FƏHLƏ ŞƏHƏRİNİN PEŞƏKAR QƏLƏM FƏHLƏSİ

Bir vaxtlar Sumqayıtı "Jurnalistlər şəhəri” adlandıranlar da olub. Bu, təxminən ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Əmək cəbhəsində xarüqələr yaradan insanların şöhrəti fəhlə şəhərinin jurnalistlər üçün tükənməz mövzu mənbəyi idi. Qalib Əhmədov da mətbuat mühitinə elə bu vaxtlar gəlmişdi. Yadımdadır, o, orta təhsil verən 49 saylı texniki -peşə məktəbində müəllim işləyirdi. Mən burda tərbiyəçi olan şair dostum, ordubadlı Məşkur Əkbərə tez-tez baş çəkir, bu küskün şairə maddi və mənəvi dayaq olmağa çalışırdım. Qalib Əhmədovla məni elə o tanış etmişdir. "Ədəbiyyat həvəskarıdır, demişdir. Arabir yazmağı da var”. Sonralar Məmməd Araz poeziyasına sevgi bizi daha da yaxınlaşdırdı. Q.Əhmədov aspiranturaya daxil olandan sonra onun ədəbi mühitlə, mətbuatla əlaqəsi daha da genişləndi və onu Mərkəzi Komitənin "Təşviqatçı”-”Akitator" jurnalına işə dəvət etdilər. Deməliyəm ki, bu jurnal Qalib Əhmədovun həyatında mühüm bir dönüş mərhələsi oldu. O, az vaxtda peşəkar və püxtə qələm sahibi kimi tanındı. Qurub-yaradan zəhmət adamlarının, istehsalat qabaqcıllarının, əmək cəbhəsində fərqlənən fəhlə və mühəndislərin yazarı kimi sevildi. Bu maraq onu Sumqayıtla daha sıx tellərlə bağladı. O vaxtlar Sumqayıt sözün həqiqi mənasında nəhəng bir əmək cəbhəsi, şanlı metallurqların, kimyaçıların, inşaatçıların şəhəri idi. Burda zəhmət qaynar qazan kimi qaynayır, bir-birindən parlaq, möhtəşəm ünvanlar gənc jurnalistə yeni-yeni maraqlı mövzular və ilham verirdi. Odur ki, "Təşviqatçı” jurnalı bir növ "Sumqayıtın jurnalına” çevrildi. Qalib Əhmədov isə "Sumqayıtın jurnalisti” kimi ad qazandı.

İllər keçdi, amma Q.Əhmədovun iş görən, qurub yaradan insanlara marağı azalmadı, əksinə, istehsalat və istehsal adamı onun üçün unudulmaz mövzuya çevrildi. Ziddiyyətli həyatımız onun jurnalist qələmi ilə hər gün səylə müxtəlif adlı, müxtəlif profilli nəşrlərin səhifələrinə proyeksiya olunurdu. O, əməkçi insanı, gündəlik işığımızı, suyumuzu, qazımızı, odumuzu-ocağımızı təmin edən yüz minlərlə mühəndis, texnik, neftçi, elektrik, mantyor, işinin-peşəsinin adını bilmədiyimiz milyonlarla sadə peşə adamlarını heç vaxt unutmur, o, təkrar-təkrar bu mövzulara qayıdır, onları "unudulmağa” qoymur.

