərin başını bağlasın. - Aytikə püstənin ürəyində bir ümid qığılcımı yandı. Öz-özünə: - «Zəroş ağıllı iş görür» fikirləşdi. – Heç olmasa həyətdə-bacada bir kişi xeylağından-zaddan görünər - Toy nə vaxtdı ki?

 

– Birisi gündü. Özünü gördüm. Obaşdan inəyi ötürürdüm.

Dedim, ay Zəroş, nə təhərsən? Oğlanlarından gəlib-gedəni var? Dedi Ələsgər burdadır, o birilər də gələsidirlər. Gördüm arvadın üzü gülür. Sabah yox, birisi gün hamısı burda olacaq, dedi, Rusiyətdəki tay-tuşları, dostları da gələcəklər. Şəhərdəki

qohumlarıma da xəbər eləmişəm. Kənddə də dəvətnamə paylayacam.

Aytikə püstə kəndin bütün dərd-sərini çiyinlərində gəzdirərdi. Ən mürəkkəb, müşkül işlərdə də arvadı qabağa verərdilər. Dedi-qoduyla arası yox idi. Düznəqulu idi. Yanında imkan verməzdi biri o birisinin arxasınca pisinə danışsın, qeybətini qırsın. O saatcasına danışanın ağzından vururdu: - Kiri, ay qız, - deyirdi. – Sözü böyütməyin, farağat oturun yerinizdə. Qulaq asanı bir tərəfə çəkib öyüd-nəsihət verməyindən də qalmazdı. – Qızım, - deyirdi, - o ki, filankəsin dalınca danışır,

bizim gözümüzdən salır, sabah da sən olmuyanda sənin qeybətini qıracaq. Elə adamdan uzaq yaxşıdır.

Toyda, məclisdə Aytikə püstənin uzaqdan gəldiyini görüb qabağına çıxardılar. Yeri də həmişə yuxarı başda olardı. Arvad yuxarı başda yerini rahatlasa da orda qərar tutmazdı, bir də görürdün bir az keçməmiş arvad əl-ayaq eləyənlərin arasındadır. Aytikə püstənin bu hörmət-izzəti nə ağır oturuşlu, ağır taxtalı əri Fətulla kişiyə, nə də pullu-paralı, evli-eşikli oğlanlarına görəydi. Qız vaxtından hörməti həyalığıyla, ürəyinin yuxalığıyla, hamıya əl tutmağıyla qazanmışdı. Elə bil böyükləri uşaqlıqdan «Əl tutmaq Əlidən qalıb» məsəlini beyninə yeritmişdilər.

 

Toy adını eşidən kənd əhlinin elə bil qırışıqları açılırdı. Zarafat deyildi, el adətincə toy olacaqdı. Toyu özünü televiziyada pul gücünə reklam eləyən xanəndələrdən biri aparacaqdı. Yemək-içməyi də qaydasınca. Zəroş arvadın həyətində ağaca bağlanmış erkək dana iki gün idi ki, döyükə-döyükə o yan, bu

yana baxır və dərk edə bilmirdi ki, onu niyə naxıra buraxmayıb, ev dustağı eləyiblər. Qonum-qonşu Zəroş arvada həsəd aparırdılar. Əli qazanclı oğlanlarından biri öz xoşuyla, öz ayaqlarıyla kəndə evlənməyə gəlmişdi. Belə oğuldan kim inciyər.

Toy günü xanəndə öz dəstəsiylə, yaraşıqlı maşını ilə kəndə

daxil oldu. Yeyib içib, rahatlanandan sonra içi xalça-palazla bəzənmiş mağara girdilər. Bir az keçmədi ki, mikrafon quruldu, qarmonun səsi sintezatra, sintezatrın səsi gitaraya qarışıb neçə il idi ölü sükutuna qərq olmuş kəndi başına götürdü.

Aytikə püstə özünü toyun qızğın vaxtında çatdırdı. Çalğıçılar canı dildən çalır və çaldıqca toyu qızışdırır, oynayanları, şabaş verənləri daha da həvəsləndirirdilər.

Aytikə püstə əvvəlcə evə keçib toy yiyələriylə görüşdü, Zəroş arvada gözaydınlığı verib qoltuğundakı xələti nəmərlərin üstünə qoydu. Gəlini bir-iki saat olar gətirmişdilər. İki gün öncə Zəroş arvad evinin bir gözünü boşaltmışdı ki, gəlinin cehizini yerləşdirsinlər. Qırmızı lentlə güzcüdən tutmuş servanta kimi bağlanmış bütün əşyalar təptəzəydi. Arvad çadrasının ətəyini əlinə yığıb gəlin olan otağa keçdi ki, qıza xeyir-dua versin. Gəlin tül paltarında, başında ağ tul örtükdə stulların birində oturmuşdu. Aytikə püstə gəlini, gəlinin gətirdiyi cehizi görməyə gələn qız-qadının yanından keçib müştəri gözüylə başdan-ayağa qızı nəzərdən keçirtdi. Gəlin gözləri yaşlı-yaşlı Aytikə püstənin – bu göyçək nənənin qırışmış üzünə, yumru sifətinə baxsa da fikri özündə deyildi. Gəlin ağlayırdı. Gözünün yaşı seyrəlsə də indi də ağlamağını içinə çəkmişdi. Qızın üzündəki ümidsiz kədər Aytikə püstənin gözündən yayınmadı, əyilib gəlinin o üzündən, bu üzündən öpüb xeyirdua verdi, gəlinə oğul-uşaq, subaylara da toy-düyün arzulayıb otaqdan çıxdı. Nədənsə gəlinin kədərli görünüşü arvadın xoşuna gəlmədi. «Qıza nolub elə ağlayır fikirləşdi. Əlbət evlərinin, dədəsinin, nənəsinin xiffətini eləyir Qızın üzünün solğunluğu, rənginin ağarması arvadın ürəyini göynətdi.Aytikə püstə fikirli olsa da çoxdan hal-əhval tutmadığı arvadlarla salamlaşıb, öpüşə-öpüşə mağara yaxınlaşdı. Mağarın qırağında ən yaxşı kətili Aytikə püstəyə saxlamışdılar. Mağarın dörd tərəfini arvad-uşaq, qarımış qızlar tutmuşdu. Kişilərin yeri içərdəydi. Mağardan kənarda həyətin ortasında – görünən yerdə Zəroş arvadın şəhərdən gələn qohumlarından dayanmışdı, yanlarında da iki sarıbaş rus qızı. Qızlardan birinin saçından tutmuş kipriyinə qədər sarı idi, yoğun baldırları da dizinə kimi açıq. Mağardakı kişilərin gözü tez-tez rus qızının baldırlarına dikilirdi. Kənd arvadlarının arasında isə bir xısınlaşma vardı, gəl görəsən. Aytikə püstə əvvəlcə başa düşmədi, söhbət nədən gedir. Yanında dayanmış Bənövşə arvad Aytikə püstənin qulağına sarı əyildi. – Az, - dedi, - Aytikə, bə xəbərdən xəbərin yoxdu nə?

Aytikə püstə döyükə-döyükə Bənövşə arvada baxdı.

 

– O sarıbaşları görmürsən nə? Rusiyətdən gəliblər da. Olardan biri, o üzü bəri dayanan var ha, baldırı yoğunu deyirəm ey, Ələsgərin – Bənövşə pıçıltıya keçdi. Öz aramızda qalsın, sən Allah, deyilənlərə görə arvaduşkasıdır, yox ey adamuşkası... Nə baxırsan, az, key-key üzümə, bacı, toyu olanı deyirəm ey.

 

Aytikə püstə arvada qulaq assa da və bəzi mətləblərdən agah olsa da, hələ də hadisənin əsl mahiyyətindən baş çıxara bilmirdi. Bir tərəfdən çalançıların çaldığı oyun havalarının mikrafondan yayılan gurultusu, o biri tərəfdən də oynayanların tap-tupları Bənövşə arvadın səsini batırırdı.

 

– Bilirəm ey, toy gədələrdən Ələsgərindi. Bə bu matışgələr burda neynir?

 

– O baldırı yoğun Ələsgərin dalınca gəlib. Ələsgər gələndə deyib gedirəm kəndə, qardaşımın toyudur. O da eləməyib tənbəllik bacılığını da vurub qoltuğuna qoşulub Ələsgərin dostlarına ki, mən də gedirəm Ələsgərgilə toya tamaşa eləməyə. Görüm müsəlmanların toyu nə təhər olur. – Bənövşə arvad qımışıb pıçıltıya keçdi.– Az, darıxırmış ey, Ələsgərçün. Dözməyib qaçıb gəlib arxasınca. Bə nə bilmişdin.

 

Aytikə püstə indi başa düşdü ki, iş nə yerdədi, ev yiyələrinin

üzlərindəki çaşqınlıq, gəlinin içində ağladığı, rənginin avazıdığı nədən ötrüdür. «Qıza əlbət, çatdırıblar bu sarıbaşlardan».

