Ramiz Mehdiyev: “Ermənistan
fürsəti əldən verərək sülhü uduzub”
Akademik
Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi: problemin mənbələri və
nizamlanma perspektivləri” kitabı çapdan
çıxıb.
Azərbaycanın müstəqillik illərində
yürütdüyü tarazlaşdırılmış xarici
siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə
istifadə edilməsi, sosialyönümlü daxili siyasət
onu haqlı olaraq bütün dünyada hörmət
qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan
dövlətinin xarici siyasətinin ən mühüm prioriteti
olan, keçmiş Sovet İttifaqından miras qalmış
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
hələ də özünün qəti və ədalətli
həllini gözləyir.
Bu fikirlər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində
yenicə çapdan çıxmış "Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri
və nizamlanma perspektivləri” kitabında yer alıb.
Mötəbər
tarixi mənbələrə əsaslanan dəyərli nəşr
Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin köklərinə
nüfuz edərək hadisənin nədən
başladığını ən mötəbər mənbələr
əsasında, sistemli şəkildə və mərhələlər
üzrə təhlil edir. Alimin fikrincə, bu
münaqişənin mahiyyətini, səbəblərini və
indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə,
Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi
Qafqazda köçürmə siyasəti kontekstində
araşdırmaq lazımdır.
Əsərdə
I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı
sahillərin Rusiyaya birləşdirilməsi, XIX əsrdə
rus-İran müharibələri, Türkmənçay
müqaviləsi və ermənilərin əzəli Azərbaycan
torpaqlarına – keçmiş Qarabağ, Naxçıvan və
İrəvan xanlıqları ərazisinə
köçürülməsinin birinci dalğası, habelə
Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol
sülh müqaviləsindən sonra ermənilərin
köçürülməsinin ikinci dalğası məntiqi
ardıcıllıqla diqqətə çatdırılır.
Bütün bunları müəllif hadisələrin
cərəyan etdiyi dövrün mənbələri, o cümlədən
Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun
"Ermənilərin İrandan bizim vilayətlərə
köçürülməsi haqqında” (1828) qeydləri,
Sergey Qlinkanın "Azərbaycan ermənilərinin Rusiya
hüdudlarına köçürülməsinin təsviri və
Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi”
(1831), Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (1878) və
digər mənbələr əsasında təqdim edir.
Məsələn, kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci
ilə aid qeydlərindən aydın olur ki, hələ o zaman
Zaqafqaziyada 1 milyon 300 min ermənidən 1 milyondan çoxu
yerli əhali deyil, Rusiya tərəfindən
köçürülənlər olub. Bu və
digər mənbələr regionda ermənilərin yerli
müsəlman əhaliyə faiz nisbətinin süni şəkildə
dəyişdirildiyini təsdiqləyir. Akademik təkzibedilməz
faktları ümumiləşdirərək yazır:
"Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri
Rusiya imperiyasının müstəmləkəçilik
maraqları ilə üst-üstə düşürdü:
Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi
Qafqaza köçürülməsinə və gələcəkdə
orada Türkiyə və İranla həmsərhəd olan
ayrıca erməni vilayəti yaradılmasına kömək
edir və öz növbəsində, ermənilərin üzərinə
bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri,
yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.
Çar
Rusiyasının ermənipərəst siyasətinin sovet
Rusiyası tərəfindən də davam etdirildiyini əsaslandıran
akademik Dağlıq Qarabağ Muxtar Vilayətinin süni şəkildə
yaradılmasını, habelə Zəngəzur, Göyçə
və Azərbaycanın digər əzəli torpaqlarının
Ermənistanın tərkibinə qatılmasını,
Naxçıvanın anklava çevrilməsini buna misal olaraq
göstərir. Müəllif, həmçinin sovet dövlətinin
Türkiyə ilə bağlı təşvişindən
qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst
dairələrin məqsədyönlü fəaliyyətini
diqqətə çatdırır: "Gizli deyil ki, erməni
şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə
və Azərbaycana açıq iddialar irəli sürür,
Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və
Zəngəzurun vaxtilə "dənizdən-dənizə
uzanan böyük Ermənistan”ın vilayətləri
olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə
ermənilər Zəngəzur ərazisini özlərinə
birləşdirmək və Qarabağ erməniləri
üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə
Dağlıq Qarabağın Azərbaycandan
qoparılmasının təməlini qoymaq imkanı əldə
etdilər”.
Akademik Ramiz Mehdiyevin vurğuladığı məqamlardan
biri də ermənilərin köçürüldükləri
ərazidə etnik tərkibin dəyişdirilməsinə
yönəldilən siyasətdir. Kitaba azərbaycanlıların
1948-1953-cü illərdə Ermənistan SSR-dən kütləvi
deportasiyası, 1946-1949-cu illərdə Ermənistan ərazisinə
ermənilərin köçürülməsinə dair
faktlar daxil edilib. Görkəmli alim bu qənaətə
gəlir ki, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən
iki əsr ərzində həyata keçirilmiş
köçürmə siyasəti regionun demoqrafik mənzərəsini
əhəmiyyətli dərəcədə dəyişib.
1988-1993-cü illərdə azərbaycanlıların
Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın
işğal edilmiş yeddi rayonundan qovulması bu prosesin son
akkordu olub. Beləliklə, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə,
etnik azərbaycanlılara qarşı həyata keçirilən
deportasiya, zor gücünə qovma və soyqırımı
siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi
kimi baxmaq lazımdır.
