Rəşad Məcid: "Elə
bilirlər, milyonlarım var, halbuki mən məğlub
adamam"
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Oxu.Az-a müsahibə verib.
Adalet.az həmin
müsahibəni təqdim edir:
– Neynirsən ki, yenə müsahibə
edib, Kəramət? Yorulmadıq, eyni şeyləri
danışmaqdan?
– Rəşad
müəllim, sizdən üçüncü dəfədir
müsahibə alıram. Əvvəlki
müsahibələrdən bərk narazı
qalmışdınız. Ümid edirəm ki, bu dəfə
yaxşı olar...
– Hə,
özündən mənim əvəzimə sözlər,
suallar uydurmuşdun, demədiyim şeyləri
yazmışdın, ona görə narazı
qalmışdım. Onda cavan vaxtların idi,
dişlərinin hamısı yerində idi, indi klassiksən.
İndiki Kəramət Böyükçöl elə şeylər
eləməz!
– Mən
qarışıq bəzi cavanlara tez-tez deyirsiniz ki,
ağıllanmısan. Bəs özünüzdə bir dəyişiklik
hiss eləmirsinizmi? Artıq əvvəlki
emosiyanız yoxdur, xeyli sakitləşmisiniz.
– Yəni
demək istəyirsən, qocalmışam? Zaman
hamını müdrikləşdirir. Həmişə
demişəm, cavan olanda üsyankar olmalısan. Xüsusən, yaradıcı cavanlarda
üsyankarlığı qəbul edirəm. Amma üsyankarlıq bir müddət olar. Sonra onun arxasınca ciddi əziyyət, zəhmət,
əsər qoymasan, daima cığallıq, boş yerə
narazılıq eləsən, onda itib-batacaqsan və heç
bir uğur qazana bilməyəcəksən. Uğurun yolu canındakı o etiraz,
üsyankarlıqla bərabər, həm də öyrənməkdədir,
oxumaqdadır, çalışmaqdadır, yazmaqdadır.
Bu yaxınlarda yaradıcı gənclərin
planlarını oxuyurdum, ən çox xoşuma gələn
Cavid Zeynallının fikirləri oldu. Cavid deyir, mən
ağlayanları yaxına qoymuram, çünki
ağlamağa həmişə bəhanə var. Doğrudan
da, ən çıxılmaz vəziyyət olsa belə, sən
müxtəlif variantlardan istifadə edib özünü təsdiq
üçün çalışmalısan.
İstedadlı, yaradıcı və zəhmətkeş adam üçün elə ədəbiyyat sahəsində
də pul qazanmağın çoxlu yolları var.
– Məsələn, necə?
– Birinin
kitabını redaktə edərsən, birinin xatirələrini,
müxtəlif saytlara yazı yazarsan və s. Yəni öz
yazısı ilə pul qazanıb yaşamaq istəyən
adamlara şərait var. Azərbaycanda gəncliyin indiki kimi
imkanları heç vaxt olmayıb. Heç vaxt
olmayıb ki, hansısa gənc sarsaq bir şeir yazsın, onu
geniş auditoriyaya çatdırsın və hətta bəyənənlər
də tapılsın. Əvvəllər
şeiri neçə-neçə mərhələlərdən
keçəndən, neçə redaktədən, rəydən
sonra da çap etdirmək olmurdu. İndi
isə bir status, şeir yazırlar, o dəqiqə kimlərsə
layk edir, beləcə üzə çıxmaq asan olur. Amma yadda qalmaq və bu qədər imzaların
içində özünü təsdiq eləmək bir-iki
günün işi deyil, bunun üçün uzun zaman
lazımdır.
– Hərdən mənə elə gəlir
ki, siz öz həyatınızdan narazısınız. Məsələn,
arzularınız, iddialarınız başqa idi, onlara
çata bilməmisiniz. Doğrudanmı,
iddialarınız daha böyük idi?
– Bu
yaxınlarda məndən doğma bir adam qəfil
soruşdu ki, həyatından məmnunsan? Düzü,
karıxdım. Bilmədim, suala hansı
kontekstdə cavab verim. Bütün hallarda mən
özümü məğlub adam hesab edirəm.