Bənövşə arvad çalanlar fasilə verəndə və xanəndə muğamata keçəndə sözünə başlayır və ağzını Aytikə püstənin qulağına yaxınlaşdırıb məlumatlarını üyüdüb tökürdü. – Az, hələ dalına qulaq as sən. Rusa yolda ağızlarından qaçırıblar ki, toy Ələsgərindi. Səhər-səhər, and olsun Allaha, Aytikə, bu həyətdə bir mərəkə vardı ki, gəl görəsən. Qız maşından düşən kimi bir qıy çəkdi ki... Əlindəki çamadanı bilmədik hara atdı. Toy yuxasını elə təzəcə başlamışdıq bişirməyə, baldırı yoğun «Alaskar» deyib düşmədi bu evlərin canına. İstədim keçən qabağına, qızın pişik saçlarından yolmalayam, deyəm, nə istəyirsən, az, xalxın oğlundan. Uşaq toyunu eləməyəcək nə. Zəroş kəsdi qabağımı. Nə yaxşı gəlin gətirilən vaxta düşmədi bunların gəlişi. Yoxsa Zəroş biabır olacaqdı, bacı, biabırdan biabır. Aytikə püstə fikrə getmişdi. Qeybət qırmaqla arası olmadığı üçün bir kəlmə onu soruşdu ki:

 

– Gəlinə bir söz-zad deməyiblər ki? Qızı gözü yaşlı gördüm ey. Ona görə soruşuram.

 

– Az, bizim arvadların ağzında söz qalar. İki daşın arasında çatdırıblar qıza. Gəlin yengəsinə deyirmiş ki, məni qaytar evimizə. Gələndən gözünün yaşını sel-su yerinə tökür.

 

– Can, can! - Aytikə püstə gəlini gözünün qabağına gətirib doluxsundu. Qara qaş, qara göz, göyçək qızdı. Uzun, qara kiprikləri ağlamaqdan islanıb bir-birinə yapışmışdı.

 

– Gərək gizlədəydilər gəlindən. Toy günündə bəd xəbər eşidib ağlamağın axırı yaxşı gətirmir.

 

– Ay bacı, ağlamayıb gülməyəcəkdi ki...

 

– Bə Zəroş nə deyir bu işdərə?

 

– Nə deyəcək... Deyir sarıbaşlara bir söz desəniz başınıza

oyun açaram. Deyir Rusiyətdə oğlanlarım malı bu sarıbaşlardan alıb satırlar. Deyir çörəyimizə bais olmayın, qoyun başımızı girləyək. Dolanışığımız, deyir, çox adamın gözünə girir. Gəlin uşaqdı. Ağlayıb, ağlayıb kiriyəcək. And olsun Allaha

elə yanımızda o baldırı yoğuna bir yaltaqlanırdı ki... Sənə, deyirdi, yalan deyiblər, Ələsgər net toy. Toy böyük qardaş.

Toy yerini təzəcə rahatlamış Aytikə püstənin gözündən düşdü. Bir tərəfdən gəlinin sonrakı taleyi, o biri tərəfdən də mağarın ətrafına yığışıb küskün-küskün oynayanlara baxan yaşı ötmüş qızların bədbin ovqatı arvadın əhval-ruhiyyəsini pozdu. Gözünə nə oxuyan xanəndə, nə çalançılar göründü. Ayağa qalxıb ayaqlarını sürüyə-sürüyə mağardan aralandı. Arvadların başı oynayanlara qarışdığından Aytikə püstənin getdiyini görmədilər.

 

Aytikə Zəroşu aşağı evdə tapdı. Zəroş arvad ərzaq yığılan evdən aşpazlara yağ aparırdı. Bənövşənin Ələsgərin «adamuşkası» dediyi baldırı yoğun görünmürdü. Rəfiqəsi isə Zəroşun şəhərli qonağından birisiylə şirin-şirin söhbətdəydi.

 

Zəroş Aytikə püstəni görüb qabağına yeridi, dil-ağız edəedə onu yemək verilən mağara aparmaq istədi. Aytikə püstə yeməkdən boyun qaçırıb dedi ki, aclığı yoxdu, ac olsa gedib yeyər, ancaq Zəroş arvada sözü var. Zəroş ayaq saxladı. Aytikə püstənin üzünün ifadəsindən hiss etdi ki, söhbət o sarıbaşlardan olacaq.

 

– Zəroş, qızım, - Aytikə püstə dedi – Mənnən cavansan, ona görə ərk eləyirəm. O matışkələrə denən çıxıb getsinlər. Gəlini bədbəxt eləmə. Yazıqdı. Bayaq fikir verdim, gözünün yaşı qurumurdu. Qasımlılardan da ayıbdı. Nə təhər olsa qəribdilər, yaddılar.

 

Zəroş arvad bu müşkül işi yerinə yetirə bilməyəcəyi üçün təqsiri yaxasından atmaq istədi, məlul-məlul boynunu əydi:

 

– Aytikə püstə, vallah mənlik döyül, - dedi. – Onlardan birinə bir söz desəm Ələsgər məni öldürər. İş işdən keçib ey… İndi gərək bir təhər yola verəm ki, nə şiş yansın, nə kabab. Uşaqların da alveri olarnandı. Day nə qayıraq. Çörək pulumuzun qənimi döyülük ha… Aytikə püstə üz-gözündən sevinc tökülən Zəroşnan danışmağın mənasız olduğunu görüb başını yellədi. Küçə qapısından adlayıb evinə sarı üz tutdu. Gülyanaq yenə də həmin yerində – həyət qapısının ağzında bitib qalmışdı. «Bu yazığın da canı ev-eşiyinə sığmır». Gülyanaq Aytikə püstəni görəndə elə bil dirçəldi, ondan xoş xəbər eşitmək ümidiylə arvadın üzünə baxdı. Ancaq utandığından sözü başqa səmtə yönəltdi:

 

– Ay püstə, nə əcəb bəy tərifinə qalmadın? – soruşdu.

 

Aytikə püstə halındakı dəyişikliyi hiss etdirmədən:

 

– Nə bilim, ay qızım, - dedi, - başım ağrıyırdı. Səs-küyü götürə bilmirəm. Gülyanağın üzündəki nigarançılıq çəkilməmişdi:

 

– «Kasaları soruşmaq istəyir, utanır. Allah ehtiyacın üzünü qara eləsin»

 

– Qızım, - dedi, - kasalardan ötrü nigaran qalma. Hələ ki, müştərisini tapmamışam. Arxayın ol. Satan kimi xəbər eləyərəm. Gülyanağın gözləri doldu:

 

– Ümidim, - dedi, - o kasalaradır, ay püstə.

 

Pul sarıdan ehtiyac, bir ildən çox idi səsi-sorağı çıxmayan ərindən nigarançılığ bu talesiz gəlini qurudub qurtarmışdı.

 

Evinə necə çatdığını, dikdiri necə qalxdığını özü də bilmədi. Arvad elə bil üşüyürdü. Üşütməyi soyuqdəymədən deyildi. Toyda gördükləri onu sarsıtmışdı. Təzə gəlinin içində ağlamağı, mağarın ətrafına yığılan otuz-otuz beşi haqlayan, qucaqları uşaq həsrətli qızların qəribə baxışları, darvazasının ağzında bitib qalan Gülyanağın soluxmuş üzü gözünün qabağından çəkilmirdi. Sarsılmışdı, Aytikə püstə, yaman sarsılmışdı. Özünü evinə çatdırdı, yerinin içinə girib qalın yorğanını üstünə saldı. Gecə toydan gələn Əlikramla Əliyusifi görəndə dikəlib yerinin içində oturdu. Rəfə düzdüyü kasaları göstərib dedi:

 

– Görün bu kasalara müştəri tapa bilərsinizmi, a bala. Yiyəsi puldan ötrü məəttəldi.

 

Oğlanları müştəri gözüylə kasaları yoxladılar. Bir an ikisi

ürəyində qablara qiymət qoydu. «Azı iki yüz dollar qiyməti

var Türkiyədə». Çiniliyini yoxlamaq üçün kasalardan birini əllərinə alıb çırtma da vurdular. Aytikə püstə yorğanı çənəsinin altına kimi qalxızıb intizarla onlardan cavab gözləyirdi. «Kaş beş şirvana götürəydilər. Bir tay unun puluna». Toyda içsə də Əlikramın beyni-başı yerindəydi. Handanhana dilləndi:

– Kasalar kimindi ki? – soruşdu.

 

– Gülyanağın. Firidunun arvadı Gülyanağın.

 

Əlikram:

 

– «Yüz ilin kasalarıdır. Qədimliyinə söz ola bilməz, üstündəki naxışlar da zərif işlənib» fikirləşdi və nədənsə Firidundan söz saldı. – Firidun da, nənə, əclaf çıxdı. Gül kimi arvad-uşağını atıb Tümendə veyillənir.

 

Arvad qulaqlarını şəklədi.

 

– Ay oğul, elə demə. Bəlkə başına iş gəlib. Gülyanaqdan gizlədirlər, - dedi.

 

– Kaş elə iş gələydi. Bazarda bizim uşaqlar görüblər, bir

xaxol arvadnan.

