LƏNKƏRAN TEATRI XARİCİ SƏFƏRDƏN QAYIDIB

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində "Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, avqustun 14-dən 18-ə kimi davam edən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayini "Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

 

Tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə sultanın qılığına girərək memarı onun gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur

 

Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.

 

İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

 

Ağaddin BABAYEV

Ədalət  2019.- 22 avqust.- S.7.