Birincisi, ona görə ki, içimdə məğlubluq
kompleksi var. Mənim doğulduğum ev, kənd,
sevdiyim dağlar, meşələr, şəhərlər,
oxuduğum məktəb – bunlar hamısı işğal
altındadır. Mən özümü necə həyatından
razı adam kimi hiss edə bilərəm? Büruzə verməsəm də, içimdə bu
ağrıları çəkirəm. Bu mənada
Rəşad Məcid məğlubdur, həyatından məmnun
deyil.
–Həyatınızdan
narazılığınızın sırf şəxsi səbəbi
varmı? Tutaq ki, nazir, deputat olmaq istəyirdiniz, amma baş
redaktor, katib oldunuz...
– Sovet
vaxtı redaktor olmaq çətin idi, mənim də
uşaqlıqda arzum idi ki, redaktor olum, olmuşam. İstəmişəm Yazıçılar Birliyində
katib olum, olmuşam. Əlbəttə ki, atam imkanlı adam olub, özü də təkcə maddi mənada
yox, mənəvi cəhətdən də zəngin adam olub. Məndə də görməmişlik, hərislik
olmayıb, xəsis olmamışam, pula can atmamışam, həyatın
mənasını başqa şeylərdə
görmüşəm. Qıraqdan baxanlar mənim bəzən
ötkəm danışmağıma görə fikirləşirlər
ki, Rəşadın milyonları var. Mən
başqalarından fərqli olaraq adi, sadə şeylərdən
xoşbəxt və güclü ola bilirəm.
– Yəni, doğrudan, heç fikirləşmirsiniz
ki, mənim tay-tuşlarımın böyük vəzifəsi
var, ən azı, Milli Məclisin deputatıdır, obyektləri,
restoranları var, mən isə uşaq-muşağın əlində
qalmışam? Biri durub haqqımda onu yazır, biri bunu
yazır, saytlar zəng vurur, soruşurlar...
Düşünmürsünüz ki, bu nə
iş-gücdür, heç yaşıma-başıma
yaraşırmı?
–
Düzü, hansısa ovqatda elə pessimistliklər, məyusluqlar
olur, bəzən düşünürəm ki, səhv
yaşadım, gərək bu cür yox, başqa cür
yaşayaydım, istədiklərimi əldə etmək
üçün xarakterimdəki bəzi şeylərin
üstündən xətt çəkəydim və s. Amma
sonra fikirləşirəm ki, mən dəyişə bilmərəm,
riyakar ola bilmərəm. Xarakteri dəyişmək
mümkün deyil ki... Mən elə bu cürəm,
pulum, maddi imkanlarım çox olmasa da, rahat, sakit
yaşayıram. Hər halda sevənlərim,
qiymətləndirənlərim var.
"SEYİD
NƏSLİNDƏNƏM, BƏLKƏ BAĞIŞLAMAQ
XÜSUSİYYƏTİM GENDƏN GƏLİR”
– Qəribə
bir xüsusiyyətiniz də var. Adamları iqtidar-müxalifətə,
Yazıçılar Birliyinin dostuna-düşməninə
bölmür, mümkün qədər hamı ilə
münasibəti qoruyur, balansı saxlayırsınız. Bu da xarakterdir, yoxsa düşünülmüş
bir siyasətdir?
– Elə
bu da xarakterdir. Elə məqamlar olur, yola verirəm.
Məncə, mənim xarakterimin əsas keyfiyyəti
dəyərləri bilməyimdir. İstedadlı,
hətta kiçik bir işartı gördüyüm adamı
da heç vaxt sındırmaram, əzmərəm. Cavanlar arasında mənə qarşı ən sərt
olanı belə bağışlamağa həmişə
hazır olmuşam. Bəlkə, bunun da
kökləri genetikaya gedib çıxır. Seyid nəslindənəm, bəlkə məndə
bağışlamaq xüsusiyyəti gendən gəlir. Düzdür, hərdən hirsli, emosional oluram,
"asıb-kəsirəm”, amma bu, çox ani çəkir.
Ümumiyyətlə, hesab edirəm ki, mənim
düşmənim yoxdur və olmamalıdır. Niyə də olsun ki? Axı, bu
davalar nəyin uğrundadır?
– İşartı dediniz... Sizcə, işartı yazıb-pozan adamların elə
hamısında yoxdurmu?
– Xeyr,
hamısında yoxdur. Məsələn, kimdə
var?
– Məsələn,
birinin "Azərbaycan”, "Ulduz” jurnallarında şeiri
çıxır, baxırsan ki, işartı var. Nəsə
bir misra tapırsan da. Sizcə, işartı ilə
məsələ həll olunurmu? Yəni adicə bir
işartıya təqaüd, ev, pul verilməlidir?