Aytikə püstənin üzü səyrildi.

 

– Deyirsən yəni day qayıtmaz evinə?

 

– Qayıtsaydı indiyə kimi qayıdardı da.

 

Arvad dili-dodağı əsə-əsə vaysındı.

 

– Bıy, evin yıxılmasın, Gülyanaq. Bə o yazıq neyləyəcək?! O

tifillərini nəylə dolandıracaq?

– Mən nə bilim, ay arvad, Xalxın dərdi-səri bizə qalıb?

Əliyusif özünə çay süzüb: - Nənə, - dedi,- kasalara dörd şirvan veririk. Qırx min. Az pul döyül ey… Ondan artığına alanolmayacaq. Yiyəsinə deyərsən ki, qiyməti elə heylədi. – Nədənsə Gülyanağın adını çəkmək istəmədi. Vaxtilə qıza vurulanlardan biri də o idi.

Aytikə püstə dörd şirvanı eşidən kimi səksəndi. Tələsik: - Yox, bala yiyəsi beşə deyib. Beş şirvana verirəm, deyib.

 

– Nənə, dörd dedim qurtardı. Elə eləyərsən heç almarıq ha. Nə çox kasa, dükan-bazarda əlindən tərpənmək olmur.

 

Aytikə püstə əlacsız-əlacsız gah böyük oğluna, gah da kiçiyinə baxırdı. Ürəyində: «Ay məndən olub mənə oxşamayanlar», fikirləşdi. – Bircə şirvanın haqq-hesabını eləyirsiniz».Məyuscasına böyük oğluna nəzər saldı. «Əki kiçikdən insaflıdır axı. Bəlkə onu yola gətirdim - A bala, bir tay unun qiyməti neçəyədi?

 

– Beşə verirlər. – Əliyusif qardaşını qabaqlayıb saymazyana dilləndi.

 

Arvad öz-özünə pıçıldadı: - Bə o bədbəxt bir tay unu nə təhər alacaq?

 

Qardaşlar analarının yorğan altında haldan-hala düşməsini hiss etmədən kasaların birini götürüb, o birini qoyur, ürəklərində özlərinə qalacaq xeyirin haqq-hesabını çəkirdilər. Əlikram gözünü kasalardan ayırıb anasının üzünə baxdı: - Nədi, nənə, olmaya unun qurtarıb? Qurtarıbsa denən alaq.

 

Arvad incik səslə dilləndi: - Hələ varımdı.

 

Oğlanları gedənə yaxın Aytikə püstə söz güləşdirməyin mənasız olduğunu bilərək onların dediyi qiymətlə razılaşdı. Bilirdi ki, ikisi də tərsdilər. Bir qəpiklərindən də keçən deyillər. Həm də qorxurdu ki, oğlanları kasaları almaq fikrindən daşınalar.

 

İkisi də cəld əllərini ciblərinə saldılar. Sağollaşıb gedəndə

istədilər analarını da özlərilə aparsınlar, arvad razı olmadı. Elə

bil ürəyi sınmışdı oğlanlarından.

– Srağa gün də üşüdürdüm, - dedi, - Keçib getdi. Mənən işiviz olmasın.

 

Gecəni Aytikə püstə pis yatdığından səhərəcən qarmaqarışıq yuxular onu əldən saldı. Səhər üşütməsi keçsə də əzgin idi. Qalxıb geyinəndə gözünə ilk sataşan Gülyanağa verəcəyi pul oldu. Elə bil gəlinin səsi qulaqlarında cingildədi. «Sən Allah, beşə ver, beş şirvandan əskiyə vermə».

 

O günü Aytikə püstə zəhləsi getdiyi xoruzun boğazını üzməsə də aparıb işıqçı Rzaya on minə satdı. Pulu gətirib kasaların pulunun üstünə qoydu.

 

Gülyanaq da uça-uça, sevinə-sevinə gəlib kasaların pulunu apardı.

 

O günü toyun mağarı sökülüb qurtarmamış Ələsgər sarıbaşlara qoşulub Rusiyətə getdi.

 

O günü təqaüdü beşcə günün çörək pulusuna da çatmayan şəhid anası Şirin arvad Zəroşgilə gəldi. Bir kilo qəndin və bir qarın çörəyin xətrinə qollarını çırmalayıb altı, böyürləri ocağın hisindən qaralmış qazanları yumağa başladı və yuya-yuya da Zəroş arvadın ağzını aramaq istədi: - Ay Zəroş, - dedi, - dilimağzım qurusun, birdən Ələsgər də getdiyi yerdən Firidun kimi, o biri gədələr kimi qayıtmaz ey geri.

 

Kefi kök Zəroş bic-bic gülümsəyərək Şirin arvadın cavabını verdi: - Nəyşə qayıtmaz, az – dedi. – Ağzı nədi qayıtmasın. Bu gecə gəlinin boynuna uşaq dTOY GÜNÜNÜN SƏHƏRİ

 

 

Aytikə püstə evindən çıxıb doqqazın ağzında dayananda kəndi ovcunun içi kimi görürdü. Ona görə ki, evi lap dikdəydi və yazda sel-su Toğanağı götürəndə təhlükə arvadın evindən yan keçirdi. Kiçik oğlu Əliyusifin yaşından tikilmiş evi köhnə olsa da, möhkəm idi: divarları çiy kərpicdən hörüldüyü üçün qışı isti, yayısa sərin olardı. Aytikə püstə heç şah sarayına da dəyişməzdi evini. Övladları Əlikramla Əliyusif Toğanağın yaxınlığında yerləşən şəhər tipli qəsəbədə ev-eşik qurandan və köçlərini təzə evə aparandan sonra anaları kənddə tək yaşayırdı. Amma buna tək yaşamaq da demək olmazdı, balaları Aytikə püstəyə hər gün, hər gün də olmasa iki gündən bir gəlib baş çəkirdilər.

 

Axır vaxtlar ürəyi tez-tez sıxılırdı. Bunun səbəbi tək yaşamağında deyildi. Kəndin bir bölük adamı qeyb olmuşdu. Hanı həyət-bacada iş-güc görən enli kürəkli nər oğlanlar, hanı ağır taxtalı, ağır yerişli kişilər? Arvadı dərdə salan, ürəyinin başını köz edən də bunlar idi. Qırx birin davasında da beləydi. Bir

başı papaqlı qalmamışdı kənddə. Kəndin kişilərini müharibə aparmışdı. Qızğın dava gedirdi. Davadan məktublar gəlirdi qarası da, güllüsüdə. İndi ərlərinin, oğullarının yolunu gözləyən kəndin arvadları o məktuba da həsrət idilər. Gedənlərdən xəbər çıxmırdı, ya da ürəyi yuxalılardan birinin hərdənbir pulundan-parasından gəlirdi. Vəssəlam.

Aytikə püstə köksünü ötürüb evinə keçdi. Evdə kətilin üstünə qoyduğu şirniyyatı görəndə yadına düşdü ki, xəstə yanına gedəcək. Hava bürkülüydü. Günəş qürubda gizlənsə də, günortanın istisi hələ də çəkilməmişdi. Arvad xırda güllü çadrasını dolabın gözündən çıxarıb başına atdı. Yaşıdı Yasəmən arvad soyuqlamışdı. Oğlanları gəlməmiş gedib arvada baş çəkmək istəyirdi. İstəmirdi Əlikramla Əliyusif gəlib analarını evdə tapmayanda nigaran qalsınlar, həm də simiclikdə ataları Fətulla kişiyə çəkdiklərindən onların yanında evdən bir şey götürə bilmirdi, o saat ikisi də düşürdülər üstünə ki, sən evdə day şey qoymadın ki, ay nənə. – Analarına körpəlikdən «nənə» deyirdilər. Aytikə püstə qapısını çəkmək istəyəndə gözü toyuq-cücəyə sataşdı. Aralarındakı yeganə xoruz toyuqların yanında saymazyana, sinəsini qabağa verib şəstlə gəzişirdi. Arvadın axır vaxtlar qonşunun həyətinə dadanan xoruzdan zəhləsi gedirdi. Yanından keçəndə hirsli, - hamınız bir bezin qırağısınız – deyib xoruza bir təpik ilişdirdi. Sonra nə fikirləşdisə qayıdıb evin məhəccərinə söykədiyi torbadan bir ovuc dən götürüb toyuq-cücənin qabağına səpələdi. Xoruz qaqqıldayıb toyuq-cücədən qabaq özünü dənə çatdırdı. Aytikə püstə üz-gözünü turşudub xoruza qarğış, nifrin yağdırdı. «Ay çər dəymiş, ay səni görüm azara düşəsən. Qarnının qədrini nə bilir, gör nə cumur? Çinədanından ötrü balalarını ac qoyar bu qansız».

