Bir kədərin izi ilə

Hüsniyyə Əlizadə

Hələ bilən yoxdur, dərdimin adı nədir...

 

Deyirlər söz yaranıb ilk olaraq. Peyqəmbərlərdən sonra isə şairlər gəlir, deyilər. Bir deyirlər şeir mələklərin pıçıltısıdır. Bəli, deyirlər ki, dünyanın yaradılışından üzü bəri sözün sehrini, onun möhtəşəmliyini insanlara çatdıran şairlər söz aləmindən çələng hörüb onun üzərində ilmə-ilmə naxışlar salırlar. Söz haqqında çox şey deyirlər... Poeziya hər zaman ölməz olub, bu gün insanların qəlbini fəth edən, onların ruhunu oxşayan misralar doğulur. Şeir bütün əsrlərdə müasir olub, öz dövrünün tələblərinə cavab verib məhz buna görə sevilib. Elə dahi sənətkarlar var ki, bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayır, müasir tələbata cavab verir. Amma elə istedadlı qələm sahibləri var ki, yazdığı misralardan keçmişin nəfəsi duyulur, bitkin fikirlər olsa da diqqəti cəlb etmir. Təəssüf ki, dövrümüzdə istedadı olub, yaradıcılığında müasir tələblərə cavab verməyən, yaxud müasir mövzulara müraciət etsə istedadı ilə fərqlənməyən şairlərin sayı getdikcə artmaqdadır. Belə geniş təkliflərin olduğu "söz bazarında" zövqləri oxşayan əsil poeziya nümunələri ilə rastlaşmaq hər zaman insana nəsib olmur. Ona görə bir poeziya həvəskarı kimi tez- tez kitabxana kitab mağazalarına baş çəkirəm. Bu yaxında kitab mağazalarının birində maraqlı poeziya nümunələri ilə tanışlıq məqsədilə yeni dərc olunmuş kitabları vərəqləyirdim. Bu nümunələr arasında Əbülfət Mədətoğlunun " Bir qadına" adlı şeir toplusu diqqətimi cəlb etdi. Qeyd edim ki, bu müəllifin yaradıcılığı ilə yaxşı tanışam dəyərli fikirlərinin Azərbaycan jurnalistikasında zərb-məsəl kimi istifadə olunduğundan, yazdığı hər məqalənin, publisistik əsərin hadisə yaradacaq qədər maraqla qarşılandığından xəbərdaram. Onun misralarında maraqlı olduğu qədər qeyri-adi tapıntıların olduğunu da yaxşı bilirəm. Amma xalq yazıçısı Elçinin ön söz yazdığı kitabdakı seirləri oxuduqca kəlmələrin sehrinə düşüb elə ordaca hər biri insanı düşündürəcək qədər böyük mənalara malik şeirləri birnəfəsə oxuyacağımı təsəvvür etməzdim. Kimin yazısı olduğunu unutmuşam, amma bir məqalədə rast gəldiyim fikirləri Əbülfət müəllim haqda da söyləmək yerinə düşər. Məqalədə deyilirdi ki, yazıçının fitri istedadıyla yanaşı, onun peşəkarlığı da xüsusi qeyd edilməlidir. Çox vaxt güclü nasir heç dramaturq, yaxud şair kimi özünü həmin səviyyədə təsdiqləyə bilmir. Amma Əbülfət Mədətoğlu Azərbaycan ədəbiyyatında rast gəlinən elə nadir simalardandır ki, hansı janrda yazırsa-yazsın, istər hekayə, novella, publisistik məqalə olsun, istərsə felyeton, oçerk, müsahibə, yaxud da poeziya nümunələri olsun - bu yazıların hər birində oxucu hər cümlədə o fitri istedadı cilalayan peşəkarlığı hiss edir. Yazıçı Elçinin ön sözdə yazdığı dəyərli fikirlərdən biri məni daha çox düşündürdü. Müəllifi kədərin sirdaşı adlandıran yazıçı bu məqamı cox düzgün yerində qeyd edib. Şairi şəxsən tanıyan biri kimi əminliklə demək olar ki, onun simasında da bu kədərin cizgiləri özünə "yer edib".

 

 

Hələ bilən yoxdur,

dərdimin adı nədir...