– Söhbət
istedad işartısından gedir və mən o
işartını genişləndirib daha gur işığa
çevirməyə qadirəm, gənclərdə, lap elə
qocalarda da özünəgüvən yarada bilirəm. Bu
günlərdə Xəlil Adıgözəl mənə
kitabını verdi, şeirlərini oxudum,
bəyəndim, qüsurları ilə bir yerdə fikirlərimi
yazıb "525-ci qəzet”ə təqdim elədim. Dedim,
müsahibə də götürsünlər və bundan
sonrası, gələcəyi onun özündən
asılıdır. Bu mənada heç kim
deyə bilməz ki, mən istedadlı bir adama qarşı qəddar
olmuşam. Amma görəndə ki, bu adamın
nə istedadı, nə qanacağı var, böyük
iddiasının arxasında da heç bir keyfiyyət durmur,
artıq mən də aqressiv oluram. Səndən
fərqli olaraq, mən düşünmürəm ki, istedad
işığı hamıda var, olanları mən hiss edirəm.
"GƏNCLƏRİ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ ELƏMƏK
ÜÇÜN QONAQLIQ DA VERMİŞƏM”
– Məsələn,
işartı Elşad Baratda da var, İntiqam Yaşarda, Orxan
Saffaridə, Oğuz Ayvazda, Ulucay Akifdə də... Bu cür işartılarla ortalıq doludur. Yenə deyirəm, hərəsinin bir misrasını
oxuyursan, görürsən ki, nəsə var. Amma o nəsə
məsələni həll eləmir axı. Sizcə, bu işartıların hamısına
Yazıçılar Birliyi xüsusi diqqət, qayğı
göstərməlidir?
– Yazıçılar Birliyi gəncləri ədəbi
mühitə yaxınlaşdırır, onlar üzv olur, təqaüd
alırlar. Axırıncı qurultayda mən Məmməd
İsmayıldan incidim. Çıxışında dedi
ki, Yazıçılar Birliyinə pulla üzvlüyə
götürürlər. Hamı şahiddir ki,
Yazıçılar Birliyinin üzvü eləmək
üçün mən özüm istedadlı gəncləri
axtarmışam, tapmışam, hələ qonaqlıq da
vermişəm. Bunun
qarşılığında kimsə deyəndə ki, Rəşad
Məcidin təqaüddən umacağı var, fikirləşdim
ki, onu deyən ədalətsiz adamdır.
– Maraqlıdır, əlinin altına
neçə-neçə jurnal, qəzet olan Anar müəllim,
yenə əlində böyük bir qəzeti olan Rəşad
Məcid dünən meydana çıxmış bir gəncin
sosial şəbəkələrdə yazdığı
statuslara cavab vermək məcburiyyətində qalır. Vəziyyəti bu yerə nə gətirib
çıxardı?
– Vəziyyəti
bu yerə zaman, müasir texnologiyalar, feysbuk gətirdi. Məsələn, əvvəllər çayxanalarda
oturub qeybət edirdilər, indi o qeybətləri
açıq-aşkar yazırlar. Mən
mümkün dərəcədə cavab vermirəm. Amma elə məqam da olur ki, hirslənirəm, cavab
vermək məcburiyyətində qalıram. Tənqid eləməyə nə var ki? Mən özüm tənqid eləsəm, bunu məni
tənqid edən cavanlardan on qat yaxşı bacararam. Onların babat tənqid etməyə də
istedadları çatmır, ancaq söyüş yazırlar.
Onların yazdıqları da, tənqidləri də
primitivdir.
Sən bəzən elə statuslar yazırsan ki, onu
yazmağa mənim cəmiyyətdəki mövqeyim,
yaşadığım həyat, tutduğum vəzifə imkan
vermir. Sənin statuslarında çox uğurlu məqamlar,
detallar olur. Dəqiq tutursan, bilirəm.
Sənə münasibətimin dəyişməyi
də yazılarına, hekayələrinə, istedadına
görə oldu. Sadəcə, heyifim gəlir
ki, sən öz istedadını - hansı ki, o istedadı o
vaxt səndə axtarırdım, tapmırdım, amma sonra
gördüm - daha yaxşı istiqamətə yönəltmirsən.