 

Aytikə püstə dodağının altında deyinə-deyinə pələdi açıb küçəyə çıxdı, bir xeyli dolama yolu keçib nəfəsini dərmək üçün dayandı. Uzaqdan Zəroş arvadın darvazası ağzında bir neçə maşının dayandığını gördü. İki-üç adam maşınların yanında söhbətləşirdi. Zəroş arvad həyətdən küçəyə, küçədən həyətinə gir-çıxdaydı. «Əlbət uzaqdan qonağı gəlib». Fikirləşdi. Hasarlılar məhəlləsinə burulanda kəndin gözəl gəlini Gülyanağı qapısının ağzında dayanan gördü. Gülyanağın da bir vaxtları vardı ha. Ala gözlü, al yanaqlı Gülyanaq kəndin gözəl qızlarından sayılırdı. Yalan olmasın, subay oğlanların, bəlkə də, hamısı qıza elçi düşmüşdülər. Gizlində gizli, aşkarda aşkar. Qızın qisməti Əmralının oğlu Firiduna imiş. Ona da verdilər. Gülyanaq indi dörd uşaqla böyüklü-kiçikli yan-yörəsində vurnuxan, ətəyinə dolaşan körpələriylə qapısının ağzında dayanmışdı. Aytikə arvad əvvəlcə Gülyanağı tanımadı. Gülyanağın al yanaqları avazımış, paltarı əynindən tökülürdü, elə bil uca qaməti də balacalaşmışdı. Arvadı görəndə gəlinin üzü işıqlandı. Qucaqlaşıb öpüşdülər. Aytikə püstə Yasəmən qarıya apardığı şirniyyatdan Gülyanağın uşaqlarına bir-bir paylayıb əhvalını soruşdu:

 

– Bizə nolacaq ki? – Gülyanaq heysiz-heysiz dilləndi. – Ay püstə, səni görmürəm ey çoxdan. İraq canından naxoşlamamışdın ki? Aytikə püstə axır vaxtlar camaatın gözünə görünməməyinəgörə xəcalət hissi keçirə-keçirə yalan danışmalı oldu. – O andıra qalmış qriplərdən tutmuşdum ey. – dedi. Sonra diqqətlə gəlinə baxıb soruşdu:

 

– Sınıxmısan, a bala, olmuya Firidun incidir səni? Gülyanağın gözləri yol çəkdi: - Firidunun yerini-yurdunu bilirəm ki, məni də incidə.

 

– Hardadır ki?

 

– Gedib də. O xarabalardan birinə. – Gülyanaq doluxsundu. – Bir ildən çoxdu.

 

Aytikə püstə fikrə getdi. Gülyanağın Firidunun getdiyi yerə xaraba deməyindən bildi ki, Firidun Rusiyətin hansısa vilayətindədir. Gülyanağa təsəlli vermək xatirinə: - Binəva, bə neyləsin? – dedi. – dalınca gedib də, a bala, - mızıldandı.

 

– Mən nə deyirəm ki… Bakıya getsəydi yenə hərdən evə baş

çəkərdi.

– Bəkidə, deyilənə görə, alverdən savayı bir iş-güc yoxdu axı. Əlikram elə bu yaxında gəlib ey Bəkidən. İş yerləri, deyir, çoxu bağlanıb, camaat başını itirib, o zavoddı, nədi oları da, deyir, bağlayıblar.

 

Gülyanaq bikef-bikef Aytikə püstəyə baxdı: - Vallah çörəyimiz daşdan çıxır. Firidunun getdiyindən düz bir il on gün keçir. Qafarın nəvəsi çıxartdı onu yoldan. Getdiyi gündən bircə dəfə Səlimxandan rus pulu göndərib. Bizim pulnan on beş şirvan eləyir. Vəssəlam.

 

– Özünü darıxdırma, bala. - Aytikə püstə əlindəki konfeti ağzına atıb acgözlüklə xırçıldadan Gülyanağın oğlunun başına sığal çəkdi. – Bəlkə, özü də gəldi.

 

– Nə bilim.- Gülyanaq ümidsiz-ümidsiz əlini yellədi. – Allah

ağzından eşitsin.

Gəlin sözlü adama oxşayırdı: - Püstə, - dedi, - Allah səni bizim üstümüzdən əskik eləməsin. Elə nigaran qalmışdım səndən ötrü. Böyük qıza – Könülə deyirəm ki, püstə görünmür. Elə yanıva gələcəkdim. – Gülyanaq səsini alçaldıb xəcalət duyulan bir səslə: - Sənə işim düşüb ey,- dedi.

 

Aytikə püstə diksindi. Ürəyi elə bil ayağının altına düşdü. «Borc istəyir. Vallah, yanıma borca gələcəkmiş. Pulum olsaydı, dərdim nəydi ki». Özünə toxtaqlıq verdi. «Pul istəsə kimnən olsa gərək tapam verəm, qızı daməndə qoymayam O dəfə qonşusu Fərhadın da qızı borca gəlmişdi. Fərhad kişi soyuqdəymədən sətəlcəm olmuşdu. Kəndin həkimi Qurban doxtur bir sicilləmə dərman yazıb getmişdi. - Kişini sağaltsa bunlar sağaldacaq – demişdi. Evdəsə dərman almağa bir qəpik pulları yox idi. Aytikə püstə küncdə-bucaqda gizlətdiyi pullarını sayıb gördü ki, azdı, heç tənzif almağa da çatmır. Demişdi, a qızım, sabahacan gözləyin, bəlkə işdi-şayətdi uşaqlardan birinin yolu düşdü. Fərhadın qızı Qətibəni gözüyaşlı yola salandan sonra axşam şam yeməyinə otursada çörək

boğazından keçmədi. «Qız, qız, - deyib kövrəldi. – Dədəyə, nənəyə baş yolan, ağı deyən qız. Görən, mənim üstümdə kim ağlayacaq Özünün qızı olmadığına heyfsləndi. Gəlinləri Aytikə püstənin üstündə ürəkdən ağlayacaqdılarmı? «Ay Allah, məni heç kəsin yanında xəcil eləmə. Vallah gəlinlərim də əsillinəsillidirlər. Yox, yox, tövbə, istəmirəm cənazəmin üstündə baş yolub, ağı desinlər. Kaş heç kəsə əziyyətim dəyməyəydi. Üzü sulu öləydim Arvad doqqazın ağzında öz-özünə xeyli danışıb ürəyini boşaltdı. Elə təzəcə toxtamışdı ki, maşının səsi qulağını

aldı. Gələn böyük oğluydu. Sevindi. «Nə yaxşı vaxtında gəldi, qurban olduğum. Puldan-paradan ala bilsəydim Əkidən qızı çağırtdırıb verərdim. Kişinin halı, görəsən, nə təhərdi Aytikə püstə fikir-xəyal içərisində oğlunun qabağına çıxdı.

Əlikramla Əliyusif analarını görmək üçün Toğanağın yolunu su yoluna döndərmişdilər. Biri gedib, o biri gələrdi. Elə vaxt olurdu ki, ikisi də birdən görünürdü. Maşınlarının əcaibqəraib siqnallarından evdə-eşikdə dümələnən Aytikə püstə bilirdi ki, gələn hansı oğludur. Simiclikdə dədələrinə çəkən oğlanları keçid dövrünə, neçə ilin davasına sinə gərərək özlərinə yaxşı ev-eşik düzəltmişdilər. Əllərindəki paranı israfcasına xərcləməyərək dükan da açmışdılar. İkisi də ürəklərini daşa döndərib bir-birlərinə əl tuta-tuta, xəsis gördüyündən göz kirəsi istəyən kimi uşaqlıqdan dədələri Fətullahın nəsihətlərini qulaqlarında sırğa edərək Türkiyə, İran yolunu yağır eləmişdilər. Buna baxmayaraq kiçik oğlunun bəzi xasiyyəti anasına oxşamışdı. Deyib gülməyi, zarafatı öz yerində, üzü nurlu, şirin dilli idi. Çox vaxt da zarafatı anasıyla edərdi. Gah qucağına alıb uşaq kimi fırladar, gah da söz atıb arvadla məzələnərdi. Qəfildən gəlib evdə tapa bilməyəndə də həyət-bacanı axtara-axtara Hasarlılar məhəlləsindən burulub gələn anasını görüb: - Nənəm görüşdən gəlir nə? – deyərdi, - ay nənə, evdə tapılmırsan ha. Molla Nəsrəddin demişkən hərdənbir evə də baş çək. Aytikə püstə oğlunu həyətdə görüb çiçəyi çırtlasa da yalandan üzgözünü büzüşdürüb: - Ə şuluq, mənə sataşırsan? – deyərdi. Neynim... Zöhrə arvad naxoşdu, gedib dəyməyim?

 

– Nə deyirəm ki, nənə? Get dəy də. Oğlu anasının qolqoltuğuna baxardı. Çitdən özü üçün düzəltdiyi bağlamasayaq torbasını qoltuğunda görsəydi o saat hiss edərdi ki, arvad getdiyi yerə nəsə aparıb. Anasının xasiyyətinə bələd idi. Bilirdi ki,

hara getsə anası əliboş ayağını bir addım da atmaz. Oğlu: - Nə deyirəm ki, - desə də dilini dinc qoymazdı: - Nə aparmışdın ki, Zöhrə arvada?