Müstəqillik illərində Qalib Əhmədov "Sumqayıtın jurnalisti” adını bir daha doğrultdu. Sumqayıtın 50 illiyi 1999-cu ildə şəhərin rəhbərliyi tərəfindən sükutla qarşılansa da Qalib Əhmədov bu şanlı tarixi yubileyə öz tövhəsini verdi: "Sumqayıt və sumqayıtlılar”, "Sumqayıtla birgə ucalanlar” adlı kitabları həmən ili işıq üzü gördü. Şəhərin 60 illiyinə də o, əliboş gəlmədi. "Mühitim, Müasirlərim”, "Mənəviyyat məbədi”, "Corat: Qloballaşan dünyanın daş yaddaşı” adlı kitablarını ona həsr etdi. Ümumiyyətlə, Qalib Əhmədovun indiyədək çap olunmuş 16 kitabından altısı bilavasitə Sumqayıta və sumqayıtlılara həsr olunub. Hazırda intizarla öz çapını gözlədiyi tamamlanmış əsərlərin içərisində Sumqayıtla bağlı "namizədlər” üstünlük təşkil edir. Bura böyük xeyriyyəçi H.Z.Tağıyevin 25 il davam edən su uğrunda mübarizəsinin fonunda onun adını daşıdığı qəsəbədə (keçmiş Nasosnı) Şollar suyunun Bakıya çatdırılması üçün Almaniyadan alıb gətirdiyi bahalı nasos quyularının quraşdırılması ilə bağlı göstərdiyi fədakarlıq, qarşıya çıxan çoxsaylı maniə və əngəlləri, erməni-daşnak təxribatçılarının qəsdlərini böyük bir müdrikliklə aradan qaldırmaq məharətindən bəhs olunur. Tarixi faktlara söykənən bu əsəri müəllif "Sumqayıtın sələfi H.Z.Tağıyev” adlandırmışdır. Habelə ötən əsrin 50-ci illərinin ortalarında Beriya və M.C.Bağırov "xalq düşməni” kimi aradan götürüldükdən sonra Anastas Mikoyanın tövsiyəsi və tapşırığı ilə 1945-ci ildən başlayaraq yenicə tikintisi genişlənən Sumqayıta intensiv erməni-daşnak axınının bəhs edən "Axıntı” əsəri də Sumqayıta həsr edilmişdir. Daşnaklar A.Mikoyanın "Sumqayıtda məskunlaşmalı, Bakıda möhkəmlənməli!” şüarını əldə rəhbər tutaraq ümumittifaq tikintisinə çevrilən Sumqayıta böyük axın və kütləvi yürüş təşkil edirlər. Şəhərin ticarət, ictimai iaşə, nəqliyyat və digər xidmət sahələri ermənilər tərəfindən tutulur və zəbt edilir. Müəllifin sənədlərə istinadən yazdığı bu tarixi -publisistik əsər erməni millətçi terrorçularının 1988-ci ildə şəhərimizdə törətdiyi qanlı aksiyanın mahiyyətini müasir oxuculara açmaqda onlara yardımçı ola bilər. Bu, bir daha onu göstərir ki, yaşıdı və yaşadığı doğma Sumqayıt çoxşaxəli yaradıcılıq potensialına malik jurnalistin tükənməz mövzu çeşməsi olub və bu gün də həmin ülvi sevgi onun qəlbində, qələmində yaşamaqdadır.

Qalib Əhmədov sovet dönəmində partiya mətbuatında çalışdığı üçün onun yazılarında elmi-nəzəri və siyasi -publisistik istiqamət üstünlük təşkil edrdi. "Təşviqatçı” jurnalından sonra o, "Dialoq”, "Azərbaycan kommunisti” jurnallarında partiya işi və ideologiya şöbələrinə rəhbərlik edib. Respublika Elmlər Akademiyası Fəlsəfə İnstitutunun dissertantı kimi fəlsəfi araşdırmalar aparıb, siyasi şüur və siyasi mədəniyyət problemlərinə aid bir sıra maraqlı məqalələr yazıb və çap etdirib. Qalib Əhmədovun elmi-nəzəri yaradıcılığı onun "Dövlət və rəhbər”, "Partiyalar. Liderlər. Cərəyanlar” adlı əsərlərində cəmləşmişdir. Həmin əsərlərdən hazırda təhsil ocaqlarında dərs vəsaiti kimi istifadə olunur. O, SSRİ Fəlsəfə cəmiyyətinin üzvü olub. Müəllifin çoxsaylı elmi-nəzəri və ədəbi-tənqidi yazıları, dövri mətbuatda çap olunmuş məqalələri onun maraq dairəsinin genişliyindən, elmi dünyagörüşünün miqyası və intellektual səviyyəsinin yüksəlişindən xəbər verir. Bu səbəbdən onun jurnalist fəaliyyəti mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. Onun publisistikasında milli xarakter, milli ideologiya, Vətən və vətəndaş məsuliyyəti, ləyaqəti insan mövzusu mühüm yer tutur. Qalib Əhmədova görə hər kəsin dəyəri, onun gördüyü işin dəyəri qədərdi. Bu cəhətdən onun "İnsan- cəmiyyətinin nüvəsi və simasıdır” məqaləsi pozitiv fikirlərlə zəngindir.