Hamı da mənim kimi -

Bu dərdə abunədir!...

 

Yuxum perik, günüm ah

Alın yazımdı günah...

Boşdu məndə dörd cinah-

Səndə Çin cəddi nədi?!

Lirik qəhrəmanın daxilindəki kədərin incəliyi... Bu ifadə insanı istər-istəməz düşündürür. Kədər ayrıca konkret obraz kimi diqqətə çatdırılır.

 

Dllim-dilim olsun dilim,

Əzabdı hər ayım, ilim...

Yuxuda gördüm ki, gülüm,

Sən ruhumun tanrısısan!

 

Yanağıma yaş saldı iz,

Haqq önündə diz çökdüm, diz.

Anlaya bilmədik ki, biz-

Sən ruhumun Tanrısısan!

Maraqlıdır ki, Ə. Mədətoğlu üçün mövzu qıtlığı, fikir məhdudiyyəti yoxdur. O, hansı mövzuya toxunursa, nədən yazırsa, özünəməxsus tərzdə, xüsusi poetik ovqatla, cəsarətli vətəndaş mövqeyi ilə ifadə etməyi, zövqləri oxşamağı yaxşı bacarır. Bu, şairin daxili dünyasını, əzablarını-kədərini əks etdirən şeirlərində özünü daha qabarıq görünür. Təbidir ki, əksər bədii nümunələrdə torpağa, vətənə bağlılıq, Qarabağ nisgili çox güclüdür. Lakin "o qadına" adlı şeir toplusinda daxili ağrılar, dünyasının anları, əzablı-şirinli duyğular poetik dillə çox gözəl şəkildə oxucuya çatdırılır.

 

Qollarımın üstündə

Yuxun şirin oldumu?!

Bu şirinlik yuxuna-

Gələn sirrin oldumu?!

 

Duydunmu ürəyimin

Ürəyinə köçdüyün

Qollarımın üstüylə -

Yar sərhəddini keçdiyin?!

"Qadına" ünvanlamış misralarda da şairin kədərli ruhu bərqərardır, bu ruh rahatlıq tapmır, o daim Kərəm kimi yanır - qəlb ağrılarını mislralarda çatdırır. Bu ruhun məskəni bilinmir, rahatsız küskündür. Şairin düşüncələri bu misralarda çox maraqlı ifadə olunub: "Göz yaşını kimsəyə göstərmə qəlbinə sıx"!. Maraqlı təzaddır-göz yaşları adətən sakitləşdirir, şair isə göz yaşlarının qəbinə axıtmağı söyləyir. Səbəb bəllidir. Dünya çox zalım, acımasızdır. Müdriklər nahaq yerə deməyiblər ki, sözün gücü onu deyənin şəxsiyyətindən asılıdır. Çünki Söz həqiqətin gözəlliyini ifadə edir. Əbülfət Mədətoğlu qələmindən çıxan bütün sözlər var olan həqiqətin gözəlliyini əks etdirir, desək yanılmarıq.

 

İçimdəki kədəri İçimdə ağladım.

 

Kipriklərimi hörüb,

Selin yolun bağladım.

Dizlərim torpaq yemi,

Tutdum üzümü göyə,

Əllərim qalxmadı ki,

Çırpam, dizimi döyə.

Onun şeirlərindəki zərif eşq kəlmələri həm də fedakar bir aşiqə işarə edir.

 

Əllərinin oduna

Sən əllərimi yandır...

Ehtiyac yox andına

- Yandır!

-Məni inandır ...

Buzlayan barmaqlarım

Əritsin öz şaxtasın....

"Əl" adlı yarpaqlarım-

Silsin dərdin laxtasın.

Bir daha müəllifi, istedadlı və peşakar qələm sahibi Əbülfət Mədətoğlunu, dəyərli və maraqlı fikirlərlə şeirlərin əsil qiymətini verən xalq yazıçısı Elcini, belə gözəl şeirlər kitabının ərsəyə gəlməsində əməyi keçən hər kəsi təbrik edirəm. Allah Əbülfət Mədətoğluna uzunsağlam ömür versin ki, gözəl poeziya nümunələri ilə oxucularını uzun illər sevindirsin.

Ədalət 2019.- 9-10 avqust.- S.8.