Mənə elə gəlir ki, son illərdə
səndə müsbətə doğru proseslər gedir və
elə bilirəm, uğurlar qazanacaqsan. Dəfələrlə
olub, çox fərqli adamlar görmüşəm ki, sənin
sarkazmlı statuslarına ürəkdən müsbət
münasibət bəsləyiblər. Nəyə
görə? Çünki özləri həmin
fikirləri içlərində, yeddi qat gizlində
düşünüblər. Onlar həm təəccüblənirlər,
həm də bunu necə də dəqiq yazdığından
zövq alırlar. Ona görə gizlində səni
çağırıb qonaqlıq verirlər, pul göndərirlər...
(gülür)
"SAXTAKARLIQ,
RİYAKARLIQ MƏNİ QICIQLANDIRIR”
– Rəşad
müəllim, bayaq dediniz ki, seyid nəslindənəm. Amma cəmiyyətdə seyiddən çox
yeyib-içən oğlan imiciniz var.
– Hərdən
deyirəm ki, mənim nəslim islam dini
qarşısında öz borcunu onsuz da 1400 il yerinə yetirib,
bir nəsil pozsa da olar. Mən yeyib-içməyə,
əslində, ünsiyyət kimi baxıram. 15-20 il qabaq elə məqam olurdu ki, gün ərzində
bir neçə dəfə tam fərqli insanlarla oturub-dururdum.
Tutaq ki, Azərbaycanın rəsmi titulları
olan yazıçılarla bir, Aqşinlə, Seymurla bir, orta nəsillə
ayrı otururdum. Çünki bu
adamların çoxunun bir-biri ilə münasibəti yox idi.
Son vaxtlar kənar adamlarla oturmaqdan çəkinirəm.
Çünki darıxdırıcıdırlar.
Hərdən qonaqlıqlar o qədər
sıxıntılı olur ki, mənə elə gəlir,
deyiləcək bütün tostları, kimin nə deyəcəyini
- hamısını əzbər bilirəm. Saxtakarlıq, riyakarlıq məni
qıcıqlandırır. Çox istəyirəm
ki, daha saf, daha səmimi adamlarla oturum.
–
Keçən dəfə riyakarlıqla bağlı status
yazmışdınız. Kim incitmişdi sizi?
– Bəzi
cavanlardan özümə, Anar müəllimə,
Yazıçılar Birliyinin digər üzvlərinə
qarşı riyakarlıq görürəm. Axırıncı
dəfə Elşad Barata da dedim, adam öz
uşaqlarının şəklini xəstə adı ilə
paylaşıb ondan-bundan pul alıb, sonra o pulla
dostlarını araq içməyə
çağırırsa, yaxud adam bu tərəfdə deyirsə
ki, Anar müəllim mənim bütümdür,
Allahımdır, o tərəfdə əleyhinə
danışır, müsahibələr götürürsə,
bu cür riyakarlığı mən heç cür qəbul
edə bilmirəm.
"SEYMUR
BAYCAN, AQŞİNLƏ DAVA ELƏYƏN ADAM İDİM,
İNDİ İSTEDADSIZ UŞAQ-MUŞAĞIN ƏLİNƏ
DÜŞMÜŞƏM”
– Vaxt var
idi ki, Seymur Baycan, Aqşin, Əli Əkbər kimi istedadlı
adamlarla döyüşürdünüz, indi hamısı
aradan çıxıb, sakitləşiblər, sizin təbirinizcə
desək, havaları alınıb. İndi Emin
Piri, Elşad Baratla vuruşursunuz. Sizcə, səviyyəni
bu qədər kim, nə
cılızlaşdırdı?
– Mənim
günümə bax da – Günel Mövlüd, Seymur Baycan,
Aqşinlə dava eləyən adam gəlib
istedadsız uşaq-muşağın əlinə
düşüb. Əlbəttə ki, səviyyə
çox aşağı enib. Onların
dili də vardı, dilçəyi də.
Günel Azərbaycan dilində ən yaxşı
yazanlardan biri idi, Markesin "Yüz ilin tənhalığı”nı
çevirib.
O, indi Norveçdədir, uğur qazanır və daha da
çox qazanacaq. Əli Əkbərə
böyük ümidim var idi. İndi İsveçrədədir,
ola bilər, orada da uğur qazanacaq. Bir Seymurdan nigaranam ki, onun o saqqalı uğur
qazanmağa imkan vermir. Əgər Seymur saqqalını
qırxıb evlənsə - hələ ki gec deyil - uğur
qazana bilər...