Jurnalist üçün irili-xırdalı hər bir yazı, hər bir məqalə cəmiyyət qarşısında onun açıq hesabatıdır. Q.Əhmədov 50 ildən çoxdur ki, "Qələm fəhləsi” kimi oxucularına hesabat verir Bu müddətdə o, demək olar ki, hər şeydən yazıb. Amma ilk yazısını heç vaxt unuda bilmir: "Dərin zəka, möhkəm hafizə” adlandırdığım və 1966-cı ildə rayon qəzetində çap olunmuş bu məqaləni o, yaxın dostuna həsr etmişdir. O vaxt onun bir niyyəti vardı: istəyirdi ki, çox istedadlı və nadir riyazi qabiliyyətli olan dostu Oktaedr Məmmədovu hamı yaxından tanısın və sevsin. Əlbəttə, bir məqalə ilə o bu nəcib istəyinə nail ola bilməzdi. Amma həmin yazı öz işini gördü: onu həmişəlik jurnalistika aləminə bağladı. Məşğuliyyətini birdəfəlik müəyyənləşdirdi: insanı öz-özünə tanıtmaq sənətinə yiyələnməyin bünövrəsini qoydu. O vaxtdan onun qələmi bu nəcib işə xidmət edir.

Ömrün ilk yazıları artıq arxada qalıb. 70 yaşlı jurnalist hazırda özünün "sonuncu yazılar” mövsümünü yaşayır. O, bu yazılarını da tərəddüd etmədən yalnız insana-dostumuz və düşmənimiz olan İnsana, ömrü boyu öyrənməyə ehtiyac hiss edən İnsana həsr etməkdədir. Daim axtarmaq və araşdırmaq bu insanın borcu və təbii ehtiyacıdır. Amma bilməli, dərk olunmalı şeylər də çoxdur dünyada. Yarpaqdan tutmuş ulduzlara qədər hər şey müəmmalıdır. Nə qədər öyrənirsən, yenə öyrənməli nəsə qalır. Onu da səndən sonra gələnlər öyrənir. Və beləliklə, bəşər övladı bir-birini öyrədə-öyrədə "növbəni” özündən sonra gələnlərə təhvil verir.

Hind müdriki İndira Qandi deyirdi ki, ən böyük zərurət insanları sevməkdir. Onun sözünə qüvvət olaraq demək istərdim ki, ən böyük ehtiyac insanların öz biliyini fasiləsiz olaraq zənginləşdirmək və müasirləşdirmək tələbatıdır. İndiyə gələcəyin gözü və keçmişin təcrübəsi ilə baxmaq lazımdır. Keçmişə əsaslanıb gələcəyi görmək tarixin tələbidir. Gələcəyinə hakim olmaq istəyənlərin başqa yolu yoxdur. Lakin bu da bir həqiqətdir ki, keçmişi əla təhlil edə bilən, gələcəyi aydın görə bilən adamlar da mövcud çətinliklər qarşısında aciz durumda qalır. Bundan bir çıxış yolu var: inadkar əmək, ardıcıl fəaliyyət, səy və qətiyyət.

Cavanlıqda materialist-marksist mövqedən çıxış edən Q.Əhmədov yazır: "İnsan ictimai varlıq kimi cəmiyyətə, bioloji varlıq kimi isə öz geninə bağlıdır. O, cəmiyyət qarşısında o vaxt yüksəlir ki, özünə qalib gəlir. Kim cəmiyyəti kamil görmək istəyirsə, qoy əvvəl özü kamilləşsin. Kim vətəni yüksəltmək istəyirsə. qoy əvvəl özü yüksəlsin. Xırda şəxslər heç vaxt xalqına başucalığı gətirə bilməz. "Kiçik adamların” böyüklüyü ondadır ki, onlar bəşəriyyətin imdad və istinad yeridir. Belə insanlar dialektikanın əyani təcəssümü, materiya ilə ideyanın canlı vəhdətidir”. Danılmaz faktdır ki, mühiti, şəraiti dəyişdirən məhz belə insanlardır. "Kim dünyanı irəlilətmək istəyirsə, qoy əvvəl özünü irəlilətsin” (Sokrat).

Jurnalist bu fikirdədir ki, hazırda bəşəriyyət üçün təhlükə çox, insanların eyibli və tüfeyli, müftəxor olmalarından doğur. Öz naqisliyinə və qüsurlarına qalib gəlmiş insan isə cəmiyyətin bəzəyi, fəxri və qürurudur. Müasir dünyada mürtəce qüvvələrin təsiri ilə öz-özündən uzaqlaşdırılmış, özünə və öz problemlərinə yadlaşdırılmış insan siyasətçilərin gah döyüş alətinə, gah da döyüş meydanına çevrilməkdədir. Jurnalistin vəzifəsi insanı bu ziddiyyətlərdən xilas etməkdə, özünə və dünyaya sağlam münasibətini bərpa etməkdə ona kömək göstərməkdən ibarətdir. O, insanın mahiyyət və mövcudluğu məsələsində marksistlərlə cəmiyyətin sinfi təsnifatı başlanan nöqtəyədək yoldaşlıq edir. Ordan o tərəfə fikirlər haçalanır, ziddiyyət həmrəyliyi üstələyir.