Aytikə püstə çox vaxt gizlədərdi apardıqlarını. Bilirdi ki, apardığı pay-puşları sadalasa oğlanları cin atına minəcəklər. Sonra da qaşqabaqlarını töküb: - Sən evdə bir şey qoymadın ki, ay arvad – deyəcəklər. – Bir manat qazanmaqdan ötrü içimizin-içalatımızın cızdağı çıxır, sən də əməllərindən qalmırsan. – Ya da rişxəndlə: - Yaxşı eləmisən. Əvəzində barı bir şey qoydularmı qabağına.

 

– Niyə qoymadılar? İnəyi təzə doğub. Qatıqları vardı. Bir nimçə yalvar-yaxar içirtdilər mənə. Yoxsa sizin kimi-Böyük oğlunu da qatardı kiçiyinə: - Evüzə gələnin qabağına Allahın çayını da istixarənən qoyursuz. Çəkdiniz da oxşamışlarınıza. «Oxşamış» deyəndə ər tərəfini nəzərdə tuturdu. Onu düz deyirdi. Ərinin tayfası simiclikdə ad çıxarmışdılar: - Çay, bəyəm, pis nemətdi. Paçkasını, özü də ən yaxşısını səkkiz minə alıram yerində, onun qəndi, mürəbbəsi.

 

– Ədə, kiri, sən Allah, süzü tanımıram? Qapınızdan girənin qarnını doydurun, deyim hə. – Çox vaxt da söhbətlərinin şirin məqamında Aytikə püstə oğlanlarının əhval-rühiyyəsinə göz qoyardı. Əgər kefləri yuxarıydısa, alverdən əlləri yaxşı gətirmişsə arvad o saat söhbəti dəyişib pulun üstünə gətirərdi: - Bircə köpük pulum da yoxdu, əlimyandı lazımım olanda dadıma çata.

 

– Ay nənə, - deyirdilər, - ətini, yağını, qəndini, nə lazımdırsa alırıq, axı pul sənin nəyinə gərəkdi? Aytikə püstə əvvəlcə məlul-məlul oğluna baxardı. Sonra istər-istəməz hücuma keçərdi: - Köpək oğlu, - deyərdi. – Sizə südümü əmizdirəndə soruşurdum ki, bu qədər canımı çəkəçəkə hara hortuldadırsınız. Srağa gün Əlağanın dükanına qaloş gəlmişdi. Getdim iki cüt aldım, onnan sonra canım sizə desin, beş kilo dən aldım toyuqlara. Bə nə bilmisiniz? Aldıqlarımı, bəlkə gözümə, qaşıma aşiq olub pulsuz veriblər.

 

Oğlanlarının ona verdikləri pulları haqq-hesaba vurub heçə-puça çıxarardı. İkisi də gedənə yaxın peşman-peşman nənələrinin könlünü alar və özlərindən incik salmamağın dərdindən, əllərini ciblərinə salmalı olardılar. Axır vaxtlarsa ağlayıb

sızlayırdılar ki, əlimiz aşağıdır. Qazancımız yarıbayarı azalıb. Analarına ərzaq gətirməklə kifayətlənirdilər. O kiçiyi, kiçiyi yerin altını da bilir üstünü də, arvadı da ki, xasiyyətcə ərinə çəkib. Qışda o kiçik gəlindən buz da ala bilməzsən. Böyük

oğlu Əlikram Əliyusifdən səxavətlidir. Kiçiyidir onu yoldan çıxardan. «Nənəmiz pulu neyləyir? Dükan, bazara çıxmır, maşına minmir. Yemək, içməyini alırıq, bəsidir».

Hə… O günü Fərhad kişigil əlimyandı pul axtardıqları yerdə Əlikram gəlib çıxdı. Allah onu elə bil Aytikə püstə üçün göydən yerə endirmişdi. Oğlu dəm idi. Dedi ki, yeməkxanadan maşını elə nənəsinin evinə sürüb. – Dükanı yoxlayanları yedirib-içirtməyə aparmışdım. Yaxşı qurtardım əllərindən. Hələ onlara görüm-baxım da elədim.

 

Aytikə püstə əvvəlcə oğlu sarıdan təşvişə düşdü: - A bala, -dedi, - bu kökdə adam maşın sürər? – Əlikramın kefi kök idi. Arvadı qucaqlayıb üzündən öpdü. – Nənəmə qurban olum. Bilmirəm bu yoluq kənddə nə görmüsən? Nə işığı düz-əməlli yanır, nə qazı var, nə də rahatlığı. Getmirsən də, aparaq yanımıza.

 

Aytikə püstə qaşqabağını salladı.

 

– Hamınız qaçın kənddən. Bir azdan nənəniz də yadınıza

düşməyəcək.

–Yox, ay nənə, elə demə. Bir gün səni görməyəndə bağrım çatlayır.

 

Oğlunun sözlərindən xoşallanan Aytikə püstə fürsəti fövtə verməyib sözünü istədi pulun üstünə gətirsin, ancaq nədənsə susdu. Oğlu çay içəndə yavaşca gedib bir neçə il əvvəl aldığı tumanlıq parçasını gətirdi və görünən yerə qoydu. Sonra gəlib Əlikramın böyründə bardaş qurub oturdu və birdən guya gözü parçaya sataşdı.

 

– Ay Əki, - dedi, - şeytanın qıçını sındırıb özümə tumanlıq almışam axı, bu qoca vaxtımda. Odey, qoymuşam ora. – Arvad ağ yumru sifətinə sığal çəkib gülümsədi və qalxıb parçanı götürdü, gətirib Əlikrama göstərdi. - Xoşuna gəlir? Oğlu xumarlanan gözlərini geniş açıb parçanı iki barmağının arasına alıb bir-birinə sürtüşdürə-sürtüşdürə keyfiyyətini yoxladı. Sonra dükançılara məxsus müştəri gözüylə də o üz, bu üzünə baxıb: - Lap əladı,- dedi. – Sağlıqla tikdirəsən, ay nənə. Neçəyə aldın ki, metrəsini?

 

– Üç ərşindi də, bala. Hamısına dörd şirvan verəcəm. Əlikram təzədən stola dirsəkləndi: - Ay nənə, tumanlığın yox idi, mənə deyəydin də. İrandan gətirərdim. Niyə gedib alverçidən baha qiymətə almısan? - Aytikə püstə yalanının üstünə birini də əlavə elədi. – Hələ pulunu verməmişəm ey. Borca almışam. - Əlikram diksindi. Necə yəni borca?.. Əlikramın, Əliyusifin anası borca tumanlıq alsın. Başı dumanlıydı. Çox içdiyindən əl atıb bir qom pul çıxartdı. Fikirləşdi ki,

tumanlığın pulunu versin, ya sonraya saxlasın. Əlini saxlayıb pullarını saymağa başladı. Saydıqca puldan dördünü ayırıb anasına tərəf itələdi. Sonra pulları təzədən saydığından fikri özündə olmadığı üçün bilmədi anasına ayırdığı pulu verdi, ya təzədən puluna qarışdırdı. Aytikə püstə pulu sürüşdürüb süfrənin altına soxdu. Əlikram gördü ki, anası tərəfdə pul gözünə dəyməyir, pullarını cibinə qoyub anasından çay istədi, dedi ki, tumanlığın pulunu sonra verərəm, nənə. Sabah mal

dalınca getməliyəm. Pul lazım olacaq.

Aytikə püstə Əlikrama kəf gəldiyinə görə qızardı, oğlunu iki dəfə xərcə salmamaq xətrinə tezcənə dilləndi: - Ay bala, sən işində ol. Hələ vacib döyül. Əliyusif gələr ondan alaram, - deyib parçanı ortadan götürdü. Oğlunu qəsəbəyə yola salandan sonra özünü Fərhad kişinin evinə yetirdi. Qolu boynunda bikef-bikef Fərhadın böyrünü kəsdirən arvadını eyvana çəkib pulu ovcuna basdı. Pulu verəndən sonra Aytikə püstənin üstündən elə bil dağ götürüldü. Özündə bir yüngüllük hiss edəedə evinə qayıtdı.

 

Fərhad kişinin müalicəsi həmin pulun hesabına onca gün çəkdi. Dərmanlar kişinin yönünü bəri elədi. İndi Gülyanağın – Sənə işim düşüb – deməyindən arvad diksinsə də özünü ələ alıb: - Nə işin, a bala – soruşdu. Gülyanaq - Qədimi kasalarım var. - dedi. Xanbikə nənəmdən qalıb. Əlikramla Əliyusif qardaşa göstərsəydin, satardılar mənimçün. Heç olmasa puluna bir tay un eləyərdi. Qışı bir təhər yola verərdik. Sən allah, beş şirvandan əskiyə verməsinlər. – Aytikə püstənin ürəyi yerinə gəldi. – Gətirərsən, qızım, uşaqlara göstərrəm, - dedi.

 

Axşam Gülyanaq kasaları gətirib satdıq üçün Aytikə püstənin evinə qoyub getdi.