Sevinirəm ki, Xəlil Adıgözəl Kürdəmirin
kəndində müəllim işləyir. Emin, sən də evlən,
get o kəndə, yoldaşın da, sən də müəllim
işləyin, 2-3 ildən sonra görəcəksən ki, həyatında
qapılar açılacaq. Ancaq narazılıq,
ancaq söyüşlə heç nə qazanmaq mümkün
deyil. Başını aşağı salıb işləyən
adamlar var... Bu məqamda yaxınlarda rəhmətə
gedən dostumuz İkinci Mahmudu yada salıram. Onun ölümü mənə ağır təsir
elədi, iki gün stresdən çıxa bilmədim. Mahmudun hekayələrini çox bəyənirdim, su
kimi axar dili var idi, gözəl ədəbiyyatçı idi,
Yazıçılar Birliyinin üzvü idi, təqaüd də
almışdı. Amma özünü
reklam etmirdi, çox şeylərə
qarışmırdı, ən əsas da o xüsusiyyətin
qiymətləndirirdim ki, bir işi vardı, işləyirdi.
Son vaxtlar az-az görünürdü, nə problemlər
baş verdi, bilmədim. Hər
halda fikirləşirdim ki, o, Azərbaycan ədəbiyyatına
gözəl töhfələr verən bir yazıçı
olacaq. Çox heyif...
Ölümündən 10-15 gün qabaq Mahmud, Şəhriyar,
sən oturmuşdunuz, feysbukda şəkil
paylaşmışdın, gec gördüm. İçimdən
böyük bir paxıllıq hissi keçdi. Həmin axşam da boş idim. Elə
istəyərdim, sən həmin an mənə xəbər edəydin,
sizinlə oturaydım. Çox təəssüf
eləyirəm.
– Rəşad müəllim,
İntiqam Qasımzadə ilə aralarında olan problemə
görə Əsəd Cahangir "Azərbaycan”
jurnalındakı işindən
çıxarılmışdı, ya da yeri dəyişdirilmişdi,
dəqiq bilmirəm. Onda Əsəd Anar müəllimə
möhkəm əsəbiləşmişdi, deyirdi, mən ona
görə Aqşin Yenisey kimi böyük bir istedadla
üz-üzə qaldım, Anara qarşı çıxıb
deyə onun kölgəsinə döşədim. Məncə, Anar müəllimə görə sizin
də üzünüzə çox sözlər gəlib.
Çünki siz Yazıçılar Birliyindəsiniz, Anar
müəllimin yanında olan adamsınız və istər-istəməz
haqq-nahaq müdafiə mövqeyində dayanırsınız.
Belə bir peşmanlıq hissi sizdə də olubmu və
yaxud, ola bilərmi?
– Xeyr,
indiyə qədər olmayıb. Uşaqlıqdan
bəri Anarı bir yazıçı kimi çox sevmişəm
və mənim dünyagörüşümün, ədəbi
zövqümün formalaşmasında Anarın təkcə bədii
əsərləri yox, məqalələri, filmləri –
bütün yaradıcılığı böyük rol
oynayıb. Oğlumun toyunda dedim ki – atam da orada idi – mənim
mənəvi valideynlərim,
dünyagörüşümü formalaşdıran Anar,
Elçindir. Düzdür, hərdən mənə
deyirlər ki, Yazıçılar Birliyinə, Anara gələn
bütün zərbələri öz üzərinə
götürürsən. Amma heç vaxt
bundan peşmançılıq hissi keçirməmişəm.
Hesab edirəm ki, Anarın yazılarının,
əsərlərinin Azərbaycan xalqının milli
düşüncəsinin formalaşmasında danılmaz rolu
var. Anar Azərbaycan ədəbiyyatının simvoludur və
mənim sevdiyim yazıçıdır, dəyişilməz
dəyərdir.
– Heç ondan inciməmisinizmi?
– Müəyyən
məqamlarda incimişəm. Fikirləşmişəm
ki, Anar müəllim bəlkə, bunu elə yox, belə eləsə
daha yaxşı olardı. Amma zaman göstərib
ki, Anar müəllim düz edib. Mən onun özünə
də deyirəm ki, bu 15 ildə sizdən çox şey
öyrənmişəm...
– Məsələn, nə?