Belə ki, Q.Əhmədovun fikrincə marksist fəlsəfənin fikrincə "İnsanın özünü əmək yaratmışdır” kəlamı yanlış hökmdür. Düzdür, insanı əmək qədər ucaldan ikinci heç bir vasitə olmayıb və yoxdur. Lakin bu fikir ona görə yanlışdır ki, insan dünyaya məhz insan kimi gəlib. İnsanın əcdadı elə insandır. Axtarmaq, çalışmaq, onun xislətindədir. Qarışqa, bal arısı nə qədər əməksevər olsa da dönüb "insan” ola bilmir. XIX əsrin ortalarında dialektik materializmin metofizika üzərinə "geniş cəbhə boyu hücumu” zamanı, tarixi materializmin özünə hər sahədə səylə dəlil-sübut topladığı bir dövrdə, bir sözlə, dialektika qanunlarının bəxti açıldığı bir məqamda materialistlər, xüsusilə dialektik materialistlər hər şeyi, hətta insanın ləyaqətini də ona qurban verməli olmuşlar. Təki dialektik tarixi materializm ideyası sübut olunsun.

Gələcək insan barədə 70 yaşlı qələm dostum çox nikbin və pozitiv fikirdədir. Onun rəyincə, XXI əsr insanın idrak və xeyirxahlığı əsri olacaqdır. Yeni ictimai-iqtisadi quruluşa doğru insanlar güclü sıçrayış edəcəklər. Bu, ictimai inqilabların fərdlərin daxili inqilabları ilə əvəz olunması sahəsində mümkün olacaqdır. İnsanlar özlərində yaşayan qeyri-insani "məni” təslim etməklə indiki ağlı-qaralı, məkrli-məhəbbətli dünyanı nurlu dünyaya çevirəcəklər. İndiyədək insanlar heç vaxt dünyanı indiki kimi bütöv görə bilməmiş və ona görə də heç vaxt bütöv düşünməmişlər. Hər şeyi, o cümlədən özünü də yarımçıq, natamam görmüşdür. Buna baxmayaraq, insan özünə doğru xeyli yaxınlaşmış, qloballaşan dünyanın astanada durub giriş qapısını açmağa hazır olan səyyah vəziyyətindədir. Amma bu qapını onun üzünə heç kim elə-belə açmayacaqdır. Mübarizəsiz ötüşməyəcək bu istək də. İnsan özündəki qeyri-insani "mənə” qarşı möhkəm silahlanmalı və qəti, amansız mübarizə üçün özünü fikrən və ruhən hazırlamalıdır, səfərbər etməlidir. Bundan sonra insanın indiyədək əsasən özündənkənar mühitdə, ətrafında və ətrafındakılarla apardığı mübarizə öz məkanını və mənasını dəyişərək, insanın öz daxili mübarizəsinə çevriləcəkdir. Düzdür, bu mübarizə həmişə gedib, ancaq xarici mübarizənin fonunda o çox vaxt olduqca sönük, görünməz və əhəmiyyətsiz təsir bağışlayıb. İndiyədək hər şey üçün özündən başqa hamını ittiham edən insan özünü hamıdan öncə ittiham etməyə başlayanda dünya tarazlıq tapacaq.

O başa düşəcəkdir ki, öz acizliyi, zəifliyi və naqisliyinin öhdəsindən gələ bilməyən miskin, qeybətcil və faydasız insanın başqalarını bunda ittiham etməsi və özünün etməli olduğunu başqalarından umması nəinki əxlaqsızlıq, habelə cinayətdir.

İlk yazılarına imicmeyker kimi başlamış Qalib Əhmədov, özünün dediyi kimi, "sonuncu yazılarında” onlara fəlsəfi-psixoloji vüsət vermiş, "Nəriman Nərimanovda təcəssüm edən milli xarakterimiz”, "Şərq müdriki” H.Z.Tağıyev, "H.B.Zərdabi dühası”, M.İbrahimov, M.Ə.Sabir, M.F.Axundov və başqa dəyərli simalarımız haqda yazdığı yazılarında bu fikirləri daha da dərinləşdirmişdir.

 

Cəfər Quliyev,

əməkdar həkim

Ədalət  2019.- 22 avqust.- S.4.