** *

Aytikə püstənin Zəroş arvadın həyətində adamları, maşını görüb qonaqlıq bildiyi yığnaq, sən demə, toya görəymiş. Zəroş Rusiyətdəki oğlanlarının birinə – Ələsgərə toy eləyirdi. Kənddəki yaşıdlarını, qardaşlarını özü ilə şirnikdirib Rusiyətə aparan Ələsgər bir həftəydi ki, kənddəydi.

 

Çoxdandı kənd toy görmürdü. Vətənin davalı günlərində Toğanağa şəhid şəhid dalınca gətirilirdi. Oğlu şəhid olan evlərdə məclis qurulur, yas saxlanılırdı. Bir hüzr yerinin ocağı soyumamış, o biri evə yas düşürdü. Beləcə toy eləmək, çalğı çaldırmaq heç kəsin yadına düşmürdü.

 

Toğanağın sütül oğlanlarının çoxunu müharibə aparmışsa, qalanlarını Rusiyət çəkib qoynuna yığmışdı. Toy xəbərini Novruzlulardan olan Zeynəb demişdi Aytikə püstəyə. Kəndin toy-düyünü yadına düşdüyündən arvadın ürəyi atdanmışdı.Görəsən, bu toy da o toylara oxşayacaqdımı.

 

Arvad əvvəlcə təəccübünü gizlətməyərək: - Zəroşun oğlanları Rusiyətdə döyülmü? – Soruşmuşdu.

 

– Rusiyətdə olanda nolar. O böyükdən kiçiyi var ey. Cüvəllağı. Ələsgəri deyirəm ey. Gördü ki, iş-güc yoxdu buralarda, yığdı tay-tuşlarını da, qardaşlarını da apardı getdiyi yerə. İndi Zəroş Qasımlılardan qız gözaltılayıb, istəyir Ələsgərin başını bağlasın. - Aytikə püstənin ürəyində bir ümid qığılcımı yandı. Öz-özünə: - «Zəroş ağıllı iş görür» fikirləşdi. – Heç olmasa həyətdə-bacada bir kişi xeylağından-zaddan görünər - Toy nə vaxtdı ki?

 

– Birisi gündü. Özünü gördüm. Obaşdan inəyi ötürürdüm.

Dedim, ay Zəroş, nə təhərsən? Oğlanlarından gəlib-gedəni var? Dedi Ələsgər burdadır, o birilər də gələsidirlər. Gördüm arvadın üzü gülür. Sabah yox, birisi gün hamısı burda olacaq, dedi, Rusiyətdəki tay-tuşları, dostları da gələcəklər. Şəhərdəki

qohumlarıma da xəbər eləmişəm. Kənddə də dəvətnamə paylayacam.

Aytikə püstə kəndin bütün dərd-sərini çiyinlərində gəzdirərdi. Ən mürəkkəb, müşkül işlərdə də arvadı qabağa verərdilər. Dedi-qoduyla arası yox idi. Düznəqulu idi. Yanında imkan verməzdi biri o birisinin arxasınca pisinə danışsın, qeybətini qırsın. O saatcasına danışanın ağzından vururdu: - Kiri, ay qız, - deyirdi. – Sözü böyütməyin, farağat oturun yerinizdə. Qulaq asanı bir tərəfə çəkib öyüd-nəsihət verməyindən də qalmazdı. – Qızım, - deyirdi, - o ki, filankəsin dalınca danışır,

bizim gözümüzdən salır, sabah da sən olmuyanda sənin qeybətini qıracaq. Elə adamdan uzaq yaxşıdır.

Toyda, məclisdə Aytikə püstənin uzaqdan gəldiyini görüb qabağına çıxardılar. Yeri də həmişə yuxarı başda olardı. Arvad yuxarı başda yerini rahatlasa da orda qərar tutmazdı, bir də görürdün bir az keçməmiş arvad əl-ayaq eləyənlərin arasındadır. Aytikə püstənin bu hörmət-izzəti nə ağır oturuşlu, ağır taxtalı əri Fətulla kişiyə, nə də pullu-paralı, evli-eşikli oğlanlarına görəydi. Qız vaxtından hörməti həyalığıyla, ürəyinin yuxalığıyla, hamıya əl tutmağıyla qazanmışdı. Elə bil böyükləri uşaqlıqdan «Əl tutmaq Əlidən qalıb» məsəlini beyninə yeritmişdilər.

 

Toy adını eşidən kənd əhlinin elə bil qırışıqları açılırdı. Zarafat deyildi, el adətincə toy olacaqdı. Toyu özünü televiziyada pul gücünə reklam eləyən xanəndələrdən biri aparacaqdı. Yemək-içməyi də qaydasınca. Zəroş arvadın həyətində ağaca bağlanmış erkək dana iki gün idi ki, döyükə-döyükə o yan, bu

yana baxır və dərk edə bilmirdi ki, onu niyə naxıra buraxmayıb, ev dustağı eləyiblər. Qonum-qonşu Zəroş arvada həsəd aparırdılar. Əli qazanclı oğlanlarından biri öz xoşuyla, öz ayaqlarıyla kəndə evlənməyə gəlmişdi. Belə oğuldan kim inciyər.

Toy günü xanəndə öz dəstəsiylə, yaraşıqlı maşını ilə kəndə

daxil oldu. Yeyib içib, rahatlanandan sonra içi xalça-palazla bəzənmiş mağara girdilər. Bir az keçmədi ki, mikrafon quruldu, qarmonun səsi sintezatra, sintezatrın səsi gitaraya qarışıb neçə il idi ölü sükutuna qərq olmuş kəndi başına götürdü.

Aytikə püstə özünü toyun qızğın vaxtında çatdırdı. Çalğıçılar canı dildən çalır və çaldıqca toyu qızışdırır, oynayanları, şabaş verənləri daha da həvəsləndirirdilər.

Aytikə püstə əvvəlcə evə keçib toy yiyələriylə görüşdü, Zəroş arvada gözaydınlığı verib qoltuğundakı xələti nəmərlərin üstünə qoydu. Gəlini bir-iki saat olar gətirmişdilər. İki gün öncə Zəroş arvad evinin bir gözünü boşaltmışdı ki, gəlinin cehizini yerləşdirsinlər. Qırmızı lentlə güzcüdən tutmuş servanta kimi bağlanmış bütün əşyalar təptəzəydi. Arvad çadrasının ətəyini əlinə yığıb gəlin olan otağa keçdi ki, qıza xeyir-dua versin. Gəlin tül paltarında, başında ağ tul örtükdə stulların birində oturmuşdu. Aytikə püstə gəlini, gəlinin gətirdiyi cehizi görməyə gələn qız-qadının yanından keçib müştəri gözüylə başdan-ayağa qızı nəzərdən keçirtdi. Gəlin gözləri yaşlı-yaşlı Aytikə püstənin – bu göyçək nənənin qırışmış üzünə, yumru sifətinə baxsa da fikri özündə deyildi. Gəlin ağlayırdı. Gözünün yaşı seyrəlsə də indi də ağlamağını içinə çəkmişdi. Qızın üzündəki ümidsiz kədər Aytikə püstənin gözündən yayınmadı, əyilib gəlinin o üzündən, bu üzündən öpüb xeyirdua verdi, gəlinə oğul-uşaq, subaylara da toy-düyün arzulayıb otaqdan çıxdı. Nədənsə gəlinin kədərli görünüşü arvadın xoşuna gəlmədi. «Qıza nolub elə ağlayır fikirləşdi. Əlbət evlərinin, dədəsinin, nənəsinin xiffətini eləyir Qızın üzünün solğunluğu, rənginin ağarması arvadın ürəyini göynətdi.Aytikə püstə fikirli olsa da çoxdan hal-əhval tutmadığı arvadlarla salamlaşıb, öpüşə-öpüşə mağara yaxınlaşdı. Mağarın qırağında ən yaxşı kətili Aytikə püstəyə saxlamışdılar. Mağarın dörd tərəfini arvad-uşaq, qarımış qızlar tutmuşdu. Kişilərin yeri içərdəydi. Mağardan kənarda həyətin ortasında – görünən yerdə Zəroş arvadın şəhərdən gələn qohumlarından dayanmışdı, yanlarında da iki sarıbaş rus qızı. Qızlardan birinin saçından tutmuş kipriyinə qədər sarı idi, yoğun baldırları da dizinə kimi açıq. Mağardakı kişilərin gözü tez-tez rus qızının baldırlarına dikilirdi. Kənd arvadlarının arasında isə bir xısınlaşma vardı, gəl görəsən. Aytikə püstə əvvəlcə başa düşmədi, söhbət nədən gedir. Yanında dayanmış Bənövşə arvad Aytikə püstənin qulağına sarı əyildi. – Az, - dedi, - Aytikə, bə xəbərdən xəbərin yoxdu nə?

Aytikə püstə döyükə-döyükə Bənövşə arvada baxdı.

 

– O sarıbaşları görmürsən nə? Rusiyətdən gəliblər da. Olardan biri, o üzü bəri dayanan var ha, baldırı yoğunu deyirəm ey, Ələsgərin – Bənövşə pıçıltıya keçdi. Öz aramızda qalsın, sən Allah, deyilənlərə görə arvaduşkasıdır, yox ey adamuşkası... Nə baxırsan, az, key-key üzümə, bacı, toyu olanı deyirəm ey.