– O, hadisələrə
bir tərəfdən emosional reaksiya verirsə də, o biri tərəfdən
hədsiz səbir, təmkin göstərir. Anar müəllimin
insanların dəyərini bilmək, dosta sadiqlik,
etirbarlılıq kimi çox böyük keyfiyyətləri
var. O, Ramiz Rövşənin də, Vahid Əzizin də, Musa
Yaqubun da, Çingiz Əlioğlunun da yerini, dəyərini
yaxşı bilir, ədəbiyyatı sevir. Yaxud
hansı gənc, cavan yazarda işartı görürsə,
qiymətləndirir. Bu mənada Anar müəllim
həm də çox ədalətli adamdır.
– Ədəbiyyat adamlarının bir-birindən fərqini
bilmək ciddi məsələdir. Amma fərqi bilib ona
uyğun davranmaq məncə, daha ciddi məsələdir.
Məsələn, mən Yazıçılar Birliyinin
üzvü deyiləm, amma bilirəm ki...
– Gəl ərizəni
ver, səni Yazıçılar Birliyinə qaytaraq. Son zamanlar sənin yazıların, fikirlərin,
mövqeyin Anar müəllimin də xoşuna gəlib.
– Axı,
özünüz çıxarmışdınız...
– Yazıçılar Birliyinin Katibliyi
çıxarmışdı, mən də razılıq
vermişdim. Amma indi istəyərəm ki, sən
Yazıçılar Birliyinə qayıdasan.
– Rəşad
müəllim, açıqlamalarınızda adamları
içdiyinə görə vurursunuz. Salam Sarvan içib
yazır, içib danışır və s. Hamı, elə
siz özünüz də içirsiniz də...
– Mən
içib həmişə özümü idarə eləmişəm.
İçib insanların psixologiyasına pis təsir
eləmirəm, onları ziyanlı yollara yönəltmirəm.
Məsələn, mən Mövlud kimi 15 yaşından Murad
Köhnəqalanın, Şərif Ağayarın əsərlərini
oxuyan, onlara heyranlıqla baxan adamın psixologiyasına təsir
edib ona daim mənfi enerji yükləyənlərə dərin
etirazımı, üsyanımı bildirirəm. Mənə uşaqlar dedilər ki, Mövlud intihar eləməmişdən
üç gün qabaq özündən 20-30 yaş
böyük bir neçə dostu – "vodka” yoldaşı ilə
içib intiharın ən rahatı hansıdır
mövzusunda müzakirə edirmiş. Psixologiyası
zəif olan, stress keçirmiş cavan yazıçı ilə
bu cür mövzularda danışmaq
bağışlanmazdır.
"ANARLA,
YAZIÇILAR BİRLİYİ İLƏ
MÜBARİZƏNİ KİŞİ KİMİ APARMAQ
LAZIMDIR”
– Bəs Salam Sarvanı niyə
içki ilə vurursunuz?
– "Ulduz” jurnalı təşəbbüs göstərib
AYB-dən 10 gənc yazarın kitabını çap etməyə
vəsait alıb. Bu gənclərdən biri də Orxan Həsəni
idi. Salam da gedib Orxanın beynini yeyib ki, sənin
kitabın dəftərə oxşayır. Orxan da deyib ki, bilmirəm, bu kitabı
yandırım, neyləyim? Gənc bir
adamın psixologiyası pozulmuşdu. Sovet
vaxtında həmin kitabın dörddə biri boyda ilk kitab
çıxırdı. Mən gənclərin
psixologiyasını pozan bu cür adamlara üsyanımı
bildirirəm. Hesab edirəm ki, Anarla,
Yazıçılar Birliyi ilə mübarizə aparırsansa,
kişi kimi aparmaq lazımdır.
– Siz sadəcə, təxmin edirsiniz
ki, Orxanı Salam Sarvan yoldan çıxarır, yoxsa əlinizdə
konkret fakt var?
– Nə
danışırsan?! Orxan Həsəni mənə
yazdığı mesajlarında açıq deyir ki, bunu Salam
elədi. Mən öyrəncəliyəm,
nə var, haqqımda gündə min söz deyirlər, amma
Qulu Ağsəs həssas adamdır, Orxan kitabdan imtina eləyəndə
iki gün depressiyaya düşmüşdü.
– Tək
Salam deyil axı, Şəhriyar Del Gerani də Anar müəllim
haqqında yazanda demişdiniz ki, içkinin təsiri
altındadır...