Müəllif
ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə
toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən
biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması
nəticəsində Ermənistanın ultramillətçi
dairələri, onların Kremldəki və xarici ölkələrdəki
havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar
Vilayətinin Azərbaycanın tərkibindən
çıxarılması və onun Ermənistana birləşdirilməsi
üçün əlverişli siyasi zəmin
yaradıldı. Mixail Qorbaçov başqa
olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyinin millətçilərin
separatçılıq səylərinə himayədarlıq
yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi
və 1988-ci ilin fevralında Sumqayıt şəhərində
törədilmiş təxribata məhz bu kontekstdə
yanaşmaq lazımdır.
Akademik Dağlıq Qarabağda faciəli hadisələrin
başlanğıcında Azərbaycanın ovaxtkı kommunist
rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin
mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-peşəkarlığının
da Azərbaycan ərazilərinin işğalına şərait
yaratdığını təəssüflə qeyd edir.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ problemi dövlətlərarası
münaqişə kontekstində
Münaqişənin
sonradan SSRİ-ni dağılmasında katalizatorlardan birinə
çevrildiyi fikri ilə razılaşan müəllif
problemi, həmçinin dövlətlərarası
münaqişə kontekstində araşdıraraq yazır:
"Bu münaqişə beynəlxalq problemə, regional və
dünya miqyaslı müxtəlif aktorların və
onların mənafelərinin toqquşduğu nöqtəyə
çevrilməklə bərabər, həm də
qarşıdurma vəziyyətindəki tərəflərə
təsir və təzyiq mexanizmi oldu”.
Kitabda problemin nizamlanmasının hüquqi əsası
olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq
sənədlər nəzərdən keçirilir. Məsələn,
SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri
(digər müttəfiq respublikaların sərhədləri
kimi) dünya birliyi tərəfindən "uti possidetis juris”
prinsipi əsasında, yəni, müstəqillik əldə
edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər
çərçivəsində tanındı. Bu
müddəa Müstəqil Dövlətlər Birliyinin
yaradılması haqqında 1991-ci il 8
dekabr tarixli Sazişdə də öz əksini tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan
da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən
Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib.
Müəllif buna misal olaraq bir sıra beynəlxalq
təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən
qərar və qətnamələrini xatırladır.
Bununla yanaşı, əsərdə Ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın
yürütdüyü uğurlu xarici siyasət, o cümlədən
Budapeşt, Lissabon samitlərində münaqişənin həlli
istiqamətində irəliləyişlər də diqqətə
çatdırılır. Eyni zamanda, Qərb
dövlətlərinin ikili standartları problemin həllinə
mane olan amillərdən biri kimi göstərilir və konkret
faktlarla əsaslandırılır.
Ermənistan
fürsəti əldən verərək sülhü uduzub
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nizamlanma perspektivləri barədə
fikir yürüdən müəllif problemin həll edilməməsinin
Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq
prezident Levon Ter-Petrosyanın "Müharibə, yoxsa sülh:
düşünmək vaxtıdır” məqaləsindən
götürülən tezislər bu gün də
aktuallığını saxlayır. Yaxud "BE Berlin Economics
GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu
ilin əvvəllərində apardığı
"Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri”
adlı araşdırmada sülhün qonşu dövlət
üçün faydaları göstərilir.
Eləcə də siyasi kontekstdə, qondarma "ikinci
erməni dövləti”nin beynəlxalq miqyasda tanınması
haqqında məsələnin heç vaxt praktik müstəvidə
qoyulmadığını bildirən akademik Ramiz Mehdiyev Ermənistanın
baş naziri N.Paşinyanın danışıqlar
formatını birtərəfli qaydada dəyişdirmək cəhdinin
beynəlxalq vasitəçilər tərəfindən rədd
edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin
görüşünün formatının dəyişmədiyini
vurğulayır. Həmçinin Prezident İlham Əliyevin
görüşdən sonra TASS agentliyinə müsahibəsində
səsləndirdiyi bu fikri xatırladır:
"Danışıqların formatı dəyişilməz
qalıb. Danışıqlar uzun illər
olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında
aparılır”.
Akademik
yazır: "Bütün bu illər ərzində erməni cəmiyyəti
döyüş meydanında qazanılan "qələbə”ni
tezliklə diplomatik sahədə möhkəmləndirmək
ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi
bir məsələni başa düşə bilməyib ki,
qonşu dövlətə təcavüz etməklə, onun ərazisini
işğal etməklə, etnik təmizləmələr
aparmaqla, şəhər və kəndlərini viran qoymaqla,
Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər
fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün
bugünkü Azərbaycanı Ermənistanla müqayisə
etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək
kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.
Əsərdə Dağlıq Qarabağda Ermənistan tərəfindən
qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti
bir çox mənbələrə, o cümlədən
britaniyalı Harrold Keynin "Narko-Qarabağ” kitabına
istinadla açılıb göstərilir.
Amerikalı
ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir
çoxlarına yaxşı tanış
olan "Siyasətçi növbəti seçkilər
haqqında düşünən insandır, halbuki, dövlət
xadimi gələcək nəsillər haqqında
düşünür!” sözlərini xatırladan akademik
Ramiz Mehdiyev vurğulayır ki, münaqişə ədalətli
şəkildə nizamlanmayana qədər Ermənistanın
sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər
baş verməyəcək.
Akademik Ramiz Mehdiyevin yeni kitabı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin mənbələri
və nizamlanma perspektivləri barədə aydın və
bitkin təsəvvür yaradır. Problemin mahiyyətini
ictimaiyyətə, xüsusən rusdilli oxuculara
çatdırmaq baxımından böyük əhəmiyyətə
malik olan bu əsər politoloji tədqiqatlar, siyasi
araşdırmalar üçün də mötəbər mənbədir.
Ədalət 2019.- 20 avqust.- S.1-2.