 

Aytikə püstə arvada qulaq assa da və bəzi mətləblərdən agah olsa da, hələ də hadisənin əsl mahiyyətindən baş çıxara bilmirdi. Bir tərəfdən çalançıların çaldığı oyun havalarının mikrafondan yayılan gurultusu, o biri tərəfdən də oynayanların tap-tupları Bənövşə arvadın səsini batırırdı.

 

– Bilirəm ey, toy gədələrdən Ələsgərindi. Bə bu matışgələr burda neynir?

 

– O baldırı yoğun Ələsgərin dalınca gəlib. Ələsgər gələndə deyib gedirəm kəndə, qardaşımın toyudur. O da eləməyib tənbəllik bacılığını da vurub qoltuğuna qoşulub Ələsgərin dostlarına ki, mən də gedirəm Ələsgərgilə toya tamaşa eləməyə. Görüm müsəlmanların toyu nə təhər olur. – Bənövşə arvad qımışıb pıçıltıya keçdi.– Az, darıxırmış ey, Ələsgərçün. Dözməyib qaçıb gəlib arxasınca. Bə nə bilmişdin.

 

Aytikə püstə indi başa düşdü ki, iş nə yerdədi, ev yiyələrinin

üzlərindəki çaşqınlıq, gəlinin içində ağladığı, rənginin avazıdığı nədən ötrüdür. «Qıza əlbət, çatdırıblar bu sarıbaşlardan».

Bənövşə arvad çalanlar fasilə verəndə və xanəndə muğamata keçəndə sözünə başlayır və ağzını Aytikə püstənin qulağına yaxınlaşdırıb məlumatlarını üyüdüb tökürdü. – Az, hələ dalına qulaq as sən. Rusa yolda ağızlarından qaçırıblar ki, toy Ələsgərindi. Səhər-səhər, and olsun Allaha, Aytikə, bu həyətdə bir mərəkə vardı ki, gəl görəsən. Qız maşından düşən kimi bir qıy çəkdi ki... Əlindəki çamadanı bilmədik hara atdı. Toy yuxasını elə təzəcə başlamışdıq bişirməyə, baldırı yoğun «Alaskar» deyib düşmədi bu evlərin canına. İstədim keçən qabağına, qızın pişik saçlarından yolmalayam, deyəm, nə istəyirsən, az, xalxın oğlundan. Uşaq toyunu eləməyəcək nə. Zəroş kəsdi qabağımı. Nə yaxşı gəlin gətirilən vaxta düşmədi bunların gəlişi. Yoxsa Zəroş biabır olacaqdı, bacı, biabırdan biabır. Aytikə püstə fikrə getmişdi. Qeybət qırmaqla arası olmadığı üçün bir kəlmə onu soruşdu ki:

 

– Gəlinə bir söz-zad deməyiblər ki? Qızı gözü yaşlı gördüm ey. Ona görə soruşuram.

 

– Az, bizim arvadların ağzında söz qalar. İki daşın arasında çatdırıblar qıza. Gəlin yengəsinə deyirmiş ki, məni qaytar evimizə. Gələndən gözünün yaşını sel-su yerinə tökür.

 

– Can, can! - Aytikə püstə gəlini gözünün qabağına gətirib doluxsundu. Qara qaş, qara göz, göyçək qızdı. Uzun, qara kiprikləri ağlamaqdan islanıb bir-birinə yapışmışdı.

 

– Gərək gizlədəydilər gəlindən. Toy günündə bəd xəbər eşidib ağlamağın axırı yaxşı gətirmir.

 

– Ay bacı, ağlamayıb gülməyəcəkdi ki...

 

– Bə Zəroş nə deyir bu işdərə?

 

– Nə deyəcək... Deyir sarıbaşlara bir söz desəniz başınıza

oyun açaram. Deyir Rusiyətdə oğlanlarım malı bu sarıbaşlardan alıb satırlar. Deyir çörəyimizə bais olmayın, qoyun başımızı girləyək. Dolanışığımız, deyir, çox adamın gözünə girir. Gəlin uşaqdı. Ağlayıb, ağlayıb kiriyəcək. And olsun Allaha

elə yanımızda o baldırı yoğuna bir yaltaqlanırdı ki... Sənə, deyirdi, yalan deyiblər, Ələsgər net toy. Toy böyük qardaş.

Toy yerini təzəcə rahatlamış Aytikə püstənin gözündən düşdü. Bir tərəfdən gəlinin sonrakı taleyi, o biri tərəfdən də mağarın ətrafına yığışıb küskün-küskün oynayanlara baxan yaşı ötmüş qızların bədbin ovqatı arvadın əhval-ruhiyyəsini pozdu. Gözünə nə oxuyan xanəndə, nə çalançılar göründü. Ayağa qalxıb ayaqlarını sürüyə-sürüyə mağardan aralandı. Arvadların başı oynayanlara qarışdığından Aytikə püstənin getdiyini görmədilər.

 

Aytikə Zəroşu aşağı evdə tapdı. Zəroş arvad ərzaq yığılan evdən aşpazlara yağ aparırdı. Bənövşənin Ələsgərin «adamuşkası» dediyi baldırı yoğun görünmürdü. Rəfiqəsi isə Zəroşun şəhərli qonağından birisiylə şirin-şirin söhbətdəydi.

 

Zəroş Aytikə püstəni görüb qabağına yeridi, dil-ağız edəedə onu yemək verilən mağara aparmaq istədi. Aytikə püstə yeməkdən boyun qaçırıb dedi ki, aclığı yoxdu, ac olsa gedib yeyər, ancaq Zəroş arvada sözü var. Zəroş ayaq saxladı. Aytikə püstənin üzünün ifadəsindən hiss etdi ki, söhbət o sarıbaşlardan olacaq.

 

– Zəroş, qızım, - Aytikə püstə dedi – Mənnən cavansan, ona görə ərk eləyirəm. O matışkələrə denən çıxıb getsinlər. Gəlini bədbəxt eləmə. Yazıqdı. Bayaq fikir verdim, gözünün yaşı qurumurdu. Qasımlılardan da ayıbdı. Nə təhər olsa qəribdilər, yaddılar.

 

Zəroş arvad bu müşkül işi yerinə yetirə bilməyəcəyi üçün təqsiri yaxasından atmaq istədi, məlul-məlul boynunu əydi:

 

– Aytikə püstə, vallah mənlik döyül, - dedi. – Onlardan birinə bir söz desəm Ələsgər məni öldürər. İş işdən keçib ey… İndi gərək bir təhər yola verəm ki, nə şiş yansın, nə kabab. Uşaqların da alveri olarnandı. Day nə qayıraq. Çörək pulumuzun qənimi döyülük ha… Aytikə püstə üz-gözündən sevinc tökülən Zəroşnan danışmağın mənasız olduğunu görüb başını yellədi. Küçə qapısından adlayıb evinə sarı üz tutdu. Gülyanaq yenə də həmin yerində – həyət qapısının ağzında bitib qalmışdı. «Bu yazığın da canı ev-eşiyinə sığmır». Gülyanaq Aytikə püstəni görəndə elə bil dirçəldi, ondan xoş xəbər eşitmək ümidiylə arvadın üzünə baxdı. Ancaq utandığından sözü başqa səmtə yönəltdi:

 

– Ay püstə, nə əcəb bəy tərifinə qalmadın? – soruşdu.

 

Aytikə püstə halındakı dəyişikliyi hiss etdirmədən:

 

– Nə bilim, ay qızım, - dedi, - başım ağrıyırdı. Səs-küyü götürə bilmirəm. Gülyanağın üzündəki nigarançılıq çəkilməmişdi:

 

– «Kasaları soruşmaq istəyir, utanır. Allah ehtiyacın üzünü qara eləsin»

 

– Qızım, - dedi, - kasalardan ötrü nigaran qalma. Hələ ki, müştərisini tapmamışam. Arxayın ol. Satan kimi xəbər eləyərəm. Gülyanağın gözləri doldu:

 

– Ümidim, - dedi, - o kasalaradır, ay püstə.

 

Pul sarıdan ehtiyac, bir ildən çox idi səsi-sorağı çıxmayan ərindən nigarançılığ bu talesiz gəlini qurudub qurtarmışdı.

 

Evinə necə çatdığını, dikdiri necə qalxdığını özü də bilmədi. Arvad elə bil üşüyürdü. Üşütməyi soyuqdəymədən deyildi. Toyda gördükləri onu sarsıtmışdı. Təzə gəlinin içində ağlamağı, mağarın ətrafına yığılan otuz-otuz beşi haqlayan, qucaqları uşaq həsrətli qızların qəribə baxışları, darvazasının ağzında bitib qalan Gülyanağın soluxmuş üzü gözünün qabağından çəkilmirdi. Sarsılmışdı, Aytikə püstə, yaman sarsılmışdı. Özünü evinə çatdırdı, yerinin içinə girib qalın yorğanını üstünə saldı. Gecə toydan gələn Əlikramla Əliyusifi görəndə dikəlib yerinin içində oturdu. Rəfə düzdüyü kasaları göstərib dedi:

 

– Görün bu kasalara müştəri tapa bilərsinizmi, a bala. Yiyəsi puldan ötrü məəttəldi.