– Şəhriyarın da fikirləri ayıq başın,
soyuq düşüncənin məhsulu deyildi. Anara
"şeiri bilmir” demək heç bir normal məntiqə
sığmır. Türkiyədə bir dəfə
məclisdə oturmuşduq, Nizami Cəfərov da orda idi.
Şəhriyardan çox narazı qaldım.
Şəhriyar bəzən məclisin
estetikasını korlayır. Qoymur insanlar fikrini desin,
başqaları da danışsın. Öz
istedadı ilə qürrələnir, başqalarını əzir.
Sən məclisdə içib başqalarını
aşağılayaraq öz imperiyanı yaratmağa
başlayırsansa, sabah başqa şeylər
də eləyərsən. Şəhriyara, əlbəttə,
arzulayıram ki, daha böyük uğurlar qazansın. Onun şeirlərini bəyənirəm, gələcəyinə
inanıram.
"ARAQ
ADAMA HEÇ VAXT NAMƏRDLİK ELƏMİR, MƏRD
İÇKİDİR”
– Yəqin, özünüz də
içib nəsə yazıb, sonra peşman olub silmisiniz... Yoxsa olmayıb?
– Adətən
yazmıram, amma bir neçə dəfə olub. Bayaq da dedim, məndə hirs olur, amma o hirs anidir. Elə bu müsahibədə nəyəsə hirslənə
bilərəm. Amma hirsim qısa müddətdən
sonra keçir və kin saxlamıram. Bunu məndə
içki eləmir, hirs eləyir. Son 25 ildə
1-2 dəfə olub ki, elə keflənmişəm.
Mən həmişə deyirəm ki, araq çox mərd
içkidir. Mərd düşməndir. Dünyanın
ən yaxşı içkisidir. Araq adama
heç vaxt namərdlik eləmir. Arağın
bütün xarakterlərini, harda mənə neyləyəcəyini
bilirəm. Ən riyakar içki şərabdır,
şampandır, pivədir. Bunlar sənlə
xoş danışdığı yerdə birdən arxadan zərbə
vurur. Amma araq sənlə qabaq-qabağa
oturur, haracan da deyirsən, gedir. Pislik edəndə
də deyir, bu rumkadan sonra səni belə eləyəcəm.
Amma o birilər demir. Buna görə də mən,
əsasən, araq içirəm.
– Rəşad
müəllim, bəziləri Əfv Komissiyasına gəlirli
yer kimi baxırlar... Guya komissiyanın üzvləri
adamları əfv siyahısına saldırırlar...
– Sənə
deyim, bu, bir çox hallarda illüziyadır. Əvvəla,
Əfv Komissiyasının üzvü heç kimi ordan
buraxdıra bilmir. Çünki orada uzun bir proses gedir. Səsvermə və müzakirələr o qədər
demokratikdir ki, sənin ən yaxınını belə
ümumi rəy olmadan əfv etdirmən mümkünsüz bir
şeydir.
Mən
komissiyanın iclasında çıxış etmişdim və
sonra da yazmışdım ki, qız qaçırmağı adam oğurluğu kimi təfsir etmək
düzgün deyil. Kənddə qız qaçırana kömək
eləyən uşağa 8 il iş vermək
ədalətsizlikdir. Və sonra qız
bağışlayıbsa, bunları azad etmək
lazımdır. Keçən il bu
çıxışımdan sonra 30-dan çox qız
qaçıranı şəxsi bağışladılar. Sən demə, Ağcabədinin mənim bibimgil
yaşayan kəndində bir oğlanı qız
qaçırmaq üstündə tutubmuşlar, bir də
gördüm, oradan mənə bir toyuq, 20-30 da kənd
yumurtası gəlib. Sonra anladım ki,
çıxışımı, yazımı oxuyublarmış(gülür).
18 yaşında uşaq "Koroğlu” dastanını
oxuyur, görür milli qəhrəmanımız qız
qaçırır. Bunun da beyninə qan vurur, fikirləşir
ki, milli qəhrəman da qız qaçırıbsa, mən
niyə qaçırmayım? Ümumdünya
Səhiyyə Təşkilatı sevgini psixi xəstəliklər
siyahısına salıb. 18-20
yaşında uşaq qız qaçırıbsa, demək,
burda sevgi amili də var. Heç olmasa, bunu da nəzərə
alın ki, bunun psixikası yerində deyil, bu bədbəxt
sevir də, xəstədir.