 

Oğlanları müştəri gözüylə kasaları yoxladılar. Bir an ikisi

ürəyində qablara qiymət qoydu. «Azı iki yüz dollar qiyməti

var Türkiyədə». Çiniliyini yoxlamaq üçün kasalardan birini əllərinə alıb çırtma da vurdular. Aytikə püstə yorğanı çənəsinin altına kimi qalxızıb intizarla onlardan cavab gözləyirdi. «Kaş beş şirvana götürəydilər. Bir tay unun puluna». Toyda içsə də Əlikramın beyni-başı yerindəydi. Handanhana dilləndi:

– Kasalar kimindi ki? – soruşdu.

 

– Gülyanağın. Firidunun arvadı Gülyanağın.

 

Əlikram:

 

– «Yüz ilin kasalarıdır. Qədimliyinə söz ola bilməz, üstündəki naxışlar da zərif işlənib» fikirləşdi və nədənsə Firidundan söz saldı. – Firidun da, nənə, əclaf çıxdı. Gül kimi arvad-uşağını atıb Tümendə veyillənir.

 

Arvad qulaqlarını şəklədi.

 

– Ay oğul, elə demə. Bəlkə başına iş gəlib. Gülyanaqdan gizlədirlər, - dedi.

 

– Kaş elə iş gələydi. Bazarda bizim uşaqlar görüblər, bir

xaxol arvadnan.

Aytikə püstənin üzü səyrildi.

 

– Deyirsən yəni day qayıtmaz evinə?

 

– Qayıtsaydı indiyə kimi qayıdardı da.

 

Arvad dili-dodağı əsə-əsə vaysındı.

 

– Bıy, evin yıxılmasın, Gülyanaq. Bə o yazıq neyləyəcək?! O

tifillərini nəylə dolandıracaq?

– Mən nə bilim, ay arvad, Xalxın dərdi-səri bizə qalıb?

Əliyusif özünə çay süzüb: - Nənə, - dedi,- kasalara dörd şirvan veririk. Qırx min. Az pul döyül ey… Ondan artığına alanolmayacaq. Yiyəsinə deyərsən ki, qiyməti elə heylədi. – Nədənsə Gülyanağın adını çəkmək istəmədi. Vaxtilə qıza vurulanlardan biri də o idi.

Aytikə püstə dörd şirvanı eşidən kimi səksəndi. Tələsik: - Yox, bala yiyəsi beşə deyib. Beş şirvana verirəm, deyib.

 

– Nənə, dörd dedim qurtardı. Elə eləyərsən heç almarıq ha. Nə çox kasa, dükan-bazarda əlindən tərpənmək olmur.

 

Aytikə püstə əlacsız-əlacsız gah böyük oğluna, gah da kiçiyinə baxırdı. Ürəyində: «Ay məndən olub mənə oxşamayanlar», fikirləşdi. – Bircə şirvanın haqq-hesabını eləyirsiniz».Məyuscasına böyük oğluna nəzər saldı. «Əki kiçikdən insaflıdır axı. Bəlkə onu yola gətirdim - A bala, bir tay unun qiyməti neçəyədi?

 

– Beşə verirlər. – Əliyusif qardaşını qabaqlayıb saymazyana dilləndi.

 

Arvad öz-özünə pıçıldadı: - Bə o bədbəxt bir tay unu nə təhər alacaq?

 

Qardaşlar analarının yorğan altında haldan-hala düşməsini hiss etmədən kasaların birini götürüb, o birini qoyur, ürəklərində özlərinə qalacaq xeyirin haqq-hesabını çəkirdilər. Əlikram gözünü kasalardan ayırıb anasının üzünə baxdı: - Nədi, nənə, olmaya unun qurtarıb? Qurtarıbsa denən alaq.

 

Arvad incik səslə dilləndi: - Hələ varımdı.

 

Oğlanları gedənə yaxın Aytikə püstə söz güləşdirməyin mənasız olduğunu bilərək onların dediyi qiymətlə razılaşdı. Bilirdi ki, ikisi də tərsdilər. Bir qəpiklərindən də keçən deyillər. Həm də qorxurdu ki, oğlanları kasaları almaq fikrindən daşınalar.

 

İkisi də cəld əllərini ciblərinə saldılar. Sağollaşıb gedəndə

istədilər analarını da özlərilə aparsınlar, arvad razı olmadı. Elə

bil ürəyi sınmışdı oğlanlarından.

– Srağa gün də üşüdürdüm, - dedi, - Keçib getdi. Mənən işiviz olmasın.

 

Gecəni Aytikə püstə pis yatdığından səhərəcən qarmaqarışıq yuxular onu əldən saldı. Səhər üşütməsi keçsə də əzgin idi. Qalxıb geyinəndə gözünə ilk sataşan Gülyanağa verəcəyi pul oldu. Elə bil gəlinin səsi qulaqlarında cingildədi. «Sən Allah, beşə ver, beş şirvandan əskiyə vermə».

 

O günü Aytikə püstə zəhləsi getdiyi xoruzun boğazını üzməsə də aparıb işıqçı Rzaya on minə satdı. Pulu gətirib kasaların pulunun üstünə qoydu.

 

Gülyanaq da uça-uça, sevinə-sevinə gəlib kasaların pulunu apardı.

 

O günü toyun mağarı sökülüb qurtarmamış Ələsgər sarıbaşlara qoşulub Rusiyətə getdi.

 

O günü təqaüdü beşcə günün çörək pulusuna da çatmayan şəhid anası Şirin arvad Zəroşgilə gəldi. Bir kilo qəndin və bir qarın çörəyin xətrinə qollarını çırmalayıb altı, böyürləri ocağın hisindən qaralmış qazanları yumağa başladı və yuya-yuya da Zəroş arvadın ağzını aramaq istədi: - Ay Zəroş, - dedi, - dilimağzım qurusun, birdən Ələsgər də getdiyi yerdən Firidun kimi, o biri gədələr kimi qayıtmaz ey geri.

 

Kefi kök Zəroş bic-bic gülümsəyərək Şirin arvadın cavabını verdi: - Nəyşə qayıtmaz, az – dedi. – Ağzı nədi qayıtmasın. Bu gecə gəlinin boynuna uşaq düşübsə, Allah qoysa,xəbər göndərərəm uşağı olanda gələr, yox, əyəm, uşağa qalmayıbsa arada deyərəm gəlib baş çəkər arvadına.

 

Şirin arvad Zəroşun bu nisyə cavabından bir şey anlamadısa da təzədən sual verməməyi lazım bildi. Qorxdu ki, Zəroş arvadı cin atına mindirə.

 

Və o günü Aytikə püstənin ürəyinin sancısı təzədən başladı. Bu sancı əvvəlki sancılara oxşamırdı. Arvad ağrıdan yerə necə çökdüsə qalxa bilmədi. Analarının halının xarablaşdığını eşidən Əlikramla Əliyusif özlərini kəndə çatdırdılar və halı getgedə pisləşən Aytikə püstəni qucaqlarında maşına qoyub qəsəbəyə apardılar.

 

Maşın kənddən çıxanda Aytikə püstə zorla da olsa gözlərini açdı və nagüman-nagüman kəndə sarı boylandı. Kim bilir bir də doğulduğu yurd yerinə qayıdacaqdımı? Nə fikirləşdisə üzünə təbəssüm qondu. Arxayınlaşdı. Özü öz ayaqlarıyla qayıtmasa da, gec-tez oğlanlarının çiynində dönəcəkdi kəndinə.üşübsə, Allah qoysa,xəbər göndərərəm uşağı olanda gələr, yox, əyəm, uşağa qalmayıbsa arada deyərəm gəlib baş çəkər arvadına.

 

Şirin arvad Zəroşun bu nisyə cavabından bir şey anlamadısa da təzədən sual verməməyi lazım bildi. Qorxdu ki, Zəroş arvadı cin atına mindirə.

 

Və o günü Aytikə püstənin ürəyinin sancısı təzədən başladı. Bu sancı əvvəlki sancılara oxşamırdı. Arvad ağrıdan yerə necə çökdüsə qalxa bilmədi. Analarının halının xarablaşdığını eşidən Əlikramla Əliyusif özlərini kəndə çatdırdılar və halı getgedə pisləşən Aytikə püstəni qucaqlarında maşına qoyub qəsəbəyə apardılar.

 

Maşın kənddən çıxanda Aytikə püstə zorla da olsa gözlərini açdı və nagüman-nagüman kəndə sarı boylandı. Kim bilir bir də doğulduğu yurd yerinə qayıdacaqdımı? Nə fikirləşdisə üzünə təbəssüm qondu. Arxayınlaşdı. Özü öz ayaqlarıyla qayıtmasa da, gec-tez oğlanlarının çiynində dönəcəkdi kəndinə.

 

Ədalət 2019.- 6 avqust.- S.6.