– Sevgidən söz
düşmüşkən, bir az da
qadınlardan danışaq. Qadınla ovunmaq
olurmu?
–
Ümumiyyətlə, insanın tutquları olmalıdır. Tutqu olmasa, yaşamaq çətindir. Tutqular
çoxdur: siyasət, pul qazanmaq, din... Yaxud, alkoqol, narkotik,
qumar, qadın... Qadın deyəndə sevgini nəzərdə
tuturam. Mən o tipli adamlardanam ki, sevginin
gücünə inanıram və beynimi bir yerə yönləndirib
sevgi ilə yaşamağa çalışıram. Həmişə çalışmışam ki, həyatımda
sevgi olsun, fədakarlıq edim, bəxş edim, sevindirim.
Bu həm də yaradıcılığa təsir
edir. Sevgi bir adamı kainata bərabər
edir, insanı çoxlu mənasız informasiya
axınının içərisində nəfəsi kəsilmiş
at kimi qaçmaqdan, yorulmaqdan qurtarır. Beynini
bir nöqtəyə cəmləşdirir. Sənin hardasa bir gizli dünyan olur, o dünya, o
mikromühitdə yaşayırsan.
– Yəqin,
sizin də gizli dünyanızda heç kimə
danışmaq istəmədiyiniz bir qadın var...
– Əlbəttə, həyatımda elə qadınlar olub. "Bir də gəlməyəcək” kitabının müzakirəsində dedim ki, bu kitab konkret qadınlara yazılıb. Bir qız durub sual verdi ki, o qadınlar hardadır? Dedim, ikisi Bakıdadır, biri Londonda. Güldülər. Amma mən çox vaxt həqiqəti elə zarafatda deyirəm.
Ümumiyyətlə, insanlara güc vermək, özgüvən yaratmaq məndə peşəyə çevrilib. Heç münasibətim olmasa da, elə bil, məndən gözləyirlər ki, onlara diqqət göstərim, onların yazdıqlarını tərifləyim, qol-qanad verim. Deyəsən, mən bu işdə ustayam. Mənim verdiyim qol-qanad onların gücünü birə-on artırır.
– Hətta qudurdur da...
– Bunu Qulu Ağsəs deyib ki, Rəşad Məcid
gəncləri yetişdirmir, qudurdur. Bəlkə də, elə
qudurmalısan ki, qanadlanasan, uçasan, göyə qalxasan, o səviyyəyə
çıxasan. Mən bir adama inananda, etibar edəndə sonacan
inanıram, sonacan etibar edirəm. Fikirləşmirəm
ki, bu mənə namərdlik edəcək, ya yox. Edəcəksə, uduzuram. Məsələn, mən
Yusif Rzayevlə 30 ildir bir yerdə işləyirəm, ona
inanıram, fikirləşirəm ki, əgər Yusif mənə
xəyanət edirsə, edəcəksə, deməli, mən məğlub
olacam.
"RƏŞAD
MƏCİD LENİN BAĞINDA "QUMAR OYNAYAN” YERDƏ
YAXALANMIŞDI”
– Müəllim, bayaq qumar adı da
çəkdiniz. Heç oynayırsınız?
– Yox. Amma xatırlayıram, 7-ci sinifdə oxuyurdum,
çörək növbəsini gözləyəndə
kibrit qutusunun üstünün şəkilləri ilə
başımızı qatmaq üçün oyun
oynayırdıq. Raykomun qonaq evinin yanı
idi. Kimsə milisə zəng edib, elə
bilib qumar oynayıram. Milis gəlib bizi
tutmuşdu. Məktəbə yazıb
göndərmişdilər ki, Rəşad Məcidov Lenin
bağında qumar oynayan yerdə polis leytenantı tərəfindən
yaxalanmışdır. Hamı da məəttəl
qalmışdı ki, axı Rəşad qumar oynamaz!
Amma bir neçə dəfə kazinoda olmuşam. Müşahidə
etmişəm ki, adamları ora çəkən nədir?
Məncə, həm də unutmaq istəyidir.
Kazinoda beynin bütün hüceyrələri
bir yerə yönəlir, bir nöqtəyə istiqamətlənir
və hər şeyi unudursan. Unutmaq isə hərdən
insana çox lazım olur! Yaşaya bilmək
üçün...
Kəramət
Böyükçöl
Ədalət 2019.- 2-3 avqust.- S.8-9.